İyunun
28-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının
növbəti iclası keçirilib.
İclasda Azərbaycan Dövlət Aqrar Universiteti, Ağdaş
Dövlət Humanitar Kolleci, Bakı Dövlət İqtisadiyyat və
Humanitar Kolleci və Bakı Humanitar Kollecinin
akkreditasiyasının nəticələri müzakirə olunub.
İclasda Azərbaycan Dövlət Aqrar Universitetində
aparılmış akkreditasiyanın nəticələri haqqında Təhsil
Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib
Zərbəliyev məlumat verib. Şöbə müdiri bu təhsil ocağının
ümumi fəaliyyətindən, təhsil proqramları üzrə hazırlığın
məzmunundan, kadr təminatından bəhs edib. H.Zərbəliyev
qeyd olunan təhsil müəssisəsi üzrə yaradılmış
Akkreditasiya Komissiyasının universitetdə tədrisin
təşkili vəziyyətini ətraflı təhlil etdiyini bildirib və
komissiyanın gəldiyi qənaətlə şura üzvlərini tanış edib.
Ağdaş Dövlət Humanitar Kolleci üzrə Akkreditasiya
Komissiyasının sədri, Bakı Texniki Kollecinin tədris
işləri üzrə direktor müavini Fərrux Məmmədov təhsil
müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğundan söz
açaraq son 5 ildə məzunların ümumi göstəriciləri,
aparılmış test sorğusunun nəticələri barədə məlumatları
təqdim edib. O, kollecin fəaliyyətinin daha səmərəli
təşkili üçün Akkreditasiya Komissiyasının təklif və
tövsiyələrini nəzərə çatdırıb.
Daha sonra Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci
üzrə aparılmış araşdırma barədə çıxış etmək üçün söz
Akkreditasiya Komissiyasının sədri, Bakı Sosial İqtisad
Kollecinin tədris hissə müdiri İbad Əsədova verilib.
İ.Əsədov kollecdə mütəxəssis hazırlığının keyfiyyəti və
digər göstəricilər üzrə komissiyanın gəldiyi qənaəti
iştirakçıların diqqətinə çatdırıb.
Bakı Humanitar Kolleci üzrə Akkreditasiya Komissiyasının
sədri, Bakı Musiqi Akademiyasının Musiqi tarixi
kafedrasının dosenti Xatirə Həsənzadə bu təhsil
müəssisəsinin fəaliyyət istiqamətlərindən, tədris
şəraitindən, maddi-texniki bazasından bəhs edib,
həmçinin kollecin pedaqoji heyətinin fəaliyyəti haqqında
məlumat verib.
Təhsil naziri Misir Mərdanov təhsil müəssisələrinin
akkreditasiyasının keçirilməsinin ölkəmizdə təhsilin
keyfiyyətinin daha da artırılmasına xidmət etdiyini
vurğulayıb və müvafiq məsələlərlə bağlı fikirlərini
bildirib.
Sonra qeyd olunan təhsil müəssisələri üzrə
akkreditasiyanın nəticələrinə dair şura üzvlərini
maraqlandıran suallar cavablandırılıb, bir sıra rəy və
təkliflər səsləndirilib.
Akkreditasiya Şurasının iclasında müəyyənləşdirilmiş
meyarlar üzrə tələblərə uyğunluğu nəzərə alınaraq,
Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyəti "yaxşı",
digər üç kollecin fəaliyyəti isə "kafi" qiymətləndirilib
və bu təhsil müəssisələrinin müvafiq ixtisaslarının
akkreditə olunması barədə qərar qəbul edilib. |