Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

Ədəbiyyat dərslərində vətənpərvərlik hisslərinin aşılanması

 

Tarixin qəhrəmanlıq səhifəsini vərəqlədikcə gözümüz önündə gözəl bir məmləkət - Odlar yurdu Azərbaycan canlanır. Elə bir məmləkət ki, neçə-neçə illərin, əsrlərin sınağından iftixarla çıxıb. Neçə-neçə ərənlər, qəhrəmanlar bu torpağın qoynunda  öz əbədiyaşar adını həkk edib, əbədiyyətə qovuşub, tarixə öz layiqli   imzasını  atıb.

Təsadüfi deyil ki, bu gün çalışdığım təhsil ocağı məhz həmin qəhrəmanlardan biri - Roman Yusifovun adını daşıyır. Məktəbimiz lisey tiplidir. Liseyin müəllim və şagirdləri qəhrəmanın adına layiq təhsil və fəaliyyətləri ilə nümunə göstərməyə  çalışırlar. Məktəbdə tədris olunan tarix dərsləri  mütəmadi olaraq qəhrəmanın şərəfinə təşkil olunmuş sinif-guşədə keçirilir. Şagirdlər  sinif-guşədə qəhrəmanın keçdiyi qəhrəmanlıq  və həyat yolu barədə tam məlumat əldə edir, tariximizin  şanlı səhifəsinin bir hissəsinin də şabranlılardan ibarət olduğunu qürur hissi ilə yad edirlər. Bu ənənə ədəbiyyat dərslərində tarixi qəhrəmanlıq  mövzulu dərslərin tədris olunduğu zaman da təkrarlanır. Şagirdlərlə tədris prosesində tez-tez şanlı tarixi salnaməmizdən bəhs edən inşa yazılar üzərində işləyirik. Bu missiyanın əsas məqsədi şagirdlərdə Vətənə olan məhəbbət və vətənpərvərlik hisslərini aşılamaqdan ibarətdir.  

Bu yaxınlarda V sinifdə Mehdi Hüseynin "Odlu qılınc" əsərini tədris edərkən şagirdlərə  "Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış qəhrəmanlar" mövzusunda kiçik bir inşa yazmağı tapşırdım. Hər kəs öz inşasını bir tarixi qəhrəmana həsr etmişdi. Kimi "Kitabi-Dədə Qorqud" dastanı qəhrəmanlarının igidliyindən, kimi xalq qəhrəmanı Koroğlu  və onun dəlilərindən, kimi Babək  və Cavanşirin, kimi Qaçaq Nəbi və Qaçaq Kərəmin dağlara çəkilərək ağır və çətin şəraitdə xalqın azadlığı uğrunda apardığı  ləyaqətli və şərəfli mübarizəsindən söhbət açaraq  onlara bənzəmək istədiklərini, lazım gələrsə onlar kimi Vətənin azadlıq və müstəqilliyinin qorunması yolunda canlarından keçməyə hazır olduqlarını inamla əks etdirmişdilər. Şagirdlər Böyük Vətən müharibəsi qəhrəmanlarından M.Hüseynzadə, H.Əliyev, H.Aslanov kimi qəhrəmanları da unutmamış, onların adını çəkmiş, keçdikləri  qəhrəmanlıq yolu haqqında məlumat vermişdilər. Onlar Qarabağ münaqişəsi, 1995-ci ildə dövlət çevrilişinə cəhdi də xüsusilə diqqətə çatdırmağa çalışmışdılar. Mübariz İbrahimov, Fərid Əhmədov  kimi mərd, cəsur, igid, qorxmaz vətən oğullarının ermənilərə qarşı mübarizədə canları bahasına yurdlarını müdafiə etmələri bu kiçikyaşlı məktəblilərin qəlbini böyük iftixar  və qürur hissi ilə döyündürür.

Şagirdlərdən birinin inşası diqqətimi xüsusilə cəlb etdi. Bu kiçik,  vətənin gələcək müdafiəçisi  və  əsgəri inşasını bu sözlərlə başlamışdı: "Vətən müqəddəsdir, Vətən pakdır, Vətən ülvidir. Vətən sevənlərin gözü tək safdır, aydan arı, sudan durudur. Vətən ana südü qədər şirin, ana qucağı tək isti, ana nəfəsi kimi doğmadır, əzizdir. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də bizik, Vətən övladlarıyıq". Sonra o, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda  mücadiləsi tarixində şanlı səhifələr açmış el qəhrəmanı Cavanşirdən bəhs etmiş, inşasını bu sözlərlə davam etdirmişdi: "Mən bilirəm ki, odlu qılınc olmur. Lakin  həyatını xalqın azadlığı uğrunda mübarizəyə həsr etmiş bu el igidinin qılıncı düşmən başına enəndə od-alov kimi parlayır. Bu rəmzi məna  daşıyır.   Cavanşir, Babək kimi  qəhrəmanlarımız  bu gün  də  az  deyil. Bunlardan biri  oxuduğum məktəbin adını daşıyan Roman Yusifovdur. Mən fəxr edirəm ki, qəhrəmanın adını daşıyan məktəbdə təhsil alıram".

R.Yusifov Şabran rayonunda anadan olub. Orta təhsilini adını daşıdığı 2 nömrəli tam orta məktəb-liseydə alıb. Orta məktəbi bitirdikdən  sonra  ordu sıralarına, həqiqi hərbi  xidmətə 1992-ci ilin ilk günlərində çağırılmışdır. Torpaqlarımızın müdafiəsi  uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə boğazından ağır yara alan  döyüşçü Naxçıvanda hospitalda müalicə olunmuşdur. Sədərəkdən sonra Romanın döyüş yolu az qala bütün cəbhə boyu  bölgələrdən keçmişdi: Füzuli, Tərtər, Kəlbəcər, Ağdam. Roman igid, cəsur, vətənini göz bəbəyi kimi sevən bir gənc idi. Onun cəsurluğu komandirlərinin gözündən yayınmamışdı. Roman təhsil almaq üçün qısamüddətli zabitlər kursuna göndərildi. Kursu müvəffəqiyyətlə bitirən  kiçik leytenant  tağım komandiri təyin edildi.

1995-ci ilin martında dövlət çevrilişinə cəhdlərdə qiyamçılara qarşı mübarizədə R.Yusifov müstəqilliyimizin, dövlətçiliyimizin qorunub saxlanması yolunda qəhrəmancasına həlak oldu. Bu gün R.Yusifovun təhsil aldığı 2 nömrəli tam orta məktəb-lisey iftixarla onun adını daşıyır. Milli Qəhrəmanın yaşadığı küçəyə onun adı verilmiş, böyüyüb boya-başa çatdığı evin qarşısında barelyefi vurulmuşdur. Məktəbin önündə büstü qoyulmuşdur. Bu, məktəbimizin və rayonumuzun fəxri, Azərbaycanın Milli Qəhrəmanı  R.Yusifovun xatirəsinə olan hörmət və ehtiramın bariz nümunəsidir. Qəhrəmanın xatirəsini əziz tutan məktəblilər hər il dekabrın 28-də - doğum günündə qəhrəmanı yad edərək onun büstü və adına təşkil olunmuş sinif-guşədəki şəkli önünə tər çiçəklər qoyurlar.

Məktəbimizin şəhid qəhrəmanları  təkcə bununla bitmir. Daha  dörd nəfər  canını Vətən uğrunda fəda etmiş  şəhid bu məktəbin məzunudur: Rahib Mirzəyev, İbrahim Həsənov, Sabit Əmiraslanov, Elman Məmmədov. Məktəb kollektivi bu şəhidləri də yaddan çıxarmır, xatirəsini əziz tutur, adlarına sinif-guşə təşkil edərək stendlərdə onların keçdiyi həyat və döyüş yolu haqqında geniş və ətraflı məlumat vermişdir. 

Azərbaycan  Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında vətən uğrunda canından keçən qəhrəmanlar  heç vaxt unudulmur, yaddan çıxmır. Qədirbilən xalqımız belə qəhrəmanları ilə fəxr edir, onları qəlbində yaşadır, əbədi yad edir.  

Kəmalə ŞEYDAYEVA,
Şabran şəhər  Roman Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü
tam orta məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov