Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Aprel 2012 - №16

 

Musiqi Kollecində Azərbaycan Bəstəkarlar İttifaqının sədri ilə görüş keçirilib

 

Aprelin 16-da Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecində görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə ilə görüş keçirildi.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov hörmətli qonağı professor-müəllim və tələbə heyəti adından salamlayaraq, onu kolleclərində görmələrindən məmnunluq duyduqlarını bildirdi.

Görüşün əhəmiyyətini yüksək qiymətləndirən professor N.Kazımov onun gələcəyin professional musiqiçilərini yetişdirən kolleclərinin həyatında mühüm hadisə olduğunu, tanınmış bəstəkarla canlı ünsiyyətin və onun  zəngin yaradıcılığı ilə yaxından tanışlığın tələbələrin yaddaşında dərin iz salacağına, onlara gələcək karyera inkişaflarında stimullaşdırıcı təsir göstərəcəyinə inandığını söylədi.

Sonra professor Firəngiz Əlizadənin yaradıcılığından bəhs edən videosüjet nümayiş olundu.

Görüşdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Həcər Babayeva Firəngiz Əlizadənin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.

F.Əlizadəni ölkəmizin fəxri adlandıran natiq onun musiqimiz qarşısındakı xidmətlərini idmançılarımızın dünya arenalarında qazandıqları böyük qələbələr və ölkəmizə gətirdikləri şöhrət, başucalığı ilə müqayisə etdi. Bildirdi ki, F.Əlizadənin əsərlərinin böyük əksəriyyətinin xaricdən alınmış sifarişlər əsasında yazılmasına və xarici ölkələrdə ifa olunmasına baxmayaraq, onların adları sanki doğma Azərbaycanımızın xəritəsini əks etdirir. Həcər Babayeva həm də Firəngiz Əlizadəni dünyanın hər yerindən sifarişlər alan ilk Azərbaycan bəstəkarı kimi xarakterizə edərək, onun əsərlərinin dünyanın ən böyük və məşhur  konsert salonlarında, tanınmış musiqiçilər tərəfindən ifa olunduğunu diqqətə çatdırdı. Onun sözlərinə sübut kimi belə ifalardan bir neçəsi ekranda görüş iştirakçılarına təqdim olundu.

Firəngiz Əlizadənin yaradıcılığında müasir musiqinin əsas yer tutduğunu söyləyən natiq onun dahi bəstəkarımız Qara Qarayevin tələbəsi olduğunu, böyük bəstəkarın öz tələbəsinin müasir musiqiyə olan həvəsini və istedadını vaxtında görüb yönləndirdiyini vurğuladı. Bildirdi ki, məhz onun məsləhəti ilə F.Əlizadə muğamlarımızla dərindən maraqlanmışdır. Bu məsləhət, habelə F.Əlizadənin hələ uşaqlıqdan milli musiqimizin hökm sürdüyü bir mühitdə böyüməsi muğamlarımızın sonralar onun yaradıcılığından qırmızı xətlə keçməsinə gətirib çıxarmışdır.

F.Əlizadə yaradıcılıqda ilk addımlarını ötən əsrin 70-ci illərində, konservatoriyada oxuduğu illərdə atmış, hələ tələbə ikən əsərləri xarici ölkələrdə ifa olunmağa başlamışdır. Sonralar onun əsərləri Milan, Turin, London, Berlin, Sinqapur, Şanxay və başqa şəhərlərin ən böyük konsert salonlarında səslənmişdir. Bəstəkarın 70-ci illərdə bəstələdiyi məşhur "Habilsayağı" əsəri 30 ildən çoxdur ki, bütün dünyanın violonçelçalanlarının repertuarındadır.

F.Əlizadənin Berlin Filarmoniyasının violonçelçalanlar ansamblı üçün sifarişlə yazılmış 12 violonçel üçün əsəri də dünyanın mötəbər musiqi salonlarında ifa olunaraq müəllifinə şöhrət gətirmişdir

H.Babayeva çıxışında F.Əlizadənin yaradıcılığının Türkiyə və Almaniya dövrləri üzərində  də ətraflı dayandı. Bildirdi ki, istedadlı bəstəkar 1992-ci ildə qardaş Türkiyəyə dəvət almış, bir müddət Mersin şəhər Opera və Balet Teatrında çalışaraq bir sıra əsərləri tamaşaya hazırlamışdır. O, habelə Mersin Opera və Balet Teatrının açılışı üçün "Boş beşik"  baletini yazıb tamaşaya qoymuşdur. Bəstəkarın yaradıcılığının böyük bir dövrü isə Almaniya ilə bağlı olmuş, müasir bəstəkarların inkişafına kömək üçün 1997-ci ildə 2 illiyə getdiyi bu ölkədə 12 il çalışmışdır. Həmin illərdə bəstəkarın Almaniya və İsveçrədə 8 əsəri ifa olunmuşdur.

Professor Həcər Babayeva F.Əlizadənin yaradıcılığında ən çətin janr olan operalardan da danışıb, müasir mövzuda opera yazmağın çox çətin olduğunu bildirdi, bəstəkarın yaradıcılığında "İntizar", "Sənin adın dənizdir" operalarının xüsusi yer tutduğunu vurğuladı.

Görüşdə F.Əlizadənin Azərbaycanın Bəstəkarlar İttifaqının sədri kimi fəaliyyətindən, ittifaqın musiqimizin təbliği sahəsində gördüyü işlərdən də söz açıldı.

Sonra Musiqi Kollecinin tələbələrinin ifasında konsert proqramı təqdim olundu.

Tədbirin sonunda söz alan professor Firəngiz Əlizadə görüşün onda dərin təəssürat yaratdığını, tələbələrin ifalarından çox razı qaldığını söylədi və görüşün təşkilatçılarına minnətdarlığını bildirdi. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov