Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin strateji təhlil,
planlaşdırma və kadrların idarəolunması sektorunun
aparıcı məsləhətçisi Şəmsi Qocayevdən aldığımız
məlumatda bildirilir ki, 2012- 2013-cü tədris ilində
paytaxtın ümumtəhsil məktəblərinin V siniflərində dərs
deyəcək müəllimlər üçün yeni fənn kurikulumlarının
tətbiqi ilə əlaqədar keçirilən təlim kursları davam
edir. Həmin kursların səmərəli təşkili üçün Bakı
şəhərinin 11 rayonunda texniki avadanlıqlarla təchiz
edilmiş məktəblərdə 31 təlim mərkəzi yaradılıb.
Təlim kurslarını fiziki tərbiyə fənni üzrə "İdrak"
məktəb-liseyi, riyaziyyat və həyat bilgisi fənlərindən
"Mədəd-Azərbaycan" təşkilatı, 8 fəndən isə XXI əsr
Beynəlxalq Təhsil və İnformasiya Mərkəzinin əməkdaşları
aparır.
Ümumilikdə Bakı şəhərinin müxtəlif məktəblərində V
siniflərə dərs deyəcək 4500 müəllim təlim kurslarından
keçməlidir. Bu günə kimi 2000 müəllim təlim kursundan
keçərək müxtəlif dərəcəli sertifikat alıb. Təlim
kursları sentyabrın 9-na kimi davam edəcək.
Bu günlərdə isə həmin təlim mərkəzlərindən birində -
Bakıdakı 20 nömrəli məktəb-liseydə olduq. Məktəbin
direktoru Sabir Məmişov bizi təlim mərkəzi və orada
keçirilən kursların nümunəvi təşkili üçün yaradılmış
şəraitlə tanış etdi. Birlikdə son dərəcə maraqlı keçən
təlim məşğələlərini müşahidə etdik. Həmin gün burada
həyat bilgisi fənni üzrə 3 qrupda təlim aparılırdı.
Qruplarda Səbail rayonu üzrə 22, Yasamal rayonu üzrə isə
27 müəllimə yeni fənn kurikulum təlimi keçilirdi.
Məşğələləri "Mədəd- Azərbaycan" təşkilatının
təlimçi-müəllimləri - İlahə Tağıyeva, Kəmalə
Süleymanova, Təranə İbrahimova, Səbinə Rəsulova və
başqaları aparırdı. Təşkilatın koordinatoru Xəyalə
Quliyeva əməkdaşlarının həyat bilgisi fənni üzrə V
siniflərdə dərs deyəcək müəllimlərə 10 gün ərzində yeni
fənn kurikulumunun tətbiqi ilə əlaqədar keçilən təlim,
sonda veriləcək imtahan, gündəlik davamiyyət, dərslərdə
fəallıq zamanı qazanılan balların toplanması və bu
ballara görə I və II dərəcəli lisenziyaların verilməsi
və s. qaydalar barədə ətraflı məlumat verdi.
Ədalət DAŞDƏMİRLİ |