Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Sentyabr 2012 - №36

 

2012-2013-cü dərs ilinin başlanması münasibəti ilə təbriklər

 

Sabah ölkəmizdə yeni - 2012-2013-cü dərs ili başlayır. Artıq neçə illərdir ki, yeni dərs ilinin ilk günü - sentyabrın 15-i ölkəmizdə "Bilik günü" kimi qeyd olunur. Növbəti dərs ilinin başlanması və "Bilik günü" münasibəti ilə ölkəmizin bütün təhsil işçilərini, çoxminli müəllim ordusunu, şagirdləri və tələbələri təbrik edirəm.

Artıq tarixə çevrilmiş 2011-2012-ci dərs ili ölkəmizin həyatında, eləcə də təhsil sistemimizdə bir sıra hadisələrlə və əhəmiyyətli tədbirlərin həyata keçirilməsi ilə yaddaqalan olmuşdur. Əsası xalqımızın böyük oğlu, dahi siyasətçi və dövlət xadimi, müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş quruculuq siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, ölkə həyatının bütün sahələrində ciddi irəliləyişlər əldə olunmuşdur.

Ötən dərs ili ərzində dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü böyük təntənə ilə qeyd edilmişdir. Bu hadisə bir daha sübut etdi ki, ulu öndərin müdrik siyasəti nəticəsində qorunub saxlanmış və daha da möhkəmləndirilmiş müstəqilliyimiz daimidir, əbədidir və heç bir qüvvə ölkəmizi tutduğu müstəqillik, demokratiya yolundan döndərə bilməz.

Ötən dərs ili ərzində dövlətimizin beynəlxalq aləmdə nüfuzunun daha da artdığını sübut edən mühüm hadisə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi olmuşdur. Bu hadisə dünya birliyinin Azərbaycana olan hörmət və inamının ifadəsi kimi qiymətləndirilir.

Ötən ilin sonlarında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı sərəncamla hazırlanmaqda olan "Azərbaycan - 2020:  gələcəyə bir baxış" İnkişaf Konsepsiyası son illərin ən mühüm proqram əhəmiyyətli sənədlərindən biri olub yaxın 10 ildə ölkəmizin davamlı inkişafının təmin edilməsinə yönəlmişdir.

Ötən dərs ili təhsilimizin inkişafı ilə bağlı həyata keçirilən islahatyönümlü tədbirlərlə də zəngin olmuşdur. Ölkəmizin tarixində ilk dəfə olaraq ibtidai siniflərdə yeni kurikulumların tətbiqi işi ötən dərs ilində başa çatdırılmışdır.

Azərbaycanda məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində son illər atılan uğurlu addımlar ötən dərs ilində də davam etdirilmiş, 50000 şagird yerlik 167 yeni təhsil müəssisəsi tikilib istifadəyə verilmiş, 21 məktəb üçün 5104 şagird yerlik əlavə tədris korpusları inşa olunmuş, 103 məktəb əsaslı təmir edilmişdir.

Yeni dərs ili ərəfəsində ölkənin ümumtəhsil məktəbləri üçün 194 adda 4018980 nüsxə dərslik və metodik vəsait çap edilmiş, bütün növdən olan ümumtəhsil müəssisələrinin tədris planları hazırlanıb təsdiq olunmuşdur. Elektron vasitələrin geniş tətbiqi ilə keçirilən mərkəzləşdirilmiş müsabiqə vasitəsilə ümumtəhsil məktəblərindəki 3270 vakant yerin böyük əksəriyyətinə müəllim kadrları göndərilmişdir.

Şagirdlərin təhsil əməyinin stimullaşdırılması sahəsində iş davam etdirilmiş, tam orta məktəblərin məzunlarından xüsusi nailiyyətlər qazanan 118 nəfəri qızıl, 20 nəfəri isə gümüş medalla təltif olunmuşdur.

Ötən dərs ili ərzində Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin yetirmələri bir sıra parlaq nəticələr əldə etmişlər. Belə ki, respublika birincilik və  çempionatlarında 315 qızıl, 235 gümüş, 1121 bürünc olmaqla, ümumilikdə 1671 medal, milli yığma komandaların tərkibində Avropa, dünya birinciliklərində və beynəlxalq turnirlərdə 62 qızıl, 47 gümüş, 92 bürünc medal qazanılmışdır.

Ölkədə innovativ fəaliyyət göstərən məktəb və müəllimlərin əməyini stimullaşdırmaq üçün artıq 5-ci ildir ki, keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri ötən dərs ilində də uğurla aparılmış və qalib gəlmiş daha 100 müəllim və 50 məktəb ölkə Prezidentinin müvafiq sərəncamları ilə mükafatlandırılmışdır.

Ötən dərs ilinin bir mühüm hadisəsi də "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa əsasən tam orta təhsilin  təmayüllər üzrə qurulması istiqamətində ilk addımların atılması olmuşdur. Belə ki, bu məqsədlə müəyyənləşdirilmiş 6 tədris müəssisəsində (akademik Zərifə Əliyeva adına lisey, 6 nömrəli lisey, Bakı Avropa Liseyi, fizika, riyaziyyat və informatika təmayüllü lisey, "Elitar" gimnaziya və "XXI əsr" Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi) tam orta təhsilin təmayüllər əsasında təşkili üzrə pilot layihənin reallaşdırılmasına başlanmışdır.

Astanasında olduğumuz yeni dərs ili təhsil sistemimiz üçün daha taleyüklü bir hadisə ilə də əlamətdardır. Məhz bu dərs ilində biz ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqinə başlayırıq. Bu məqsədlə ciddi hazırlıq işləri aparılmış, bu il V siniflərdə dərs deyərək yeni kurikulumlarla işləyəcək 35 min nəfərədək fənn müəllimi təlim kurslarından keçirilmişdir.

Görülmüş işlər, qazanılmış uğurlarla yanaşı təhsil sistemində bir sıra problemlər də vardır ki, yeni dərs ilində əsas diqqət onların aradan qaldırılmasına, nailiyyətlərin daha da möhkəmləndirilməsinə yönəldiləcəkdir.

Yeni dərs ilində habelə, təhsil sahəsində reallaşdırılmaqda olan Dövlət Proqramları və layihələrin icrasının davam etdirilməsi, təhsil müəssisələrində icra intizamının və məsuliyyətin artırılması, təhsil müəssisələrinin idarəolunmasının təkmilləşdirilməsi, təlim-tərbiyə prosesinin müasir pedaqoji innovasiyalar əsasında qurulması istiqamətində təsirli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Hörmətli təhsil işçiləri, əziz müəllimlər, şagirdlər və  tələbələr, sizi bir daha yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edirəm. Sizə möhkəm cansağlığı, yeni dərs ilində daha səmərəli fəaliyyət və böyük uğurlar arzulayıram.  

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri, əməkdar elm xadimi


15 sentyabr - "Bilik günü" münasibətilə bütün təhsil işçilərini, pedaqoji ictimaiyyəti, tələbələri, şagirdləri ürəkdən təbrik edir, hər birinə uğurlar, cansağlığı, müvəffəqiyyətlər arzulayıram. Ali təhsil işçisi kimi təbriklərimin ən böyük hissəsini bu il universitetlərə daxil olmuş birinci kurs tələbələrinə ünvanlayıram. Onlar çətin sınaqlardan şərəflə çıxaraq müəllimlərinin, valideynlərinin etimadını doğrultmuş, özlərini təsdiq etmişlər. Arzu edirəm ki, yüz mindən artıq orta məktəb məzunu arasından seçilərək tələbə adını qazanmış bu gənclər gələcəkdə xalqımızın ləyaqətli övladları olmaq üçün boyunlarına düşən şərəfli missiyanın məsuliyyətini lazımınca dərk etsinlər. Bu gün inkişaf dinamikasına görə dünyanın qabaqcıl dövlətləri sırasına çıxan ölkəmizin uğurlu sabahını təmin etmək məhz bu gənclərin əlindədir. Milli vətənpərvərlik ruhunda yetkinləşərək öz ixtisasları üzrə kamil mütəxəssis olmaq onların ən böyük vəzifəsi hesab edilməlidir. Azərbaycanın iqtisadi, mədəniyyət və idman sahələrində əldə etdiyi böyük uğurlar, son dövrlərdə beynəlxalq nüfuzumuzun təsdiqi olan bir sıra uğurlu siyasi hadisələrin baş verməsi hər bir Azərbaycan vətəndaşının, o cümlədən tələbələrin məsuliyyətini bir qədər də artırır. İnanıram ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyamızın möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etməsinə gənclər öz töhfələrini verəcəklər.

Xalqımızın tarixində əziz bayramlardan biri kimi qeyd olunan "Bilik günü" münasibətilə bu sahədə fəaliyyət göstərən bütün insanları bir daha təbrik edir və yekun olaraq böyük Nizaminin "Elmlə, biliklə başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz" fikrini xatırlatmaq istəyirəm. Bayramınız mübarək!  

Abel MƏHƏRRƏMOV,
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik


Müstəqil Azərbaycan Respublikasının bütün ali və orta təhsil müəssisələrində hər yeni tədris ilinin ilk gününün "Bilik günü" kimi qeyd edilməsi xoş ənənəyə çevrilmişdir.

Belə bir ənənənin bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən təhsilə verilən dövlət qayğısı sayəsində qoyulmuş və möhkəmləndirilmişdir. Azərbaycanda təhsil sisteminin ardıcıl inkişafı ümummilli liderimiz dahi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində onun ölkəmizə rəhbərlik etdiyi dövrlərdə iri sıçrayışlarla irəliləmiş, məqsədyönlü şəkildə aparılan dolğun islahatlar sayəsində yüksək səviyyəyə çatdırılmışdır. Sonuncu onillikdə təhsil sisteminə dövlət qayğısı siyasəti cənab Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə davam etdirilərək geniş vüsət almışdır. Həm paytaxt şəhərimiz Bakıda, həm də respublikamızın bütün regionlarında təhsil sisteminin maddi - texniki bazası yenidən qurularaq gücləndirilir, beynəlxalq əlaqələri genişləndirilir. Azərbaycan təhsil sistemi böyük uğurla dünya təhsil sisteminə inteqrasiya edir.

Ölkəmizin yeganə ali tibb təhsili müəssisəsi olan Azərbaycan Tibb Universitetinə göstərilən dövlət qayğısı bu ali tibb təhsili ocağını dünyanın qabaqcıl ali təhsil müəssisələri sırasına çıxarmışdır və hər il olduğu kimi, bu il də doğma vətənimizdə keçirilən "Bilik günü" universitetimizin divarları arasında böyük ruh yüksəkliyi ilə qeyd ediləcək, Heydər Əliyev irsinin öyrənilməsi və mənimsənilməsi istiqamətində disputlar keçiriləcəkdir. 

Belə bayram günlərində istər-istəməz keçdiyimiz yollara nəzər salırıq və bu yollarda ölkəmizdə bütövlükdə təhsilin, o cümlədən tibb təhsilinin qazandığı nailiyyətləri aydın görür və bundan qürur duyuruq. Qürur duyuruq ki, təhsilimizi dinamik inkişaf etdirən müstəqil respublikamız, bu inkişafın aparıcı qüvvəsi, təşkilatçısı və yenilməz rəhbəri olan Prezidentimiz vardır.

Müstəqil ölkəmizin təhsil sisteminə, o cümlədən tibb təhsili sisteminə göstərilən diqqət və qayğı, gənc nəslin dünyagörüşünün artırılması, bilik səviyyəsinin durmadan yüksəldilməsi, tibb kadrlarının beynəlxalq aləmdə təcrübə mübadiləsi apara bilmələrinə geniş meydan verilməsi, rahat şərait yaradılması ATU-nun kollektivi tərəfindən böyük məmnunluqla qarşılanır.

Ölkəmizin bütün təhsil işçilərini "Bilik günü" münasibətilə ürəkdən təbrik edir, vətənimizin intellekt sahəsində də beynəlxalq aləmdə günü-gündən artan nüfuzunun daha da möhkəmlənməsi naminə gördükləri işlərdə yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram. 

Əhliman ƏMİRASLANOV,
ATU-nun rektoru, akademik, SSRİ Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı


Mən ilk olaraq Azərbaycanın bütün təhsil işçilərini yeni - 2012-2013-cü tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik edir, onlara şərəfli, eyni zamanda çətin və məsuliyyətli fəaliyyətlərində yeni-yeni uğurlar, nailiyyətlər arzu edirəm. Eyni zamanda şagird və tələbələri, onların valideynlərini də yeni dərs ili münasibətilə təbrik edir, gənclərə təhsildə uğurlar, valideynlərinə isə övladlarına bəslədikləri ümidlərin doğrulmasını arzulayıram.

Böyük razılıq hissi ilə qeyd etmək istəyirəm ki, "Təhsil millətin gələcəyidir!" deyən xalqımızın dahi oğlu, müstəqil, müasir, demokratik dövlətimizin banisi və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasi kursunu çox uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin elm və təhsilin inkişafını ölkəmizin davamlı inkişaf strategiyasının ən mühüm, ən öncül istiqamətlərindən biri kimi qiymətləndirməsi və bu yöndə apardığı ardıcıl dövlət siyasəti respublikamızda bu sahəni müasir dünya standartlarına uyğun inkişaf yoluna çıxarmışdır. Azərbaycanda yüksək texnologiyalara əsaslanan müasir, sosial və innovasiyayönümlü iqtisadiyyatın formalaşması elm və təhsilin hərtərəfli inkişaf etməsi üçün əlverişli şərait və stimul yaratmışdır. Bütün dünyada davamlı sürətli iqtisadi inkişafı və beynəlxalq siyasi nüfuzunun artması ilə fərqlənən Azərbaycanda hazırda dövlət tərəfindən elm və təhsilə böyük qayğı və diqqət göstərilir. Son illər respublikamızda təhsil sahəsində islahatların ardıcıl və səmərəli şəkildə həyata keçirilməsi təhsilin keyfiyyətinin xeyli yüksəlməsinə, onun müasir məzmun kəsb edərək dünyəvi və ümumbəşəri xarakter almasına səbəb olmuşdur. Ölkəmizdə dövlət səviyyəsində müəllim əməyinin və pedaqoji fəaliyyətin stimullaşdırılmasına yönəlmiş tədbirlərin ardıcıllıqla həyata keçirilməsi də cəmiyyətdə müəllim adını və müəllim nüfuzunu xeyli yüksəltmişdir.

Bir faktı da xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin zəngin iqtisadi potensialının intellekt kapitalına çevrilməsini ən vacib vəzifələrdən biri kimi qarşımıza qoyması bizi daha yaxşı, daha məsuliyyətli işləməyə, gündəlik fəaliyyətimizi müasir dövrün tələblərinə  uyğun qurmağa sövq edir. Həmçinin son illər respublikamızda elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə qazanılan böyük uğurlarda ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini, əvəzsiz və fədakar xidmətlərini və onun bu xidmətlərinin xalqımız tərəfindən yüksək qiymətləndirilməsini xüsusi qeyd etmək istəyirəm.

İnanıram ki, respublikamızın təhsil işçiləri onlara göstərilən yüksək dövlət qayğısından ruhlanaraq builki tədris ilində də yeni-yeni uğurlara imza atacaqlar. Mən bir daha ölkəmizin təhsil ictimaiyyətini yeni dərs ilinin başlanması münasibətilə səmimi-qəlbdən təbrik edir, böyük müvəffəqiyyətlər arzu edirəm. 

Yusif MƏMMƏDOV,
ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor


Təhsilin, elmin, biliyin  inkişafı bütövlükdə cəmiyyətin tərəqqisinə xidmət edir. Ölkəmizdə yeni dərs ilinin ilk günü - "Bilik günü" həmişə ümumxalq bayramı kimi qeyd olunur. Ölkəmizin bütün ali, orta ixtisas, peşə təhsili və ümumtəhsil məktəblərində olduğu kimi, Azərbaycan Milli Konservatoriyasında da yeni dərs ili böyük ruh yüksəkliyi ilə qeyd olunur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və  Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın milli musiqimizə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, konservatoriyanın professor-müəllimləri  respublikanın yüksək fəxri adlarına  layiq görülmüşlər. Konservatoriyanın xüsusi istedada malik olan tələbələri isə fəxri diplom, mükafat və fərdi təqaüdlərlə təltif olunmuşlar.

Bu qayğı və diqqətə cavab olaraq ölkədaxili və ölkədən kənarda, xarici ölkələrdə bu ali məktəbin müəllim və  tələbələri dövlət tədbirlərində  milli musiqimizi yüksək səviyyədə təqdim edirlər.

Sevindirici haldır ki, bu gün milli musiqiyə marağı olan yeniyetmə gənclərin sayı durmadan artır. Onların dünyagörüşləri, istedad və qabiliyyətləri vaxtaşırı təşkil olunan mədəni-kütləvi tədbirlərdə formalaşır və inkişaf edir. Beynəlxalq səviyyəli festival və müsabiqələrdə nailiyyətlər qazanan  istedadlı tələbələrin, məktəblilərin xoş sorağını eşidəndə qürur hissi keçirirəm. Öz üzərlərində səylə çalışsınlar, onlara göstərilən etimadı  bir daha doğrultsunlar.

Bu bayram münasibətilə  Azərbaycanın bütün təhsil işçilərini ürəkdən təbrik edir, onlara şərəfli fəaliyyətlərində  uğurlar, ruh yüksəkliyi, şəxsi həyatlarında könül xoşluğu, cansağlığı arzulayıram.  

Siyavuş KƏRİMİ,
Azərbaycan Milli Konservatoriyasının rektoru, əməkdar incəsənət xadimi, professor


Əziz müəllimlər, tərbiyəçilər, bütün şüurlu həyatını xalqın maariflənməsinə həsr etmiş fədakar təhsil işçiləri!

Təməlini türk dünyasının görkəmli şəxsiyyəti, siyasi, ictimai xadimi Heydər Əliyevin qoyduğu yeni, demokratik, müstəqil Azərbaycan Respublikasının xarici və daxili siyasəti artıq on ildir ki, Heydər Əliyev irsinin layiqli varisi zati-aliləri İlham Əliyev cənabları tərəfindən ardıcıl olaraq davam etdirilir. Geridə qalan on ilə yaxın dövr ərzində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun durmadan artması, iqtisadi, sosial və mədəni sahələrdə əldə edilən nailiyyətlər ölkə Prezidentinin xalqı qarşısında bu vəzifəyə nə qədər məsuliyyətli, necə həssas yanaşdığının, ölkəmizin və xalqımızın şərəf və ləyaqətini dünya miqyasında, beynəlxalq aləmdə necə yüksəltdiyinin bariz təzahürüdür.

"Çağ" Öyrətim ölkədə yeganə beynəlxalq standart sertifikatlı təhsil şirkəti olmaqla bərabər, həm də Heydər Əliyev irsinə, onun inam və etibarına, etimadına sədaqətlə xidmət edir. Fəaliyyətinin ilk günündən bu günədək - 20 il ərzində məqsədi yalnız beyni müsbət elmlərlə, qəlbi milli və ümumbəşəri dəyərlərlə zəngin yeni nəsil yetişdirmək olan "Çağ" Öyrətim özünün Azərbaycan-Türkiyə özəl ümumtəhsil məktəbləri ilə, "Araz" ali təhsilə hazırlıq kursları ilə, Qafqaz Universiteti ilə göstərilən etimada sədaqətlə xidmətini nümayiş etdirir. Geridə qalan iyirmi il ərzində Azərbaycan-Türkiyə təhsil müəssisələrindən minlərlə gənc məzun olmuş və onlar bu gün ölkənin iqtisadi inkişafında, siyasi və ictimai həyatında fəallıq göstərir, elmi fəaliyyətləri ilə Azərbaycanın tərəqqisinə xidmət edirlər.

Şagird və tələbələrimiz öz bilik və bacarıqları ilə Azərbaycanı həm bölgədə, həm də dünyada şərəflə təmsil edirlər. Yeniyetmə və gənclərimiz 500-ə yaxın beynəlxalq fənn olimpiadalarında əldə etdikləri medallarla, dünyanın dörd bir yanında ən məşhur universitetlərdə aldıqları təhsillə, qazandıqları ixtisaslarla, elmi dərəcələrlə, ən başlıcası, milli və ümumbəşəri əxlaqi dəyərlərə sahib olmaları ilə, Vətənə, xalqa, dövlətə, onu təmsil edən Prezidentə sədaqətləri ilə fərqlənir, diqqəti cəlb edir və təqdir edilirlər. Əlbəttə bu, Təhsil Nazirliyi ilə fəaliyyətini birgə aparan şirkətimizin, bütövlükdə Azərbaycan təhsilinin və gəncliyinin uğurudur.

Heydər Əliyev irsinin qorunub saxlanmasında müstəsna xidmətləri olan ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təhsilin, mədəniyyətin, səhiyyənin, ümumiyyətlə, sosial sferanın sürətli inkişafına qayğısı, diqqəti xalq tərəfindən yüksək qiymətləndirilir.

Bu qayğı və diqqət yeni dərs ilində bizim hər birimizdən daha əzmlə, daha fədakarcasına çalışmağı tələb edir. Azərbaycan xalqını və ölkənin bütün təhsil işçilərini "Çağ" Öyrətim İşlətmələri Şirkəti, onun çoxsaylı pedaqoji kollektivləri adından və öz adımdan 15 sentyabr - "Bilik günü" münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.

Sizə ölkəmizin daha sürətli inkişafı, yeni nəslin təlim-tərbiyəsi kimi çox məsul vəzifələrin həyata keçirilməsində böyük müvəffəqiyyətlər, bunun zəmini və təminatçısı kimi möhkəm cansağlığı, uzun və xoşbəxt ömür arzulayıram. 

Enver ÖZEREN,
 "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri


Bu gün SDU-nun kollektivi böyük sevinc və fərəh hissi keçirir, bayram əhvali-ruhiyyəsi içərisindədir. Təməli 1962-ci ildə qoyulan və ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Sənaye İnstitutu bazasında Sumqayıt Dövlət Universitetinin yaradılmasının 50 ili tamam olur. Gənc nəslin təlim-tərbiyəsində, elm və təhsildə, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiya olunması sahəsində, maddi-texniki bazanın möhkəmləndirilməsində bu ali məktəbin uğurları və əldə etdiyi nailiyyətlər böyükdür. 

Bu gün dahi şəxsiyyət Heydər Əliyevin zəngin maarifçilik ideyalarını əzmlə və uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin böyük uzaqgörənliklə söylədiyi "Biz maddi dəyərlərimizi və iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik" konseptual müddəanın həlli respublikamızın digər təhsil və elm ocaqları ilə birlikdə 2000-ci ildən başlayaraq böyük dinamik inkişaf yolu keçən Sumqayıt Dövlət Universitetində də uğurla həyata keçirilir.

Hazırda SDU-da 7 fakültə və Əcnəbi Tələbələrlə Hazırlıq Mərkəzi fəaliyyət göstərir. Son 12 ildə, başqa sözlə, SDU universitet statusu aldıqdan sonra yeni tarix və filologiya fakültələri yaradılmış, 5 fakültə isə tamamilə dəyişdirilərək yeni istiqamətlərə uyğunlaşdırılmışdır. Kafedraların sayı 24-dən 45-ə, 5 yeni elmi-tədqiqat laboratoriyası yaradılaraq onların sayı 6-ya çatdırılmışdır. 26 istiqamət üzrə bakalavr, 53 ixtisas üzrə isə magistr hazırlığı yerinə yetirilir.

Hazırda SDU-da 100-dən artıq əcnəbi tələbə təhsil alır. 2000-ci illə müqayisədə tələbə kontingenti 2 dəfədən çox artırılaraq 4400-ə, tələbə qəbulu 645-dən 1030-a, magistrlərin sayı 84-dən 330-a çatdırılmışdır.

Universitetin beynəlxalq layihələrdə iştirakı da uğurlu nəticələr verir. Universitet TEMPUS layihəsi çərçivəsində 4 uğurlu layihənin iştirakçısı olmuş, 8 müasir tədris laboratoriyası yaradılmışdır.

Bu il universitetə optik kabel çəkilmiş, geniş lokal və Wi-Fi şəbəkələri yaradılmışdır. Bu da, öz növbəsində, videokonfransların və distant təhsilin daha etibarlı şəkildə aparılmasına geniş imkan yaradır. Müasir dövrün tələblərinə cavab verən "Elektron kitabxana" yaradılmış, İRBİS-64 sisteminin tam paketi quraşdırılmışdır.

Ölkəmizin ictimai-siyasi həyatında, iqtisadi və sosial inkişafında misilsiz nailiyyətlərin qazanılması təhsil işçiləri qarşısında da ciddi vəzifələr qoyur. Kollektivimiz də Azərbaycan təhsili və elminin inkişafında, təhsil islahatlarının uğurla həyata keçirilməsində, yüksək ixtisaslı kadr hazırlığında daha da əzmlə çalışacaqdır. Bu şərəfli yolda kollektivimizin adından ölkəmizin təhsil işçilərini yeni tədris ili münasibətilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayıram.  

Nadir QƏHRƏMANOV,
Sumqayıt Dövlət Universitetinin rektoru,
fizika-riyaziyyat elmləri doktoru, professor


Azərbaycanda dövlətin təhsilə diqqət və qayğısı bu sahənin ən inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə geniş imkan yaradıb. Ümummilli lider Heydər Əliyevin  siyasi kursunun uğurla davam etdirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar ardıcıl və müntəzəm xarakter daşıyır. Bu gün Azərbaycanda təhsilə olan diqqət, Azərbaycan üçün təhsilin inkişafı prioritet sahədir.

Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir" - fikri təhsilin dövlət siyasətinin mərkəzi subyekti olduğunu sübut edir. Respublikamızda geniş vüsət almış yeni məktəblərin, uşaq bağçalarının tikintisi, təhsil müəssisələrinin əsaslı təmiri, onların müasir avadanlıqlarla, informasiya və kommunikasiya texnologiyaları ilə təchizi, pedaqoji kadr hazırlığı və digər tədbirlər milli təhsilimizin düzgün inkişaf etdiyindən xəbər verir.

Bu bir danılmaz faktdır ki, bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti, ilk növbədə, onların İKT-dən səmərəli istifadəsi ilə formalaşır. Müstəqilliyin şərəfli yolları ilə gələcəyə doğru inamla irəliləyən ölkəmizdə son illər ərzində aparılan davamlı islahatlar siyasəti dövlətimizin əhəmiyyətli dərəcədə güclənməsinə imkan vermiş, dinamik sosial-iqtisadi inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılmasını təmin etmişdir.

Məhz bunun nəticəsidir ki, Azərbaycan Dillər Universiteti pilot ali məktəb elan olunub. Azərbaycan Respublikası Təhsil Nazirliyinin universitetə verdiyi pilot ali məktəb statusu bir çox yeniliklərin həyata keçirilməsi üçün şərait yaradır.

ADU ölkəmizdə Avropa və bəzi müasir Şərq dillərini tədris edən ilk universitetdir. Bu gün universitet ölkəmizdə həyata keçirilən təhsil islahatlarına görə ən öncüldür. Universitetimizə qəbul planının 2012-2013-cü tədris ilində 50 faiz artırılması, eləcə də jurnalistika ixtisasının açılması ali təhsil müəssisəsinin bir daha artan templə irəlilədiyinin bariz nümunəsidir.

Ümidvaram ki, əldə  etdiyimiz uğurlar yeni tədris ilində də davam etdiriləcək və təhsilimizin daha da inkişaf etdirilməsi istiqamətində bu tədris ili irəliyə doğru bir addım kimi tariximizdə qalacaqdır.  

Səməd SEYİDOV,
ADU-nun rektoru, professor, Milli Məclisin deputatı


15 sentyabr - "Bilik günü" respublikamızın bütün tədris müəssisələrində təntənə ilə qeyd edilir.

Müasiri olduğumuz XXI əsrdə cəmiyyətin inkişafı bilavasitə insan əməyinin məhsuldarlığı ilə sıx bağlı olduğuna görə hər bir insanın inkişafı, onun təhsili böyük əhəmiyyət daşıyır. Bu baxımdan, məhz milli təhsilin inkişafı ölkəmizin bugünkü və gələcək uğurlarının əsasını formalaşdıran başlıca amil kimi mühüm yer tutur.

Ümummilli liderimiz Heydər Əliyev həmişə təhsili, müəllim əməyini yüksək qiymətləndirmiş, "Mən müəllimdən yüksək ad tanımıram" söyləmişdir. Bu, müəllimlərə verilən ən yüksək qiymətdir.

Təhsil müəssisələrində gələcəyə hazırlanan yeni nəslə bilik, bacarıq və vərdişlər verilməklə yanaşı, onlarda milli mənəvi dəyərlər də formalaşdırılır. Ulu öndərimiz Heydər Əliyev demişdir: "Ali məktəblərdə, ümumiyyətlə, təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır".

Cənab Prezident İlham Əliyev ümummilli liderimizin əsasını qoyduğu elm və təhsil ənənələrini uğurla davam etdirir. Ölkəmizdə dünyanın mütərəqqi təhsil sistemlərinə uyğun təhsil islahatları həyata keçirilir, Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılır, təhsilə dövlət qayğısı daim artırılır.

Azərbaycanda məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük iş aparılması, yüzlərlə yeni orta məktəbin tikilməsi, əsaslı təmir edilməsi, dərs ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlərin qızıl və gümüş medallarla təltif olunması, mütəmadi olaraq müəllimlərin əməkhaqlarının, tələbələrin, magistrantların, doktorantların təqaüdlərinin artırılması və s. tədbirlər təhsilə dövlət qayğısının bariz nümunələridir.   

Dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsi Azərbaycan təhsil sistemində həyata keçirilən islahatların mühüm istiqamətlərindəndir. İldən-ilə respublikamızın orta və ali təhsil müəssisələrinin maddi və texniki bazasının, kadr və elmi potensialının, daxili və beynəlxalq əlaqələrinin inkişafı üçün böyük işlər həyata keçirilir.

Rəhbərlik etdiyim Azərbaycan Müəllimlər İnstitutu respublikamızın pedaqoji kadr potensialının gücləndirilməsi, onun elmi-metodiki səviyyəsinin artırılması, yeni pedaqoji texnologiyaların tətbiqi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində önəmli yer tutur. Hazırda cənab Prezident İlham Əliyevin qayğısı nəticəsində Azərbaycan Müəllimlər İnstitutu və onun filialları özünün çiçəklənmə dövrünü yaşayır.

Bu gün demək olar ki, uşaq bağçaları tərbiyəçilərinə, rayon və kənd məktəblərinin ibtidai sinif müəllimlərinə olan tələbatın 60 faizdən çoxu məhz institutun və onun filiallarının üzərinə düşür. Müəllimlərin elmi-metodiki, elmi-pedaqoji və ümumilikdə, peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində institutda səmərəli tədqiqatlar aparılır. 2011-2012-ci dərs ilində müəllimlərin işə qəbulu müsabiqəsində Azərbaycan Müəllimlər İnstitutunun məzunlarının fərqlənməsi institutda ilkin kadr hazırlığının düzgün aparılmasının göstəricisidir.

Azərbaycan Müəllimlər İnstitutu təhsilə böyük qayğısı ilə xalqımızın məhəbbətini qazanmış, ulu öndərimizin siyasi, sosial, mədəni proqramlarına yaxşı bələd olan, bu proqramların hər birinin həyata keçirilməsinə əzmkarlıqla çalışan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb" çağırışına inamla qoşulur.

 "Bilik günü" münasibətilə bütün müəllim həmkarlarımı, ilk dəfə məktəbə gedəcək birinciləri, yuxarı sinif şagirdlərini, ali məktəb tələbələrini ürəkdən təbrik edir, onlara uğurlar, sürətlə inkişaf edən dövlətimiz, millətimiz adına gözəl nailiyyətlər əldə etməyi arzu edirəm. 

Aqiyə NAXÇIVANLI,
AMİ-nin rektoru, professor, Milli Məclisin deputatı


  Hər bir təhsil müəssisəsi yeni dərs ilinə qarşıya qoyulan vəzifələri yerinə yetirmək, ötən illərdə qazandığı nailiyyətləri daha da  artırmaq arzusuyla qədəm qoyur. Zəngin ənənələri və güclü kadr potensialı ilə bir sıra uğurlara imza atan Azərbaycan Memarlıq və İnşaat Universiteti də yeni tədris ilinə böyük ümidlərlə başlayır. Məqsədimiz qarşıdakı tədris ilində indiyədək əldə etdiyimiz nailiyyətləri təzələmək, dərin və əsaslı biliklərə malik olan kadrlar yetişdirməkdir.

Bu yeni tədris ilində universitetimizin bakalavr pilləsinə 1267, magistr pilləsinə 187 tələbə qəbul olunmuşdur ki, onların da bir çoxu qəbul imtahanlarında yüksək bal toplamışdır. Bu gənclər universitetimizin 7 fakültəsində 20 ixtisas üzrə memar və inşaat mühəndisi peşələrinə yiyələnəcəklər. Dövlət sifarişi ilə təhsil alacaq gənclərin sayı da ötən illərdən çoxdur.

Hər bir ali təhsil müəssisəsinin uğurlarını təmin edən başlıca amillərdən biri də maddi-texniki bazanın yeniləşdirilməsidir.Bu baxımdan son iki ildə universitetimizdə çox böyük işlər görülmüşdür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması barədə" müvafiq sərəncamı ilə ehtiyat fondundan əlavə vəsait ayrılmışdır. Yeni tədris ili ərəfəsində universitetin həyətyanı sahəsində abadlıq işləri aparılıb, korpuslararası yollara yeni asfalt örtüyü döşənib, səkilər təzələnib. 1 saylı tədris binasının fasadı ən müasir inşaat materialları ilə üzlənib. Binanın kommunikasiya xətləri tamamilə yeniləşdirilib. Bütün bunlar tələbələrimizə daha yaxşı oxumaq, professor-müəllim heyətinə məhsuldar işləmək üçün şərait yaratmışdır.

Mən ölkə başçısı cənab İlham Əliyevə universitetimizə göstərilən diqqət və qayğıya görə kollektivimiz adından minnətdarlığımı bildirirəm. Möhtərəm Prezidentimizin etimadını biz hər yerdə, hər işdə doğrultmağa çalışacağıq.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin beynəlxalq əməkdaşlıq əlaqələri ildən-ilə daha da genişlənir.

Universitetimiz 2004-cü ildən İtaliyanın Romualdo Del Bianko Fondu, 2005-ci ildən isə Fransa və Mərkəzi Avropa Memarlıq Məktəbləri Birliyi ilə əməkdaşlıq edir.

Bu yaxınlarda respublikamızın 11 ali təhsil müəssisəsi ilə Türkiyənin Hacəttəpə Universiteti arasında elmi əməkdaşlıq və mübadilə protokolları imzalanmışdır. Həmin ali məktəblər arasında Azərbaycan Memarlıq və İnşaat Universiteti də vardır. Biz qarşıdakı tədris ilində də universitetin beynəlxalq əlaqələrinin genişlənməsinə xüsusi diqqət yetirəcəyik.

Bu gün ölkəmizdə genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri aparılır, Azərbaycanın şəhər, rayon, qəsəbə və kəndləri öz simasını dəyişir, müasirləşir. Bu işlərin görülməsində, sözsüz ki, bizim məzunlarımızın da böyük əməyi vardır.

Mən "Bilik günü" münasibətilə respublikamızın bütün təhsil işçilərini, tələbə adına layiq görülən gənclərimizi, onların valideynlərini təbrik edirəm. Tələbələrə yaxşı oxumağı, elmin sirlərinə dərindən yiyələnməyi, kamil mütəxəssis kimi yetişməyi arzulayıram. 

Gülçöhrə MƏMMƏDOVA,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor,  Milli Məclisin deputatı


Bakı  təhsili  üçün bir çox  uğurları  ilə  yaddaqalan ötən   tədris ili də tarixə çevrildi. Məlum olduğu  kimi, təhsil sürətlə  dəyişən,   dinamik inkişaf edən,  həm  də rəqabətin günbəgün artdığı bir fəaliyyət   sferasıdır. XXI əsrin birinci  onilliyindən başlayaraq dünya təhsil sistemində baş verən dəyişikliklər, bunlarla bağlı irəli sürülən yeni çağırışlar - keyfiyyətli təhsil, yeni texnologiyaların tətbiqi, dünya ölkələrinin təhsil sistemlərinin bir-birinə uyğunlaşdırılması, unifikasiyası, inteqrasiyası və s. nəzərə alınmadan milli təhsilimizin rəqabət qabiliyyətliliyini təmin etmək qeyri-mümkündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  təhsil sahəsinə  göstərdiyi  diqqət  və  qayğının  nəticəsində təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil islahatı, dünya təhsil sisteminə  inteqrasiyası  yolunda  böyük  nailiyyətlər əldə  edildi.  Belə  ki, təhsilin  inkişafı  üçün əsas  şərtlərdən  biri  olan maddi  -  texniki baza inkişaf etdirildi. 5 yeni məktəb  binası inşa edildi. 32 məktəbdə isə əlavə korpus tikilib istifadəyə verildi. 68 məktəbdə əsaslı təmir işləri aparıldı, 3 məktəbin istilik sistemi təmir edildi, 2 məktəbə isə qaz xətti çəkildi.

Bu tədris ilində cənab  Prezidentin 20 iyun 2012-ci il tarixli sərəncamı  ilə   "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qaliblərindən müvafiq olaraq 20 məktəb və 51 müəllim Bakı təhsilinin payına düşdü. 

Məktəblilərin   fənn   olimpiadalarının  respublika  turunda 105 şagirdimiz ən yüksək nəticəni göstərdi. Bu rəqəm   2006-cı  ildə  48  olmuşdur.

Məktəbdənkənar təhsil sahəsində fəaliyyət ötən tədris   ilində  də  səmərəli  quruldu. Yüzlərlə yetirməmiz dünya və Avropa səviyyəli yarışlarda   bir çox uğurlara imza atdı, minlərlə istedadlı gəncimiz musiqi, idman və incəsənət  sahəsindəki ilk uğurlarını Azərbaycanımızın bayrağını ucaltmaqla məhz məktəbdənkənar müəssisələrdə qazandı. 

Ali məktəblərə sənəd  vermiş  17858  nəfər məzundan (attestat alanların 88,4 faizi) 9256  nəfəri, yəni imtahanlarda iştirak edənlərin 51,83 faizi  qəbulda  uğur qazanaraq  tələbə adına layiq görüldü. Bu göstərici isə keçən ildəkinə nisbətən 5 faiz, 2006-cı illə müqayisədə  17,04 faiz  artım  deməkdir.

Əldə olunan nailiyyətlər bizi çox sevindirir. İnanırıq ki,  mükəmməl təhsilli, geniş  dünyagörüşünə malik gənclərimizin  qazandığı  uğurların davamı hələ çox olacaq və onlar  öz  bilik və bacarıqları sayəsində müstəqil Azərbaycanımıza  öz layiqli  töhfələrini  verəcəklər.

Sabah hər birimizin  həyatında yeri görünən bir bayram gününü - 2012-2013-cü  dərs ilinin başlanğıcını - 15 sentyabr "Bilik günü"nü qeyd   edəcəyik.

Əslində hər kəs  fərqli bir ovqa

tla  qeyd   edəcək  həmin günü. Ötən  dərs  ilinin  bu  tarixində   məktəbin   sinif  otaqlarında şagird   kimi  əyləşənlər  yeni  dərs  ilini  tələbə olaraq   ali  məktəb  auditoriyalarında qarşılayacaq. Bağçadakı oyuncaqlarına "əlvida" deyən körpələr əlində çanta tutaraq məktəb yoluna qədəm qoyacaqlar. Beləcə, yeni dərs ilinin başlanğıcı çoxları  üçün unudulmaz bir bayrama çevriləcək. Elə bu bayram münasibətilə bütün təhsil ictimaiyyətini səmimi-qəlbdən təbrik  edirəm. 

Yeni   dərs  ilinin ilk günündə çalınan  məktəb zənginin sədalarının gələcək həyatınızda  ən xoş xəbərlərlə səsi  eşidilən  bir sədaya çevrilməsi  diləyi ilə... Bayramınız mübarək!  

Nailə RZAQULİYEVA,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, əməkdar müəllim


Artıq danılmaz həqiqətdir ki, əsası müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş quruculuq siyasəti nəticəsində Azərbaycan dövlətinin hüquqi-sosial bazası yaranmış, müstəqilliyi möhkəmlənmiş,  dünya birliyinə inteqrasiya istiqamətində çox ciddi addımlar atılmışdır. Ulu öndərin birbaşa rəhbərliyi ilə müstəqilliyin ilk illərindən ölkə həyatının bütün  sahələrində aparılan geniş quruculuq işləri dövlətimizin başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən  uğurla davam etdirilir. Məhz aparılan düzgün daxili və  xarici siyasət nəticəsində  Azərbaycan dünyada siyasi sabitliyinə görə ilk yerlərdən birini tutur, iqtisadi  inkişaf sürətinə görə lider ölkələrin sırasındadır.  Həyata kecirilən  çoxsaylı dövlət  proqramları sayəsində ölkəmiz ilbəil inkişaf edir.

Digər sahələrdə olduğu kimi, təhsildə də əsası ulu öndər tərəfindən qoyulmuş uğurlu islahatlar davam etdirilir, təhsilin infrastrukturunun yaranmasında və möhkəmlənməsində, maddi-texniki bazasının formalaşmasında, bütovlükdə milli  təhsil sisteminin qurulmasında çox önəmli addımlar atılır. Xüsusi ilə son illər ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı, həmçinin Heydər Əliyev Fondunun  dəstəyi ilə  bu sahədə köklü islahatlar aparılır. Təhsilin məzmununa və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşmə prosesləri gedir.

Ümummilli lider Heydər Əliyev dövlət idarəçiliyinin bütün mərhələlərində  elm və təhsilin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşaraq, ilk növbədə, xalqın intellektual sahədə qazandığı nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti və etibarlı təminatı hesab edirdi. Ulu öndərin bu tövsiyəsinə müvafiq olaraq, rəhbərlik etdiyim Gəncə Dövlət Universitetində məqsədyönlü işlər aparılır.

Bu gün universitetimiz ölkənin ən mütərəqqi təhsil müəssisələrindən biridir. Universitetin missiyasına ardıcıl və humanist təhsil prosesini təşkil etmək, elmi mühiti formalaşdırmaq, intellektual səviyyəli müəllim, yüksək dərəcəli elm adamı, ixtisaslı mütəxəssis yetişdirmək, bu kadrlarla Azərbaycanın təhsil və elm ocaqlarını, idarə, müəssisə və təşkilatlarını təmin etmək daxildir.

Əldə etdiyimiz nəticələr, zəngin təcrübə bir daha əmin olmağa əsas verir ki, universitetimiz özünün tarixi ənənələrinə, milli mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha mütərəqqi şəkildə inkişaf  edəcəkdir. Bu inamla da biz yeni dərs ilini böyük ruh yüksəkliyi ilə qarşılayırıq.

Artıq sabah bütün ölkəmizdə hamının səbirsizliklə gözlədiyi gün - "Bilik günü" ümumxalq bayramı kimi qeyd olunacaq, şagirdlər və tələbələr ilk zəngin sədaları altında siniflərə və auditoriyalara qədəm qoyacaq, müəllim və valideynlərin bayram əhvali-ruhiyyəsi bir-birinə qarışacaqdır. Bu il Gəncədə "Bilik  günu" ikiqat bayram ediləcəkdir. Bu, həmin günün dahi Azərbaycan şairi, böyük  mütəfəkkir və filosof Nizami Gəncəvinin 870 illik yubileyi ilə üst-üstə düşməsi ilə əlaqədardır. Bu əlamətdar hadisələr bizim məsuliyyətimizi ikiqat artırır, bizi Nizami Gəncəvi ideyalarına sadiq olmağımıza, gənclərimizin təlim və  tərbiyəsində daha ciddi çalışmağımıza, vətənə layiqli mütəxəssislər hazırlamağımıza səsləyir.

"Bilik günü" münasibətilə bütün təhsil işçilərini təbrik edir, onlara yeni tədris ilində yeni-yeni nailiyyətlər və uğurlar arzulayıram. 

Elman MƏMMƏDOV,
Gəncə Dövlət Universitetinin rektoru, professor


15 sentyabr - "Bilik günü" münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Təbii haldır ki, bu bayram münasibəti ilə təhsil işçilərinin sevinci daha böyükdür. Çünki cənab İlham Əliyevin "Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik" devizi ilə təhsilin Avropa standartlarına uyğunlaşdırılması, onun maddi-texniki bazasının inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlər artıq reallığa çevrilməkdə, gerçək həllini tapmaqdadır.

Sevindirici haldır ki, XXI əsr "Təhsil əsri" elan olunub. Ölkəmizdə ardıcıl və sistemli şəkildə həyata keçirilən islahatlar təhsilin hər bir sahəsinə öz təsirini göstərir. "Milli Kurikulum" dövlət sənədinin hazırlanması, "Elektron məktəb" layihəsi, "Ümumi təhsil sistemində dərslik siyasəti", "Qiymətləndirmə Konsepsiyası" və s. vacib layihələrin mərhələlərlə həyata keçirilməsi artıq öz səmərəsini göstərməkdədir.

Bu danılmaz bir həqiqətdir ki, hazırda sosial-iqtisadi inkişaf ölkəmizin bütün sahələrində sürətlə gedir. Təhsil işçilərinə böyük töhfədir ki, son illər ərzində xeyli məktəb binaları tikilmiş və təmir edilərək istifadəyə verilmişdir.

Azərbaycan təhsil sistemi dövlət qayğısı altındadır. Dövlət nəinki Azərbaycanda, hətta Azərbaycandan kənarda da təhsil alan istedadlı gənclərə dəstəkdir.

Ulu öndərimiz Heydər Əliyev gənc nəslə böyük ümidlər bəsləyərək demişdir: "Azərbaycanın gəncləri Azərbaycanın gələcəyidir". İndi bizim təhsilimizin məqsədi müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvlərini hazırlamaqdır. Yeri gəlmişkən onu da qeyd edim ki, liseyimiz 2008-ci ildə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub. 6 müəllimimiz "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. 9 məzunumuz Prezident təqaüdçüsüdür. Respublikamızda ilk dəfə 700 bal toplayan 3 abituriyentdən biri bizim liseyin məzunu Emin Abbasov olmuşdur. Müəllimlərimizdən 5 nəfəri "Əməkdar müəllim" adına layiq görülmüş, 1 nəfər isə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Builki məzunlarımızın ali və orta  ixtisas məktəblərinə qəbulunun nəticələri də sevindirici olub. 138 məzunumuzdan 136 nəfəri qəbul üçün sənəd verib. Onlardan 95-i respublikamızın ali məktəblərinə, 11-i xarici ölkə universitetlərinə, 12-si isə orta ixtisas məktəblərinə qəbul olunub. Həmin məzunlardan 6 nəfəri 600-dən, 22 nəfəri isə 500-dən yuxarı bal toplayıb.

Bəli, vətəndaş məktəbdə yetişdiyi üçün Azərbaycanın çiçəklənməsi biz təhsil işçilərindən daha çox asılıdır. Odur ki, bu çətin və müqəddəs işdə bütün təhsil işçilərinə uğurlar arzulayıram. 

Fikrət XƏLİLOV,
Heydər Əliyev adına liseyin direktoru, əməkdar müəllim


Artıq neçə ildir ki, 15 sentyabr - "Bilik günü" bütün respublikamızda böyük bayram sevinci ilə qeyd olunur.

Bu  bayram  ölkəmizin  hər yerində qeyd edildiyi üçün, 23 nömrəli məktəbdə də böyük təntənə ilə keçirilir.

23 nömrəli məktəb gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, onların həyata hazırlanmasında bütün təhsil ocaqlarına örnək olmuş və bu gün də örnək olaraq qalmaqdadır. Çünki təkcə məktəbimizin deyil, həm də xalqımızın, ölkəmizin gələcəyi bizim gənclərin əlindədir.

Bu gün respublikamızın iqtisadi və siyasi sahədə əldə etdiyi uğurları, beynəlxalq nüfuzu qoruyub saxlamaq və inkişaf etdirmək bizim məzunlarımızın əlindədir.

Beynəlxalq aləmdə böyük hörmət və nüfuz qazanan Prezidentimiz cənab İlham Əliyevin iqtisadi potensialın intellekt kapitalına çevrilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr təhsilin Avropa standartlarına uyğunlaşdırılması, onun infrastrukturunun yenilənməsi ilə əlaqədar irəli sürdüyü müddəalar öz həllini tapmaqdadır.

Vətənimizdə kamil şəxsiyyətin, hərtərəfli biliklərə malik vətəndaşların formalaşması üçün kifayət qədər yüksək imkanlar yaradılır. Yüzlərlə gəncin Avropanın qabaqcıl təhsil ocaqlarına göndərilməsi, təhsil islahatlarının uğurla həyata keçirilməsi, "2011-2012-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın Azərbaycan Prezidenti tərəfindən imzalanması özünəməxsus təhsil və tədris ənənələri olan ölkəmizin işıqlı gələcəyindən xəbər verir.

Mən bu gün fürsətdən istifadə edərək qarşıdan gələn "Bilik günü" münasibəti ilə bütün təhsil işçilərini, respublikamızın bütün ictimaiyyətini ürəkdən təbrik edirəm, bu şərəfli işdə onlara uğurlar arzulayıram. 

İradə RƏHİMLİ,
T.Həsənov adına 23 nömrəli orta məktəbin direktoru


Əziz müəllimlər, şagirdlər və valideynlər! "Bilik günü" münasibəti ilə sizi təbrik edirəm. Bu gün ilk dəfə məktəbə qədəm qoyan birincilər üçün həyəcanlı və yaddaqalan əlamətdar gündür. Arzu edirəm ki, "Bilik günü" onların yadında qalan hadisə kimi yox, gələcək həyatın uğurlu başlanğıcı olsun.

İnsanın həyatda fəth etdiyi zirvələrə gedən yol məktəbdən başlayır. Bu yolun başlanğıcında isə müəllim dayanır. Müəllim şagirdlərinə bilik, bacarıq vərdişləri öyrədir, onların bir şəxsiyyət kimi formalaşmasında, gələcək həyat yolunu seçməsində müstəsna rol oynayır.

Bu gün müəllim əməyi yalnız şagirdlərin gündəliklərinə yazdığı qiymətlərlə deyil, şagirdləri həyata necə hazırlamaları ilə ölçülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları qeyd etdiyi kimi: "Müəllimlərin üzərinə çox böyük vəzifə düşür. Gələcək nəslin yetişdirilməsi, onların tərbiyə olunması, Azərbaycana bacarıqlı kadrların hazırlanması çox böyük vəzifədir və ölkəmizin inkişafı məhz bilik səviyyəsindən asılı olacaqdır".

Müəllim peşəsi Allah tərəfindən verilib. Qalan peşələri isə müəllim verir. Bu tədris ilində müəllim əməyinə, müəllim adına ən yüksək qiymət verən ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü qeyd olunacaq. Yubiley gününə təhsildə qazandığımız uğurlarla gedəcəyimizə inanıram və bu yolda Azərbaycan müəllimlərinə uğurlar arzulayıram. 

Sabir MƏMİŞOV,
Bakıdakı 20 nömrəli məktəb-liseyin direktoru, əməkdar müəllim


Xalqımızın gənc nəsil nümayəndələrini, ali və orta təhsil ocağımızda çalışan bütün professor-müəllim heyətini yeni 2012-2013-cü tədris ili münasibətilə təbrik edirəm.

Gənc nəslin nailiyyətləri biz müəllimlərin onlara verdiyi bilik, göstərdiyi diqqət nəticəsində öz bəhrəsini göstərə bilər. Buna nümunə olaraq, dünya miqyaslı tədbirlərdə Azərbaycanın mötəbər yer tutması, daim ön sırada getməsi ölkəmizin təhsil işçilərinin gənclər üzərində səmərəli iş aparmasından xəbər verir.

Gənc nəslin yetişdirilməsində və yüksək biliyə malik olan mütəxəssis kimi dünya arenasına çıxarılmasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin böyük rolu vardır.

Bu il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın köməkliyi nəticəsində keçirilən yüksək səviyyəli tədbirlər, çoxsaylı müsabiqələr, Bakı Musiqi Akademiyasında və Qəbələdə festivallar, "Avroviziya" müsabiqəsinin Bakıda keçirilməsi, XXX London Yay Olimpiya Oyunlarında qazanılan medallarımızın sayı və digər elmi-texniki sahələrdə qazanılan uğurlar Azərbaycanın sivil ölkələrin sırasında durmasından xəbər verir.

Yeni dərs ilinin təbriklərilə yanaşı, mən xoş arzularımı da "Azərbaycan müəllimi" qəzetinə çatdırmaq istərdim. Hansı ki, təhsilimizdə baş verən yeniliklər və aktual problemləri öz səhifələrində yüksək səviyyədə işıqlandıraraq şagirdlərin, tələbələrin, qabaqcıl müəllim və professor heyətinin iş təcrübəsini və metodikasını geniş şəkildə əks etdirir.

Arzu edirəm ki, artıq yeni tədris ilinə qədəm qoyarkən düşmənlər tərəfindən zəbt olunmuş Qarabağ torpaqlarımız azad olunsun, təhsil sahəsində Şuşa, Ağdam, Füzuli, Laçın şəhərlərində beynəlxalq simpoziumlar, musiqi festivallarının keçirilməsi zəminində gənclərdə ruh yüksəkliyi yaradaraq onların öz bacarıqlarını nümayiş etdirmələrinə nail olaq. 

Fərhad BƏDƏLBƏYLİ,
Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, professor


Bu gün respublikamızda təhsil sahəsində miqyaslı islahatlar aparılır, yeni-yeni nailiyyətlər qazanılır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti keçdiyi şərəfli 90 il ərzində bütün sahələrdə çox böyük uğurlara imza atıb. Vaxtilə təkcə Azərbaycan üçün deyil, Türkmənistan, Özbəkistan, Dağıstan, Krım və digər regionlar üçün aktyor və rejissor kadrları hazırlayan təhsil ocağı bu gün həmin ənənəni yeni keyfiyyətdə, yeni ixtisaslarla, daha geniş miqyasda davam etdirir. Xarici ölkələrin ADMİU-da təhsil alan məzunlarına beynəlxalq sertifikatların verilməsi, universitetin Amerika, İngiltərə, Fransa, İtaliya, Rusiya, Misir, Türkiyə, İran, bir sözlə, 23 xarici ölkənin 46 ali məktəbi ilə əməkdaşlıq etməsi, qarşılıqlı müqavilələrin imzalanması bu təhsil müəssisəsinin beynəlxalq miqyasda nüfuz sahibi olmasını təsdiq edən amillərdir. Təhsil mübadiləsində, mədəniyyət, elm və təhsil sahəsindəki xarici əlaqələr istiqamətində böyük uğurlara imza atmış bu unikal sənət məbədgahı Avropa İncəsənət Universitetləri liqasının tamhüquqlu üzvüdür.

Ölkə başçımız hörmətli Prezidentimiz cənab İlham Əliyev Azərbaycan təhsilinə, elminə, mədəniyyət və incəsənətinə xüsusi diqqət yetirir. Görkəmli sənət adamlarına qayğı ilə yanaşır, onlara Prezident təqaüdləri verir, mənzillərlə təmin edir. Bu qayğını universitetimizin də professor-müəllim heyəti daim hiss etməkdədir. Yeni tədris ilində universitetin tədris binalarında abadlıq və təmir işləri artıq başa çatmış, təhsil ocağının maddi-texniki bazası yenilənmiş, müasir tələblərə uyğun tədris binaları yeni avadanlıqlarla təchiz edilmiş, Tədris teatrı, Tədris studiyası və xüsusiləşdirilmiş auditoriyalar tələbələrimizin ixtiyarına verilmişdir. Kulturologiya, Musiqi sənəti və rəssamlıq fakültələrinin yerləşdiyi tədris binasında müasir texnika ilə təchiz olunmuş istixana inşa edilmişdir. Bir sözlə, universitetimiz hər il olduğu kimi, bu il də yeni dərs ilini yeni uğurlarla qarşılayacaq.

Hazırda universitetimizin inkişafı, mədəniyyət və bədii təhsilin yüksəlişi ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi mütəmadi qayğı nəticəsində həyata keçirilir.

Universitetimizin professor-müəllim və tələbə kollektivi möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının daxili və xarici siyasətini dəstəkləyir, respublikamızın çiçəklənməsi naminə fəaliyyətində  uğurlar diləyir.

Qarşıdan yeni - 2012-2013-cü tədris ili gəlir. Universitetimizin professor-müəllim heyəti yeni tədris ilində yeni uğurlarla, mədəniyyət və incəsənət təhsili sahəsində var qüvvə ilə çalışacaq, möhtərəm Prezident İlham Əliyevin təhsil işçiləri qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirəcək. Yeni tədris ili münasibəti ilə respublikamızın bütün təhsil işçilərini ürəkdən təbrik edir, ölkə təhsilimizin yüksəlişi üçün şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram. 

Timuçin ƏFƏNDİYEV,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor, əməkdar incəsənət xadimi


Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli mənəvi və ümumbəşəri dəyərlərə əsaslanaraq inkişaf edir. Müstəqil respublikamızın yetirməsi olan və özünün 20 illiyini qeyd edən Lənkəran Dövlət Universiteti bu gün Azərbaycanın qabaqcıl ali məktəbləri sırasında layiqli yer tutur. Universitetimizin inkişafına ümummilli lider Heydər Əliyev xüsusi diqqət və qayğı göstərmiş və demişdir: "Lənkəran Dövlət Universiteti təhsil və elm ocağı olmaqla, həm də bölgənin böyük mədəniyyət mərkəzidir". Azərbaycan Prezidenti İlham Əliyevin elm, təhsil və mədəniyyətin inkişafı istiqamətində qarşıya qoyduğu vəzifələr məsuliyyətimizi daha da artırmışdır. Dövlət başçısının elmə, təhsilə, mədəniyyətə, ölkənin gələcəyi olan gəncliyə diqqət və qayğısı kollektivimizi daha böyük uğurlara ruhlandırır.

Fəaliyyət göstərdiyi dövrdən indiyədək universitetimizi 5 mindən çox tələbə bitirmişdir ki, onlar ölkə həyatının müxtəlif sahələrində işləyirlər. Məzunlarımız öz peşə borclarını ləyaqətlə yerinə yetirir, doğma təhsil ocağının adını, şərəfini uca tuturlar.

Hərtərəfli biliyə və savada malik peşəkar, saf ideyalı vətənpərvər mütəxəssislər yetişdirmək əsas vəzifəmizdir. Bu il universitetdə mühasibat uçotu və audit, kompüter elmləri, tərcümə kimi yeni ixtisaslar açılmışdır.

Universitetdə 2000-ə yaxın tələbə yeni dərs ilinə başlayır, 500-ə yaxın gənc ilk dəfə tələbə kimi universitetimizə qədəm qoyur. Məzunlarımızın yüksək balla ali məktəblərin magistratura şöbələrində təhsillərini davam etdirmələri universitetimizdə tədrisin keyfiyyətinin uğurlarından xəbər verir.

Yeni tədris ilinə uğurla başlayırıq. Tədris korpusu əsaslı təmir edilmiş, abadlıq və yenidənqurma işləri aparılmışdır. İnformatika laboratoriyaları müasir tələblərə uyğun qurulmuş, yeni laboratoriyalar və tələbələrin tədris - təcrübə sahəsi istifadəyə verilmiş, universitetin maddi-texniki bazası əsaslı şəkildə gücləndirilmişdir. Tələbələrin ixtiyarına geniş auditoriyalar, zəngin laboratoriyalar, elmi kitabxana, tələbə yataqxanası, böyük idman zalı və s. verilmişdir. Təkcə bi il universitetin 3 binası əsaslı təmir olunmuşdur. Universitetdə "Heydər Əliyev muzeyi və İdarəçilik Məktəbi" fəaliyyət göstərir.

Universitetimiz dünyanın 100-dən çox elm və təhsil ocaqları ilə əməkdaşlıq edir. LDU Xəzəryanı Ölkələri Universitetləri Assosiasiyasının və Avrasiya Universitetləri Assosiasiyasının üzvüdür. Fransanın Mark Blok adına Strasburq Universiteti, Rusiya Federasiyasının M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Ukraynanın Kiyev və Donetsk Universitetləri, Almaniyanın, Moldovanın, Türkiyənin, İran İslam Respublikasının və dünyanın digər ölkələrin ali məktəbləri ilə tələbə-müəllim və elmi tədqiqatlar mübadiləsinə dair əməkdaşlıq edirik. Yeni tədris ilində də bu əməkdaşlıq davam edəcəkdir.

15 sentyabr - yeni dərs ilinin başlanğıcı, həm də "Bilik günü"dür. Universitetimizin kollektivi bundan sonra da xalqa sədaqətlə xidmət edəcək, elm və təhsildə yeni uğurlara imza atacaqdır.

"Bilik günü" və yeni dərs ilinin başlanması münasibəti ilə bütün təhsil işçilərini təbrik edir, onlara işlərində yeni-yeni uğurlar arzulayıram. 

Asəf İSGƏNDƏROV,
Lənkəran Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor


Fransız filosofu Deni Didro demişdir ki, millətin yüksəlməsi insanların, xüsusilə, uşaqların gözəl təhsili ilə mümkündür.

Həqiqətən də təhsil, elm, bilik ən böyük sərvətdir. Bu gün respublikamızda gənclərin hərtərəfli biliklərə yiyələnməsi, peşəkar mütəxəssis kimi yetişməsi üçün təhsilin keyfiyyətinin yüksəlməsi sahəsində böyük işlər görülür. Yeni tədris ocaqlarının açılması, yeni dərsliklərin nəşri, kurikulum istiqamətində islahatların davam etdirilməsi bir məqsədə xidmət edir: Azərbaycan gənclərinin dövlətə sədaqətli vətəndaş kimi tərbiyəsi və müstəqil Azərbaycanın inkişafına xidmət edən dəyərli mütəxəssislərin yetişməsi. Təhsil dərs vermək deyil, bir fərdin daxili istedadının inkişaf etdirilməsi vasitəsidir.  Təsadüfi deyil ki, hər tədris ilinin ilk günü - 15 sentyabr məhz "Bilik günü" kimi qeyd olunur. Bu gün gələcəyə körpü yaradan, elm xəzinəsinin qapısını açan, təhsil işçilərini səfərbərliyə alan bir gündür.

Bu münasibətlə bütün təhsil işçilərini ürəkdən təbrik edir, onlara yeni tədris ilində uğurlar diləyirik.

Övladlarımıza isə dərin biliklərə yiyələnib doğma Azərbaycanımıza layiqli vətəndaş kimi yetişməyi arzu edirəm. 

Məhəbbət VƏLİYEVA,
akademik Zərifə Əliyeva adına liseyin direktoru, əməkdar müəllim


Bu gün milli təhsilimizin dünya təhsilinə inteqrasiya etdiyi bir dövrü yaşayırıq. Qazanılan uğurların müsbət nəticəsidir ki, artıq Azərbaycan təhsilinin yetirmələri öz təhsillərini Avropanın və dünya ölkələrinin müxtəlif nüfuzlu ali məktəblərində davam etdirirlər. Dövlətlərarası müqavilələrlə və  ölkə rəhbərinin müvafiq sərəncamları ilə tənzimlənən tələbə mübadiləsi prosesi gələcək Azərbaycanın çiçəklənməsi naminə  mütəxəssis hazırlığında önəmli rol oynayır. Hələ Sovetlər Birliyinin tərkibində olduğu dövrdə  ümummilli lider Heydər Əliyev Azərbaycan övladlarının  xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında  təhsil almalarına, ölkəmiz üçün bacarıqlı ixtisaslı kadrların hazırlanmasına nail olmuşdu. Ölkəmizə ikinci dəfə rəhbər təyin olunandan sonra  xalqın sevimli oğlu  həmin prosesi daha geniş sferada  həyata keçirməyə başladı. Böyük öndərin siyasi varisi  İlham Əliyev Prezident seçildikdən sonra  bu proses  daha da sürətlənib və mübadilə coğrafiyası genişlənib.

Artıq bu gün Azərbaycanda  fəaliyyət göstərən  bütün ali məktəblər Boloniya  prosesinə  qoşulub. Ali təhsil ocaqlarımızda kredit sisteminin tələblərinə uyğun olaraq qiymətləndirmə prinsipi həyata keçirilir. Orta təhsil müəssisələrində  uğurla həyata keçirilən  kurikulum layihələrini də dünya təhsilinə  inteqrasiyanın uğurlu bəhrələri kimi səciyyələndirmək olar.

Təhsilimizdə olan yeniliklər orta ixtisas təhsili  və peşə təhsili müəssisələrinə  də öz töhfələrini verməkdədir. Bu gün orta ixtisas məktəblərini,  yaxud  peşə liseylərini bitirən oğlan və qızlar  artıq kompüter əsrinin mütəxəssisləri sayılırlar. Onlar da seçdikləri peşələrin  əsl sahiblərinə çevrilməklə  öz bilik və bacarıqlarını  istənilən ölkədə  nümayiş etdirməyə qadirdirlər. Bütövlükdə bunların  hamısı milli təhsilimizdə  müstəqillik dövründə qazanılan uğurlardır ki, buna görə uşaq, yeniyetmə  və gənclərlə  əzmlə çalışan, təhsil prosesində  yeni texnologiyaların tətbiqinə ustalıqla  nail olan müəllimlərə, pedaqoqlara öz təşəkkürümü bildirirəm.  "Bilik günü" münasibətilə bütün pedaqoji kollektivləri - müəllimləri, tələbələri, şagirdləri və elm adamlarımızı ürəkdən təbrik edir, təhsilimizin inkişafı naminə fəaliyyətlərində  hamıya uğurlar  diləyirəm.

Təhsilimizə daim diqqət və qayğı   göstərdiklərinə görə ölkə rəhbəri İlham Əliyevə və Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya xüsusi minnətdarlığımı ifadə edirəm. 

Nurlana ƏLİYEVA,
Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, əməkdar müəllim, professor


Zaman dövlət və cəmiyyətdə köklü dəyişikliklər  yaradır, bu isə öz növbəsində müəllim qarşısında qoyulan tələbləri dəyişir. Azərbaycan təhsilinin müasir inkişaf mərhələsini kiçik bir zaman müddətində təhsilimizdə baş verən böyük dəyişikliklərdə görürük. Ulu öndərimiz, ümummilli lider Heydər Əliyev həmişə təhsil sahəsinin inkişafına müstəsna əhəmiyyət vermiş, bunu dövlət siyasətinin mühüm tərkib hissəsi kimi dəyərləndirmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin ulu öndərin siyasi kursunu layiqincə davam etdirməsi, Azərbaycan məktəblərinin zamanın tələblərinə uyğunlaşdırılması, yeni tədris ocaqlarının tikilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, təhsilin yüksək inkişafına yönəlmiş proqram və layihələrin həyata keçirilməsi dövlət başçımızın təhsilə olan qayğısını təcəssüm etdirir.

Mən beynəlxalq məsləhətçi kimi xarici dövlətlərin təhsili ilə yaxından tanışam.  Bu mənə imkan verir ki, respublikamızın təhsilini xarici dövlətlərin təhsili ilə müqayisə edim.  Bir daha əmin oluram ki, həqiqətən də bizim təhsil sahəsində gedən islahatlar inkişaf edən ölkələrdə gedən islahatları qabaqlayır.  Dövlətimiz tərəfindən həyata keçirilən onlarla layihələr təhsildə yeni imkanlar yaradır. Məsələn, yüzlərlə məzunumuz xarici dövlətlərin ən mötəbər ali təhsil ocaqlarında  təhsillərini davam etdirirlər. Təkcə bu il Bakı Avropa Liseyinin 46 məzunundan 17 nəfər xarici ölkələrin universitetlərinə təhsillərini davam etdirməyə gedəcək. Bu yolla ixtisaslı kadrların yetişməsi  Azərbaycan Respublikasının gələcəyini təmin etmiş olur.

Təhsildə başlayan irimiqyaslı islahat addımları müəllimlərin fəaliyyətində bir sıçrayış yaratdı. Müntəzəm olaraq müəllimlərin maddi rifahını yüksəltmək naminə atılan addımlar onları yeni nailiyyətlər axtarışında olmağa, təhsilin keyfiyyətini yüksəltməyə ruhlandırdı.

Yeni tədris ilində də qarşımızda böyük layihələrin həyata keçirilməsi durur. Mən müəllim kimi mötəbər, çətin və məsuliyyətli peşə sahiblərinə cansağlığı, işlərində uğurlar diləyirəm. Təhsilimizin rifahı naminə yeni nailiyyətlərə imza atmalarını arzulayıram. Yeni dərs iliniz mübarək! 

Zülfiyyə VEYSOVA,
Bakı Avropa Liseyinin direktoru, psixologiya elmləri üzrə fəlsəfə doktoru, əməkdar müəllim 


 Son illər ölkəmizdə gedən təhsil islahatları və bu yeniliklərin uğurlu nəticələri, təhsilə dövlət tərəfindən böyük qayğı və diqqətin təcəssümüdür.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilimizə olan diqqəti, qayğısı bizi hər yeni dərs ilini daha da uğurlu başa vurmağa ruhlandırır.

Bu gün nümunəvi məktəblərdən biri kimi biz də bu qayğını hiss edirik. Biz göstərilən diqqətin, qayğının müqabilində daha yüksək nəticələr qazanmaq, Azərbaycan üçün hərtərəfli ixtisaslı kadrlar, Vətənə layiqli vətəndaşlar yetişdirmək niyyətindəyik.

Hər bir insanın həyatda tutacağı mövqe yetişdiyi ailənin və aldığı təhsilin özəlliyindən asılıdır. Ona görə də məktəbin əsas vəzifəsi mənəviyyatı güclü, insani və ictimai dəyərlərə önəm verə bilən, elmi dəyərləndirən, dünyamız üçün sülhsevər fərdlər yetişdirmək, şəxsiyyət formalaşdırmaqdır.

Ulu öndərin siyasətini uğurla davam etdirən dövlət başçımız İlham Əliyev də müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi, Azərbaycan təhsilinin dünya standartlarına cavab verməsini təmin etmək üçün bir çox layihələrin həyata keçməsinə şərait yaratmışdır. Həmişə qabaqcıl, öndə gedən təhsil ocağı olaraq 6 nömrəli məktəb bu inkişaf prosesində nəinki kənarda qala bilməz, bu layihələrin həyata keçirilməsinin birincilərindən olmuşdur.

Cənab nazirimiz Misir Mərdanov başda olmaqla bu şərəfli peşənin daşıyıcıları olan müəllimləri - ümumiyyətlə, respublikamızın bütün təhsillə bağlı olan insanlarını yeni dərs ilinin başlanması və "Bilik günü" münasibətilə öncədən təbrik edir və mükəmməl uğurlarının davamını diləyirəm.  

Gülşən ORUCOVA, 
6 nömrəli məktəb-liseyin direktoru


Bu günlər bütün respublikamızda bayram əhvallı günlərdir. "Bilik günü" bütün ölkədə yüksək səviyyədə qeyd olunur. Bu tədbirə hamı ürəklə hazırlaşır. Çünki bu bayram gələcəyimizin təminatçısı olan balalarımızın bayramıdır. Ümummilli lider Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" müdrik kəlamı hər bir təhsil işçisinin həyat amalına çevrilmişdir. Hər kəs bacardığı kimi bu işin öhdəsindən  gəlməyə çalışır. Biz də "Gənc istedadlar" liseyi olaraq bu məşhur kəlamın daşıyıcılarından biri kimi öz vəzifələrimizi başa düşürük və bu yolda var qüvvəmizlə çalışırıq.

Bu gün ölkəmizdə təhsil sahəsində mühüm quruculuq işləri gedir, genişmiqyaslı islahatlar, dövlət proqramları həyata keçirilir ki, bu da artıq öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyevin təhsil sisteminə diqqət və qayğısı sayəsində təhsilin ayrı-ayrı sahələri üzrə 20-dən artıq dövlət proqramı təsdiq olunaraq reallaşdırılmağa başlanmış, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər həyata keçirilməkdədir. Reallaşan proqramlardan biri də "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"dır. Məhz bu proqramın reallaşması istiqamətində atılan mühüm addımlardan biri də "Gənc istedadlar" liseyinin yaradılmasıdır. Liseyimiz artıq 5 ildir ki, fəaliyyət göstərir. Geridə qalan 5 ildə kifayət qədər uğurlarımız, nailiyyətlərimiz olmuşdur. Liseyimizin qarşısına qoyduğu əsas vəzifə gənc istedadları üzə çıxararaq onlara lazımi şəraiti yaratmaqla müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Məhz bu səbəbdəndir ki, həyata vəsiqə aldığı 5 illik müddət ərzində liseyimizin uğurlarından ən böyüyü bu illər ərzində liseyi bitirən şagirdlərimizin hamısının respublikamızın və xarici ölkələrin nüfuzlu ali məktəblərinə yüksək balla qəbul olunmalarıdır. Bu şagirdlərin arasında Prezident təqaüdçüləri də vardır.  

Bundan başqa,  liseyimizin şagirdləri dünya və respublika səviyyəli olimpiadalarda, bilik yarışlarında, intellektual yarışlarda yüksək nailiyyətlər əldə etmişlər. Sözsüz ki, bütün bu uğurlar bizi çox sevindirir və daha böyük nailiyyətlər əldə etməyə həvəsləndirir.

Əziz təhsil işçiləri, əziz həmkarlar! Sizin hər birinizi "Bilik günü" münasibətilə ürəkdən təbrik edir, bu ağır və şərəfli yolda hər birinizə cansağlığı, səbr və bol-bol uğurlar arzulayıram.Ölkə rəhbərliyinin qarşımıza qoyduğu vəzifələrin həyata keçirilməsində var qüvvəmizlə çalışacağımıza və biz təhsil işçilərinə olan inamı doğruldacağımıza əminliklə ümid bəsləyirəm. Bir daha hər birinizin yeni dərs ilini ürəkdən təbrik edirəm.  

Qasım HÜSEYNOV,
"Gənc istedadlar" liseyinin direktoru, professor


Sabah yeni dərs ili başlayır. Bu hadisə ölkəmizdə xüsusi önəm kəsb etdiyindən dərs ilinin ilk gününü "Bilik günü" kimi bayram edirik. Bu münasibətlə bütün təhsil işçilərini təbrik edir, həmkarlarıma yeni dərs ilində uğurlu fəaliyyət və qələbə sevinci arzulayıram.

Belə bir sevinc hissini mən ötən dərs ilində yaşamışam: "Ən yaxşı müəllim" müsabiqəsində qalib gələndə. Bu qələbənin isə mənim üçün əsas özəlliyi o idi ki, müsabiqənin III - təqdimat mərhələsində hörmətli təhsil nazirimiz Misir Mərdanov başda olmaqla təşkilat komitəsinin bütün üzvləri mənə ən yüksək -  10 bal vermişdilər. Bu mənim o qədər də çox olmayan pedaqoji fəaliyyətim dövründə qazandığım ən böyük qələbədir.

5 il öncə "Ən yaxşı müəllim" müsabiqəsi keçirilməyə başlayanda mən dördüncü il idi ki, müəllim işləyirdim. Hələ onda qarşıma məqsəd qoymuşdum ki, mən də müsabiqədə iştirak edim. Bu il arzum gerçəkləşdi. Buna görə də mən ilk növbədə ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına minnətdarlıq edirəm.

Müəllimə bu qədər önəm verilən, müəllim adı çox yüksəklərdə tutulan, təhsilin inkişafı, dünyaya inteqrasiyası məsələlərinə böyük diqqət və qayğı göstərilən bir ölkənin vətəndaşı - müəllimi olduğum üçün fəxr edirəm.

Ölkəmizdə kurikulum islahatının həyata keçirildiyi son 4 ildə mən də cəmiyyətdə baş  verən yenilikləri dərk edərək, peşəsini hədsiz dərəcədə sevən bir müəllim kimi öz işimi müasir tələblərə uyğun qurmağa çalışmışam və çalışıram.  Bilik, bacarıq səviyyəmi artırmaq üçün  təlim texnologiyalarının tətbiqi üzrə təşkil olunan inkişafyönümlü  müxtəlif beynəlxalq kurslarda iştirak etmişəm. Bu kurslarda öyrəndiklərimi bu gün dərslərimdə tətbiq edərək dərslərimin şagirdlər üçün maraqlı, cəlbedici  olmasına, tədris prosesində şagirdlərin fəal iştirakına, tədris materialı əsasında daha geniş biliklər, sosial vərdişlər  qazanmasına nail olmağa səy göstərirəm.

Yaradıcı fəaliyyətə marağım və həvəsim pedaqoji sahədə, kurikulumun tətbiqi işində topladığım təcrübəni bölüşməyimə təkan vermişdir. Bu mənada yeni qiymətləndirmə qaydalarının tətbiqi sahəsində müəllimlər üçün əyani vəsaitlər hazırlanmasında,  2-ci, 3-cü, 4-cü siniflər üçün Azərbaycan dili fənni üzrə qiymətləndirmə, 4-cü sinif üçün Azərbaycan dili fənnindən sinifdənxaric oxu, Həyat bilgisi fənni üzrə qiymətləndirmə vəsaitlərində həmmüəllif, 2-ci siniflər üçün  "Gözəl yazı" hüsnxət vəsaitinin redaktoru, 3-cü siniflər üçün Azərbaycan dilindən  sinifdənxaric oxu və 4-cü sinif üçün riyaziyyat fənni üzrə qiymətləndirmə vəsaitinin  rəyçisi olmuşam.

Qarşıdan gələn dərs ilinin bütün müəllimlər üçün belə yaddaqalan olmasını, siniflərinin qapılarını yeniliklərə  açaraq  daim nailiyyətlər qazanmalarını arzulayıram. 

Sevinc ƏLİYEVA,
Bakıdakı 286 nömrəli tam orta məktəbin müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov