Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

4 May 2012 - №17

 

Təhsil tariximiz: yeni bilgilər

Peterburqda oxumuş tələbələrimiz

 

 (Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin materialları əsasında) 

7. Mirbağırov Mirməhəmməd Mirəhməd oğlu 

(13.9.1889, İrəvan şəhəri -?)

(SPb. MTA, f.14, s.3, iş 56832, 1910-cu il)

 

Ən çox sevindiyim işlərdən biri 

Araşdırıcı üçün arxivdə tapdığı hər yeni iş, bəlgə bir sevinc qaynağıdır. Ancaq bu da danılmazdır ki, bəzən araşdırıcını hədsiz sevindirən bəlgələr də olur. Düzdür, Peterburq arxivində bütün tələbələrimizin şəxsi işlərini oxuyanda ürəyim qürurla, sevinclə dolub, ancaq boynuma alıram ki, Mirməhəmməd Mirbağırzadənin tələbə işini əlimə götürəndə daha çox sevinmişəm. Səbəbi? Mirməhəmmədin əmisi, müqəddəs torpağımız İrəvan şəhərinin Azərbaycan xalqına bəxş etdiyi dahi şəxsiyyət Mirabbas Mirbağırzadənin həyat və yaradıcılığını ən azından 8 ildir incələməkdəyəm. Onun özü və soyu ilə bağlı hər yeni bilgi mənə çox dəyərlidir. Bu baxımdan tələbə Mirməhəmmədin 43 yarpaqlıq şəxsi işiylə də az qala həyəcanla tanış oldum. 

Soykötüyü/şəcərəsi 

Bu günədək əldə etdiyim bəlgə və bilgilərə dayanaraq İrəvan tarixinə öz şərəfli imzasını atmış Mirbağırzadə/Mirbağırov soyunun aşağıdakı soykötüyünü müəyyənləşdirə bilmişəm. (Bu şəcərəni ilk dəfə olaraq "Azərbaycan müəllimi"nin oxucularına təqdim edirəm).

Nəslin başında təkcə İrəvanda deyil, bütün Azərbaycanda müdrik ağsaqqal kimi tanınmış böyük din xadimi, ağır seyid Hacı Mirbağır ağa dayanır. Onun yaşam illərini dəqiqləşdirə bilməsək də 19-cu yüzilin başlarında doğulduğunu deyə bilərik. Hacı Mirbağır ağanın bizə 3 oğlu bəllidir: Hacı Mircəfər ağa, Mirhüseyn ağa, Mirəhməd ağa. Hacı Mircəfər ağanın 2 oğlu olub: Mirbağır (?-1916) və Mirhüseyn (1896-1970). Mirhüseyn 1914-1917-ci illərdə Moskva Kommersiya İnstitutunda oxuyub və sovet dönəmində EA Coğrafiya İnstitutunda elmi işçi olub və uzun müddət Xalq Təsərrüfatı İnstitutunda iqtisadçı alim kimi dərs deyib. Onun həyat yoldaşı Ruqiyyə xanım Mirbabayeva (1896-1981) İsveçrədə ali təhsil almışdı. Yeri gəlmişkən, iqtisadçı professor Hacı İsmayıl Feyzullabəyli (1925) Hacı Mircəfər ağanın 3 qızından birinin - TutubəyimTin (?-1926) oğludur. Mirhüseyn ağanın iki oğlunu tanıyırıq: MirabbasMirabdullanı. Bunlar əsasən kitab ticarəti ilə məşğul olublar. Mirabbas haqqında bu yazının sonunda geniş danışılacaq. Mirəhməd ağanın (1849-?) bizə bəlli yeganə oğlu isə indiki qəhrəmanımız Mirməhəmməddir. (Soykötüyünü ən dəqiq şəkildə öyrənməyə əngəl törədən başlıca amil İrəvan şəhəri əhalisi əyal dəftərlərinin/kameral siyahılarının indi bizdə deyil, İrəvan arxivlərində olmasıdır).   

İrəvan kişi gimnaziyasının məzunu 

Azərbaycanın qədim torpaqlarından və mühüm mədəniyyət mərkəzlərindən olan İrəvan şəhəri hələ ötən yüzilin ortalarınadək Türk yurdu sayılırdı. Bu şəhərimizdə Azərbaycan Türklərinin məktəbləri, teatr da daxil çoxlu mədəniyyət ocaqları fəaliyyət göstərir, ana dilimizdə qəzet-jurnallar çıxırdı. Azərbaycanın başqa yerlərində yaşayan soydaşlarımızın böyük qismi ali məktəbə girməkdən ötrü orta təhsil almağa Tiflisə getmək məcburiyyətində  qalırdısa İrəvan müsəlmanları heç yerə getmədən elə bu şəhərdəki kişi gimnaziyasını bitirərək Rusiya və Avropanın ali məktəblərinə yollanırdılar. İrəvanın bütün müsəlmanlarının ağsaqqalı sayılan Hacı Mirbağır ağanın nəvəsi Mirməhəmməd Mirəhməd oğlu Mirbağırov da 12 sentyabr 1901-də bu məktəbin birinci sinfinə gedərək 6 iyun 1910-cu ildə oranı 553 saylı kamal attestatıyla bitirib. 

Doğum şəhadətnaməsi 

Bütün tələbə şəxsi işlərindəki doğum şəhadətnamələri məzmunca bir-birinə çox bənzəyir. Ancaq onlardakı ən dəyərli fakt şəxsin doğum tarixinin və ata-anasının adının düzgün göstərilməsidir. Mirməhəmməd Mirbağırzadənin şəhadətnaməsindəsə bunlardan əlavə, şahidlərin - İrəvanın hörmətli kişilərinin də adları çəkilir. Şeyxülislam Axund Əbdüssalam Axundzadənin imzasıyla Zaqafqaziya Şiə Ruhani İdarəsinin 2 iyul 1904-də Tiflis şəhərində verdiyi həmin şəhadətnamədən öyrənirik ki, Mirməhəmməd İrəvanın "Şəhər" hissəsində yaşayan 55 yaşlı (deməli, 1849-da doğulmuş) Mirəhməd Hacı Mirbağır oğlunun qanuni arvadı, 29 yaşlı (deməli, 1875-də doğulmuş) Dilbər xanım Cabbar bəy qızından xristian tarixiylə 13 sentyabr 1889-da dünyaya gəlib. Bu tarixi şahidlər Rüstəm xan Hacı Abbasqulu xan oğluAğa Mirhüseyn Nahib oğlu təsdiqləyiblər və Axund Molla Həsən Molla Zeynalabdin oğlu məscidin doğum kitabında həmin il üçün 6-cı nömrəylə qeyd edib.  

Atasının qulluq dəftəri  

M.Mirbağırovun şəxsi işində atasının 1 sentyabr 1888-ci ildə tərtib edilmiş qulluq dəftərinin surəti saxlanılır. Dul qadın Dilbər xanım Cabbar bəy qızının ali məktəbə təqdim etmək üçün 25 iyun 1910-cu ildə istəməsinə görə 30 iyunda verilmiş, həcmcə çox da böyük olmayan sənəddə (əslində bunu qulluq dəftərinin tam surəti adlandırmaq doğru deyil, çünki məmurun qulluq irəliləyişi ilbəil göstərilməyib) keçmiş kollej müşaviri Əhməd Hacımirbağırovun  (deməli, onların gerçək soyadı Hacımirbağırzadə/Hacımirbağırov olub!) İrəvan vilayəti və Qars əyaləti Dövlət Mülkiyyəti İdarəsində xəzinəni maraqlandıran məhkəmə işləri üzrə kiçik müvəkkil işləyib. Maraqlanan oxuculara bildirim ki, kollej müşaviri çar dönəmində dərəcələr haqqındakı cədvəldə 6-cı dərəcəli mülki çindi və ordudakı polkovnik və donanmadakı 1-ci dərəcəli kapitan rütbəsinə bərabərdi. Bu çin əsasən əsil-nəcabətli şəxslərə verilirdi.

Qulluq dəftərindən aydın olur ki, 1910-da - Mirməhəmməd universitetə girən il atası artıq həyatda deyilmiş.  

Tələbə və... keçmiş tələbə 

M.Mirbağırov İrəvan kişi gimnaziyasının verdiyi kamal attestatıyla 1910-cu ilin avqustunda SPb. İmperator Universitetinin tələbələri sırasına qəbul edilib. O, hüquq fakültəsini seçib və orada oxuyub. Ancaq universitet İdarə Heyətinin 25 iyun 1913-cü il tarixli qərarıyla o, 1913-cü ilin yaz dönəmi üçün təhsil haqqını ödəmədiyinə görə universitetdən xaric edilib. Sonra üzləşdiyi problemləri aşağıdakı sənədlərdən izləyəcəyik. 

Kiyev Universitetinə keçmək istəyi 

"Sankt-Peterburq İmperator Universiteti hüquq fakültəsinin 4-cü semestr tələbəsi" M.Mirbağırov 1 avqust 1913-də İrəvandan öz rektoruna belə bir ərizə göndərib: "Siz alihəzrətdən sənədlərimin Kiyev Müqəddəs Vladimir Universitetinə göndərilməsi haqqında sərəncam verməyinizi və Kiyev Universiteti qarşısında mənim orada hüquq fakültəsinin uyğun semestrinin tələbələri sırasına qəbul edilməyim haqqında vəsatət qaldırmağınızı xahiş edirəm. Bu cür xahişlə müraciət etməyə məni vadar edən Peterburqda bundan sonra təhsilimi davam etdirməyə imkan verməyən iqlim şəraitidir...".

Özünü "tələbə" adlandırmasından aydın görünür ki, həmin vaxt İrəvanda bulunan Mirməhəmməd universitetdən çıxarıldığını hələ bilməyib, ona görə də rektora belə arxayınlıqla müraciət edib.  

Yeni ərizə 

11 oktyabr 1913-də artıq özünü universitetin "keçmiş tələbəsi" adlandıran M.Mirbağırov Peterburqda rektora aşağıdakı məzmunda ərizə yazıb: "1910-cu ilin avqustundan Siz alihəzrətin rəhbərlik etdiyi universitetin hüquq fakültəsi tələbələri sırasına daxil olaraq hüquq fakültəsinin dörd semestrini dinləmiş və 3-cü kursa keçmək üçün lazım olan minimumu (3 fənni) təhvil vermişəm. 1912-ci ilin mayında xəstələnmişəm, buna görə də ilboyu müalicə götürməli olmuşam, nəticədə 1912-1913-cü dərs ilini bütöv itirmişəm. Bütün bunları nəzərə alaraq Siz alihəzrətdən hüquq fakültəsinin 3-cü və 4-cü semesterləri üzrə dinlədiyim fənlərə görə təhsil haqqını tam ödəməyimə icazə verməyinizi və hüquq fakültəsinin 3-cü kursuna keçirilməyim haqqında sərəncam verməyinizi xahiş edirəm". Bu ərizənin nəticəsi necə oldu? Sualın cavabı aşağıdakı bəlgədədir. 

Şəhadətnamə 

Öncəki yazılarda da bildirmişdim ki, universitet sənədlərində tələbələrin ad-soyadları bəzən ən müxtəlif biçimlərdə elə yazılır ki, araşdırıcı çaş-baş qalır. Bu, rusların öyrəşmədiyi mürəkkəb müsəlman ad sistemiylə müəyyən qədər bağlı olsa da əsasən dəftərxana işçilərinin öz vəzifələrinə məsuliyyətsiz yanaşmasından, yaxud da qeyri-rus tələbələrə sayğısızlıqdan irəli gəlir. Oxuduğumuz şəhadətnamə də deyilənə ən yaxşı örnəkdir. Burada "Mirməhəmməd Mirəhmədoviç Mirbağır oğlu"nun (?!) 13 sentyabr 1889-da doğulduğu, İrəvan gimnaziyasının 6 iyun 1910-da verdiyi kamal attestatına əsasən 1910-cu ilin avqustunda SPb. İmperator Universitetinin tələbələri sırasına qəbul edildiyi, 1913-cü ilin avqustunda universitetdən çıxarıldığı göstərildikdən sonra yazılıb: "1913-cü ilin oktyabrında isə yenidən hüquq fakültəsinə qəbul edilib".

Deməli, təhsilini davam etdirib. Çox təəssüf ki, şəxsi işdəki sənədlər arasında M.Mirbağırovun universitetdə oxuduğu sonrakı illər haqqında bəlgələri görmədik. Hər halda, 1913-ün oktyabrından sonra universitetdən çıxarılması haqqında sənədin yoxluğu onun hüquq fakültəsində bu tarixdən sonra da təhsil aldığını təsdiqləyir. Gələcək araşdırmalar onun universiteti bitirib-bitirmədiyinə tam aydınlıq gətirə bilər. 

Bir qədər də Mirabbas Mirbağırzadə haqqında 

Doğrudur, mən Mirabbas Mirbağırzadə haqqında indiyədək "Şəkinin tarixi qaynaqlarda" kitabımda (Bakı: "Master" nəşriyyatı, 2005, ss. 22-77) və "Diplomatiya: ensiklopedik lüğət"də (Bakı: "Diplomat" nəşriyyatı, 2005, s. 406) geniş bilgi vermiş, irihəcmli məqalələr buraxdırmışam (Mirabbas Mirhüseyn oğlu Mirbağırzadə. - "525-ci qəzet", 12 fevral-22 fevral 2005; Mirabbas Mirbağırzadə - unudulmuş Azərbaycan dahisi. - "Yom" Türk dünyası mədəniyyət dərgisi. 2005, ¹2, ss.51-59) və oxucular həmin yazılardan bu böyük şəxsiyyət haqqında yetərincə ətraflı məlumat ala bilər, ancaq Mirməhəmməd Mirbağırzadənin necə bir nəsildən çıxdığını göstərmək üçün onun əmisi Mirabbas haqqında burada da çox qısa bilgi verməyi məqsədəuyğun sayıram.

Mirabbas Mirbağırzadə haqqında Azərbaycan tarixşünaslığında ilk yazıların müəllifi olmaq şərəfini daşımaqla yanaşı, bunu da bildirməliyəm ki, onun yaşamının ilk və son dönəmi hələ də qaranlıqdır. Ən acınacaqlısı budur ki, çoxillik gərgin axtarışlara baxmayaraq indiyədək fotosunu tapa bilmədiyim yeganə şəxs də Mirabbas Mirbağırzadədir.

Mirabbas və qardaşı Mirabdulla əsasən kitab ticarətiylə məşğul olublar. İrəvanda "Umud" adlı kitab mağazası açıblar. Mirabbas bir maarifçi kimi İrəvanın ictimai-mədəni işlərində çox fəal iştirak edib və gənc yaşlarından əhalinin dərin hörmət və sevgisini qazanmağı bacarıb. Qardaşlar 1909-da Bakıya gəliblər. 1914-də indiki İstiqlaliyyət küçəsində, Monolit binasının yerində yeni kitab mağazası açıblar.

İlk yazısı "Həyat" qəzetinin 19 iyun 1905 tarixli sayında çıxmış Mirabbas Mirbağırzadə sonrakı 25 ildə heç bir mühüm dövlət qulluğunda çalışmasa da insanda heyrət doğuracaq qədər hərtərəfli inkişaf edərək ensiklopedik bilikli alim və görkəmli ictimai-siyasi xadim kimi yetişib. İndiyədək əldə edə bildiyimiz 7 kitabı və 200-dən artıq elmi, publisistik və elmi-publisistik yazısı onu bizə peşəkar jurnalistiqtisadçı, etnoqraf, coğrafiyaçı, sənətşünas, ədəbiyyatşünas, dilçi, tarixçi alim kimi tanıdır. 1919-cu ildə Naxçıvandakı olduqca mühüm diplomatik fəaliyyətisə (tarixə "Mirbağırzadə missiyası" adıyla düşmüş bu səfər Naxçıvanın Azərbaycana birləşməsi haqqında sənədin qəbuluyla başa çatıb) onu peşəkar diplomat səviyyəsinə yüksəldir.

Burada onun jurnalistlik, alimlik və diplomatlıq fəaliyyəti, ictimai işləri haqqında hətta ən ötəri bilgi vermək imkanımız yoxdur, yalnız bunu bildirməklə kifayətlənirəm ki, İrəvanın XX yüzilin başlanğıcındakı gerçək tarixini ortaya qoymaq üçün təkcə Mirabbas Mirbağırzadənin Azərbaycan mətbuatındakı "İrəvan xəbərləri""İrəvandan" başlıqlı saysız-hesabsız xəbərlərini bir yerə toplamaq yetərlidir.

Çox-çox təəssüflər olsun ki, bu dahi şəxsiyyətimizin əsərləri indiyədək yığılaraq nəşr edilməyib. Kimsə bu işə himayəçilik etmək istəsə mən ömrümün bir neçə ilini bu çox faydalı işə həsr etməyə hazıram.  

8. Məhəmmədov Əsədullah Məşədi Hüseyn oğlu 

(8.11.1886, Şəki şəhəri -?)

(SPb. MTA, f.14, s.3, iş 57368, 1910-cu il)

 

İkinci şəkili  

Sankt-Peterburq Mərkəzi Tarix Arxivindəki araşdırmamız AMEA Şəki Regional Elmi Mərkəzi xəttiylə aparıldığına görə, təbii ki, ilk növbədə Şəkidən olan tələbələri üzə çıxarmaq istəyirdik. Təəssüf ki, baxdığımız bütün işlərin içərisində cəmi 4 şəkili tələbənin adına rast gəldik (Bu silsilədən ilk yazımız onların birincisinə - Möhsün bəy Əmircanova həsr olunub). Əlbəttə, bu heç də o demək deyil ki, o zaman Peterburqda Şəkidən vur-tut 4 tələbə oxuyub; sadəcə, bizim araşdırma vaxtımız bu qədər tələbəni aşkarlamağa imkan verdi. İnşallah, arxivdəki növbəti, daha sürəkli axtarışların təkcə Şəkidən yox, başqa bölgələrimizdən də çoxlu yeni adları üzə çıxaracağına inanırıq.

Beləliklə, oxuculara ikinci "şəkilimizi" təqdim edirik. Bu, Sankt-Peterburq İmperator Universiteti hüquq fakültəsinin tələbəsi Əsədullah Məşədi Hüseyn oğlu Məhəmmədovdur. Onun şəxsi işi 28 vərəqdir. 

Təhsil şəhadətnaməsi (kamal attestatı) 

Orta təhsilini başa vuran Əsədullah Məşədi Hüseyn oğlu Məhəmmədova verilmiş 1635 saylı  sənəddə oxuyuruq: 23 yanvar 1910-cu ildə ondan ötrü verilib ki, o, 1909-cu ilin dekabrında [Qafqaz] Tədris Dairəsi Sınaq Komitəsində kamilliyə görə sınaqdan keçirilib və həmin sınaqda biliklər üzrə aşağıdakı nəticələri göstərib...

Nəticələr isə o qədər də ürəkaçan deyil: 11 fəndən "3" alıb, yalnız bir "4"-ü var. 

Doğum şəhadətnaməsi 

21 dekabr 1900-də şeyxülislamın təsdiqləyərək verdiyi doğum şəhadətnaməsində bildirilir ki, Şəki şəhərinin sakini Əsədullah Məhəmmədov öz atası Məşədi Hüseyn Hacı Məhəmməd oğlunun qanuni arvadı Fizzə Məşədi Tağı qızından 8 noyabr 1886-cı ildə doğulub.

Deməli, onun soyadı babasının adından götürülüb. 

Əsil-nəcabət şəhadətnaməsi 

Universitetə təqdim etmək üçün 20 iyul 1910-da Şəki Şəhər İctimai İdarəsindən verilmiş şəhadətnamədə Əsədullah Məhəmmədovla bağlı bunlar təsdiqlənib: 1) o, Şəki şəhəri sakinlərindəndir, 2) tacir təbəqəsindəndir və orta imkanlı adamdır.  

Mühakimə olunmayıb

 Universitetin öz tələbələri haqqında öyrənmək istədiyi bilgilərdən biri də onların oxumağa başlamazdan öncəki ictimai davranışıyla bağlıdır. Tələbələr bu haqda da arayış təqdim etməliydilər. Şəki Qəza İdarəsindən 1910-un avqustunda verilmiş arayışda Ə.Məhəmmədovun məhkəməyə və istintaqa cəlb edilmədiyi, əla davranışlı olduğu göstərilib. 

İlk ərizə 

Şəki şəhərinin sakini Əsədullah Məhəmmədov 5 avqust 1910-da SPb. Universitetinin rektoruna ərizə yazaraq hüquq fakültəsinə qəbul olunmasını xahiş edib. Bununla da onu 1910-1911-ci dərs ilindən hüquqçu tələbələr sırasında görürük. 

Peterburqda Ali Kommersiya Kurslarını da bitiribmiş! 

Ə.Məhəmmədovun sənədləri arasında 29 noyabr 1910 tarixdə universitet dəftərxanasına göndərdiyi çox maraqlı bir ərizə də var. Həmin ərizədə yazır ki, mən bu günlərdə Ali Kommersiya Kurslarını bitirməyim haqqında diplom almalıyam, ancaq bunun üçün sənədlərimin əsli gərəkdir. Sizdən xahiş edirəm ki, sənədlərimi bu məqsədlə həmin kursa göndərəsiniz və onlara ehtiyac qalmadıqda geri götürəsiniz.

Şəkili zirəkliyi burada da özünü göstərib - tələbə vaxtdan maksimum yararlanmaqla, həyatda ona gərək olacaq ikinci bir ixtisas da qazanıb!

Direktor - rektor yazışması 

Yaroslavl şəhərindəki Demidov Hüquq Liseyinin direktoru 7 sentyabr 1912-ci ildə SPb. Universitetinin rektoruna məktub göndərərək bildirib ki, Əsədullah Məhəmmədov Demidov Hüquq Liseyinə dəyişilmək istəyir, buna görə də bütün sənədlərinin liseyə göndərilməsinə dair sərəncam verməyinizdən ötrü vəsatət qaldırmağımı xahiş edib. Direktor sənədlərin göndərilməsindən başqa, Ə.Məhəmmədovun hüquq fakültəsində neçə il oxuduğu, hansı qiymətləri aldığı haqqında ona arayış verilməsini və universitetin bu köçürülməyə münasibət bildirməsini də rica edir.

Universitetin rektoru 15 sentyabr 1912-də liseyin direktoruna cavab yazaraq universitetin yerdəyişməyə qarşı olmadığını və istənilmiş sənədlərin tezliklə göndəriləcəyini xəbər verir.

Görünür ki, sənədlər Yaroslavla göndərilsə də arayışlar oraya vaxtında çatdırılmayıb. Bunu Ə.Məhəmmədovun 29 noyabr 1912-də hüquq fakültəsinin dekanına yazdığı ərizə də təsdiqləyir; orada Yaroslavl şəhərinə imtahanları verilmiş semestrlərin və fənlərin sayı haqqında arayışın da göndərilməsi xahiş olunur. 

Yaroslavllı hüquqşünas 

Demidov Hüquq Liseyi direktorunun 22 noyabr 1912-də universitet rektoruna göndərdiyi cavabda Əsədullah Məhəmmədovun artıq bu məktəbin tələbələri sırasına götürüldüyü bildirilir.

Təəssüf ki, əlimizdə Ə.Məhəmmədovun bu liseyi bitirib-bitirməməsi və sonrakı taleyi haqqında heç bir bəlgə  və bilgi yoxdur. 

Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru

[email protected]
Tel.: +994-50-612-68-13

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov