Lənkəran Dövlət Universitetində ümummilli lider Heydər
Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş
"Müasir elmin aktual problemləri" mövzusunda respublika
elmi konfransı keçirilib.
Tədbir iştirakçıları konfransdan əvvəl universitetdə
fəaliyyət göstərən Heydər Əliyev muzeyinə baxmış,
ümummilli liderin həyat və fəaliyyətini əks etdirən
eksponatlarla tanış olmuşlar.
Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru,
əməkdar elm xadimi, professor Asəf İsgəndərov respublika
elmi konfransını açaraq, onun məqsəd və vəzifələrindən
danışmış, işinə uğurlar arzulamışdır.
Universitetin rektoru, professor Asəf İsgəndərov
konfransın plenar iclasında "Heydər Əliyev siyasəti və
onun uğurlu davamının işığında" mövzusunda məruzə etdi.
Məruzəçi ümummilli lider Heydər Əliyevin müstəqil
Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və
dünya ölkələri arasında tanınmasında tarixi
xidmətlərindən danışdı. Müasir elmin aktual
problemlərindən danışan rektor elm və təhsil sahəsində
qazanılan nailiyyətlərin ümummilli lider Heydər Əliyevin
adı və fəaliyyəti ilə bağlı olduğunu, ulu öndərin siyasi
kursunun dövlət başçısı cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini qeyd etdi.
Konfrans iştirakçılarına 1991-ci ildən fəaliyyət
göstərən Lənkəran Dövlət Universiteti haqqında ətraflı
məlumat verildi. Konfrans öz işini "Təbiyyat elmləri", "Humanitar
elmlər", "İqtisadiyyat və idarəetmə elmləri"
bölmələrində davam etdirdi. "Heydər Əliyev və
Azərbaycanın inkişaf strategiyası", "Təhsil islahatları
Heydər Əliyevin milli siyasətinin tərkib hissəsidir", "Azərbaycanın
milli inkişaf modeli" və s. mövzularda 150-dək məruzə
dinlənildi və təhlil edildi.
Məruzələrdə dahi rəhbər Heydər Əliyev tərəfindən əsası
qoyulmuş gənclər siyasəti və bu siyasətin uğurla
aparılmasına dair məsələlər öz əksini tapmiş, fikir
mübadiləsi aparılmışdır.
Sonda bölmə sədrləri rəhbərlik etdikləri bölmələr
haqqında məlumat verdilər.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Lənkəran
Dövlət Universiteti və AMEA-nın Lənkəran Regional Elm
Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransda
Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad
Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan
Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, Azərbaycan
Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji
Universiteti və respublikamızın digər ali məktəblərinin
nümayəndələri, qonşu rayonların elm, təhsil
müəssisələrinin və Lənkəran ictimaiyyətinin
nümayəndələri iştirak edirdilər.
Hacı Etibar ƏHƏDOV,
Lənkəran Dövlət Universiteti Mətbuat və informasiya
xidmətinin rəhbəri |