Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

10 Avqust 2012 - №31

 

Azərbaycanlı şagirdlər "Dünyanı yaxşılığa doğru dəyişək!" adlı XI beynəlxalq uşaq festivalında iştirak ediblər

 

21 iyul - 2 avqust tarixlərində ölkəmizin ümumi təhsil müəssisələrinin 15 şagirdi Ukraynada yerləşən "Artek" Beynəlxalq Uşaq Mərkəzində (BUM) keçirilmiş "Dünyanı yaxşılığa doğru dəyişək!" adlı XI beynəlxalq uşaq festivalında iştirak edib. Festivala qatılan azərbaycanlı şagirdlərin 8-i Bakı Avropa Liseyindən, 2-si Bakı Dövlət Universitetinin nəzdindəki "Gənc istedadlar" Liseyindən, digər şagirdlər isə "Çağ" Öyrətim İşlətmələri Bakı Özəl Türk Liseyindən, "Ankara məktəbi" məktəb-liseyindən, Bakı şəhərindəki 159 və 167 nömrəli orta məktəblərdən, habelə Masallı rayonundakı "Dəfinə" məktəb-liseyindəndir.

Qeyd edək ki, Krım yarımadasının Qurzuf qəsəbəsində yerləşən "Artek" Beynəlxalq Uşaq Mərkəzi 1925-ci ildən fəaliyyət göstərir. 2001-ci ildən etibarən "Artek" BUM-da "Dünyanı yaxşılığa doğru dəyişək!" adlı beynəlxalq uşaq festivalı keçirilir. Ötən dövrdə festivalda dünyanın 60 ölkəsindən 4000 nəfərdən artıq uşaq iştirak edib. Festivalın əsas məqsədi mədəni inteqrasiya və tolerantlıq, bərabərlik və uşaqlarda fikir azadlığı prinsiplərinin formalaşmasına dəstək verməkdən ibarətdir.

"Dünyanı yaxşılığa doğru dəyişək!" beynəlxalq uşaq festivalının təşkilatçıları - Ümid və Xeyirxahlıq Ümumukrayna Xeyriyyə Fondu və "Artek" BUM-dur. Azərbaycanlı şagirdlərin bu festivalda iştirakı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə təşkil olunub. Azərbaycan nümayəndə heyətinə Bakı Avropa Liseyinin müəllimi Alyona Sazonova rəhbərlik edib.

"Ümumdünya Uşaq Millətlər Liqası" beynəlxalq təşkilatı Baş Assambleyasının sessiyaları və "İstedadlar planeti" adlı mədəni proqramın keçirilməsi üzrə iki əsas hissədən ibarət olan festival zamanı Azərbaycanı təmsil edən nümayəndə heyəti bütün sahələrdə fəallıq göstərərək yüksək nəticələr qazanıb. Bakı Avropa Liseyinin X sinif şagirdi Saleh Cəfərov Azərbaycan təmsilçisi kimi ilk dəfə olaraq "Ümumdünya Uşaq Millətlər Liqası" beynəlxalq təşkilatının sədri vəzifəsinə seçilib. O, qarşıdakı bir ildə 54 ölkənin 17 milli koordinatorunun fəaliyyətini tənzimləyəcək.

Onu da qeyd edək ki, "Ümumdünya Uşaq Millətlər Liqası" beynəlxalq təşkilatı 2009-cu ildə yaradılıb. Liqanın fəaliyyətində uşaq ictimai təşkilatlarının liderləri, gənc parlament üzvləri və jurnalistlər yaxından iştirak edirlər.

Bakı Avropa Liseyinin X sinif şagirdi Rafael Hacıbəyli "Ümumdünya Uşaq Millətlər Liqası"nda 17 yaxşı işlər səfirlərindən biri kimi "Sağlam olmaq dəbdədir!" mövzusunun koordinatoru seçilib. O, məhz bu sahədə digər 54 ölkə üzrə müvafiq işlərin əlaqələndirilməsini həyata keçirəcək.

Liseyin VIII sinif şagirdi Fidan İsmayılova beynəlxalq uşaq press-mərkəzinin işində fəal iştirakına görə fəxri fərmanla təltif edilib. O, 2013-cü ilin mayında Kiyev şəhərində keçiriləcək beynəlxalq jurnalistlər festivalına dəvət olunub.

"Yantarnıy" düşərgəsində keçirilmiş şahmat turnirinin hər üç qalibi Azərbaycan təmsilçiləri olub. Belə ki, Bakı Avropa Liseyinin şagirdləri Saleh Cəfərov I, Murad İsmayılov II, Rafael Hacıbəyli isə III yerə layiq görülüblər. Eyni zamanda Saleh Cəfərov şəxsi hesabda "Artek" üzrə şahmat turnirinin qalibi adına layiq görülüb.

Onu da qeyd edək ki, azərbaycanlı şagirdlər bir ay ərzində gündəlik məşqlər nəticəsində hazırladıqları 4 mahnı və 2 rəqs kompozisiyası ilə digər ölkələrdən olan peşəkar kollektivlərlə bərabər "İstedadlar planeti" mədəni proqramında çıxış edərək laureatlar sırasında ilk onluğa daxil olublar.

İştirakçı ölkə günlərinin keçirilməsi zamanı hazırlanmış materialların sayını nəzərə alaraq, Azərbaycana əlavə olaraq daha bir "təqdimat çadırı" ayrılıb. Azərbaycanlı şagirdlər Azərbaycana həsr olunmuş müxtəlif yarış, viktorina və oyunlar təşkil edib və qaliblər milli rəmzlərlə zəngin suvenir və həvəsləndirici hədiyyələrlə  mükafatlandırılıblar. Digər ölkələrdən olan uşaqlara Azərbaycanın adət-ənənələri, mədəniyyət və tarixi barədə ətraflı məlumat verilib və onlar milli şirniyyatlara qonaq ediliblər.

Azərbaycanlı şagirdlər, həmçinin "Dəstələrin təqdimatı" yarışında "Ən mülayim" nominasiyası üzrə qalib gəliblər. Eləcə də "Festival "Artek" üzrə addımlayır" aksiyası çərçivəsində "Ozyornıy" və "Morskoy" düşərgələrindəki çıxışlarına görə ölkəmizi təmsil edən şagirdlər xüsusi diplom əldə ediblər.

Festivalın 54 iştirakçı-ölkədən olan uşaqlarla ünsiyyət zamanı bizim şagirdlərə geniş maraq dairəsi və istedadlı olmaları çox kömək edib. Müxtəlif dilləri bilmələri və aktiv ünsiyyət həvəsi isə digər uşaqlarda qürur hissi yaradırdı.

Azərbaycanlı şagirdlər Vətənə yola salınarkən Danimarka, Paraqvay, Bəhreyn, Əlcəzair, Tunis, Almaniya, Serbiya, Ukrayna və digər ölkələrdən olan uşaqlar göz yaşlarını gizlədə bilmirdilər.

Belə maraqlı festivala məktəblilərimizin göndərilməsinə dəstək göstərdiyinə görə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə dərin minnətdarlığımızı bildirir və ümid edirik ki, gələcəkdə də hər səhər "Artek"in baş meydanında ilk olaraq Azərbaycan bayrağı qaldırılacaq. 

Fidan İSMAYILOVA,
Bakı Avropa Liseyinin VIII sinif şagirdi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov