Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

1 İyun 2012 - №21

 

"Ümumtəhsil  məktəblərində kurikulumların tətbiqi: strategiyalar, təcrübələr" mövzusunda seminar keçirilib

 

Qəzetimizin ötən nömrəsində xəbər verildiyi kimi, mayın  23-də  Təhsil Problemləri İnstitutunda "Ümumtəhsil məktəblərində kurikulumların tətbiqi: strategiyalar, təcrübələr" mövzusunda seminar keçirildi. Seminarda Təhsil Nazirliyinin nümayəndələri, məktəb direktorları, müəllimlər, beynəlxalq məsləhətçilər və KİV nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə TPİ-nin direktoru, professor Abdulla Mehrabov  açaraq qonaqları salamladı və onlara seminarın proqramı haqqında məlumat verdi. Ümumtəhsil məktəblərində yeni fənn kurikulumlarının tətbiqi və əldə olunan nəticələrdən danışdı.

Təhsil Nazirliyinin şöbə müdiri  Aydın Əhmədov çıxışında ümumtəhsil məktəblərində kurikulum islahatının tətbiqi mərhələsindən və nailiyyətlərindən söhbət açdı. Qeyd etdi ki, yeni təhsil islahatını təqdir edənlərlə yanaşı onun əleyhdarları da oldu və  aparılan işlər ardıcıl şəkildə davam etdirildi. Fəxarət  hissi keçirirəm ki, islahatın 3-cü  mərhələsində nəzərdə tutulmuş işlər başa çatdırılıb.

Hazırda bu islahatın həyata keçirilməsində müəyyən çətinliklər  vardır. Lakin müəllimlər və valideynlər arasında maarifləndirmə işlərini aparmaqla bu çətinlikləri də  yoluna qoymaq mümkündür. 

TPİ-nin direktor müavini, Kurikulum Mərkəzinin direktoru  Ənvər Abbasovun  "Ümumtəhsil məktəblərində kurikulumların tətbiqi strategiyaları" mövzusunda  təqdimatı oldu. O, qeyd etdi ki, ümumi təhsilin kurikulumu üzrə Respublika Şurası və Təhsil Problemləri İnstitutunun strukturunda Kurikulum Mərkəzi yaradılmışdır. 2008-2009-cu tədris ilindən 2011-2012-ci tədris ilinə kimi I siniflərdə dərs  deyəcək  ibtidai sinif müəllimləri öyrədici seminar- treninqlərdə iştirak etmişlər. 2010-cu ildən etibarən hər il respublikanın 18 şəhər və rayonunda rəhbər pedaqoji kadrlar üçün öyrədici kurslar təşkil edilmiş və 910  müdavim təlimçi sertifikatı almışdır. İndiyə kimi 40 minə qədər müəllim təlim kurslarından keçmişdir. Bu iş indi də davam etdirilir.

Təhsil ocaqlarında kurikulumlarin tətbiqindən danışan Ənvər Abbasov maarifləndirmə işlərinin aparılmasından, o cümlədən seminarların, konfransların, "dəyirmi masa"ların, görüşlərin, işçi qruplarında müzakirələrin, fərdi və  kollektiv görüşlərin,  dərs dinləmələrin keçirilməsindən söz açdı.

Bakıdakı 258 nömrəli tam orta məktəbin  təlim-tərbiyə işləri üzrə direktor müavini Aynur Kazımovanın, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin ibtidai sinif müəllimi Pərvanə Talıbovanın "İbtidai siniflərdə kurikulumların tətbiqi təcrübəsindən" mövzusunda təqdimatları oldu.

Aynur Kazımova bildirdi ki, kurikulumla işlənən yeni dərsliklərin qiymətləndirmə ekspertinin üzvüyəm,  riyaziyyatdan bəzi didaktik materialların hazırlanmasında rəyçiyəm.  Onu deyə bilərəm ki, dərsi texnoloji baxımdan  düzgün  planlaşdıranda və xüsusən   İKT-dən istifadə etdikdə uşaqların dərsə marağı xeyli artır. Bilik onlar tərəfindən həm fəal, həm də vizual əldə edilir. Bir də, müəllim və şagird arasında qarşılıqlı anlaşma münasibəti yaranmalıdır.

Bir gün məktəbdə riyaziyyat fənni üzrə olimpiada keçirdik. Məqsədimiz istedadlı şagirdləri üzə çıxarmaq və onları   inkişaf etdirmək idi.  Nəticədə IV "b"  sinfindən iştirak edən 5 şagirddən 4 nəfəri qalib oldu. Bu da 80 %  göstərici idi. Məlum oldu ki, müəllim riyaziyyata çox diqqət yetirir, əlavə materiallardan və hazır testlərdən istifadə edir və 45 dəqiqəni şagirdlər fəaliyyətdə olurlar.

Digər təqdimatçı  Pərvanə Talıbova isə dedi ki, 24 ildir  ibtidai sinif müəllimi işləyirəm. Bu gün şərəfli  peşəmlə fəxr edirəm. Deməliyəm ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə kurikulumla əlaqədar keçirilən təlim kurslarında iştirak edərək yeni təlim metodlarını öyrəndim. İnformasiya-kommunikasiya texnologiyaları üzrə aldığım biliklərdən istifadə edərək elektron dərslər qurmağa başladım.

İndi ümumtəhsil məktəblərində həyata keçirilən kurikulum islahatının qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri  şəxsiyyətyönümlü təhsil sisteminə nail olmaqdır. Ona görə də  şagirdlərimi vətənpərvər şəxsiyyət kimi yetişdirmək məqsədilə hazırladığım silsilə tədbirlərə daha üstünlük verirəm.  "Vətənimdir Azərbaycan" adlı layihə çərçivəsində: "İçərişəhər" tarixi abidə kompleksinə, "Qız qalası" abidəsinə, Nizami Gəncəvinin abidəsi önünə və Nizami adına muzeyə, Şəhidlər xiyabanına ekskursiyalar təşkil etmişəm. Nəticədə şagirdlər gözəl istirahət etdilər, həm də onlarda təbiətə qayğı, həssaslıq hissləri formalaşdıra bildim. Hazırda biz müəllimlər dərslərimizi qurarkən "kurikulum.az" və "edu.gov.az" saytlarında verilən dərs nümunələrindən istifadə edirik.  Düşünürəm ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da "Siniflər və fənlər üzrə nümunəvi videodərslərin cəmləndiyi saytlar" yaradılsa, müəllimlər buradakı videodərslərdən istifadə edərək faydalana bilərlər. Həm də  hər bir şagirdin elektron portfoliosunun yaradılmasını da təklif edirəm.  Belə bir elektron qovluq yaradılsa, müəllim sabahkı dərsə hazırlaşarkən şagirdin bilik səviyyəsinə uyğun  tapşırıqlar qurmaq üçün, hətta evdə də bu portfolioya nəzər sala bilər. Valideyn  isə övladının yoxlama yazıda hansı səhvlərə yol verdiyini, məktəbə gəlmədən İnternet vasitəsilə onun elektron portfoliosuna baxmaqla hər şeyi öyrənə bilər.

Beynəlxalq məsləhətçilər Sayyora Rahmankulova, Nazim İrfan, Alex(Andru) Crisan və Can Küçüktepepınarın   "Ümumtəhsil məktəblərində kurikulumların tətbiqi və inkişaf perspektivlərinin beynəlxalq tendensiyaları" adlı slaydlarla təqdimatları  oldu. Bu zaman  kurikulumların tətbiqi ilə əlaqədar İnternet vasitəsilə Amerika və Türkiyə  mütəxəssisləri ilə canlı bağlantılar da  yaradıldı.

Sonra TPİ-nin şöbə müdiri Bibixanım İbadova "Ümumtəhsil məktəblərində kurikulumların tətbiqi üzrə tövsiyə və strategiyaların işlənib hazırlanması" mövzusunda   təqdimat etdi.

Bibixanım İbadova bildirdi ki, artıq ölkə üzrə  1000-ə yaxın məktəbdə elektron dərslərdən istifadə imkanı  vardır. Yeni fənn kurikulumları əsasında təhsil alan şagirdlərin öyrənmə marağı, bilik və bacarıqlarının səviyyəsi, təlim prosesində fəallığı, yaradıcı işlərə meyillik daha da  yüksəlir. Fənn kurikulumlarının tətbiqi şagirdlərin yaradıcı qabiliyyətini müəyyən etməyə, onların təhliletmə, fəal öyrənmə bacarıqlarının və  məntiqi təfəkkürünün inkişafına imkan yaradır. Valideynlərin əksəriyyəti tətbiq olunan yeni fənn kurikulumlarından razı qaldıqlarını bildirir və fikirlərini müasir tələblərə müvafiq keçilən dərslərin təlimin keyfiyyətində dönüş yaratması, uşaqları  fəallaşdırması, təlim marağının artmasına təsir göstərməsi ilə izah edirlər.

Bildirildi  ki, tövsiyələr normativ sənəd və materialların, kurikulumun, dərslik və dərs vəsaitlərinin, qiymətləndirmə sisteminin təhlili, respublikanın 14 rayonunda məktəb rəhbərləri, müəllimlər və valideynlərlə aparılan  sorğuların nəticələri əsasında hazırlanmışdır. Monitorinq üçün Kurikulum Mərkəzinin mütəxəssisləri beynəlxalq ekspertlərlə birlikdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər üçün sorğu anketləri işləyib hazırlamışdır. Monitorinq  Təhsil Problemləri İnstitutunun 15 mütəxəssisi tərəfindən aparılmışdır. Sorğuda 326  məktəb rəhbəri, 224 müəllim və 2046 valideyn iştirak etmişdir. Tövsiyələr ana dili, riyaziyyat, həyat bilgisi, təsviri incəsənət, texnologiya və informatika fənləri  üzrə işçi qruplarında müzakirə edilmiş, onların rəy və təklifləri  nəzərə alınmışdır.

Seminarda  mövzu ilə bağlı əlavə çıxışlar da oldu. Seminar diskussiya şəklində başa çatdı.

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov