Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

31 Avqsut 2012 - №34

 

Şagirdlərə düzgün və savadlı yazı mədəniyyəti aşılamaq məktəbin vəzifəsidir

 

Dilimizin gözəlliyini duymaq, mənimsəmək, bu gözəlliyi hər zaman təbliğ etmək, bu dildə düzgün və gözəl damşmaqla hamıya nümunə olmaq hər şəxsin ümdə vəzifəsidir. Hazırda təhsilimizin qarşısında duran mühüm vəzifələrdən biri də yüksək bilik və bacarığa, müstəqil düşüncəyə və yaradıcı təfəkkürə malik, öz vətənini böyük məhəbbətlə sevən, milli və bəşəri dəyərlərə hörmət edən şəxsiyyət formalaşdırmaqdır ki, bu işin də böyük ağırlığı humanitar fənlərin, xüsusilə də Azərbaycan dili və ədəbiyyat fənlərinin üzərinə düşür.

Şəxsiyyəti səciyyələndirən əsas amillərdən biri də şəxsin özünü ifadə etmək bacarığı, yəni onun nitqidir (Sokratın "Bir səsini çıxar, deyim ki, sən kimsən" aforizmi burda lap yerinə düşür). Danılmaz faktdır ki, hər bir insanın intellekt və bilik səviyyəsi, mədəniyyəti onun nitqində təzahür edir. Bu nitqi formalaşdırmaq, inkişaf etdirmək, şagirdlərə düzgün və savadlı danışıq mədəniyyəti vərdişləri aşılamaq isə məktəbin vəzifəsidir. Etiraf edək ki, bu gün məktəblərdə yaşanan ən böyük problemlərdən biri məhz nitq problemi - şagirdlərin doğma dildə səlis danışa bilməməsidir. Belə ki, şagirdlərin əksəriyyəti fikrini sərbəst söyləyə bilmir, dərs danışanda söz tapmağa çətinlik çəkirlər. Az-çox danışa bilən şagird də fikrini çox sadə "uşaq cümlələri" şəklində ifadə edir. Eyni vəziyyət inşa yazıda da müşahidə olunmaqdadır. Şagirdlər düşündüklərini yazıya çevirməkdə əziyyət çəkirlər, nəticədə çoxlu sayda üslub səhvlərinə yol verirlər.

Bəs şagird nitqinin formalaşması və mədəni sferaya daxil olması üçün nə etmək lazımdır?

İlk növbədə, mütaliə mədəniyyəti formalaşdırılmalıdır. Öz təcrübəmə əsaslanaraq, şagirdlərdə nitq mədəniyyətinin formalaşdırılmasında və inkişaf etdirilməsində mütaliənin əvəzsiz  rolunu və yazı işlərindən istifadənin zəruriliyini əsaslandırmağa çalışacağam. Danılmaz faktdır ki, mütaliə şagirdin nitqini həm formalaşdırır, həm də zənginləşdirir. Mütaliə zövq və təfəkkürü tərbiyə edir. Oxunan hər bir kitab, istər elmi, istərsə də bədii olsun, şagirdin dünyagörüşünü artırır, ona həyat hadisələrindən baş açaraq düzgün istiqamətlənməyə, müstəqil öyrənməyə və qərar verməyə kömək edir. Bu da nəticə etibarı ilə yenə də şagirdin düzgün, mədəni nitqində təzahür edir. Çox mütaliə edən uşaqların intellekti sürətlə inkişaf edir və başqalarından fərqlənir. Bunun bariz nümunəsi cəmiyyətdə mütaliə edən uşaqlarla mütaliə etməyən uşaqlar arasındakı kəskin fərqdir ki, bu fərq ünsiyyət prosesində dərhal üzə çıxır.

Mütaliə şagirdin qərarvermə qabiliyyətini püxtələşdirir, sözü keçən bir insan olması üçün şərait yaradır.

Uşaqlarda mütaliə vərdişinin erkən yaşlardan aşılanması olduqca vacib amildir. Bu vərdişin əsası aşağı siniflərdə düzgün qoyularsa, ardıcıl aparılarsa və dinamik şəkildə inkişaf etdirilərsə uğurlu  nəticə əldə etmək olar.

Bunu nəzərə alaraq mən dərs dediyim siniflərdə həftədə bir dəfə mütaliə saatı təşkil edirəm (həmin gün dərs ilinin əvvəlindən müəyyənləşdirilir və dəyişməz olaraq qalır). Mütaliə olunacaq kitablarda mövzuların müxtəlif, rəngarəng olmasına çalışıram. Məsələn, həftənin bir günü dünya ədəbiyyatına - "Dünya ədəbiyyatından seçmələr" mövzusuna həsr olunursa, o biri dərs həftəsi folklor ədəbiyyatına - nağıllara, dastanlara, lətifələrə və s. həsr olunur. Sinifdənxaric oxuya ayrılmış dərs saatında oxunan əsərlər birgə müzakirə olunur. Bu həm qrup şəklində, həm fərdi həyata keçirilə bilər. Əsərlərin təhlili zamanı "Müəllif nə demək istəyir?", "Əsər sənə nə öyrətdi?", "Siz qəhrəmanın yerinə olsaydınız nə edərdiniz?", "Əsərin sonluğunu sən necə bitirmək istərdin?", "Hansı fikirlə razılaşmırsan?" suallarının ətrafında gedən müzakirələrdə müxtəlif nöqteyi-nəzərlərin toqquşması əsərin məzmununu daha yaxşı qavramağa imkan yaradır, nəticəçıxarma prosesinə müsbət təsir edir. Şagird hər hansı bir mövzunun, ideyanın, problemin həllində müəllimlə birgə bərabərhüquqlu şəxs qismində çıxış edir. Şagirdin özünə inamı artır, o öz fikrini çatdırmağa qorxmur, potensial imkanlarını gerçəkləşdirir. Bütün bunlar şagirddən müstəqil, öz fikirlərində, mühakimələrində azad olmağı, məsuliyyətli və tənqidi düşünməyi, mövqeyini müdafiə etmək bacarığını tələb edir. Bu tələb bugünkü cəmiyyətin, sürətlə dəyişən dünyamızın real tələbidir. Təlim isə bu reallıqlardan, inkişafdan kənarda mövcud ola bilməz. Əksinə, təlim bu reallıqların birbaşa mərkəzində dayanıb, yeni cəmiyyətə, inkişafa təkan verən həlledici amildir. Biz daim dəyişən həyatın şəraitinə uyğunlaşmaq üçün çevik, hər bir şəraitdən tez baş çıxaran, təşəbbüs göstərməyi, müstəqil olaraq yeni məsələləri qarşıya qoymağı və qərar qəbul etməyi bacaran şagird - şəxsiyyət yetişdirməliyik. Bunun üçün həmin şagird-şəxsiyyətə "danışmağa imkan verməliyik". Əgər biz istəyiriksə uşaqlar dediyimizi etsinlər, ancaq onlara özləri bildiyi kimi fikirləşməyə və fikirlərini bizimlə bölüşməyə imkan vermiriksə, deməli, birinci maneəni özümüz yaradırıq. Şagirdlərə ağıllı, məntiqli söz demək azadlığı verilməlidir ki, onlar sabah "çətinləşən dünyamızdan" baş çıxara bilsinlər. Gəlin razılaşaq ki, "Danışmaq gümüşdürsə, susmaq qızıldır" tendensiyası bugünkü cəmiyyətə aid edilə bilməz. Əminəm ki, mənimlə razılaşmayanlar da olacaq. "İndiki uşaqlar ancaq kompüterlə maraqlanır", "Əksəriyyət mütaliəyə önəm verir". "Yaxşı əsərlər yazılmır" fikri ilə az-çox mən də razıyam. Ancaq bütün bunların obyektiv səbəbləri olduğu kimi subyektiv səbəbi də var. Həmin subyektiv səbəb mütaliəni sevdirə bilməyən müəllimdir. Mütaliə mədəniyyətinin formalaşdırılmasında ailənin də rolu inkarolunmazdır.

 Yadımdadır, dərs dediyim sinifdə şagirdlərlə birgə Çingiz Aytmatovun "Dəniz kənarı ilə qaçan Alabaş" əsərini təhlil edirdik. Əsər şagirdlərin o qədər xoşuna gəlmişdi ki, müəllifın digər əsərlərini də sevərək oxuyan şagirdlər tapıldı.

Nitqin inkişafı Azərbaycan dili təliminin ana xəttini təşkil edir. Azərbaycan dili proqramında şagirdlərin nitqini inkişaf etdirmək ön planda dayanır və bu işə "Rabitəli nitqin inkişafı" adlı xüsusi bölmə həsr olunur. Həmin bölmə 5-11-ci siniflərin hər birində verilir, ona ayrıca vaxt ayrılır. Şagirdlərin düzgün yazı və nitq vərdişlərinə yiyələnməsində rabitəli nitqin inkişafına ayrılmış saatların mühüm əhəmiyyəti var.

Sovet təhsil sistemində müstəqil düşüncə qəbul edilmədiyindən inşa yazılarını əzbərləyib köçürmək bir ənənə idi. Bu, həm orta, həm də ali məktəblərdə tətbiq olunurdu. Biz, o cümlədən, mən sovet təhsil sisteminin yetirməsi kimi bu ənənə ilə tərbiyə alıb böyümüşük. Öz fikrimizi deməyə imkan vermədikləri üçün düşündüyümüzü deməkdən və yazmaqdan çəkinmişik. Bu "qorxu" bizdə zaman-zaman bir növ   kompleksə çevrilib. Ancaq az da olsa, məktəblərdə adıçəkilən problem bu gün də yaşanmaqdadır. Müəllim işlədiyim müddətdə daim buna qarşı mübarizə aparmışam. Şagirdlərin müstəqil fikir söyləmək, fikrini izah etmək və müstəqil inşa yazmaq qabiliyyətini inkişaf etdirməyə çalışmışam. Dəfələrlə şagirdlərimə bildirmişəm ki, onların fıkri mənim üçün maraqlıdır. Dərsi əzbərləmək olar, fikirləri əzbərləmək olmaz. Fikir müstəqil düşüncənin ifadəsidir. İnşa yazı kitablarındakı şablon fikirləri əzbərləmək kimin isə fikirlərini yamsılamaq deməkdir. "Hazır fikirlər, düşüncələr" şagirdlərin sərbəst düşünmək qabiliyyətini əlindən alır. Şəhidlik, vətən, torpaq haqqında boğazdan yuxarı yazılmış, təkrarlanan sözlər şagirdləri yalançı vətənpərvərə çevirir. Bəs çıxış yolu nədədir?

Məlum məsələdir ki, bu gün təhsilin qarşısında duran mühüm vəzifələrdən biri şagirdlərin qazandıqları biliklərin praktikada əhəmiyyətini dərk etməsidir. Yəni şagird fıkirlərini nə üçün paylaşdığını, bunun nə kimi əhəmiyyəti olduğunu dərk etməlidir. Özünüz düşünün, on bir il inşa, esse və s. yazan şagird yazı işini nə üçün yazdığını dərk edə bilmir. Bunun şagirdlər tərəfindən yanlış olaraq mənasız olduğunun qəbul olunması onlarda pis vərdişə çevrilir. Buna görə də onlar üzündən köçürməyi adət edirlər.

Şagirdlər, o cümlədən müəllimlər bilməlidir ki, inşa yazı işi sərbəst düşüncə tərzi formalaşdırır, şagirdlərin rabitəli nitq vərdişini inkişaf etdirir, lüğət ehtiyatını, ünsiyyət bacarığını, düşündüklərini yazıya çevirə bilmək qabiliyyətini zənginləşdirir. Şagirdlərin hər hansı bir mövzu ətrafında istək və arzularına, fikirlərinə müəllim tərəfindən müəyyən istiqamət verilərsə, həmin fikirlər öz ifadəsini yazı işində mütləq tapacaq.

Sərbəst yazı işləri şagird xarakterinin açılmasında mühüm rol oynayır. Eyni mövzuda yazılan yazı işləri şagirdlərin müxtəlif baxışlarını ortaya qoyur. Öz təcrübəmdən misal çəkmək istəyirəm. İş fəaliyyətimə yenicə başladığım illərdə şagirdlərim Xocalı faciəsinin on ikinci ildönümünə həsr olunmuş broşüra hazırlamışdılar. Yekun olaraq, hər şagird fikrini bir cümlə ilə bitirmişdi. Fikirlər olduqca müxtəlif emosiyaların ifadəsi idi. Bu gün də o sözləri xatırlamaqla anlayıram ki, hər şagirdin özünəməxsus "dünyası" var. Bu dünyanı kəşf etmək, anlamaq isə biz müəllimlərin borcudur. Məsələn, şagirdim Kənanın ən böyük arzusu o idi ki, tezliklə Qarabağ müharibəsi bitsin və biz o yerlərə qonaq gedək. Başqa bir şagirdimin arzusu o idi ki, o gün olsun, Qarabağda işığımız yansın. Guya Qarabağda hərbi xidmətdə olan şagirdim Rəşadın isə anasına yazdığı məktub olduqca təsirləndirici idi: "Ana, məktubu səndən uzaqlarda yazsam da, ürəyim səninlədir. Ana, buralar çox soyuqdur. Ancaq deyə bilmərəm, bəlkə sənsizliyim məni bu qədər üşüdür?".

Göründüyü kimi, hər cümlənin arxasında sevən, nifrət edən, arzuları olan, fikirlərini başqaları ilə paylaşmaq istəyən bir insan xarakteri dayanır. Əsl müəllim odur ki, şagirdin daxili dünyasına nüfuz edə, onu kəşf edə bilsin. Əgər bunu bacarmırıqsa, günahı şagirddə yox, özümüzdə axtarmalıyıq. Əminəm ki, tətbiq olunan kurikulum nitq problemini zaman-zaman aradan qaldıracaq.  

Natəvan MƏMMƏDOVA, 
Bakıdakı E.Məmmədov adına 189 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov