Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

29 İyun 2012 - №25

 

Azərbaycanın on bir ali təhsil müəssisəsi ilə Türkiyənin Hacəttəpə Universiteti arasında əməkdaşlıq protokolu imzalandı

 

İyunun 22-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın bir sıra aparıcı universitetləri ilə Türkiyənin Hacəttəpə Universiteti arasında elmi əməkdaşlıq və mübadilə protokollarının imzalanması mərasimi keçirildi.

Təhsil Nazirliyində təşkil olunmuş imzalanma mərasimində təhsil nazirinin müavini Qulu Novruzov, Hacəttəpə Universitetinin rektoru, professor Murat Tuncerin rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Azərbaycanın bir sıra aparıcı ali təhsil müəssisələrinin rəhbərləri iştirak edirdilər.

Mərasim iştirakçılarını salamlayan təhsil nazirinin müavini Qulu Novruzov Azərbaycanın 20 illik müstəqillik tarixində ilk dəfə qardaş Türkiyənin bir ali məktəbi ilə Azərbaycanın aparıcı universitetləri arasında müvafiq protokolların eyni vaxtda imzalandığını bildirdi. İmzalanacaq sənədləri yüksək qiymətləndirən nazir müavini onların 20 il ərzində Türkiyə ilə təhsil sahəsində yaradılmış əməkdaşlığa yeni təkan verəcəyinə əmin olduğunu söylədi.

Q.Novruzov təhsil naziri Misir Mərdanovun salamlarını qonaqlara çatdıraraq Azərbaycanda həyata keçirilən təhsil islahatlarından söz açdı, ali təhsil sahəsinin inkişafı istiqamətində görülmüş işlərə toxundu. Azərbaycan 2005-ci ildə Boloniya prosesinə qoşulduqdan sonra ali təhsildə islahatların uğurla aparılması, xüsusən də ali təhsildə keyfiyyətin yüksəldilməsi, tələbələrin biliyinin qiymətləndirilməsi, yeni ali təhsil standartlarının yaradılması üçün xarici ölkələrlə əməkdaşlığa ciddi ehtiyac yarandığını deyən nazir müavini bu ehtiyacı nəzərə alan ölkəmizin ali təhsil müəssisələrinin  Avropa İttifaqı çərçivəsində bir sıra xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurduqlarını, çoxsaylı müqavilələr imzaladıqlarını diqqətə çatdırdı.

Nazir müavini ali təhsilin müasir tələblər səviyyəsinə qaldırılması üçün dünyanın qabaqcıl universitetləri ilə yanaşı, Türkiyə ali məktəblərinin də təcrübəsindən faydalanmağa ehtiyac olduğunu bildirib, universitetlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyətini xüsusi qeyd etdi.

Son illər Azərbaycanda vüsətlə aparılan iqtisadi islahatlar nəticəsində ciddi iqtisadi inkişaf əldə olunduğuna diqqət çəkən Qulu Novruzov iqtisadi inkişafın davamlılığını, dayanıqlılığını təmin etmək üçün dünyanın ən qabaqcıl texnologiyaları ilə davrana bilən yüksək ixtisaslı, rəqabətqabiliyyətli mütəxəssis kadrların hazırlanmasına hazırda ölkəmizdə böyük önəm verildiyini, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının təşəbbüsü və tapşırığı  ilə ölkədə neft gəlirlərini insan kapitalına çevirmək üçün strategiya reallaşdırıldığını, bu strategiya çərçivəsində təhsilə, o cümlədən də ali təhsilə ciddi investisiyalar yatırıldığını, dünyanın ən qabaqcıl universitetlərində kadr hazırlığının həyata keçirilməsinə başlandığını söylədi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə bu məqsədlə təsdiq olunmuş xaricdə təhsil üzrə Dövlət Proqramının uğurla həyata keçirildiyini bildirən nazir müavini proqram çərçivəsində 5 min azərbaycanlı tələbənin dünyanın nüfuzlu universitetlərinə göndəriləcəyini və indiyədək 1200 nəfərin göndərildiyini nəzərə çatdırdı. Artıq azərbaycanlı gənclərin dünyanın ən nüfuzlu universitetlərində oxumaq imkanlarının daha da genişləndiyini söyləyən Q.Novruzov bununla bərabər, ölkəmizdə qardaş Türkiyənin ali məktəblərinə də kifayət qədər maraq olduğunu vurğuladı.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Hacəttəpə Universitetinin rektoru, professor Murat Tuncer ölkələrimiz arasındakı münasibətlərin təhsil sahəsindəki əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd etdi. Azərbaycanın bir sıra aparıcı universitetləri ilə Hacəttəpə Universiteti arasında imzalanacaq elmi əməkdaşlıq və mübadilə protokollarını yüksək dəyərləndirən rektor bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inandığını söylədi. Professor Murat Tuncer rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək bildirdi ki, 6 kampusu olan Hacəttəpə Universitetində hazırda 36 min nəfərdən çox tələbə təhsil alır. Universitetin 3485 nəfərlik professor-müəllim heyəti vardır. Burada təhsil alan tələbələrin 791 nəfərini əcnəbi tələbələr təşkil edir ki, onlardan da 101-i Azərbaycandan gələnlərdir. Universitetdə 13 fakültə, 14 institut, 6 məslək yüksək okulu, 2 yüksək okul, 41 araşdırma və tədqiqat mərkəzi və Hacəttəpə Universitet Xəstəxanası  fəaliyyət göstərməkdədir. Rektor çıxışının sonunda əməkdaşlığın gələcək inkişafına hərtərəfli dəstək göstərəcəklərini diqqətə çatdırdı. 

Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən, təhsil müəssisələrinin qarşılıqlı əlaqələrindən  söz açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli ölkələrimizin ümumi mənafeyi naminə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd etdilər.

Mərasimin sonunda Hacəttəpə Universiteti ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat  Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında elmi əməkdaşlıq və mübadilə protokolları imzalandı. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov