Mayın
8-də T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq
Sarayının "Uşaq dünyası" Rəsm Qalereyasında ümummilli
lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə
həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri
arasında "Heydər Əliyev və müstəqil Azərbaycan"
mövzusunda respublika rəsm müsabiqəsi qaliblərinin
mükafatlandırılması mərasimi keçirildi. Tədbirdə təhsil
nazirinin müavini Qulu Novruzov, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur
Sofiyeva, Milli Məclisin deputatları Kamilə Əliyeva,
Fuad Muradov, Təhsil Nazirliyinin Tərbiyə və
məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa
İbrahimov və digər şəxslər iştirak edirdilər. Qeyd edək
ki, müsabiqə Təhsil Nazirliyinin 3 aprel 2012-ci il
tarixli, 529 nömrəli əmrinə müvafiq olaraq təşkil edilib.
Məktəb, rayon (şəhər) və respublika mərhələsindən ibarət
olan rəsm müsabiqəsi 3 yaş qrupu (6-10, 11-14, 15-18 yaş
qrupları) üzrə keçirilib. Müsabiqənin respublika
mərhələsinə 200-ə yaxın rəsm işi təqdim edilib.
Azərbaycan Rəssamlıq Akademiyasının əməkdaşlarından
ibarət münsiflər heyəti tərəfindən aparılan seçim
əsasında müsabiqə iştirakçıları arasından 27 nəfər qalib
müəyyənləşdirilib.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini
Qulu Novruzov qeyd etdi ki, müsabiqənin keçirilməsində
məqsəd uşaq və gəncləri ümummilli lider Heydər Əliyevin
ideyaları ruhunda tərbiyə etmək və istedadlı gəncləri
üzə çıxarmaqdan ibarətdir. Müsabiqəyə təqdim olunmuş
rəsmləri yüksək qiymətləndirən Qulu Novruzov bütün
bunları şagirdlərin ümummilli liderə sonsuz
məhəbbətinin təzahürü kimi səciyyələndirdi. Müsabiqədə
bölgələrdən olan şagirdlərin fəal iştirakını bildirən
Q.Novruzov 8 may tarixində Azərbaycanın dilbər guşəsi
olan Şuşa şəhərinin mənfur ermənilər tərəfindən işğal
olunmasından 20 il keçdiyini təəssüf hissi ilə qeyd etdi
və qaliblər arasında Şuşa məktəblilərinin olduğunu
nəzərə çatdırdı.
Nazir müavini müstəqil Azərbaycan dövlətinin banisi və
qurucusu ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı
misilsiz xidmətlərindən söz açdı. Keçirilən rəsm
müsabiqəsinin əhəmiyyətinə toxunan Qulu Novruzov
qaliblərə yeni-yeni uğurlar arzuladı.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
sədrinin müavini Aynur Sofiyeva, Milli Məclisin
deputatları Kamilə Əliyeva, Fuad Muradov çıxış edərək
belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi
qiymətləndirdilər. Ümummilli liderin ideyalarını rəsm
işlərində əks etdirən kiçik rəssamların daha böyük
uğurlara imza atacaqlarına inam ifadə olundu.
Müsabiqənin respublika mərhələsində I, II və III yerləri
tutan şagirdlərə Təhsil Nazirliyinin diplomları və
qiymətli hədiyyələr təqdim olundu. Xatirə şəkilləri
çəkdirildi.
Niyazi RƏHİMOV |