Mayın
2-də Bakı Dövlət Universitetində ümummilli lider Heydər
Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş
"Heydər Əliyev məktəbi" mövzusunda tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, universitetin rektoru, Milli
Məclisin deputatı, akademik Abel Məhərrəmov ulu öndər
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi
misilsiz xidmətlərindən danışmışdır. Ulu öndərin daxili
və xarici siyasətindən söz açan rektor bildirmişdir ki,
bu gün Azərbaycanın qazandığı bütün uğurlarının əsası
məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müqəddəs
şəxsiyyət olan dahi rəhbərin bütün fəaliyyəti yalnız
xalqın xidmətinə yönəlmişdir. Onun dərin düşüncəsi,
ideyaları, qurub-yaratdıqları, siyasət, iqtisadiyyat,
elm, təhsil və digər sahələrdə həyata keçirdiyi
islahatlar, möhtəşəm layihələr xalqımızın rifahına,
işıqlı gələcəyinə xidmət etmişdir. Hər bir azərbaycanlı
onun zəngin irsini öyrənməli, gələcək nəsillərə
çatdırmalıdır.
A.Məhərrəmov demişdir ki, xoşbəxt o xalqdır ki, onun
ümummilli lideri var. Xalq o vaxt daha da xoşbəxtdir ki,
həmin siyasi kurs ölkədə uğurla davam etdirilir.
Akademik ümummilli liderin elmin, təhsilin inkişafına
hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, ulu
öndərin siyasi kursunun onun layiqli davamçısı,
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyini bildirmişdir.
Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi,
Milli Məclisin deputatı Əli Əhmədov dövlətimizin
formalaşması, inkişafı və dünyada tanınması
istiqamətində ümummilli liderin əvəzsiz rolundan söz
açmışdır. Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyev
tərəfindən milli ideologiyamızın mükəmməl konsepsiyası
işlənib hazırlanmışdır. Əli Əhmədov bildirmişdir ki,
Heydər Əliyevin daxili və xarici siyasəti nəticəsində
dövlətçilik konsepsiyası uğurla həyata keçirilmişdir.
Azərbaycanda sabitliyin qorunub saxlanılması, ölkənin
bütün sahələrində tətbiq olunan uğurlu islahatlar onun
dövlətçilik konsepsiyasının ideyaları sayəsində
gerçəkləşmişdir.
Belə bir konsepsiya Heydər Əliyev tərəfindən hazırlanmış
və getdikcə təkmilləşdirilmişdir. Ölkə iqtisadiyyatının
liberal qaydada formalaşması, azad sahibkarlıq
ideyalarının yaranması və həyata keçirilməsi dövlətçilik
konsepsiyasının əsasını təşkil etmişdir. Nəticədə milli-mənəvi
dəyərlərə əsaslanan yeni dövlət modeli formalaşmış və
əsası qoyulmuşdur. Müasir Azərbaycan cəmiyyətinin, onun
humanizm, milli-mənəvi dəyərlərinin formalaşması ulu
öndərin əsas xidmətlərindən olmuşdur. Onun yaratdığı
müasir Azərbaycan dövləti bu gün xalqa, onun milli
maraqlarına şərəflə və ləyaqətlə xidmət edir. Heydər
Əliyevin müasir Azərbaycan dövlətini yaratmaq
konsepsiyası özünəməxsusluğu ilə seçilir. Ulu öndərin
konsepsiyası əsasında həyata keçirilən ciddi liberal və
demokratik islahatların nəticəsində siyasi cəhətdən
güclü dövlət yaradılmışdır. Heydər Əliyev müasir
Azərbaycan cəmiyyətinin və onun mənəvi-əxlaqi
dəyərlərinin formalaşması missiyasını da öz üzərinə
götürmüş milli liderdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanın Avropanın
nüfuzlu "Eurovision" mahnı yarışmasında qalib gəlməsi,
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi,
2020-ci il Yay Olimpiya Oyunlarının ev sahibliyinə
namizədliyini irəli sürməsi ölkəmizin özünə inamının
bariz nümunəsidir. Bu, həmçinin Heydər Əliyev siyasi
kursunun layiqli davamçısı Prezident İlham Əliyevin
uğurla həyata keçirdiyi daxili və xarici siyasətin
nəticəsidir.
Tədbirdə AMEA Tarix İnstitutunun direktoru, Milli
Məclisin deputatı Yaqub Mahmudov və professor Tofiq
Hacıyev ulu öndərin zəngin həyat və fəaliyyətindən söz
açmışlar. |