Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

1 İyun 2012 - №21

 

50 il pedaqoji sahədə

 

Ölkəmizin təhsil sistemində özünün bilik  və bacarığını xalqının maariflənməsinə sərf edən müəllimlərimiz az deyildir. Onlardan biri də respublikanın maarif əlaçısı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Təhsil Problemləri İnstitutunun aparıcı elmi işçisi  Mürşüd Fərəcovdur. O,  həqiqətən təcrübəli müəllimdir. Onun  üç il dərs dediyi Kürdəmir rayonunun Axtaçı kənd orta məktəbini bitirən şagirdlərindən altı nəfəri kimya müəllimidir. Onlardan Mədət Şahbazov  hazırda  Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosentidir. Müəllimi haqqında  onun dediklərindən:

"Yeni dərsimiz etilenin alınması  və kimyəvi xassələri idi. Mürşüd müəllim keçən dərslə bağlı tapşırıqları yoxladı və bizim sinifdən çıxmağımızı bildirdi,  laboratoriyadan gətirdiyi və   içərisində bir çox təchizat olan  qutudan  qlükoza ampulasına oxşar ampulanı bizə göstərib dedi: uşaqlar, bu qırmızı qan rəngli maddə bromdur. Ampulanı sındırıb onu ağzı şüşə tıxaclı ətir şüşəsindəki distillə edilmiş suyun üzərinə əlavə etdi. Bu zaman bromdan müəllimin və şüşəni tutan şagirdin də əlinə düşdü. Bromun pis iyi, dərini yandırması, ətrafda olanların tənəffüs yollarına mənfi təsiri özünü göstərdi.  Mürşüd müəllim etilenin alınması üçün təcrübəni izahat verə-verə  hazırladı və təcrübə nəticəsində alınan etilenin  bromlu suyu   rəngsizləşdirməsini  bizə göstərdi. Bizim kimya dərslərimizdə  həmişə təcrübələr aparılırdı.  Mürşüd müəllim   şagirdlərinin  təcrübələr əsasında  bilik və bacarığa yiyələnməsinə nail olmağa çalışırdı".

Şagirdləri, tələbələri və ixtisasartırma institutlarının kimyaçı müdavimləri öz peşəsini sevən Mürşüd müəllimdən həmişə razılıq edirlər. Azərbaycan Müəllimlər İnstitutunda keçirilən görüşdə respublikanın qabaqcıl kimya müəllimlərindən bir müdavim müəllimdən  icazə istəyib  dedi: Mürşüd müəllim, sizi yazılarınızdan və təcrübəli müəllim kimi uzun illərdir   tanıyırıq, bu  görüşümüzdə də sizdən çox razı qalırıq, ancaq bir məsələdə sizdən gileyliyik ki, o da  sizi əvəz edən alimlərin yetişməsinə az fikir verməyinizdir.

Həmin görüşə kimya dərsliklərinin müəllifi kimi dəvət olunan   kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vaqif Abbasov bu gileylə bağlı öz məsləhətlərini müdavimlərə çatdırdı.

Ömrünün 74-cü baharını  yaşayan Mürşüd Fərəcov 17 noyabr 1938-ci ildə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuşdur.

O, 1945-1955-ci illərdə  kəndlərindəki orta məktəbdə təhsil almış  və Salyanın Xalac kəndindəki texniki peşə məktəbində altı aylıq kursu bitirdikdən sonra kolxozda  traktorçu-mexanizator işləmişdir. 1957-1962-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun  (indiki ADPU-nin) tələbəsi olmuşdur. Təyinatla 1962-1965-ci illərdə Kürdəmir rayonunun Axtaçı və sonra da Sığırlı kənd orta məktəblərində işləmiş, kimya, biologiya və kənd təsərrüfatının əsasları fənlərindən dərs demişdir.

1965-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olan Mürşüd Fərəcov 1968-ci ildə "Kimyanın tədrisinin fizika ilə əlaqələndirilməsi" mövzusunda namizədlik dissertasiyasını vaxtından qabaq yazıb başa çatdırmışdır. 1972-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş və 1985-ci ilə qədər kiçik elmi işçi və baş elmi işçi vəzifələrində çalışmışdır. 1985-ci ilin noyabrından Azərbaycan Müəllimlər İnstitutunda kimya və biologiyanın tədrisi metodikası kafedrasında dosent vəzifəsində çalışıb. 1995-1999-cu illərdə fakültə dekanı işləmiş, 2000-2005-ci illərdə institutun Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur.

Mürşüd müəllimin "Kimyanın tədrisində fənlərarası əlaqə" (1989-cu il) monoqrafiyasında qeyri-üzvi və üzvi kimyanın fizika ilə əlaqəli tədrisindən, kimyanın tədrisinin yerli istehsalatla əlaqələndirilməsindən və kimyadan sinifdənxaric işlərdə fənlərarası əlaqələrdən, "Kimyanın tədrisində müasir təlim texnologiyası" (2008-ci il) kitabında qabaqcıl iş təcrübəsinin öyrənilməsindən, təlimin təşkilat forması olan dərslərin təşkilindən, mövcud kimya proqramları əsasında müstəqil işlərin təşkilindən,  təlimin yeni konsepsiyasının prinsiplərinə əsaslanan kimya dərslərindən və kimyanın tədrisində şagirdlərin peşə bacarıqlarının necə inkişaf etdirilməsindən məlumat verilir. "Şərəfli ömür yolu" (2001-ci il) kitabı isə Azərbaycan Respublikasının əməkdar müəllimi Şəfiqə Əliyevanın qabaqcıl iş təcrübəsinin öyrənilməsinə və ümumiləşdirilməsinə həsr edilmişdir.  "D.İ.Mendeleyevin dövri sistem cədvəlində elementlərin (bəsit maddələrin) fiziki-kimyəvi xassələrini göstərən cədvəl" (1986-ci il) və "Kimyadan universal sorğu cədvəli"  (2011-ci il) kimi metodik vəsaitləri,  100-dən artıq qəzet və jurnal məqaləsi  çapdan çıxmışdır.

Mürşüd Fərəcov hazırda Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin "təbiət-riyaziyyat" bölməsində aparıcı  elmi işçi vəzifəsində çalışır. Onun son illərdə yeni təhsil konsepsiyasının tələb və prinsipləri əsasında yazılmış  məqalələri  "Kimya məktəbdə" məcmuəsində dərc olunaraq həmkarlarına çatdırılmışdır. ("Təlim və tədrisin yeni konsepsiyasının prinsiplərinə əsaslanan kimya dərsləri", 2007, №3, "Fəal təlim metodlarından kimya dərslərində istifadə", 2007, №4, "Kimyadan şagird biliyinin qiymətləndirilməsi",  2008, №1, "Fəal təlim metodları əsasında kimyəvi reaksiyaların sürəti"nə aid mövzunun tədrisi", 2008, №3, "Kimya dərslərinin səmərəli təşkili planlaşmadan başlayır" və "Dövri sistemin I-III  qrupun əsas yarımqrup metalları bölməsinin yeni təhsil  konsepsiyasının prinsipləri əsasında tədrisi təcrübəsindən", 2010, №2, "Metallar və onların ümumi xassələri mövzusunun tədrisinin  fizika ilə əlaqələndirilməsi təcrübəsindən" və "Məktəbdə kimya gününün təşkili təcrübəsindən", 2011, №1, "Allotropiya anlayışının tədrisi təcrübəsindən" və "Aromatik karbohidrogenlərin tədrisi təcrübəsindən", 2011, № 2-3 və s.).

Bütün bunları peşəsini sevən alim-müəllimin pedaqoji sahədə  keçdiyi 50 illik  həyat yolunun uğurlu nəticələri saymaq olar.  Mürşüd Fərəcov gözəl alim və təcrübəli müəllim olmaqla yanaşı, həm də layiqli ailə başçısıdır. Ömrünün yarım əsrini təhsilimizə xidmətə həsr etmiş Mürşüd müəllimə bundan sonra da möhkəm cansağlığı və səmərəli fəaliyyət arzulayırıq.  

Mütəllim ABBASOV,
pedaqoji elmlər doktoru, professor,  AMEA-nın
Neft Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi,

Akif ƏLİYEV,
TPİ-nin Kurikulum Mərkəzinin şöbə
müdiri, pedaqogika üzrə fəlsəfə doktoru

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov