XXI
əsrin "Təhsil əsri" olması cəmiyyətin bütün sahələri ilə
yanaşı, bilavasitə təhsilə daha çox diqqət yetirilməsi,
müasir dünyamızın qlobal problemi kimi onu bütün
fəaliyyətlərin fövqünə qaldırılması ilə nəticələndi.
İnsanlığın formalaşması üçün əsas əlamətlərdən biri
sayılan təhsil indiki zamanda önəmli olmaqla daha
qüdrətli cəmiyyət hadisəsinə çevrildi. Dünyanın, o
cümlədən ölkəmizin təhsil həyatında keçirilən
islahatlar, baş verən dəyişikliklər məhz bu zərurətdən
yarandı. Artıq neçə illərdir ki, ölkəmizin təhsil
məkanında həyata keçirilən islahatlar ulu öndər Heydər
Əliyevin söylədiyi bu fikirlərdən qaynaqlanmışdır: "Mən
belə anlayıram ki, indi bizdə təhsil sistemində
islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycan
təhsil sistemi dünya təhsil sisteminin standartlarına
uyğunlaşsın. Yenə də deyirəm, Azərbaycan təhsil sistemi
son on illərdə müsbət nəticələr veribdir". (Azərbaycan
təhsil siyasəti (1998-2004), I kitab, Bakı, Çaşıoğlu,
2005, səh.101).
Ardıcıl və sistemli şəkildə həyata keçirilən islahat
tədbirlərində təhsilin müxtəlif pillə və səviyyələri
nəzərə alınmışdır. Müstəqil Azərbaycanın təhsil
siyasətinə uyğun olaraq onun dünya təhsil sisteminə
inteqrasiya olunması zəruri şərt kimi diqqət mərkəzində
saxlanılmışdır. Burada əsas məsələlərdən biri təhsildə
inkişafetdirici amilin nəzərə alınması və şəxsiyyətin
formalaşdırılmasının ön planda saxlanılmasıdır. Məlum
olduğu kimi, təhsilşünaslarımızın bəziləri çox düzgün
olaraq Azərbaycan təhsilinin məhz şəxsiyyətyönümlü
xarakterini humanistləşdirmə müstəvisində şərh etməklə
həmin məsələlərin əlaqəli olmasını qeyd edirlər. Bu,
Azərbaycan təhsilinin prinsipial dəyişikliklərindən biri
kimi sentyabr konfranslarında geniş müzakirə obyektinə
çevrilməlidir. Bundan başqa, ümumi təhsilin istər
məzmun, istər texnologiya və istərsə də idarəetmə
sahələrində humanistləşdirmə prinsipinə uyğun əldə
olunmuş nailiyyətlərdən, eləcə də çatışmazlıqlardan bəhs
olunmalı, faydalı təkliflər verilməlidir.
Azərbaycan təhsilinin inkişafında dünyanın qlobal təhsil
problemindən biri kimi, inteqrasiyanın rolu və
əhəmiyyəti, inteqrasiyanın mahiyyəti və məzmunu geniş
müzakirə obyektinə çevrilməlidir. Dünya təhsilşünaslığı
kontekstində inteqrasiyanın rəsmi və qeyri-rəsmi
xarakterindən, şaquli və üfiqi növlərindən, fəndaxili və
fənlərarası əlaqələrdən bəhs olunmalıdır. İnteqrasiyanın
fənlərin sayının və şagirdlərin təlim yükünün
azaldılmasında, təlim marağının artırılmasında, idrak
fəallığının yüksəldilməsində, fənlərin praktik cəhətdən
əhəmiyyətliliyinin artırılmasında rolu ilə bağlı fikir
mübadilələri aparılmalıdır.
Ümumiyyətlə, müasir Azərbaycan məktəbinin hansı
prinsiplər əsasında inkişaf etməsini, onun əldə etdiyi
nailiyyətləri müzakirə etmək perspektivləri
müəyyənləşdirmək, gələcək nailiyyətləri təsəvvür etmək
baxımından əhəmiyyət daşıyır və müasir təhsil siyasətini
ardıcıl davam etdirmək üçün onu aydın dərk etməyə kömək
edir. Biz bəzən ümumi təhsil siyasətini, onun ümumi
prinsiplərini Azərbaycan üçün xarakterik olan cəhətləri
aydınlaşdırmadan, onları pedaqoji ictimaiyyətin marağına
təqdim etmədən aralıq mexanizmləri öyrənməyə və ya izah
etməyə can atırıq. Nəticədə həmin mexanizmlərin yaranma
səbəbləri, şəraiti və onlardan istifadənin əhəmiyyəti
ilə bağlı xeyli suallarla rastlaşmalı oluruq. Təbii
olaraq yaranan bu suallar yenidən müasir Azərbaycan
təhsilinin ümumi nəzəri məsələlərinə qayıtmağı, onlara
aydınlıq gətirməyi tələb edir.
Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi
təhsil quruculuğunda mühüm amillərdən biri kimi
qiymətləndirilir. Məktəb binalarının, sinif otaqlarının
tikilməsi təhsil şəraitinin yaxşılaşdırılmasında,
keyfiyyətli təhsilin əldə olunmasında əhəmiyyətli rol
oynayır. Ona görə də son illərdə müstəqil Azərbaycanın
təhsil həyatında məktəblərin maddi-texniki bazasının
möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. "Son 10
ildə dövlət proqramları, eləcə də Heydər Əliyev Fondu və
digər mənbələr hesabına 550 min şagird yerlik 2200 yeni
məktəb binası tikilmiş, 800 məktəb binası əsaslı təmir
olunmuş, 700 məktəbin istilik sistemi yenidən qurulmuş,
700-dən artıq məktəb müasir avadanlıqlarla, 400 məktəb
müvafiq tədris laboratoriyaları ilə təchiz edilmişdir.
Görülən tədbirlərin nəticəsində ikinövbəli məktəblərin
faizi 73-dən 44-ə, ikinci növbədə təhsil alan
şagirdlərin faizi isə 35-dən 21-ə enmiş, bununla da 1
milyonluq şagirdin təhsil şəraitinin yaxşılaşdırılması
təmin olunmuşdur" (Mərdanov M. Ümumi təhsil sistemində
əsas hədəflər və vəzifələr. "Kurikulum" jurnalı, 2012,
№
2, səh.8). Odur ki, ümumilikdə təhsil şəraitinin
yaxşılaşdırılması, yeni məktəb binalarının istifadəyə
verilməsi ümumi təhsilə, onun daha yüksək səviyyədə
qurulmasına qayğılı münasibətin təzahürü kimi
qiymətləndirilir. Bu işdə neçə onilliklər əvvəl heç vaxt
görünməmiş irəliləyişlərin əldə olunması, günbəgün
bir-birindən yaraşıqlı tədris ocaqlarının inşa olunaraq
istifadəyə verilməsi fikrimizi bir daha əsaslandırmağa
imkan verir.
Yeni təhsil proqramlarının (kurikulumların) hazırlanması
istiqamətində görülmüş işlər müasir təhsilimizin
nailiyyətlərindən biridir. Xüsusilə ümumi təhsilin
məzmunu, texnologiyaları və idarə olunmasının müasir
tələblər əsasında yenidən qurulması irəliləyişlərimizin
mühüm göstəriciləri kimi diqqəti cəlb edir. İslahat
Proqramından irəli gələn vəzifə kimi ilk dəfə
"Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası
(Milli Kurikulumu)" dövlət sənədinin hazırlanması,
"Təhsil haqqında" Azərbaycan Respublikasının qanununa
əsasən onun " Ümumi təhsil pilləsinin dövlət standartı
və proqramları (kurikulumları)" adda yenidən işlənərək
təsdiq olunması, eləcə də ümumi təhsil fənləri üzrə
təhsil proqramlarının (kurikulumların) hazırlanması bu
işlərin mahiyyət və məzmun etibarı ilə yeni olduğunu,
onların fəaliyyətimizin əsasını təşkil edən
normativ-hüquqi sənəd kimi diqqətlə öyrənilməsini tələb
edir. Tətbiqinə başlandığı dövrdən biz həmin sənədlərin
xarakterik cəhətlərini öyrənsək də, bu gün bir daha əldə
olunmuş ilkin təcrübələr əsasında onların
şəxsiyyətyönümlü, nəticəyönümlü xarakterindən, praktik
əhəmiyyətindən, həyati bacarıqların formalaşdırılması
istiqamətində rol və əhəmiyyətindən bəhs etməliyik. Hər
bir pedaqoji işçi, o cümlədən müəllim, tərbiyəçi
təhsilin yeni məzmun və texnologiyalar əsasında
qurulmasında onlara verilən tələblərin məsuliyyətini,
tövsiyələrin istiqamətini və özlərinin səlahiyyət
çərçivələrini aydın dərk etməli və pedaqoji
fəaliyyətlərində onları nəzərə almalıdırlar.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, təhsilin, o
cümlədən ümumi təhsilin nəticəyönümlü olması pedaqoji
fəaliyyətin yaradıcı (kreativ) xarakterdə qurulmasına
imkan yaradır. Hər kəsin nailiyyəti onun işinin
nəticələrinə əsasən dəyərləndirilir. Tədris zamanı hazır
texnologiyalara müraciət etməkdə, yaxud müvafiq
texnologiyaları hazırlamaqda pedaqoji işçilər
sərbəstdir. Bu, əslində pedaqoji prosesin demokratik
əsasda qurulmasından irəli gələn bir yanaşma tərzi kimi
dəyərləndirilməlidir.
Artıq dörd ildir ki, ibtidai siniflərdə yeni təhsil
proqramları (kurikulumları) tətbiq olunur. Bu müddətdə
hər il ardıcıl olaraq həmin fənn proqramlarının
(kurikulumların) xüsusiyyətlərindən danışılmış, onların
ətrafında geniş müzakirələr keçirilmişdir. Eyni zamanda
ibtidai siniflərdə yeni sistemin tətbiqi vəziyyəti
öyrənilmiş, nəticələr təhlil olunmuşdur. Sentyabr
konfranslarında bu məsələyə bir daha xüsusi yer ayırmaq
tövsiyə edilir. Dördillik təcrübələrin ümumiləşdirilərək
müzakirə edilməsi, ibtidai təhsilin milli standartları
baxımından müqayisələr aparılaraq təkliflərin
hazırlanması təklif olunur. Müzakirələr zamanı fənlər
üzrə məzmun və qiymətləndirmə standartlarına, müəllim və
şagird fəaliyyətlərinin təşkil olunmasına, təlim
məqsədlərinin qurulmasına, müasir tələblər əsasında
dərsin məzmun, struktur və vaxt baxımından
təkmilləşdirilməsinə, ev tapşırıqlarının verilməsinə,
dərslik və dərs vəsaitlərinin təhsil standartlarına,
şagirdlərin səviyyəsinə uyğun olub-olmamasına və s. yer
ayrılmalıdır.
Bu il ilk dəfə ümumi orta təhsil səviyyəsində yeni fənn
proqramlarının (kurikulumların) tətbiqinə başlanılır.
Azərbaycan Respublikasının təhsil naziri 1330 nömrəli,
10 iyul 2012-ci il tarixli əmri ilə ümumtəhsil
məktəblərinin 2012-2013-cü dərs ilinə aid tədris
planlarını təsdiq etmişdir. Həmin tədris planı həm
"Azərbaycan müəllimi" qəzetində, həm də Təhsil
Nazirliyinin edu.gov.az saytında yerləşdirilmişdir.
Ümumi təhsilin yeni dərs ilinə aid məzmununu əks etdirən
bu tədris planında bütün siniflərdə tədris olunacaq
fənlər, onlara ayrılan saatlar öz əksini tapmışdır.
Fənlər üzrə yeni təhsil proqramlarının (kurikulumların)
ibtidai təhsil səviyyəsində tətbiqi ilə bağlı əldə
olunmuş təcrübələrı nəzərə almış olsaq, bu sahədə xeyli
səriştəyə malik olduğumuzu deyə bilərik. Eyni zamanda bu
təcrübəyə əsasən, V siniflərdə fənlər üzrə yeni təhsil
proqramlarının tətbiqi sahəsində müəllimlərin
peşəkarlığının artırılması, onların yeni pedaqoji
innovasiyaların tətbiq olunması sahəsində zəruri
səriştələrə malik olması, bunun təsdiqi üçün xüsusi
kurslardan keçməsi və sertifikat alması zəruridir.
Fənlər üzrə yeni təhsil proqramlarının (kurikulumların)
tətbiqinə dair səriştəsi olmayan, sertifikat almayan
müəllimlərin V siniflərdə dərs deməsinə icazə
verilməyəcəkdir.
Ümumiyyətlə, fənlər üzrə təhsil proqramlarının
(kurikulumların) özünəməxsusluğunu necə izah etmək
lazımdır? Yaxud ənənəviliklə yenilik arasındakı əlaqələr
necə şərh olunmalıdır?
Heç şübhəsiz, bu suallar əsasında aparılan müzakirələr
müəllimlərin kurslarda qazandıqları bilik və bacarıqları
davam və inkişaf etdirməyə yönəldilməli, bir neçə
məsələ diqqət mərkəzində saxlanılmalıdır.
Birinci, hər bir fənnə elm sahələrini, texnologiyaları,
psixologiya, fiziologiya ilə bağlı zəruri məsələləri
özündə ehtiva edən inteqrativ pedaqoji, metodik anlayış
kimi baxılmalıdır. Fənnə dair məqsəd və vəzifələrin,
onların əhəmiyyətinin izah olunmasında şəxsiyyətin
inkişaf etdirilməsi, vətəndaşın formalaşdırılması ön
planda dayanmalıdır. Eyni zamanda fənnin
reallaşdırılması istiqamətində həyata keçirilən məktəb
tədbirlərində müvafiq ardıcıllıq və sistemin
gözlənilməsi nəzərə alınmalıdır.
İkinci, hər bir fənnin şagird şəxsiyyətində özünəməxsus
keyfiyyətlərin (mədəniyyətlərin) formalaşmasına xidmət
göstərməsi və onun prioritet olması, başlıca məqsədə
çevrilməsi zəruri tələb kimi qarşıya qoyulmalıdır.
Üçüncü, fənlərin təlimi məzmununun nəticələr şəklində
ifadə olunması şagirdlərdə formalaşacaq dəyərləri ifadə
edir. Hər bir fənnin məqsədi təhsil proqramında
(kurikulumda) konkret olaraq göstərilir. Şagird
şəxsiyyətində hansı dəyərlərin formalaşması qeyd edilir.
Hər bir təhsil standartında isə zəruri biliklər və
fəaliyyətlər əhatə olunur. Standartların
reallaşdırılması zamanı müvafiq strategiyalar
müəyyənləşdirilir və nəticələrə çatmaq üçün hər bir
müəllim özünün potensial imkanlarına uyğun iş
mexanizmini qurur və həyata keçirir. Müzakirələrdə bu
məsələlər də diqqət mərkəzində saxlanılmalıdır.
Məlum olduğu kimi, respublikamızın ümumtəhsil
məktəblərində xarici dil fənninin tədris olunması
sahəsində xeyli təcrübə toplanmışdır. Uzun illərdir ki,
məktəblərimizdə Avropa və Şərq dilləri öyrənilir. Artıq
rus dili də xarici dillərdən biri kimi tədris olunur.
2012-2013-cü dərs ilindən ümumtəhsil məktəblərində
tədrisi nəzərdə tutulan xarici dil ingilis, alman,
fransız, rus, ərəb, fars dilləri arasından seçilməlidir.
"Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları
(kurikulumları)" sənədində ümumi orta və tam orta təhsil
səviyyələrində tədris olunan fənlərin siyahısına ikinci
xarici dil də daxil edilmiş, dövlət səviyyəsində onlara
aid standartlar təsdiq olunmuşdur. Həmin standartlara
uyğun V-XI siniflər üzrə məzmun standartları hazırlanmış
və onların reallaşdırılması məqsədilə tövsiyələr
işlənmişdir. Heç şübhəsiz, bölgələrdə ikinci xarici
dilin öyrənilməsi üçün təlimata uyğun olaraq müvafiq
təşkilati-metodik işlərin aparılmasına ehtiyac vardir.
Ölkəmizdə ikinci xarici dilin öyrənilməsi sahəsində
təcrübə olmasa da, xarici dillərin ümumtəhsil məktəbinin
V sinfindən başlayaraq tədris edilməsi sahəsində
çoxillik təcrübə vardır. Ona görə də V siniflərdən
başlayaraq hər hansı seçilmiş xarici dilin tədrisinin
təşkili sahəsində əvvəlki illərdən qazanılmış
təcrübələrə istinad etməklə onlardan yaradıcı şəkildə
bəhrələnmək tövsiyə olunur. Lakin ikinci xarici dilin
əsas xarici dillə uzlaşdırılması, onun müəyyən olunmuş
qaydalara uyğun tədrisinin təşkili həm pedaqoji səriştə,
əldə olunmuş bacarıqlara yaradıcı yanaşmağı, həm də
normativ-hüquqi bazanı yaxşı bilməyi, təlimati
qaydaların gözlənilməsini tələb edir.
2012-2013-cü dərs ili üçün tədris planlarına dair
qeydlərdə göstərildiyi kimi, "ikinci xarici dil
2012-2013-cü dərs ilindən etibarən V (beşinci)
siniflərdən başlayaraq tədris olunur". Eyni zamanda qeyd
edilir ki, "müvafiq pedaqoji kadr potensialı və tədris
bazası olduğu halda, ikinci xarici dilin öyrənilməsindən
imtina olunması yolverilməzdir". Xarici dil üzrə müvafiq
kadr potensialı olmadıqda "ikinci xarici dilə ayrılan
saat əsas xarici dilin öyrənilməsinə, ümumiyyətlə,
xarici dil keçilməyən məktəblərdə isə "Texnologiya"
fənninin tədrisinə verilir".
Azərbaycanda yaddaş məktəbindən təfəkkür məktəbinə
keçilməsi, intellektual bir sistemin yaradılması, ilk
növbədə, zəruri resurs bazasının yeniləşdirilməsini, ən
başlıcası dərslik və dərs vəsaitlərinin düşüncə
müstəvisində olmasını tələb edir. Bu barədə 2005-ci ildə
hazırlanmış və təsdiq olunmuş "Ümumi təhsil sistemində
dərslik siyasəti" sənədində qeyd olunmuşdur ki,
"Dərsliklər ... şagirdlərə müstəqil tədqiqatçılıq və
yaradıcılıq vərdişləri aşılamalı, onları düşünməyə sövq
etməli, məntiqi təfəkkürü inkişaf etdirməlidir..."
(Azərbaycan təhsil siyasəti (1998-2005), II kitab.
Bakı, "Təhsil", 2005, səh.32). Yeni dərslik
komplektlərinin hazırlanmasında başlıca ideya
dərsliklərin intellektual səviyyəsini yüksəltməkdən,
onları şagird düşüncəsinin əsasına gətirməkdən
ibarətdir. Artıq dörd ildir ki, yeni təhsil
proqramlarının (kurikulumların) tələblərinə uyğun olaraq
dərslik komplektləri hazırlanır. Bu il də ümumtəhsil
məktəbləri üçün 186 adda 3.998.300 nüsxə dərslik və
metodik vəsait çap edilmiş və məktəblərin istifadəsinə
verilmişdir.
Nəzərə almaq lazımdır ki, hazırki şəraitdə dərsliklər ən
etibarlı resurslardan hesab olunsa da, informasiyaların
mobilliyi və bolluğu şəraitində yeganə məlumat
funksiyasını yerinə yetirə bilmir. İstər-istəməz çevik
İKT rejimində özünün qabaqlayıcı funksiyasını itirir.
Lakin xüsusi pedaqoji, metodik tələblərə cavab vermək
baxımından etibarlı resurs kimi əhəmiyyət daşıyır. Bütün
bunlarla yanaşı, dərsliklər respublikanın ümumtəhsil
məktəbləri üçün nəzərdə tutulsa da, təlim şəraitinin,
maraqların, səviyyələrin, situasiyaların müxtəlifliyi
onlardan istifadədə çətinliklər yaradır. Müəllimlər
özlərinin tədqiqatçılıq, yaradıcılıq imkanlarına istinad
etməklə bu çətinlikləri aradan qaldırmalıdırlar. Onlar
özlərinin fəaliyyətlərini planlaşdırmaqda, həyata
keçirməkdə sərbəst olduqları kimi, onlardan təhsil
strategiyalarına əsasən müəyyənləşdirdikləri təlim
məqsədlərinə uyğun istifadə etməkdə də müstəqildirlər.
Dərslik və dərs vəsaitlərindən yaradıcı istifadə
olunması texnologiyası dünyanın inkişaf etmiş
ölkələrində olduğu kimi bizim də respublikamızda
qabaqcıl müəllimlərin iş təcrübəsində müşahidə
olunmaqdadır. Belə müəllimlər respublikamızın, demək
olar ki, bütün regionlarında vardır. Sentyabr
konfranslarında belə müəllimlərin təcrübələri əsasında
müzakirələrin aparılması faydalı hesab edilir.
Təcrübələr onu göstərir ki, pedaqoji işçilərimizin,
müəllimlərin daha çox müzakirə obyektinə çevirdiyi
məsələlərdən biri şagird nailiyyətlərinin
qiymətləndirilməsidir. Ümumiyyətlə, qiymətləndirmə
cəmiyyətimiz üçün sosial-pedaqoji əhəmiyyət daşımaqla
stimullaşdırıcı bir vasitədir. Təhsil müəssisələrində
həm də idarəetmə funksiyası daşıyan bir texnologiya
kimi, uzun zaman şagirdlərin fəaliyyətinin
qiymətləndirilməsi mövcud olmuşdur. Ənənəvi pedaqogikada
şagirdlərin biliyinin 5 balla qiymətləndirilməsi ötəri
də olsa, müəyyən tələblər şəklində öz əksini tapmışdır.
Lakin şagird nailiyyətlərinin qiymətləndirilməsi
pedaqoji problem kimi diqqətdən kənarda qalmışdır. Son
illərdə müstəqil Azərbaycanın təhsil quruculuğunda
qiymətləndirmə pedaqoji problem kimi geniş vüsət almağa
başlamışdır. Bu sahədə müəyyən araşdırmaların
aparılmasına təşəbbüs göstərilmişdir. Ən başlıcası ölkə
miqyasında şagird nailiyyətlərinin qiymətləndirilməsi
sahəsində sistemin yaranmasına başlanılmışdır. İlkin
olaraq onun normativ-hüquqi bazasının yaradılması
istiqamətində iş aparılmışdır. 2006-cı ildə "Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulumu)"nda şagird nailiyyətlərinin
qiymətləndirilməsinin prinsipləri, növləri, formaları
təsbit olunmuş, 2009-cu ildə isə Azərbaycan təhsilinin
tarixində ilk dəfə "Azərbaycan Respublikasının ümumi
təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"
hazırlanaraq Azərbaycan hökuməti tərəfindən təsdiq
olunmuşdur. Dövlət əhəmiyyəti daşıyan bu sənəddə şagird
nailiyyətlərinin qiymətləndirilməsinin fəlsəfəsi,
ayrı-ayrı növlərinin mahiyyət və məzmunu, ümumi prosedur
qaydaları öz əksini tapmışdır. Bundan əlavə, ayrı-ayrı
fənlər üzrə təhsil proqramlarında (kurikulumlarda)
qiymətləndirmənin məzmunu (qiymətləndirmə standartları),
qiymətləndirmə vasitələrinə aid nümunələr verilmişdir.
Qiymətləndirmə fəaliyyətinin ardıcıl və sistemliliyini
tənzimləmək üçün "Ümumi təhsil məktəblərində
məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları"
hazırlanmışdır. Qiymətləndirmənin məzmun, növ və
formalarının müəyyənləşdirilməsi istiqamətində bu gün də
araşdırmalar aparılır. Daha çox müəllimlərin ehtiyac və
tələbatlarının ödənilməsi istiqamətində işlər görülür.
Bütün bu işlərin müzakirə obyektinə çevrilməsi, onların
mahiyyət və məzmunu barədə bilik və bacarıqların əldə
olunması hazırkı şəraitdə çox aktualdır. Sentyabr
konfranslarında şagird nailiyyətlərinin mahiyyət və
məzmunu, onların dəyərləndirilməsi üçün prosedur
qaydalardan necə istifadə olunması barədə də
müzakirələrin təşkil olunması qiymətləndirmə
məsələlərinin daha dərindən öyrənilməsi baxımından
əhəmiyyət daşıyır. Məktəbdə monitorinqlərin təşkil
olunması, diaqnostik, formativ və summativ məktəbdaxili
qiymətləndirmə növlərinin praktik olaraq tətbiq
edilməsinə dair təcrübə nümunələrinin nümayiş
etdirilməsi, onların ətrafında fikir mübadilələrinin
aparılması məqsədəmüvafiq hesab edilir.
Məktəbdə resurslara olan ehtiyac, hər zaman olduğu kimi,
bu gün də vardır. Yeni konsepsiyanın tətbiqi bu ehtiyacı
daha da artırmaqla həm də onun yeni tələblər əsasında
hazırlanmasını, eyni zamanda müxtəlif şəraitə uyğun
olmasını tələb edir. Bu isə müəllimlərin bilavasitə bu
işə qoşulmasını, özlərinin şərait və tələbatlarına uyğun
tədris resurslarının hazırlanmasını bir zərurət kimi
meydana çıxarır. Nəzərə alınmalıdır ki, tədris və təlim
resurslarının ümumi pedaqoji prinsiplərə cavab verməsi
vacib şərtdir. Onlar ciddi tədqiqatların nəticəsində
müəyyənləşdirilmiş elmi-nəzəri əsaslara
söykənməlidirlər. Lakin bir texnoloji vasitə kimi həm də
tədris, təlim şəraitinə uyğun qurulmaqla orijinal
xarakter daşımalı, istifadə olunduğu situasiyalarda
səmərəliliyin təminatçısına çevrilməlidir.
Bunlar aşağıdakı iki faktorun rolu nəzərə alınmaqla
müzakirə obyektinə çevrilməli və onların funksiyaları,
görəcəyi işlər barədə fikir mübadiləsi aparılmalıdır.
Onlardan birincisi məktəbdir. Yeni konsepsiyanın
tətbiqi, birinci növbədə, məktəbin fəaliyyətinin
təşkilatçılıq və yaradıcılıq istiqamətində artırılmasını
tələb edir. Bu gün məktəblər sadəcə tədris, təlim
ocaqları olmaqdan əlavə, həm də ölkəmizin təhsil
siyasətini həyata keçirməkdə məsul olan müstəqil təhsil
müəssisələridir. Onların gələcəkdə daha uğurlu nəticələr
əldə etməsi üçün, İslahat Proqramında qeyd olunduğu
kimi, "Perspektivdə ictimai-dövlət idarəetmə sisteminə
keçilməsi" nəzərdə tutulur. Odur ki, məktəb ümumi
pedaqoji prinsiplərə əsaslanmaqla öz işini müstəqil
planlaşdırdığı kimi, özünün metodik ehtiyac və
tələbatlarını da müəyyən etməli, özünəməxsus resurs
bazasının formalaşdırılması istiqamətində fəaliyyətə
başlamalıdır. Bir sözlə, məktəbin tədris, təlim
fəaliyyəti ilə bağlı vəzifələrinin reallaşdırılması
baxımından ona lazım olan orijinal təlim resurslarının
yaradılması istiqamətində də sistemli tədbirlər həyata
keçirilməlidir.
Yeni vəzifələrə uyğun resursların yaradılması
istiqamətində məktəbin fəaliyyət göstərməsində müəllim
amili əsas faktorlardan biri kimi xüsusi rola malikdir.
Bu gün müəllim sözün həqiqi mənasında sadəcə olaraq
müəllim deyil, o həm də alim-psixoloqdur,
alim-pedaqoqdur, alim-metodistdir. Müasir müəllim sadəcə
formal olaraq təlim məşğələlərini qurmaqla işini
tamamlamamalı, o həm də özünün fəaliyyətinə
tədqiqatçılıq, yaradıcılıq xarakteri verməli, müəyyən
olunmuş dövlət standartlarını (nəticələri) reallaşdırmaq
üçün öz imkanlarına uyğun təlim texnologiyaları, müvafiq
tədris və qiymətləndirmə resursları hazırlamalıdır. Bu
zaman metodbirləşmələrdə planlaşdırılmış əlaqəli, birgə
fəaliyyət göstərmək mexanizmi yaradılmalı, bu, müəllim
üçün dəstəkləyici pedaqoji mühitə çevrilməlidir.
Müəllim haqqında müxtəlif pedaqoji mülahizələrin olduğu
məlumdur. Onun həssaslığını, yüksək insani hisslərə,
qnostik keyfiyyətlərə malik olmasını dəyərləndirənlər də
vardır. Son zamanlar onun təşkilatçılıq, öyrətmə,
perspektiv, kommunikativ, təlqinedici, tədqiqatçılıq,
elmi-idraki qabiliyyətlərinin olmasına daha çox üstün
yer ayrılır. Əlbəttə, bu keyfiyyətlərin hamısı müəllim
üçün lazımdır və onların müəllim hazırlığı prosesində
inkişaf etdirilməsi zəruridir.
Lakin nəzərə alınmalıdır ki, yeni təhsil konsepsiyasının
- yeni məzmun, yeni texnologiya və qiymətləndirmə
sisteminin məktəbə gəlməsi müəllimin bir şəxsiyyət,
pedaqoji texnologiyalar sahibi kimi yeniləşməsini tələb
edir. İlkin müəllim hazırlığından başlamış pedaqoji
fəaliyyətdə olan müəllimlərə qədər hamının yeni təhsil
sisteminə aid pedaqoji səriştələrə malik olması müasir
tələb kimi meydana çıxır. Doğrudur, bu gün dərs deyən
müəllimlərin peşəkarlığının yüksəldilməsi məqsədilə
təlim kursları təşkil edilir. Pedaqoji işçilər,
müəllimlər həmin kurslardan keçirilir. Artıq son 4 ildə
40 minə qədər təhsil işçisi, müəllim belə kursları başa
vurmuşdur. Bu il V siniflərdə yeni fənlər üzrə təhsil
proqramlarının (kurikulumların) tətbiqi ilə bağlı
olaraq 35 minə qədər müəllim 10 günlük təlim
kurslarından keçmişdir. Bu tədbirə 500-dən artıq xüsusi
hazırlanmış təlimçi-mütəxəssis cəlb edilmişdir.
