Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

4 May 2012 - №17

 

Şüvəlan qəsəbəsində Kiçik qrur evi açılıb

 

Aprelin 27-də Bakının Şüvəlan qəsəbəsində "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrası ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə "Hilfsverk Avstriya" beynəlxalq təşkilatı tərəfindən həyata keçirilən "Himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə modelin işlənib hazırlanması" layihəsi çərçivəsində ailə əsaslı Kiçik qrup evinin açılış mərasimi keçirilib.   Təhsil Nazirliyi tərəfindən inşa olunmuş Kiçik qrup evinin açılış  mərasimində təhsil naziri Misir Mərdanov, "Avstriya Hilfsverk" beynəlxalq təşkilatının baş meneceri xanım Heidi Burkhart, Avstriyanın Azərbaycandakı səfiri xanım Mag Silvia Mayer-Kaybiç, YUNİSEF-in, Avropa Birliyinin, Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Açılışı bildirən qırmızı lent kəsildikdən sonra qonaqlar Kiçik qrup evində yaradılmış şəraitlə  yaxından tanış olublar. Mərasim iştirakçılarına məlumat verilib ki,  Kiçik qrup evinin yaradılmasında məqsəd övladlığa və ya himayədarlığa verilənədək uşağa ev şəraitində fərdi və inkişaf planında nəzərdə tutulmuş qaydada qayğı göstərməkdən ibarətdir. Dövlət uşaq müəssisələrindən Kiçik qrup evində yaşayacaq 8-13 yaş arasında 10 nəfər qız seçilib. Uşaqlar ailə mühiti yaradılmış Kiçik qrup evində yaşamaqla yanaşı, evə yaxın ərazidə yerləşən ümumi təhsil məktəbində təhsillərini davam etdirəcək və tərbiyəçilər 24 saat ərzində onların təlim-tərbiyəsi ilə məşğul olacaqlar. Dövlət uşaq müəssisəsindən fərqli olaraq Kiçik qrup evində uşaqların ayrıca yataq otaqları, fərdi əşyaları, kompüter və yazı masaları vardır. Bundan əlavə, Kiçik qrup evində uşaqlara psixoloji xidmətlər də göstəriləcək. Burada tərbiyəçilərin fəaliyyəti də fərqli olacaq. Belə ki, onlar evdə valideyn funksiyalarını yerinə yetirəcəklər. Bildirildi ki, Kiçik qrup evinin saxlanması xərcləri bir il ərzində layihəyə ayrılmış vəsait hesabına həyata keçiriləcək. Layihə başa çatdıqdan sonra bu evin saxlanması xərclərinin dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənilməsi nəzərdə tutulub. Qeyd olunan məsələlərin tənzimlənməsi üçün "Kiçik qrup evinin nümunəvi əsasnaməsi" hazırlanıb və təsdiq edilmək üçün  Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub.   Görülən tədbirlər nəticəsində ümumilikdə ölkə üzrə dövlət uşaq müəssisələrində yaşayıb təlim-tərbiyə alan uşaqların sayı azalmış,   2008-ci ildəki 4055 nəfərdən 2011-ci ildə 3750 nəfərə enmişdir. Onlardan 551 nəfər  daimi müəssisədə gecələyən uşaqlardır.

Kiçik qrup evi ilə tanışlıqdan sonra təəssüratlarını bölüşən nazir Misir Mərdanov Avstriyanın "Hilfsverk Avstriya" beynəlxalq təşkilatı ilə həyata keçirilən layihənin artıq müsbət nəticələr verdiyini bildirib. Artıq 465 uşağın bu cür müəssisələrə düşməsinin qarşısı alınıb. 100-dən artıq uşaq öz ailələrinə qaytarılıb. Bu iş bundan sonra da davam etdiriləcək.

Daha sonra təhsil naziri Misir Mərdanov  valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bu xidmətin yaradılmasında Təhsil Nazirliyinə dəstək verən Avropa Birliyi, Avstriya İnkişaf Agentliyi və "Hilfsverk Avstriya" beynəlxalq təşkilatına, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinə  təşəkkürünü bildirib.  

Avstriyanın ölkəmizdəki səfiri Mag Silvia Mayer-Kaybiç qeyd edib ki, gələcəyimiz olan uşaqlara bu cür qayğı xidmətinin  təşkili olduqca vacibdir. Avstriya hökuməti, Avropa Birliyinin yaxından iştirak etdiyi layihənin əhəmiyyətindən danışan səfir Azərbaycan hökumətinin, Təhsil Nazirliyinin gördüyü işləri yüksək qiymətləndirib. 

Azərbaycan hökumətinin qayğısı sayəsində çox əhəmiyyətli bir layihənin reallaşdığını diqqətə çatdıran YUNİSEF-in nümayəndəsi qeyd edib ki, de-institusionalizasiya çərçivəsində yaradılan qurumlar uşaqların himayədar ailələrə verilməsini nəzərdə tutur. Təmsil etdiyi təşkilatın adıçəkilən layihədə iştirakından məmnun qaldığını deyən YUNİSEF-in nümayəndəsi  layihənin həyata keçməsində əməyi olan donor təşkilatlara, Avropa Birliyinə minnətdarlığını bildirib.

"Hilfsverk Avstriya" beynəlxalq təşkilatının baş meneceri Heidi Burxart Avstriya hökumətinin, Avropa Birliyinin layihədə yaxından iştirakını yüksək qiymətləndirib.

***

 Elə həmin gün  təhsil naziri Misir Mərdanov Mərdəkan qəsəbəsində Ailə Təlim və Məsləhət Mərkəzinin açılışında da iştirak edib. Açılışı bildirən qırmızı lent kəsildikdən sonra mərkəzə baxış olub. Bildirilib ki, mərkəz himayədar ailələr, valideynlər üçün xüsusi təlim kursları təşkil edəcək. Eləcə də himayədar ailələrlə maarifləndirici iş aparılacaq. Mərkəzlə tanış olan nazir Misir Mərdanov yeni xidmət qurumunun fəaliyyətinin uğurlu olacağına əminliyini ifadə edib.   

Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov