2012-2013-cü
tədris ilində ümumtəhsil məktəblərinin V siniflərində
dərs deyəcək müəllimlər üçün təlim kursları keçirmək
hüququ qazanmış təşkilatlardan biri də Odlar Yurdu
Universitetidir. Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanovun "Təlim kurslarının təşkili
barədə" 25 may 2012-ci il tarixli əmrinə əsasən
universitet Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi
regionlarında ana dili və ədəbiyyat, Azərbaycan dili,
texnologiya, musiqi və təsviri incəsənət fənləri,
Lənkəran iqtisadi regionunda xarici dil, texnologiya,
musiqi və təsviri incəsənət fənləri üzrə 10 günlük (60
saatlıq) təlim kursları keçirmişdir.
İyunun 20-dən avqustun 23-dək 5 ongünlükdə təşkil edilən
təlim kurslarında ümumilikdə 3764 müəllim iştirak etmiş
və sonda müvafiq sertifikatlar almışdır.
Həmin müəllimlərdən 2104 nəfəri Şəki-Zaqatala və
Quba-Xaçmaz iqtisadi regionlarında, 1660 nəfəri isə
Lənkəran iqtisadi regionunda ayrı-ayrı fənlər üzrə
təşkil edilən təlim kurslarından keçmişdir.
Rayon təhsil şöbələri mərkəzlərdə təlim kurslarının
yüksək səviyyədə təşkil edilməsinə xüsusi diqqət
yetirmiş, bu tədbirə cəlb olunacaq fənn müəllimlərinin
siyahısının dəqiqləşdirilməsini, məşğələlərin
keçirilməsi üçün nəzərdə tutulmuş məktəblərdə lazımi
şəraitin yaradılmasını, hər bir təlim otağının zəruri
texniki vasitələrlə təchiz olunmasını təmin etmiş, bir
sıra mühüm işlərin görülməsində fəal iştirak etmişlər.
Təhsil Nazirliyinin monitorinq qrupu və Dünya Bankının
beynəlxalq məsləhətçisi Səyyarə Rəhmanquliyeva ayrı-ayrı
rayonlarda keçirilən kurslarda olmuş, müdavimlərlə
söhbət edərək onların arzu və istəklərini, təkliflərini
dinləmişlər. Gələn nümayəndələr təşkilatçılara bu
tədbirin həyata keçirilməsi ilə bağlı fikirlərini
çatdıraraq gördüklərindən razı qaldıqlarını
bildirmişlər.
Hicran ƏKBƏROVA |