Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

10 Avqust 2012 - №31

 

Nobel mükafatı almış ilk rus alimi

 

İvan Petroviç Pavlov haqlı olaraq dünyanın ilk fizioloqu qəbul edilir. Rusiya elminin fəxri hesab olunan görkəmli alim  dünyanın 130-dan çox elmlər akademiyası və elmi cəmiyyətlərin fəxri üzvü seçilib. Fiziologiya və tibb sahəsində fundamental işlərinə görə 1904-cü ildə  Nobel mükafatına layiq görülüb.  O, fiziologiya və psixologiya sahəsində işləri ilə psikofizioloji və təcrübi psixologiya sahələrinin inkişafına təsir edib. Buna görə də Pavlov hər iki elm sahəsinin qurucularından hesab olunur.  İvan Pavlov həkim, təbiətşünas, pedaqoq, ilk rus nobelçi alim kimi fiziologiya elmini kökündən dəyişmiş, təbabət, psixologiya,  pedaqogika və insan haqqında digər elmləri zənginləşdirmişdir. Pavlov təkcə böyük fizioloq olmayıb, insanın inkişafı ilə əlaqədar bir sıra problemlərin həllinin strateji istiqamətlərini, onun təhsili və tərbiyəsi ilə bağlı vəzifələri müəyyən etmişdir. Onun ideyaları pedaqogika və psixologiya elmlərinin hərtərəfli inkişafına səbəb olmuşdur. Bu ideyalar bu günə qədər öz əhəmiyyətini itirməmişdir. 

Uşaqlıq və tələbəlik illəri  

İvan Petroviç Pavlov 1849-cu  il sentyabrın 26-da Rusiyanın Ryazan şəhərində anadan olub. Onun atası Pyotr Dmitriyeviç  ruhani idi. Anası Varvara İvanovna da ruhani ailəsindən çıxmışdı. İvan ailənin ilk övladı idi. Onun kiçik bacısı  İ.P.Andreyeva sonralar  xatırlayırdı: "Onun birinci müəllimi atam idi. İvan həmişə uşaqlarını əməyə, bütün işlərdə dəqiqliyə və səliqə-səhmana, qayda-qanunlara alışdırmış atasını ehtiramla xatırlayırdı". İvan bütün vaxtını faydalı işlərə sərf edərdi. Əyləncələrə onun vaxtı yox idi. O, uşaqlıqdan əməyə alışmalı oldu.  Anası Varvara İvanovna  kirayişin saxlayırdı. Ailədə bütün işlər onun çiyinlərinə düşürdü. Uşaqlar analarına səcdə edirdilər. O, gəncliyində olduqca sağlam, şən, həyatsevər idi. Lakin 10 uşaq dünyaya gətirmiş bu fədakar qadın övladlarının bəzilərinin vaxtsız vəfatından xeyli sarsılmış və gücdən düşmüşdü. Övladları ona kömək etməyə çalışırdılar.  Odun yarmaq, sobanı yandırmaq, su daşımaq balaca İvan üçün gündəlik işlər idi.

İvan Pavlov təxminən 8 yaşlarından elmə maraq göstərməyə başlayıb. O, məktəbə gec gedib. Valideynlərinin arzusu ilə İvan 1860-cı ildə Ryazan Ruhani Məktəbinin ikinci sinfinə  daxil olub. 1864-cü ildə məktəbi uğurla başa vuran İvan elə həmin il yerli ruhani seminariyasına qəbul olunub. Bir dəfə İvan atasının geniş kitabxanasında alman alimi Q.Levinin al-əlvan rəngli "Gündəlik həyatın fiziologiyası" kitabını tapıb. Bu kitab onun uşaq təxəyyülündə silinməz iz buraxıb. Sonralar böyüyəndə "dünyanın ilk fizioloqu" olacaq İvan üçün  bu kitab masaüstü mənbəyə çevrilib. Təbiət elmlərinə maraq göstərən İvan 1870-ci ildə Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinə daxil olub.  Tələbəlik illərində ciddi maddi sıxıntılarla üzləşib. Gənc İvan müəllimlik etməklə özünə pul qazanıb.  1870-ci il sentyabrın 15-də o, universitetin rektoruna bu məzmunda məktub göndərib: "Zati-aliləri, xahiş edirəm,  maliyyə vəsaitinin çatışmazlığından məni mühazirələrə görə nəzərdə tutulmuş ödəmələrdən azad edəsiniz".  O, məktubunda yoxsulluq haqqında şəhadətnaməsini digər sənədlərlə birlikdə universitetin rəhbərliyinə təhvil verdiyini bildirirdi. Məşhur rus alimi İvan  Seçenovun "Baş beynin refleksləri" kitabı onda fiziologiya elminə marağı daha da artırdı. Sonralar alim xatırlayırdı:"Mənim o vaxtlar, hələ dərk edə bilmədiyim qərarı qəbul etməyimə rus fiziologiyasının atası Seçenovun  "Baş beynin refleksləri" kitabı böyük təkan verdi". Professor  İ.Sionun laboratoriyasında təhsil alması isə Pavlova bu fənni tam mənimsəməyə kömək etdi. İ.Sionun mühazirələri tələbə Pavlovu ovsunlamışdı.

 İvan Pavlovun ilk elmi işi mədəaltı vəzinin sekretor innervasiyasının tədqiqi ilə bağlı olub. Bu işə görə İvan Pavlov universitetin qızıl medalına layiq görülüb.  1875-ci ildə təbiət elmləri namizədi adını alan Pavlov Sankt-Peterburq  Tibbi-Cərrahiyyə Akademiyasının (sonralar Hərbi-Tibbi Akademiya) üçüncü kursuna qəbul olunur. Lakin professor İ.Sionun assistenti olmaq barədə ümidləri baş tutmur. Yəhudi mənşəli Sionun akademiyanın fiziologiya kafedrasına  ordinator professor  təyin olunması bir sıra hökumət  məmurları tərəfindən narazılıqla qarşılanıb. Nəticədə görkəmli fiziologiya professoru Rusiyanı tərk etməli olub.   Gənc Pavlov Sionun varisi ilə işləməkdən qəti olaraq imtina edib. O, Veterinar İnstitutunda assistent vəzifəsinə qəbul olunur.  Pavlov burada 2 il ərzində həzm prosesi və qan dövranı məsələlərini öyrənib. 

Alimə şöhrət gətirmiş şərti refleks 

İvan Pavlov dünya təbabət elmi tarixinə şərti refleksləri öyrənən ilk tədqiqatçılardan biri kimi daxil olub. İtlər üzərində aparılan tədqiqatlarda tüpürcək vəzilərinin fəaliyyətini öyrənən İ.Pavlov müəyyən edib ki,  it nəinki yeməyi görəndə, hətta yeməyi ona gətirən insanın ayaq səslərini eşidəndə belə onda ağız suyu ifrazı başlayır.  Bu nə deməkdir?  Ağıza düşən yeməyə qarşı tüpürcək ifrazı orqanizmin müəyyən qıcıqlara qarşı cavabıdır, öz-özünə baş verir və həmişə müşahidə olunur. Konkret vaxtda  itə yemək gətirən insanın addımları siqnal verirdi: "Yemək". Bu zaman isə itin beynində şərti əlaqə formalaşırdı: "Addımlar-yemək". Tüpürcəklər nəinki yeməyi görəndə, həm də onun yaxınlaşmasını bildirən səs eşidiləndə baş verirdi. Şərti refleksin baş verməsi üçün lazım idi ki, baş beyin qabığında iki qıcıqlanma - şərti və şərtsiz qıcıqlanmalar arasında əlaqə yaransın. Ağız suyu yeməyə ayrılır. Əgər yemək (şərtsiz qıcıqlandırıcı) verməklə yanaşı, zəng (şərti qıcıqlandırıcı) çalınarsa və bu hal dəfələrlə təkrarlanarsa, onda səs və yemək arasında əlaqə yaranar.  Bu zaman beyin qabığının müxtəlif sahələri  arasında yeni əlaqə yaranır. Nəticədə hətta adi zəng səsini eşidərkən itlər ağız suyu ifraz etməyə başlayır. Qıcıqlandırıcılar isə işıq və qaranlıq, səs və iy, soyuq və isti və s. ola bilər.  İtlərdə zənglərə qarşı ağız suyu yaranır: onlarda şərti refleks baş verir. Əgər zəngdən əvvəl işıq yandırılarsa, onda yeni şərti refleks - işığa qarşı refleks yaranır. Lakin reflekslər yox ola, gecikə bilər.  Tormozlanmanın orqanizm üçün böyük əhəmiyyəti var. Onun sayəsində orqanizm istənilən şərti qıcıqlara cavab verir. Beynin fəaliyyətinin  əsasında həyəcanlanma və tormozlanmanın  kombinasiyası dayanır. Hiss orqanlarının qəbul etdiyi qıcıqlanmalar orqanizmi əhatə edən mühitdən gələn siqnallardır. Bu cür siqnal sistemi həm heyvanlara, həm də insanlara xasdır. Lakin heyvanlardan fərqli olaraq, insan daha bir, daha mürəkkəb və daha təkmil  siqnal sisteminə malikdir. Bu sistem onda  tarixin inkişafı prosesində formalaşıb və istənilən heyvan və insanın ali sinir fəaliyyətinin köklü fərqləri məhz onunla bağlıdır. Bu, insanda ictimai əmək prosesində yaranıb və nitqlə bağlıdır. Tezliklə İvan Pavlovun elmi işləri Avropada geniş əks-səda yaradıb. Akademik E.V.Separinin xatirələrindən: "1901-ci ildə Qelsinqfor Universitetinin (Almaniya) professoru R.Tiqerşted Pavlovun dünyaya səs salmış təcrübələri ilə tanış olmaq üçün alimin laboratoriyasında olub.  Avropalı professor burada gördüklərindən heyrətlənmişdi. O, dərhal Nobel komitəsinə Pavlovun məşhur eksperimentləri barədə məlumat verib. Professor R.Tiqerşted Nobel komitəsinin üzvü idi. 1904-cü ildə o, komitənin digər üzvləri ilə birlikdə geniş heyətdə Pavlovun laboratoriyasına baş çəkib.  Onlar bir neçə gün ərzində Pavlovun laboratoriyasında təcrübə altında olan itlər, onların saxlanma və qidalanması şəraiti ilə tanış olublar.  Əyanilik kimi bir sıra əməliyyatlar yüksək səviyyəli qonaqların iştirakı ilə aparılıb. Əməliyyatları İvan Pavlov özü aparırdı. Baxmayaraq ki, bəzi tələskənliklər, bəzi həyəcanlı anlar da yaşandı, Pavlovun ustalığı xarici professorları heyran qoymuşdu. Onlar Rusiyadan tam yəqinliklə ayrıldılar ki, Pavlovun  laboratoriyasında dünyada tayı-bərabəri olmayan yeni elmi kəşfin əsası qoyulub". Bütün məlumatlar Nobel komitəsinə təqdim olunmuşdu. Və Nobel komitəsi fiziologiya sahəsində parlaq elmi uğurlara görə ilk rus alimi kimi İvan Pavlova Nobel mükafatını təqdim edib.

1904-cü ildə Stokholmda Nobel mükafatının təntənəli təqdimolunma mərasimi keçirilib. Mükafatı Pavlova İsveç kralı özü təqdim edib. Rusiyadan gəlmiş alimə hörmətini ifadə etmək üçün kral rus dilində Pavlova xüsusi olaraq əzbərlədiyi aşağıdakı sözlərlə müraciət edib: "İvan Petroviç, səhhətiniz necədir?".   

 "Həyat yoldaşı timsalında yaxşı insan axtarırdım" 

1888-ci ildə İvan Petroviç nəvazişlə Sara adlandırdığı Serafim Karçevski ilə evlənib. Onların 4 oğlu və bir qızı doğulub. "Həyat yoldaşı timsalında yaxşı insan axtarırdım və onu  arvadım Sara Vasilyevnada tapdım. O, bizim professorluğa qədər olan həyatımızın bütün çətinliklərinə səbrlə dözdü, hər zaman mənim elmi səylərimi dəstəklədi, bütün həyatı boyu həm ailəmizə, həm də mənim laboratoriyama sədaqətlə qulluq etdi",-deyə Pavlov sonralar yazırdı. Lakin ailə həyatının ilk 10 ili onlar üçün sıxıntısız ötüşmədi. "Mebel, mətbəx əşyaları, çay və yemək  dəsti almağa pul yox idi",-deyə arvadı xatırlayırdı. Onlar uzun müddət kirayələrdə qalmalı oldular. Bir müddət qardaşı Dmitri ilə birlikdə universitet yataqxanasında dar mənzildə yaşayıblar. Tezliklə gənc ailə ağır faciə ilə üzləşib. Onlar ilk övladları Mirçiki itiriblər.  Bir il sonra onların digər azyaşlı oğlu da vəfat edib. Bunlar azmış kimi, arvadı Serafimin uzunsürən xəstəlikdən üzülməsi Pavlovu ümidsizliyə gətirib çıxarmışdı. Baş verənlər onun elmi məşğələləri üçün çox zəruri olan elmi gücünü əlindən alırdı. Serafimin ümidsizlik adlandırdığı bu illərdə yalnız mərdlik və sonsuz iradə İvan Pavlovu tam dəyişmişdi. Tezliklə özündə güc tapan Sara ərinin  köməyinə gəldi. Onun təkidi ilə İvan bütünlüklə elmi işlərə səfərbər olundu. 1883-cü ildə Pavlov tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etdi. O, tezliklə tibb akademiyasına dosent təyin  olundu. Lakin Almaniyada o dövrün ən məşhur fizioloqları olan  K.Lüdviq və Qeydenqaynlə  birgə elmi işlərinə görə bu vəzifədən imtina etməli oldu. İki ildən sonra Pavlov Rusiyaya döndü. 

Pavlov bu illəri belə xatırlayırdı: "1890-cı ildə professor seçilənə qədər maddi cəhətdən hər zaman çətinliyimiz oldu. Nəhayət, mən 41 yaşımda professor oldum və öz şəxsi laboratoriyamı aldım. Bununla da həm kifayət qədər maddi vəsait, həm də laboratoriyamda istənilən elmi təcrübəni qoymağa geniş imkanlarım oldu". 

Ənənəvi metodların əleyhinə çıxan humanist cərrah 

1890-cı ildə Pavlovun elmi işləri artıq bütün dünya alimləri tərəfindən qəbul olunurdu. 1891-ci ildə bilavasitə onun əməli iştirakı ilə yaradılmış Eksperimental Tibb İnstitutunun fiziologiya şöbəsinə rəhbərlik etməyə başladı. Bununla yanaşı, Pavlov həm də Hərbi-Tibb Akademiyasında aparılan fizioloji tədqiqatların rəhbəri idi.  O, burada 1895-ci ildən 1925-ci ilə kimi işləmişdi.

Öz tədqiqatlarında Pavlov biologiya və fəlsəfənin mexanistik və xolistik məktəb üsullarından istifadə edirdi. Bunlar o dövrdə bir araya sığmaz hesab olunurdu.  Mexanistik nəzəriyyənin nümayəndəsi kimi Pavlov hesab edirdi ki, qan dövranı və qida həzmi kimi  kompleks sistem ayrılıqda  növbəli tədqiqatlar yolu ilə öyrənilməlidir.  "Bütövlük fəlsəfəsi"nin nümayəndəsi kimi o, hiss edirdi ki, bu hissələri  intakt canlı və sağlam heyvanlar üzərində öyrənmək lazımdır.  Bu səbəbdən o, canlı heyvanların laboratoriyalarda narkozsuz cərrahiyyə olunduğu ənənəvi metodların əleyhinə çıxırdı. O hesab edirdi ki, əməliyyat çarpayısı üzərində ölməkdə olan və ağrı hiss edən heyvanlar sağlam heyvanlar kimi adekvat reaksiya bildirə bilməzlər. Pavlov cərrahi yolla onlara elə müdaxilə edirdi ki, onların daxili orqanlarının həyat fəaliyyətini müşahidə edə bilsin, sağlamlığına heç bir zərər yetirməsin. Bundan başqa, Pavlov insanlar üzərində aparılan əməliyyatlarda olduğu kimi heyvanlar üzərində aparılan əməliyyatlarda da yüksək təmizliyə və ağrısızlaşdırma qaydalarına tam əməl olunmasını tələb edirdi. Bu metodları tətbiq edən alim və onun həmkarları müəyyən etmişdilər ki, həzm sisteminin hər bir şöbəsi- tüpürcək və duodenal vəzilər, mədə, mədəaltı vəzilər və qaraciyər qidaya müəyyən kombinasiyalarda maddələr əlavə edirlər. Onlar isə zülal, yağ və karbohidratı asan həzm olunan formalara çevirirlər.  Bir neçə həzm fermentinin aşkar olunmasından sonra Pavlov onların qarşılıqlı əlaqəsini və tənzimlənməsini tədqiq etməyə başladı.

Bütün elmi karyerası  ərzində İvan Pavlov əsəb sisteminin həzm orqanlarının fəaliyyətinə təsiri məsələsini diqqətdə saxlayıb. XX əsrin əvvəllərində həzm sistemi ilə bağlı alimin apardığı təcrübələr şərti reflekslərin öyrənilməsinə gətirib çıxardı. İlk dəfə olaraq sübut olundu ki, mədənin fəaliyyəti əsəb sistemindən asılıdır və onun vasitəsilə idarə olunur. 1902-ci ildən sonra Pavlov öz elmi diqqətini ali sinir sisteminin tədqiqinə yönəldib. O, Peterburq yaxınlığında Koltuşa adlanan qəsəbədə ali sinir sisteminin fəaliyyətinin tədqiqi üzrə dünyada ilk laboratoriya yaradıb.   Onun mərkəzi hissəsində məşhur "Sükut qülləsi" adlandırılan bölmədə xarici aləmdən təcrid olunmuş heyvanlar saxlanılırdı. 

Bir haşiyə: Qeyd edək ki, görkəmli Azərbaycan fiziloloq alimi, akademik Abdulla Qarayev  1932-ci ildə Leninqradda elmi ezamiyyətdə olarkən İvan Pavlovun laboratoriyasında çalışıb və şəxsən onunla görüşüb. Abdulla Qarayev Pavlovun laboratoriyasında bir sıra dəyərli eksperimentlər aparıb. Akademik A.Qarayev 1935-ci ildə ikinci dəfə İvan Pavlovun fiziologiya laboratoriyasında araşdırmalar aparıb.    

Pavlov akademiyada fəxri vəzifəsindən imtina edib 

1917-ci ili İvan Pavlov Rusiyada qarşıladı. 1922-ci ildə maddi çətinliklər üzündən öz elmi işlərinin davam etdirilməsinə şübhə ilə yanaşan alim  rəsmi dairələrə müraciət edərək laboratoriyasının xaricə köçürülməsini xahiş edib. Lakin alimə rədd cavabı verilərək Sovet Rusiyasının Pavlov kimi alimlərə böyük ehtiyacı olduğu bildirilib. Beləliklə, Pavlov o vaxt partiya liderlərinə verilən xüsusi status əldə edib. Lakin Pavlov bundan imtina edib. "Nə qədər ki, laboratoriyanın bütün əməkdaşlarına bu imtiyazlar təqdim olunmayacaq, mən bütün imtiyazları qəbul etməyəcəyəm",-deyə Pavlov bildirib. 1923-cü ildə Pavlov ABŞ-a səfər edib. Səfərdən qayıtdıqdan sonra alim kommunizmin fəlakətlərindən,  Karl Marksın yalan ideyalarından açıq danışmağa başlayıb. "Kommunistlərin ölkədə apardıqları sosial eksperimentə mən hətta qurbağa pəncəsini  belə qurban verə bilmərəm",-deyə Pavlov kommunist quruluşuna qarşı qəzəbli çıxışlarını davam etdirirdi.   

1924-cü ildə Leninqrad Hərbi-Tibb Akademiyasından (keçmiş İmperator Tibb Akademiyası) "qeyri-proletar" mənşəyi olan bütün əməkdaşların (keçmişində əsilzadə və ruhani olanların) kütləvi surətdə qovulmasına başlanıldı. İvan Pavlov akademiyada fəxri postundan imtina edib: "Mən özüm də ruhani oğluyam və əgər başqalarını işdən qovursunuzsa, onda mən də gedəcəyəm".  Elə həmin il Pavlovun "Şərti reflekslərə dair" kitabı çap olunub. Pavlov Rusiya Elmlər Akademiyasına partiyalı funksionerlərin seçilməsinə ilk etiraz edənlərdən biri idi. Professor İ.Stalinə məktub yazmışdı: "Rus ziyalılarına qarşı etdiklərinizlə onların mənəviyyatını pozursunuz, onları bütün hüquqlardan məhrum edirsiniz, mən özümü  rus adlandırmağa xəcalət çəkirəm". 1920-ci ildə Pavlov antibolşevik jesti olaraq Rusiyanın xalq maarifi naziri Nikolay Buxarini öz laboratoriyasına buraxmayıb.  

"Elm insandan onun bütün həyatını tələb edir" 

İvan Pavlov 1936-cı il fevralın 27-də Leninqradda pnevmoniyadan vəfat edib. O, özünə diaqnoz qoymuşdu:baş beyin qabığının şişi (bu diaqnoz öz təsdiqini tapmışdı). Alimin ölümü hamı üçün gözlənilməz oldu. Yaşlı olmasına baxmayaraq o, fiziki cəhətdən həddən artıq gümrah görünürdü, qaynar enerji ilə yaşayırdı, yorulmadan deyirdi ki, gələcək elmi işlər üçün planlar qurur. Lakin illər öz işini görmüşdü. O, artıq əvvəlki deyildi, tez yorulurdu, özünü o qədər də yaxşı hiss etmirdi. Kiçik oğlu Vsevoldun qəfil ölümü onu sarsıtmışdı. Müalicədən qəti şəkildə qaçırdı. Pnevmoniyaya keçmiş növbəti soyuqdəymədən sonra ölkənin ən məşhur həkimləri dahi alimin həyatını xilas edə bilməyib. O, əməkdaşlarına deyirdi ki, ən azı 100 il yaşayacaq, yalnız həyatının son illərində uzunsürən həyatı barədə memuarlarını yazmaq üçün laboratoriyasını tərk edəcək. Onun həyatda  edə bilmədiyi yalnız bu oldu... 

O yazırdı: "Nə edirəmsə, daim düşünürəm, bununla, ilk növbədə, vətənimə, rus elminə xidmət edirəm".

Onun qəbiri üzərində bu sözlər yazılıb:"Yadda saxlayın, elm insandan onun bütün həyatını tələb edir. Əgər sizin iki həyatınz olsa belə, onlar elm üçün çatışmayacaq".

Müasirləri onu dahi adlandırırdılar. Pavlov  isə səmimi olaraq özünü "kiçik və orta" adam hesab edirdi. Dəfələrlə təkrar edirdi: "Dahilik kimi məndə heç nə yoxdur.  Dahilik diqqəti öyrənlilən məsələyə cəmləşdirməyin ali qabiliyyətidir, dayanmadan obyekt haqqında düşünmək,  onunla yatmaq, onunla durmaqdır!.  Hər zaman ancaq fikirləşmək, yalnız fikirləşmək. Mənim yerimdə olan hər kəs eyni cür hərəkət etməklə dahi olardı".  

İvan Pavlovun həyat dərsləri... 

- Xoşbəxtlik hardasa azadlıq və intizam arasındadır.

- Mənim inamım belədir ki, elmi tərəqqi bəşəriyyətə xoşbəxtlik gətirəcək.

- Heç bir iş əsil ehtiras və sevgi olmadan gedə bilməz.

- Əgər mən məntiqi düşünürəmsə, bu, yalnız o deməkdir ki, mən dəli deyiləm, lakin bu, heç də onu sübut etmir ki, mən haqlıyam.

- Təcrübə  öz dərsinə görə böyük pul alan müəllimdir, lakin ondan başqa heç kim yaxşı öyrədə bilməz.

- İnsan yüz yaşa qədər yaşaya bilər. Biz özümüz öz ehtiyatsızlığımız, öz intizamsızlığımız,  öz orqanizmimizə qarşı pis rəftarımızla bu normal müddəti  daha az rəqəmə qədər azaldırıq.

- İnsan ana təbiətin ali məhsuludur. İnsan mürəkkəb və həssas sistemdir.  Lakin təbiətin bu sərvətindən həzz almaq üçün insan sağlam, güclü və ağıllı olmalıdır.

- Kim ki öz iradəsini inkişaf etdirmək istəyir, maneələri dəf etməyi öyrənməlidir.

- Elmi işin mahiyyəti işləməməklə mübarizədədir.

- Metod ən birinci, əsasdır. Tədqiqatın bütün ciddiliyi metoddan, hərəkət üsulundan asılıdır. Bütün işlər yaxşı metodla bağlıdır. Metod tədqiqatın taleyini əlində saxlayır.

- Mən inanıram ki, insan ağlı və onun ali təzahürü olan elm insan nəslini  xəstəliklərdən, aclıqdan, düşmənçilikdən xilas edəcək, insanların həyatında dərdi azaldacaqdır. Bu inam mənə güc verir və öz işimi aparmağa kömək edir.

- Heç vaxt düşünməyin ki, siz artıq hər şeyi bilirsiniz. Sizi nə qədər yüksək qiymətləndirsələr də, özünüzdə cəsarət tapıb "mən savadsızam" deyin.

- Təkəbbürlüyün üzərinizdə hakim olmasına imkan verməyin. Ona görə siz razılaşmalı olduğunuz hallarda belə müqavimət göstərəcək, dost köməyindən və faydalı məsləhətlərdən imtina edəcək, obyektivlik ölçüsünü itirəcəksiniz.

 - Heç vaxt öz bilik və fərziyyələrinizin kəsirlərini  ən cəsarətli ideya və hipotezlərlə ört-basdır etməyə çalışmayın.  Bu sabun köpüyü sizi  nə qədər əyləndirsə də, o mütləq qırılacaq və sizdə pərtlikdən başqa heç nə qalmayacaq. 

Hazırladı: Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov