Redaktorun seçimi

“Maarifçi”lər Elm və Təhsil Nazirliyi üçün strateji plan hazırladılar – REPORTAJ

"Bu yolda atdığım hər addım məni daha güclü edir " – MR-in ilk yeni titullu şahmatçısı

"Peşə təhsili alanlar kitabdan yox, təcrübədən öyrənirlər!" – Mediaturdan maraqlı təəssüratlar

Azərbaycan İdman Akademiyasının tarixində ilk: Məzunu DP iştirakçısı oldu

ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər

Növbəti 10 ildə peşə təhsili alanların sayı 50 minə çata bilər

Qarabağın şagirdləri üçün “Yay məktəbi” təşkil edilib

“Dərzi” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə bacarıqlar qiymətləndirilib
.jpeg)
Bağça müəllimi: Müasir uşaq yaradıcı müəllim tələb edir

9 illik təhsil bazasından kolleclərə qəbul imtahanının nəticələri açıqlandı

66 gənc ABŞ-də təhsil alacaq – 44-ü TOP10 universitetlərdə
Pedaqoji yazılar

Məktəbdə iş şəraitinin müəllim məmnuniyyətinə təsiri

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

Yaşlıların təhsili üzrə tendensiyalar

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

“Bambuk məktəb" nümunəsi
Bu gün dünyanın hər yerində təhsil sistemi modernləşmə və texnologiyaya inteqrasiya yolu ilə inkişaf edir. Bəzi təhsil modelləri isə təbiətə uyğunlaşmaqla alternativ və innovativ yanaşmaları ön plana çıxarır.2009-cu ildə Tailandda Meçai Viraivadyanın qurduğu “Mechai Pattana School” belə fərqli təhsil modellərindəndir. Dünyada daha çox “Bambuk məktəb” adı ilə tanınan bu təhsil ocağını digərlərindən fərqləndirən bir neçə maraqlı cəhət var. Adından da göründüyü kimi bambuk ağacından tikilən məktəb ekoloji davamlılıq və sosial məsuliyyət prinsipləri üzərində qurulub. BBC bu məktəb haqqında reportajında məktəbin yaradılma məqsədi, tədris metodu, infrastrukturu, davamlılıq prinsipləri və dünya təhsilinə təsiri barədə məlumat verib.Məktəbin əsas məqsədi imkansız və ehtiyacı olan uşaqlara təhsil vermək, eyni zamanda onların təbiətə və cəmiyyətə qarşı məsuliyyətli fərdlər kimi yetişməsini təmin etməkdir. Məktəb, əsasən, Birma və Tailand sərhədində yaşayan etnik azlıqların uşaqları üçün fəaliyyət göstərir.Sadə görünüşlü məktəbin missiyası da sadədir: “Təbiətlə harmoniya və təbii ehtiyatlara qənaət”. Bu yanaşma ilə “Bambuk məktəb” uşaqlara təkcə akademik biliklər deyil, həm də həyat bacarıqları, sosial məsuliyyət və ətraf mühitə qayğı kimi dəyərləri aşılayır.Məktəbin bütün tikililəri - sinif otaqları, yataqxanalar, yeməkxana və laboratoriyalar, əsasən, bambukdan hazırlanıb. Bambuk ağacı Tailandda geniş yayıldığından ucuz, davamlı və ekoloji baxımdan səmərəli material sayılır və tikinti prosesi minimum karbon izi ilə həyata keçirilir. Bambuk tikililər tropik iqlimə də uyğundur. Onlar təbii ventilyasiyaya imkan verir, yüksək temperaturda belə sərin olur və estetik baxımdan da təbiətlə ahəng yaradır. Bu yanaşma məktəbin davamlılıq prinsiplərinə uyğun olaraq enerji sərfiyyatını azaldır.Almaniyanın F.Nauman Fondunun bu məktəb haqqında məqaləsində qeyd olunur ki, məktəbin təhsil proqramı klassik tədris üsullarından fərqlənir. Burada ənənəvi fənlərlə yanaşı, əkinçilik, aşpazlıq, ilk tibbi yardım, elektrik işləri, tikinti və təmir kimi praktik dərslər də keçirilir. Məqsəd yalnız akademik nailiyyətlərə fokuslanmaq deyil, həm də uşaqların gündəlik həyatda lazım olan bacarıqlara yiyələnməsidir.Müəllimlər şagirdlərlə münasibətlərini daha çox dostyana qurmağa, onları sevgi və hörmətlə yönləndirməyə çalışırlar. Şagirdlər öyrəndiklərini dərhal tətbiq edə bildikləri üçün dərslər daha əyləncəli və mənalı olur.Burada fizika, biologiya, coğrafiya kimi fənlər təbiət laboratoriyası şəraitində tətbiq olunmaqla tədris edilir. Məsələn, şagirdlər məktəb bağında yetişdirdikləri məhsulları analiz edərkən torpağın tərkibi, bitkilərin fotosintez prosesi və su dövranı kimi anlayışları öyrənirlər.Məktəb yalnız təbiətə deyil, cəmiyyətə qarşı da məsuliyyət daşıyır. Şagirdlərin çoxu valideyndən məhrum olunmuş, müharibədən və ya sosial böhrandan əziyyət çəkən ailələrin təmsilçiləridir. “Bambuk məktəb” onları pulsuz təhsillə yanaşı, yaşayış və yeməklə də təmin edir. Bu dəstək sayəsində minlərlə uşaq layiqli təhsil almaq şansı qazanıb. Məktəbdə təhsil pulsuz olsa da, hər bir şagird il ərzində ictimai işlərə 400 saat vaxt ayırmalı və məktəb həyatı boyu 400 ağac əkməlidir.Məktəb həmçinin suyun təmizlənməsi, enerjiyə qənaət, tullantıların azaldılması kimi sahələrdə də müxtəlif layihələr həyata keçirir. Günəş panelləri vasitəsilə enerji istehsalı, kompost sistemi ilə orqanik gübrə əldə edilməsi və yağış sularının toplanması kimi üsullarla resursların səmərəli istifadəsi təmin olunur.Məktəbin ətrafındakı rəngli beton halqaların içi torpaqla doldurularaq müxtəlif tərəvəzlərin yetişdirilməsi üçün bağlara çevrilir. Şagirdlərin yetişdirdiyi bu bitkilər məktəb yeməkxanasında istifadə olunur və ya məktəbin biznes təşəbbüsü çərçivəsində satılır. Burada sahibkarlıq bacarıqları tədris proqramının bir hissəsinə çevrilib. Maraqlananlar üçün iş imkanları və təcrübə proqramları təqdim olunur. Məsələn, bəzi şagirdlər Tailandın IKEA mağazasında iş təcrübəsi qazanıblar.“Bambuk məktəb”in əsas qərarverici qüvvəsi də şagirdlərdir. Məktəbə müəllim və şagird qəbuluna, büdcə çərçivəsində nə alınacağına dair qərarları da məktəblilərdən ibarət komitə verir. Məktəbin direktoru da daxil olmaqla, əməkdaşlar həmin komitə qarşısında “hesabat” verirlər.“Bambuk məktəb” həm yerli, həm də xarici könüllülərin dəstəyi ilə fəaliyyətini davam etdirir. Dünyanın müxtəlif ölkələrindən gələn müəllimlər və könüllülər burada müxtəlif təlim proqramlarında iştirak edir, uşaq inkişafına və infrastruktura töhfə verirlər. Bu həm mədəniyyətlərarası inteqrasiyanı təmin edir, həm də uşaqlara müxtəlif dünyagörüşlərini tanımaq imkanı verir.Könüllülər arasında həkimlər, mühəndislər, müəllimlər, sənətkarlar və digər peşə sahibləri yer alır. Onların bilik və bacarıqları sayəsində məktəb daim inkişaf edir və təhsil keyfiyyəti artır.“Bambuk məktəb”in modeli dünyanın müxtəlif bölgələrində ekoloji və sosial davamlılığı əsas götürən məktəblər üçün nümunə ola bilər. Tailandda 200-ə yaxın məktəb bu nümunədən yararlanır. Məktəbin fəaliyyəti sübut edir ki, yüksək büdcə olmadan da keyfiyyətli və mənalı təhsil vermək mümkündür. Əsas məsələ ideya, məqsəd və düzgün yanaşmadır.Tailanddakı “Bambuk məktəb”in təcrübəsi müasir dünyadakı təhsil bərabərsizliyi, ətraf mühitin çirklənməsi, sosial ayrı-seçkilik kimi problemlərin əslində alternativ, davamlı və yaradıcı yanaşmalarla həll edilə biləcəyini göstərir. Bu məktəb bir daha sübut edir ki, təhsil sadəcə kitab və sinif otağı ilə məhdudlaşmır.Mənbə: “Azərbaycan məktəbi” jurnalı
Təhsil TV

Yüklənir
SÜLH KÖRPƏLƏRİNƏ HƏDİYYƏ - AĞDAMDA 1 NÖMRƏLİ BAĞÇA
Sülh körpələrinə hədiyyə - Ağdamda 1 nömrəli bağça.
8 avqust, 20:01
Yüklənir
“MAARİFÇİ”LƏRİN LEYLA XƏLİLOVA - RZAZADƏ İLƏ GÖRÜŞÜ
Elm və Təhsil Nazirliyində "Maarifçi" proqramı iştirakçılarının nazirliyin Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Leyla ...
8 avqust, 18:21
Yüklənir
PEŞƏ TƏHSİL MƏRKƏZİNƏ MEDİATUR
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur təşkil olunub.
8 avqust, 14:26
Yüklənir
PEŞƏ TƏHSİLİNDƏKİ YENİLİKLƏRLƏ BAĞLI AGENTLİYİN DİREKTORU İLƏ MÜSAHİBƏ
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovla bu sahədəki yeniliklər, əmək bazarının dəyişən tələbləri, ...
8 avqust, 11:32
9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı
Ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi keçən ildən başlayaraq Naxçıvanda da reallaşdırılır. Bu müsabiqədən uğurla keçərək yüksək bal toplayanlar hazırda Muxtar Respublikanın müxtəlif məktəblərində dərs deyirlər."Azərbaycan müəllimi" belə müəllimlərdən biri ilə həmsöhbət olub.Müsahibimiz Günay Qədimova Naxçıvanda MİQ-in test mərhələsində kimya fənnindən 91,75 bal toplayaraq MR üzrə ən yüksək nəticəni göstərib.O, 1994-cü ildə Babək rayonunun Qaraçuq kəndində anadan olub. Orta təhsilini həmin kəndin, daha sonra isə Heydər Əliyev adına tam orta məktəbdə alıb. 2010–2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin "Kimya müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. Ötən ildən MİQ vasitəsilə işə qəbul olduğu Babək şəhəri 2 nömrəli tam orta məktəbdə kimya müəllimi olaraq çalışır.Deyir ki, müəllim olmağı lap kiçik yaşlarından arzu edib:“Kiçik yaşlarımda bacımla müəllim–şagird oyunu oynamağı çox xoşlayırdım. Elə o vaxtdan bu peşəyə böyük həvəs yaranmışdı. Səbirli və təmkinli xarakterim, uşaqlarla yaxşı dil tapa bilməyim, onların uğurlarını görəndə xoşbəxt olmağım deməyə əsas verir ki, əslində mən dünyaya müəllim olmaq üçün gəlmişəm”.Ailəvi səbəblərə görə universiteti bitirdikdən sonra 9 il təhsildən uzaq qaldığını deyən Günay müəllim bu müddətin içindəki müəllimlik arzusunu azalda bilmədiyini vurğulayır.“Müəllimlərin işə qəbulu imtahanına 1 il yorulmadan hazırlaşdım və məqsədimə nail oldum. İmtahanın test mərhələsində yüksək nəticə göstərərək, həmçinin müsahibə mərhələsində də uğur qazanaraq müəllim adını almağı bacardım”.Müəllim əlavə edir ki, MİQ imtahanının bütün mərhələləri obyektiv, aydın və şəffaf keçirilir:“Bu imtahanın əsas üstünlüyü təhsil sistemində çalışmaq üçün ixtisası üzrə yüksək elmi biliklərə və pedaqoji qabiliyyətə malik kadrların seçimini təmin etməkdir. İmtahanda olarkən diqqətimi suallara yönəltdiyim üçün həyəcanımı hiss etməmişdim. Amma imtahan zalından çıxarkən hamı yaxınlaşıb məni təbrik edəndə çox həyəcanlandım. Uzun müddət təhsildən uzaq qaldığımdan bu nəticəni əldə etmək mənim üçün böyük uğur idi. 1 il hazırlaşmaqla yüksək nəticə əldə edə bilməyim bu imtahanın o qədər də çətin və uğurun əlçatmaz olmadığını göstərdi. Mənim fikrimcə, müəllim peşəsini ürəkdən sevib bu məqsəd üçün çalışan heç kim nəticəsiz qalmaz. Düzünü desəm, uğur qazanacağıma inanmayanlar çox idi. Bəzən onları dinləyəndə ruhdan düşürdüm, amma çox istədiyim üçün özümü toplayıb davam edirdim”.Günay müəllim imtahanda qazandığı uğura görə 31 yanvar 2025-ci ildə Naxçıvan Gənclər və İdman Nazirliyinin 2 Fevral – Gənclər Günü ilə əlaqədar təşkil etdiyi mükafatlandırma tədbirində "Gənc müəllim" nominasiyası üzrə təltif edilib. Tədris etdiyi kimya fənninə şagirdlərin marağını artırmaq üçün bir sıra metodlardan istifadə edir:“Şagirdlərimin dərsə marağını artırmaq məqsədilə kimya ilə bağlı müxtəlif layihələr, təcrübələr, pedaqoji üsul və vasitələrdən, həmçinin İKT alətlərindən istifadə edirəm. Şagirdlərimdən biri bu il fənn müsabiqəsində kimya fənni üzrə yarımfinal mərhələsinə keçid almağı bacardı. Şagirdlərimə həm kimya fənnini, həm də özümü bir müəllim kimi sevdirməyi bacarıram. Gənc müəllim olaraq yuxarı sinif şagirdləri ilə də dil tapa bilmək mənim üçün çətin olmadı. Təhsil daim inkişaf edən bir sahədir və müəllim olaraq fəaliyyətimdə bir sıra yeniliklər etməyi planlaşdırıram. Əsas məqsədim şagirdlərin öyrənmə prosesini daha maraqlı, effektiv və gələcəyin tələblərinə uyğun şəkildə təşkil etməkdir”.MİQ imtahanına hazırlaşan namizədlərə isə bunları tövsiyə edir:“Heç nəyin sizi həvəsdən salmasına icazə verməyin. Çox çalışıb ürəkdən istəsəniz, arzularınızı gerçəkləşdirməyə heç nə mane ola bilməz. Biz bu cəmiyyətin təməlini qoyan, gələcəyimiz olan uşaqları formalaşdıran bir missiyanın daşıyıcılarıyıq. Bu yolda hər birinizə uğurlar və tükənməz enerji arzulayıram”.

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim
.jpeg)
Peşə məktəblərində işləmək istəyənlərin NƏZƏRİNƏ!
.jpeg)
MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək

Sertifikatlaşdırma imtahanının formatı dəyişdirilə bilər

Peşə təmayüllü siniflərdə çalışmaq istəyənlərin NƏZƏRİNƏ!
Qəzetin PDF arxivi



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.