Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

31 Avqsut 2012 - №34

 

Naxçıvanda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib

 

Avqustun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada 2011-2012-ci tədris ilində ümumtəhsil məktəblərini bitirmiş və ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplamış tələbələrlə görüşmüşdür.

Görüşdə muxtar respublikanın təhsil naziri Piri Nağıyev ölkəmizin hər yerində olduğu kimi, Naxçıvanda da təhsilin inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərildiyini demişdir. Bildirmişdir ki, son 16 ildə muxtar respublikada ən müasir avadanlıqla təchiz olunmuş 180-dən çox təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir.

Qeyd olunmuşdur ki, göstərilən diqqət və qayğı muxtar respublikada tədrisin keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur. Cari ildə ümumtəhsil məktəblərini 4 min 354 məzun bitirmiş, onlardan 3 min 356-sı ali məktəblərə sənəd vermişdir. Əvvəlki illərin məzunları ilə birgə ali məktəblərə 5 min 543 nəfər sənəd vermişdir. İmtahanlarda iştirak edən məzunlardan 1632-si müsabiqədən keçərək tələbə adını qazanmışdır. Abituriyentlərin 267 nəfəri 500-700 arası bal toplamış, 42 nəfər xüsusi təyinatlı ali məktəblərə, Heydər Əliyev adına Hərbi Liseyin 202 məzunu isə ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olmuşlar.

Şərur rayon Ərəbyengicə kənd tam orta məktəbinin məzunu, birinci ixtisas qrupu üzrə keçirilən imtahanlarda 690 bal toplayan Rza Rəhimov diqqət və qayğıya görə tələbələrin adından minnətdarlığını bildirmiş, onlara göstərilən etimadı yaxşı oxumaqla doğruldacaqlarına söz vermişdir.

Valideynlər adından çıxış edən Sevda Kərimova təhsilə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

Ali Məclisin sədri Vasif Talıbov ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən bütün abituriyentləri, onların müəllimlərini və valideynlərini təbrik edərək demişdir: "Bu gün ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş ümumtəhsil məktəblərinin kollektivləri, bu məktəblərin məzunları olan tələbələr və onların valideynləri üçün əlamətdar gündür. Çünki ali məktəblərə qəbulda əldə olunmuş yüksək nəticələr görülmüş birgə işin nəticəsidir".

Hər bir dövlətin, cəmiyyətin inkişafında təhsilin mühüm əhəmiyyətə malik olduğunu bildirən Ali Məclisin sədri demişdir: "Təhsil olmasa, savadlı, hərtərəfli inkişaf etmiş gənclərin də yetişdirilməsi mümkün olmaz. Geniş dünyagörüşünə və mənəviyyata malik gənclik yetişdirilmədən isə cəmiyyətin, xalqın gələcəyini təmin etmək mümkün deyildir. Buna görə də təhsilin davamlı inkişafı ilə bağlı məsələlər bütün dövrlərdə aktuallıq kəsb etmiş, elm və bilik cəmiyyətin keyfiyyət göstəricisi, qazanılan bütün nailiyyətlərin açarı hesab olunmuşdur. Azərbaycanın gələcəyinin sağlam və təhsilli gəncliyin yetişdirilməsindən asılı olduğunu nəzərə alan ulu öndər Heydər Əliyev deyirdi: "Təhsil sahəsi nə sənayedir, nə də kənd təsərrüfatıdır. Bu, cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən bir sahədir. Belə olan halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır".

Prezident İlham Əliyev də "qara qızıl"ı "insan kapitalı"na çevirməyi əsas vəzifə kimi müəyyənləşdirərək deyir: "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin qüdrətli inkişafına xidmət edir və beləliklə, ölkəmizin intellektual potensialı möhkəmlənir".

Ali Məclisin sədri təhsilə qoyulan sərmayənin, çəkilən zəhmətin hədər getmədiyini, həyata keçirilən tədbirlərin öz bəhrəsini verdiyini bildirərək demişdir: "Bu, bir tərəfdən özünü təhsilin keyfiyyət göstəricilərinin artımında, digər tərəfdən dövlətçiliyə sədaqətli, vətənpərvər gənclərin yetişməsində göstərir. Əlbəttə, bu da ən vacib şərtdir. Bizim təhsilimizin məqsədi təkcə savadlı, intellektli gənclər yetişdirmək deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq, vətənpərvər gənclər yetişdirməkdir. Bununla yanaşı, təhsilimizin məqsədi Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü yetişdirməkdir. Bu gün hədsiz qürur hissi keçiririk ki, Azərbaycan təhsili məhz belə bir gənclik yetişdirmişdir. Bunun bariz nümunəsi sizsiniz, sizin timsalınızda isə müasir Azərbaycan gəncliyidir!".

Müdriklərin "Bilik həyatda faydalı olmaq naminə qazanılmalıdır" fikrini xatırladan Ali Məclisin sədri ali məktəblərə qəbul olunan bütün abituriyentlərə dövlətimizə və xalqımıza faydalı olmağı, bu yolda yorulmadan çalışmağı və fədakarlıq göstərməyi arzulamış, bir daha onları təbrik etmişdir.

Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayaraq tələbə adını qazanmış məzunlara "Naxçıvan" kitabı və pul mükafatı təqdim olunmuşdur. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov