Hazırda müasir təlim metodlarından istifadə günün
tələbinə çevrilmişdir. Belə dərslər şagird təfəkkürünün,
idrakının inkişafına xidmət edir, şagirdi əzbərçilikdən
çox tətbiqə, təcrübəyə öyrədir. Müasir təlim metodları
şagirddə fəallığı artırmaqla yanaşı, onda məntiqi
düşüncə yaradır. Məntiqlə bilik paralel inkişaf edərək
şagirdi həyata hazırlayır.
Bütün bu proseslərin aparılmasında yenə də müəllimin
böyük rolu var. Mən 261 nömrəli məktəb-liseydə 25 ilə
yaxındır ki, müəllim işləyirəm. Azərbaycan dili və
ədəbiyyat fənnini tədris edirəm. Bu gün müasir təlim
metodlarından istifadə etməklə dərslərimdə böyük
uğurlara müvəffəq olduğumu açıq-aşkar hiss edirəm.
Azərbaycan dili və ədəbiyyatdan keçdiyim dərslərdə
müasir təlim metodlarından və İKT-dən istifadə edərək
fərqli nəticələr əldə edirəm.
Bu yaxınlarda VIII sinifdə Azərbaycan dili dərsində "Xitablar.
Xitabların quruluşca növləri" mövzusunda "açıq dərs"
keçdim. Dərsimdə interaktiv üsulların bir çoxunu tətbiq
edərək 45 dəqiqə ərzində bütün məqsədlərimə nail ola
bildim.
Qruplarla iş, rollu oyun, əqli hücum, işgüzar səs-küy,
müsahibə üsullarından istifadə edərək elektron lövhədə "Xitab
haqqında" təqdimatla dərsə başladım. Sinif qruplara
bölündü. Qruplar "Xəbər", "Mübtəda", "Təyin", "Tamamlıq",
"Zərflik" adlandırıldı. Liderlər qrup üzvləri tərəfindən
seçildilər və özlərini təqdim etdikdən sonra keçmiş
dərsin mövzusunu soruşdum. Keçmiş dərsin mövzusu "Cümlə
üzvləri ilə əlaqəsi olmayan sözlər" idi. Bu mövzu
haqqında şagirdlər rollu oyun vasitəsi ilə danışdılar.
Sinələrində "Mübtəda", "Xəbər", "Təyin", "Tamamlıq", "Zərflik",
"Ara söz" və "Xitab" yazılmış 7 şagird lövhə qarşısına
çıxdı. Divardan asılmış cibdən hərəsi öz adına uyğun söz
götürərək elə düzüldülər ki, 7 şagird ara söz və xitab
işlənən geniş cümlə şəklini aldı. Bu cümlə ilə rollu
oyun bitdikdən sonra şagirdlərə işçi vərəqləri
paylamaqla yeni mövzuya başladım. İşçi vərəqləri "Xitabın
quruluşca növü"nə aid cümlələrdən ibarət idi. Şagirdlər
öz qruplarına verilmiş işçi vərəqlərində yazılmış
cümlədə sadə və mürəkkəb xitabları tapdılar. Hazır işçi
vərəqləri elektron lövhədə slayd şəklində göstərildi.
Yeni mövzunun möhkəmləndirilməsi məqsədi ilə qruplara
test tapşırıqları payladım. Şagirdlər test tapşırığını
həll etdikdən sonra cavablandırdılar. Testlərin hazır
cavabları yenə də hər qrupun cavabından sonra bir-bir
elektron lövhədə göstərildi.
Bu mərhələdən sonra şagirdlərin diqqətini divardan
asılmış Venn diaqramına cəlb etdim. Venn diaqramının
içərisində xitabla mübtədanın fərqli və oxşar
cəhətlərini şagirdlər bir-bir yazdılar. Dolmuş Venn
diaqramını elektron lövhədə göstərdim.
Şagirdlərə bədii xitablar haqqında qısa məlumat verdim.
Sonra elektron lövhədə "Tülkü və qarğa" nağılına
çəkilmiş illüstrasiyanı göstərərək bədii xitablı
cümlələr qurmağı tapşırdım. Şagirdlər bu mərhələdə də
fəal iştirak etdilər. Ən yaxşı cümlə quran şagird
qiymətləndirildi. Elektron lövhədə "20 Yanvar"
hadisələrini əks etdirən səsli bir fraqment göstərdim,
yenə də fraqmentə baxaraq şifahi nitqin inkişafı və
müstəqil düşünmə qabiliyyətini artırmaq məqsədi ilə
bədii xitablı cümlələr qurmağı tapşırdım. Bu dəfə də ən
yaxşı cümlə düzəldən şagirdi həvəsləndirərək yüksək
qiymətləndirdim.
Müsabiqə üsulunu tətbiq etmək məqsədi ilə şagirdlərin
diqqətini divardan asılmış boş xanalı krossvordlara
yönəltdim. Krossvordun birincisində xitab sözü şaquli,
ikincisində isə üfiqi vəziyyətdə yazılmışdı.
Birinci krossvord fəndaxili, ikinci krossvord isə
fənlərarası əlaqə yaratmağa xidmət edirdi. Şagirdlər
bütün xanalardakı sözləri tapandan sonra krossvordların
doldurulmuş formasını elektron lövhədə göstərdim.
Sonda qruplara tapşırdım ki, öz aralarında bir-birlərini
qiymətləndirsinlər. Qiymətləndirmə bitəndən sonra
qruplar arasında narazılıq yaranmasını nəzərə alaraq
münsiflərdən - dərsdə iştirak edən müxtəlif fənn
müəllimlərindən şagirdlərə qiymət vermələrini xahiş
etdim.
Qiymətləndirmə mərhələsi hər bir şagirdin nəyə qadir
olmasının üzə çıxmasında böyük rol oynayır. Evə tapşırıq
mərhələsini də 45 dəqiqənin son saniyəsinə qədər çatdıra
bildim.
Beləliklə, şagirdlərin müstəqil düşünmə qabiliyyətlərini
inkişaf etdirmək yolu ilə cümlə üzvləri və qrammatik
cəhətdən bağlı olmayan sözlər haqqında biliklərini daha
da genişləndirmək və möhkəmləndirmək məqsədimə nail
oldum.
Qənimət HƏSƏNOVA,
Bakıdakı İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi |