İmişli şəhər A.Eminov adına 7 nömrəli tam orta məktəbin
ingilis dili fənni üzrə metodbirləşmə rəhbəri Ellada
Səfərovanın verdiyi məlumatda bildirilir ki, məktəbdə
XIX əsr ingilis ədəbiyyatının görkəmli nümayəndələrindən
biri Çarlz Dikkensin 200 illik yubileyinə həsr olunan
ingilis dili gecəsi keçirilib.
Müəllimlərin, şagirdlərin, Sülh Korpusu könüllüsünün və
valideynlərin iştirak etdiyi tədbiri məktəbin direktoru
Əlizadə İbrahimov açaraq iştirakçıları salamlayıb və
ingilis dilinin əhəmiyyətindən danışıb.
Aparıcılar IX "c" sinif şagirdləri Dilarə Əliyeva və
Orxan Cavadlı gecənin əhəmiyyətindən, ingilis dilinin
dünya dilləri arasındakı rolundan bəhs ediblər,
Ç.Dikkensin həyat və yaradıcılığı haqqında məlumat
veriblər, əsərlərindən parçalar söyləyiblər.
Birincilərin "Cücələrim" rəqsi, ikincilərin hazırladığı
"Turp" səhnəciyi, beşinci sinif şagirdlərinin oxuduqları
"Sənin adın nədir?", "Bonni" və başqa ingilis dilində
mahnılar iştirakçılar tərəfindən böyük maraqla
qarşılanıb.
Gecədə Sülh Korpusunun könüllüsü B.Qresi bu tədbirə
dəvət olunduğu üçün məktəb rəhbərliyinə öz təşəkkürünü
bildirib. Qeyd edib ki, mən çox sevinirəm, Azərbaycan
övladları ingilis dilində olan mahnılara, şeirlərə və
rəqslərə belə maraq göstərirlər. İnanıram ki, ingilis
dilində sərbəst danışan bu şagirdlər Azərbaycanın
mədəniyyətini, incəsənətini, adət və ənənələrini
dünyanın müxtəlif ölkələrində tanıdacaqlar.
ƏDALƏT |