Bu
günlərdə N.E.Bauman adına Moskva Dövlət Texniki
Universitetinin professor-müəllim heyətinin bir qrupu
Müstəqil Dövlətlər Birliyi ölkələrinin Dövlətlərarası
Hümanitar Əməkdaşlıq Fondunun layihəsi çərçivəsində
Mühəndislik İxtisasları Proqramlarının Əməkdaşlıq
Mərkəzinin yaradılması və "ustad dərsləri" keçirilməsi
məqsədi ilə Azərbaycan Texniki Universitetində olmuşdur.
AzTU-nun rektoru, texnika elmləri doktoru, professor
Havar Məmmədov qonaqları səmimi salamlamış, onlara
rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat
vermiş, bu ali təhsil ocağının ölkəmizdə, eləcə də
dünyada fəaliyyət göstərən bir çox elm və təhsil
ocaqları ilə əməkdaşlıq etdiyini bildirmiş, belə bir
mərkəzin respublikamızın elm və təhsilinə öz dəyərli
töhfəsini verəcəyindən əmin olduğunu vurğulamışdır.
Professor Havar Məmmədov onu da bildirmişdir ki, mərkəz
Müstəqil Dövlətlər Birliyi ölkələrinin Dövlətlərarası
Humanitar Əməkdaşlıq Fondunun layihəsi çərçivəsində
N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti ilə
AzTU arasında imzalanmış birgə əməkdaşlığa dair sənədə
əsasən yaradılmışdır.
AzTU-nun bazasında fəaliyyət göstərəcək elm-tədris
mərkəzində Azərbaycanın sənaye müəssisələrinin, ali və
orta ixtisas məktəblərinin, habelə müxtəlif dövlət
qurumları və şirkətlərinin əməkdaşları (əsasən mühəndis
və texniki işçilər) 56 ixtisas proqramı üzrə yenidən
hazırlanaraq ixtisasartırma və distant təhsil alacaqlar.
Yaradılan Mühəndislik İxtisasları Proqramlarının
Əməkdaşlıq Mərkəzi yüksək sürətli İnternetlə təmin
olunmuşdur. Təlimlər və mühazirələr MDTU-nun
professor-müəllim heyəti tərəfindən aparılacaqdır.
Dinləyicilərə bu universitetin analoji proqramlarının
bütün materiallarından yararlanmağa şərait yaradılacaq
və onlar vahid sertifikatla təmin ediləcəklər.
On beş gün və bir ay müddətində davam edəcək təlimlərdə
ilkin olaraq müxtəlif dövlət qurumlarının nümayəndələri
kompüter texnologiyaları, radio-televiziya
avadanlıqları, xüsusi maşınqayırma, enerji
maşınqayırması və s. ixtisaslar üzrə kurslarda iştirak
edəcəklər.
Tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin
müavini Elmir Vəlizadə və Təhsil Nazirliyinin Beynəlxalq
əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva da çıxış
edərək Azərbaycan Prezidenti İlham Əliyevin elm və
təhsilin inkişafına daim böyük önəm verdiyini bildirmiş,
yeni yaradılan mərkəzin fəaliyyətinə uğurlar arzulamış
və belə bir mərkəzin respublikamızın elm və təhsil
sahəsi üçün vacibliyini qeyd etmişlər.
Sonra çıxış edən Rusiya Əməkdaşlıq Təşkilatının
Azərbaycan üzrə sədr müavini Ravil Zaripov AzTU-nun bir
sıra beynəlxalq və regional proqramlarda uğurla iştirak
etdiyini bildirərək qeyd etmişdir ki, AzTU-nun rektoru,
professor H.Məmmədov və Moskva Dövlət Texniki
Universitetinin rektoru, akademik A.Aleksandrov
tərəfindən imzalanmış birgə əməkdaşlığa dair memoranduma
əsasən yaradılmış bu mərkəzin gələcəkdə regional mərkəz
kimi də fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.
Sənədlərdə həmçinin Mühəndislik İxtisasları Proqramları
Əməkdaşlıq Mərkəzinin daha effektiv fəaliyyətini təmin
etmək məqsədilə ildə bir neçə dəfə treninqlər keçmək
üçün MDTU-nun yüksək ixtisaslı kadrlarının dəvət
olunacağı da qeyd olunmuşdur.
Daha sonra Müstəqil Dövlətlər Birliyi ölkələrinin
Dövlətlərarası Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun
icraçı katibi S.İ.Qaymanov çıxış etmiş, iştirakçılara
layihə haqqında ətraflı məlumat vermiş, layihə
çərçivəsində "İnformasiya sistemlərində məlumatların
qorunması" kurslarının xüsusi proqram üzrə
keçirilməsinin və treninqlər aparılmasının da nəzərdə
tutulduğunu bildirmişdir.
Rəmzi açılışı bildirən lent kəsildikdən sonra qonaqlar
mərkəzlə tanış olmuşlar.
Professor Havar Məmmədov tədbirdə iştirak edən bütün
qonaqlara, xüsusilə də N.E.Bauman adına Moskva Dövlət
Texniki Universitetinin nümayəndə heyətinə öz
təşəkkürünü bildirmişdir.
Tədbir iştirakçıları daha sonra universitetin foyesində
bu ali təhsil müəssisəsinin fəaliyyətini əks etdirən
fotostendlərlə tanış olmuşlar.
Tədbirdə Azərbaycan Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin, Təhsil Nazirliyinin,
Müdafiə Sənayesi Nazirliyinin, AMEA-nın İnformasiya
Texnologiyaları İnstitutunun eləcə də Müstəqil Dövlətlər
Birliyi ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondunun nümayəndələri iştirak etmişdir.
Müşfiq BORÇALI,
AzTU-nun Mətbuat şöbəsinin müdiri |