Vətənimizin hər bir guşəsində olduğu kimi, Salyan
rayonunun A.Kərimov adına Boranıkənd kənd tam orta
məktəbində də ulu öndər Heydər Əliyevin anadan olmasının
89-cu ildönümü münasibətilə "Dilimiz milli varlığımızdır"
adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru R.Quliyev
açaraq, ulu öndər, dünya şöhrətli siyasətçi, müstəqil
Azərbaycanın qurucusu Heydər Əliyevin Azərbaycan dilinə,
Azərbaycan təhsilinə göstərdiyi böyük diqqət və qayğıdan
danışıb.
Sonra məktəb şagirdlərinin dil haqqında bilik yarışı
olub. Onlar ümummilli lider Heydər Əliyevin, Şah İsmayıl
Xətainin, Firudin bəy Köçərlinin Azərbaycan dili
haqqında müdrik fikirlərini və şairlərimizin
şeirlərindən nümunələr söyləyiblər.
Bu maraqlı yarışda V və VII sinif şagirdləri
fərqləniblər. Dil-ədəbiyyat müəllimi A.Babayevanın əməyi
də məktəb rəhbərliyi tərəfindən yüksək
qiymətləndirilib.
Aysel SƏLİMOVA |