Müəllimlərlə aparılan sorğulardan belə məlum olur ki,
onlar bu kurslarda mərhələlərlə davamlı olaraq iştirak
etmək istəyirlər. Bu fikirlər müzakirə edilməli,
regionlarda, ayrı-ayrı məktəblərdə müəllimlərin
ehtiyaclarını yerinə yetirmək üçün müxtəlif xarakterli
təlim kursları, pedaqoji mövzularda "dəyirmi masa"lar,
müzakirə və konfranslar keçirilməlidir. Məktəblər,
qabaqcıl müəllimlər bu işlərin təşkilatçısına
çevrilməlidirlər.
Müasir təhsil sisteminin dəyişməsi, yeni xarakter alması
həm də sinif-dərs sistemində özünəməxsus dəyişikliklərin
baş verməsi ilə müşayiət olunur. Başqa sözlə, təhsilin
inkişafında müasir təhsil sistemi üçün sinif-dərs
sistemindən istifadədə məhdudiyyətlər, durğunluqlar
yaranır. Qeyd olunan bu məhdudiyyətlər, durğunluqlar
dərsin trafaret xarakteri ilə bağlı olan ənənəvi məzmun
və strukturundan irəli gəlir. Bu məzmun və struktur quru
və cansıxıcı olduğundan şagirdlərin maraq dairəsinə
uyğun gəlmir. Özünün inzibati, monoton təsiri ilə
öyrənmə prosesində maneələr yaradır. Şagirdlərin
fəallığı, təşəbbüskarlığı minimuma enir. Belə bir
şəraitdə şagirdlərin oxumaq istəməməsi, məktəbdən
yayınması, yaxud inzibati qaydalarla, təkidlərlə məktəbə
cəlb olunması kimi hallar baş verir.
Təbii ki, bunlar bizi düşündürməli, təhsilimizin əsasını
təşkil edən dərsin daha maraqlı qurulması istiqamətində
təkliflər söyləməyə sövq etməlidir. Standart dərslərin
yaratdığı yorğunluq xofunun, problemlərin həllinə
yönəldilmiş qeyri-standart, fəal, yaxud konstruktiv dərs
modellərindən istifadə olunmasının müsbət və ya mənfi
tərəfləri barədə müzakirələr keçirilməli, təkliflər
verilməlidir. Müxtəlif improvizələrdən, pedaqoji
yanaşmalardan istifadə etməklə dərslərini şagirdlər üçün
sehrli aləmə çevirə bilən müəllimlərin fikirləri
dinlənilməli, təcrübələri müzakirə obyektinə
çevrilməlidir.
Bugünkü təhsil quruculuğu işimizdə başlıca
istiqamətlərdən biri öz istedadları ilə fərqlənən
uşaqların aşkara çıxarılması və onların inkişaf
etdirilməsi üçün müvafiq iş sisteminin qurulmasıdır.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli
sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik
uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı
üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" əsasında
həyata keçirilmiş tədbirlər belə bir iş sisteminin
formalaşması üçün şərait yaratmışdır. Respublikamızda
istedadlı uşaqların təhsil alması, inkişaf etməsi üçün
12 lisey və gimnaziya, 36 ümumtəhsil məktəbində 60-a
yaxın lisey sinifləri açılmışdır. Eyni zamanda
şagirdlərin bacarıq və qabiliyyətlərini inkişaf
etdirmələri üçün "Kiçik akademiya"lar yaradılmışdır.
Fəxr olunmalı haldır ki, 1998-2011-ci illər arasında
Azərbaycan məktəbliləri dünya fənn olimpiadalarında 18
qızıl, 38 gümüş, 71 bürünc medal almışlar.
Biz bu faktlara istinad etməklə şagirdlərin öyrənməyə
həvəsini daha da artıra, ardıcıl və sistemli
müşahidələrin nəticəsi kimi istedadı olan uşaqlarımızı
seçə və onların inkişaf etdirilməsi istiqamətində
mütəmadi iş apara bilərik. Bu, təhsil sistemində çalışan
hər kəsin vəzifəsi olmalıdır.
Bu gün təhsilimizin gündəmdə olan ən prioritet
problemlərindən biri onun idarə olunmasıdır. Müasir
şəraitdə keyfiyyətin idarə olunması kimi vurğulanan bu
texnologiya aktual olduğu qədər də araşdırma tələb edən
bir məsələdir. Mahiyyət etibarı ilə keyfiyyətin idarə
olunması, təbii olaraq, inzibati amirlik üsulunu sıradan
çıxarır, təhsildə demokratik idarəetmənin təminatçısına
çevrilir.
Müzakirələrdə keyfiyyətin idarə olunmasından danışarkən
"Ümumi təhsil pilləsinin dövlət standartı və
proqramları (kurikulumları)" sənədinin 3-cü bölümündəki
müddəalara müraciət olunması tövsiyə edilir. Oradakı
müddəalardan birində göstərilir ki, "Ümumi təhsilin
idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi
və inkişafın monitorinqi prinsipləri əsasında həyata
keçirilir". İnkişafın monitorinqinin mahiyyəti
açıqlanarkən qeyd olunur ki, "İnkişafın monitorinqi
mövcud idarəetmə sisteminin məqsədyönlülük səviyyəsini
aşkara çıxarmaq və irəliləyişlərin dinamikasını müəyyən
etməklə planlaşdırma və icra sistemində zəruri
dəyişikliklər ardıcıllığını təmin edir". Bu yanaşma
tərzi tam mənasında keyfiyyətin idarə olunmasıdır. Ona
görə də ümumtəhsil məktəblərində keyfiyyətin idarə
olunmasını reallaşdırmaq üçün hesabatlılıq, məsuliyyətin
bölüşdürülməsi və inkişafın monitorinqi prinsiplərinin
həyata keçirilməsi imkanlarını götür-qoy etmək, təcrübə
mübadiləsi aparmaq konfranslarda müzakirə obyektinə
çevrilməlidir.
Müasir zamanda məktəb-valideyn əlaqələri ənənəvi
qaydalarla davam edə bilməz. Təhsil üçbucağında
valideynin məsuliyyəti daha da artır. O, özünün seyrçi
mövqeyindən təhsil prosesinin fəal üzvünə çevrilir.
İnformasiyaların artdığı, məktəbdə fəallığın çoxaldığı
bir zamanda şagirdlərin öyrənmə prosesində valideynin
iştirak etməsi, onun bu prosesə dəstək olması zəruri bir
tələb kimi meydana çıxır. Ona görə də məktəb özünün
maarifləndirmə missiyasını daha fəal həyata keçirməklə
valideynlərin ümumi səviyyəsini yüksəltməyə, bununla
onların valideyn maraqlarının güclənməsinə səbəb
olmalıdır. Başqa sözlə, təhsildə gedən dəyişikliklərin
milli və bəşəri zəmində olması, uşaqların əqli
keyfiyyətlərinin inkişaf etdirilərək dünyanın
intellektual səviyyəsinə çatdırılması barədə maraqlı
tərəf olan valideynlərə vaxtaşırı məlumatlar verilməli,
onlarla mütəmadi söhbətlər aparılmalıdır.
Konfranslarda müzakirə obyektinə çevrilməli məsələlərdən
biri də məktəbəqədər təhsillə bağlı olmalıdır. "Təhsil
haqqında" Azərbaycan Respublikasının qanununda
məktəbəqədər təhsil təhsilin ilk pilləsi kimi təsbit
olunur və onun müvafiq təhsil proqramı (kurikulumu)
əsasında həyata keçirildiyi qeyd edilir. Nəzərə
alınmalıdır ki, təhsil haqqında qanundan irəli gələn
vəzifə kimi "Məktəbəqədər təhsil proqramı (kurikulumu)",
o cümlədən ölkəmizin tarixində ilk dəfə olaraq
məktəbəqədər təhsil standartları hazırlanmışdır.
Məktəbəqədər təhsilin məzmununu ifadə edən həmin
standartlar ölkə miqyasında təsdiq edilərək qəbul
olunmuşdur. Eləcə də məktəbəqədər təhsil strategiyaları
və qiymətləndirmə mexanizmləri müəyyən edilmişdir. Artıq
hazırlanmış yeni sistemin tətbiq olunması üçün bir sıra
tədbirlər həyata keçirilir. Yeni sistemin mahiyyət və
məzmununu əhatə edən təlim kursları üçün proqram
hazırlanır, təlim kurslarının təşkili və həyata
keçirilməsi, pilot müəssisələrinin müəyyən olunması
istiqamətində tədbirlər görülür. Bu yenilikləri
öyrənmək, gələcəkdə onların tətbiq olunması üçün
hazırlıq işləri aparmaq hər bir məktəbəqədər təhsil
müəssisəsinin təxirəsalınmaz vəzifəsi hesab edilməli və
sentyabr konfranslarının müzakirə obyektinə
çevrilməlidir.
Heç şübhəsiz, sentyabr konfransları yüksək pedaqoji şura
kimi təhsil həyatımızda birillik fəaliyyətimizin, demək
olar ki, bütün məsələlərini əhatə etməklə
istiqamətverici rol oynayacaqdır. Onun təşkilində və
keçirilməsində Azərbaycan Respublikası təhsil nazirinin
"Təhsil işçilərinin 2012-ci il sentyabr konfranslarının
keçirilməsi haqqında" 1451 nömrəli, 22.08.2012-ci il
tarixli əmri rəhbər tutulacaq, həmin əmrdən irəli gələn
vəzifələrə uyğun olaraq geniş müzakirələr aparılacaq,
təkliflər hazırlanacaq və Təhsil Problemləri İnstitutuna
göndəriləcəkdir.
Abdulla MEHRABOV,
Təhsil Problemləri İnstitutunun direktoru, professor,
Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini, dosent |