Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

10 Avqust 2012 - №31

 

Naxçıvan Dövlət Universitetində qarşıya qoyulan prioritet vəzifələr müzakirə olunub

 

NDU-da dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası və Naxçıvan Dövlət Universiteti qarşısında duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncağı giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli sessiyanın muxtar respublikanın ali təhsil müəssisələrinin qarşısında qoyduğu prioritet vəzifələrdən danışmışdır. Rektor Naxçıvan Dövlət Universitetinin son yarım illik fəaliyyətinə nəzər salaraq Boloniya sisteminin tətbiqi, elmi kadr hazırlığı, informasiya-kommunikasiya vasitələrindən geniş istifadə, beynəlxalq əlaqələr sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunduğunu vurğulamışdır. Belə ki, 2011-2012-ci tədris ilində universitetdə bakalavr və magistratura pilləsi üzrə yeni ixtisaslar açılmış, Boloniya sisteminin tətbiqi vasitəsilə tədrisdə yüksək kəmiyyət və keyfiyyət göstəriciləri əldə olunmuş, bir sıra beynəlxalq konfrans və simpoziumlar təşkil edilmişdir. Universitetin maddi-texniki bazasının yaxşılaşdırılmasına gəlincə, muxtar respublika rəhbərliyinin qayğısı ilə təbiətşünaslıq və kənd təsərrüfatının əsaslı şəkildə yenidən qurulmuş binası yeni tədris ilində istifadəyə veriləcək. Beynəlxalq əlaqələrin inkişafına gəldikdə isə, universitet TEMPUS proqramı çərçivəsində həyata keçirilən 5 layihənin iştirakçısıdır. 60-dan çox dünya universiteti ilə əməkdaşlıq edən bu ali məktəb bu yaxınlarda Türkiyə Cümhuriyyətinin Ərzincan Universiteti, Gürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universiteti ilə əməkdaşlıq müqavilələri imzalamışdır. Dünya universitetləri ilə virtual əlaqələr, tələbə və təcrübə mübadiləsi daha da inkişaf etdiriləcək. Universitet məzunlarının işlə təmin olunması da muxtar respublika rəhbərliyinin diqqət mərkəzindədir. Belə ki, bu il magistratura pilləsində ali təhsilini başa vuran 17 nəfər artıq ixtisaslı mütəxəssis kimi əmək fəaliyyətinə başlamışdır.

Rektor sessiyada qarşıda qoyulan mühüm vəzifələrdən olan  elmi kadr hazırlığı məsələsinə də toxunaraq Avropa dilləri, incəsənət ixtisasları üzrə elmi kadrların hazırlanmasına diqqətin artırılacağını vurğulamışdır. Rektor, akademik İsa Həbibbəyli çıxışının sonunda sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun ali təhsil işçilərinin gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən proqram xarakterli çıxışında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün kollektivin var qüvvəsi ilə çalışacağını bildirmişdir.

Tərbiyə işləri üzrə prorektor, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev universitetdə mədəni mühitin inkişafı, 2012-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "İdman ili", Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən "Milli dəyərlər ili" elan olunması ilə bağlı universitetdə son 6 ay ərzində görülən işlər barədə məlumat vermiş, milli mənəvi dəyərlərin təbliği ilə bağlı müxtəlif konfransların, mədəni-kütləvi tədbirlərin, müxtəlif idman yarışlarının təşkil olunduğunu diqqətə çatdırmışdır.

Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı fakültədə İKT vasitəsilə, müxtəlif dillərdə viktorina və müsabiqələrin təşkil olunmasından danışmışdır.

Mühasibat uçotu və maliyyə kafedrasının baş müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Mehriban İmanova qeyd etmişdir ki, sessiyada 2012-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının əsas göstəriciləri, quruculuq işləri öz əksini tapmışdır.

Magistratura üzrə dekan, dosent Etibar Məmmədov 2011-2012-ci tədris ilində universitetdə magistratura təhsil pilləsində 20 istiqamət, 30 ixtisaslaşma üzrə kadr hazırlığı aparıldığını, 262 magistrantın təhsil aldığını bildirmiş, buradakı Azərbaycanşünaslıq Mərkəzi və Tələbə Turizm Assosiasiyasının fəaliyyəti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, 2011-2012-ci tədris ilinin ikinci yarısında 23 ixtisaslaşma üzrə 71 magistrant magistr dissertasiyasını uğurla müdafiə etmişdir. 2012-2013-cü tədris ilində isə universitetdə magistratura üzrə 160 plan yeri nəzərdə tutulmuşdur.

İnformasiya-kommunikasiya texnologiyaları şöbəsinin müdiri Xaliq Babayev universitetin yüksək sürətli İnternetlə, informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması, "Polycom" HD 8000 markalı ən müasir internet-konfrans kamerası vasitəsilə  beynəlxalq səviyyəli videokonfransların təşkil olunması barədə məlumat vermişdir. 

Pedaqoji fakültədə akademik məsləhətçi işləyən Ruhəngiz Əliyeva, universitet Tələbə İnformasiya Mərkəzinin sədri, beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin III kurs tələbəsi Aytən İsmayılova da sessiyanın yüksək ixtisaslı mütəxəssislərin yetişməsi, yerli elmi kadr potensialının artırılması istiqamətində qarşıya qoyduğu mühüm vəzifələrdən bəhs etmişlər.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov