Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

İrəvan Pedaqoji Texnikumunun acı taleyi

 

Qərbi Azərbaycanın məktəb, təhsil tarixi həmişə Azərbaycanla sıx bağlı olmuşdur. Təsadüfi deyildir ki, İrəvanda maarif ziyası yayanların  arasında Azərbaycanın görkəmli şəxsiyyətlərindən Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərlinin də adı vardır. F.Köçərli on il İrəvan seminariyasında çalışmışdır. C.Məmmədquluzadənin fəaliyyətinin ilk dövrləri də İrəvana təsadüf edir. Azərbaycan jurnalisti, yazıçısı Haşim bəy Vəzirov da İrəvan Müəllimlər Seminariyasını bitirmişdir. Ümumiyyətlə, İrəvanda dünyanın hər yerindən sorağı gələn ziyalı nəsillər yetişmişdir. Dünya şöhrətli alim Mustafa bəy Topçubaşov, akademiklər Heydər Hüseynov, Əhməd Rəcəbli, tanınmış dilçi Miryusif Mirbabayev, görkəmli dövlət xadimlərindən Əziz Əliyev, Həsən Seyidov, Miribrahim Seyidov, bəstəkar Səid Rüstəmov İrəvan gimnaziyasını bitirmişlər. 1876-cı ildən qəza məktəbinin əsasında progimnaziya kimi fəaliyyət göstərən bu gimnaziyada hələ 1883-cü ildə 37 azərbaycanlı oxuyurdu.  

Ötən əsrin əvvəllərində görkəmli dövlət xadimi Əziz Əliyev, akademiklər Yusif Məmmədəliyev, Mustafa bəy Topçubaşov, Mehdixan Erevanski, Əbdülrəşid Qənizadə, görkəmli dövlət xadimi Hüseyn Şahtaxtinski, həmçinin Mirhəsən Mirbabayev, Rza Ağayev və başqaları bu gimnaziyanın adını hər yerdə uca tutmuşlar. Hələ ötən əsrdə meydana çıxan dövlət məktəbləri, gimnaziyalar, realnı məktəblər öz fəaliyyətini XX əsrin əvvəllərində  də davam etdirirdilər. 37 ilə qədər fəaliyyət göstərən İrəvan Müəllimlər Seminariyası 1918-ci ilin 6 avqustunda erməni millətçiləri tərəfindən bağlanmışdır. 1920-ci ildən sonra elmin, mədəniyyətin inkişafı üçün yaradılan şərait  nəticəsində 1925-ci ildə haqqında söhbət açacağımız İrəvan Pedaqoji Texnikumu yaradılmışdır. 1928-1930-cu illərdə gələcəyin böyük elm xadimi Yusif Məmmədəliyev, tanınmış pedaqoq Lətif Hüseynzadə bu texnikumda müəllim işləmişdir. Texnikumda adlı-sanlı müəllimlər işləyirdi. Akademik Budaq Budaqov yazır: "Mən İrəvan Pedaqoji Məktəbində oxuyurdum. Surə adlı coğrafiya müəllimimiz vardı. Mənə bu fənni o sevdirdi. Surə müəllimə şagirdlərə ürəkdən dərs deyirdi. Həmin pedaqoji məktəbi bitirəndən sonra mən instituta sənəd vermək qərarına gəldim. Bütün fakültələrdə yerlər artıq dolmuşdu, qalanlar sırasında isə bildiyim fənlər deyildi, ona görə çox sevdiyim coğrafiyanı seçdim. Azərbaycanın təbiəti həmişə məni maraqlandırırdı. İnstitutu "əla" qiymətlərlə bitirdim. Pedaqoji məktəbdə İsaməddin müəllim vardı, mənə təhsilimi Moskva şəhərində davam etdirməyi məsləhət gördü. Həmin vaxt elan vermişdilər ki, ən yaxşı tələbələri ora oxumağa göndərirlər. İsaməddin müəllim mənə dedi: "Budaq, çalış mənim günümə düşmə, artıq aspirantura vaxtım bitir, amma nədən və necə yazmalıyam hələ bilmirəm". Bu söhbətdən sonra Coğrafiya İnstitutuna getdim. Orada dedim ki, bəs mən əlaçıyam və təhsilimi Moskvada davam etdirmək istəyirəm. Moskvanın Coğrafiya İnstitutunda bizi çox mehriban, səmimi qarşıladılar. Bir müddət sonra məni oranın komsomol təşkilatının sədri vəzifəsinə təyin etdilər. Əlaçı olduğuma görə Stalin təqaüdü alırdım. Aspiranturada oxuyarkən çox maraqlı insanlarla tanış oldum". "Azərbaycan məktəbi" jurnalının sabiq baş redaktoru Zəhra xanım Əliyeva da bu texnikumda təhsil almışdır.

Qeyd etmək lazımdır ki, o mahaldakı Azərbaycan məktəblərinin hamısında bu texnikumun məzunlarına rast gəlmək olurdu. Bir sözlə, İrəvan Pedaqoji Texnikumunun Qərbi Azərbaycanda maarifləndirmə sahəsindəki xidmətləri danılmazdır. Göyçə mahalı, Dərələyəz, Vedibasar, Zəngibasar, Ağbaba, Zəngəzur bölgələrində məktəblərin əsas pedaqoji potensialı İrəvan Pedaqoji Texnikumunun məzunları hesabına formalaşmışdı. İrəvan ədəbi mühitində tanınan ünlü ziyalıların ictimai-siyasi, mədəni və ədəbi-bədii fəaliyyəti Azərbaycan ədəbi-elmi fikrində həmişə layiqincə qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Uluxanlı məktəbinin 125 illik yubileyinin keçirilməsinə dair sərəncamı geniş kütlə tərəfindən rəğbətlə qarşılanmışdır. Azərbaycan ziyalıları İrəvan müsibətlərinə  heç zaman laqeyd qalmamışlar. O da məlumdur ki, Azərbaycanın kiçicik uğurları belə mənfur qonşuları ciddi narahat edirdi. Xüsusən texnikumun çox önəmli olmasına onlar qətiyyən dözə bilmirdilər. Onlar hiss edirdilər ki, texnikumun kadrları Azərbaycan məktəblərinin ehtiyacını ödəyir, azərbaycanlıların öz yerlərində möhkəmlənməsinə əsaslı təsir edir. Təsadüfi deyildir ki, SSRİ  Nazirlər Sovetinin Azərbaycan xalqına qarşı tarixi cinayət aktı olan 1947-ci ilin 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları onların əlində bir bəhanə oldu və bu fürsətdən istifadə edərək köçürülməsi vacib olan obyektlər siyahısına dərhal İrəvan Pedaqoji Texnikumunu da daxil etdilər.

1948-ci ildə İrəvan Pedaqoji Texnikumu Xanlar (indiki Göygöl) şəhərinə köçürüldü. Məsələ burasındadır ki, bu zaman tələbələrin valideynləri də məcburi köçürülməyə məruz qalmışdı. Texnikum üçün Xanlar rayonunun seçilməsi də əvvəlcədən düşünülmüşdü. Məlumdur ki, uzun illər Azərbaycanın üç rayonunda (Kirov, Şaumyan və Xanlar) raykomun birinci katibləri bir qayda olaraq ermənilərdən seçilirdi. Onlar da burada öz daşnak ideyalarını yayırdılar. Bu səbəbdən Ermənistanın millətçi başçıları İrəvan Pedaqoji Texnikumu ilə əlaqədar Xanlarda söz-söhbətin olmayacağına tam əmin idilər. Onlar inanırdılar ki, texnikumun müəllimlərinin və tələbələrinin məskunlaşdığı bu şəhərdə baş qaldırmalarına erməni ruhlu partiya aparatı imkan verməzdi. Daha konkret desək, İrəvan Pedaqoji Texnikumunun müəllimlərinin və tələbələrin narazılıqlarının böyüməməsi üçün, yəni onların yerində susdurulması üçün məhz burada - Xanlar rayonunda əlverişli şərait vardı. Ermənilərin moskvalı havadarları da bunu yaxşı bilirdilər.

Göründüyü kimi, hər şey əvvəlcədən götür-qoy edilmişdi. Xanlarda pedaqoji məktəb üçün şəhərdən kənar bir bina seçilmişdi. Tədris korpusu, yataqxana, yeməkxana da binanın içərisində yerləşirdi. "Qonaqlar"ın şəhərlə yaxın əlaqəsinin olmaması üçün bütün tədbirlər görülmüşdü. Məktəb, demək olar ki, Xanlar Rayon Partiya Komitəsi birinci katibinin tam nəzarətində  idi. Bu aydın həqiqəti biz tələbələr də hiss edirdik. Təhsil ocağının kollektivi əsl mənada buraya sürgün olunmuşdu, hətta tələbələr şəhərə çıxa bilmirdilər, çıxanda isə erməni uşaqları onları sıxışdırırdı. Belə hallar bir neçə dəfə təkrar olunmuşdu. Elə ilk günlərdən texnikumun adını tarixdən silmək nəzərdə tutulmuşdu. Ona görə də bu təhsil ocağı əvvəlki adı ilə texnikum deyil, pedaqoji məktəbi adlandırıldı.

Bir məsələni də xatırlamaq lazımdır ki, İrəvandan gələn uşaqlar müharibədən çıxmış ölkənin öz doğma yerlərindən zorla köçürülmüş vətəndaşlarının yoxsul balaları idi. Ətraf kəndlərdən gəlib İrəvanda oxuyan uşaqlar hər həftə özləri ilə yemək gətirirdilər, həftəni onunla başa vururdular. İndi isə bu imkan yox idi, onlar hər şeyi pulla almalı olurdular. Ona görə də tələbələrin bir qismi təhsillərini yarımçıq qoydular. 400-500  nəfərlik tələbə kontingenti artıq yarıbayarı azalmışdı. Tələbələrin çox yoxsul geyimləri vardı. Vəziyyət ağır idi. Bu, hər şeydən əvvəl, xalqımızın başına gətirilən milli faciənin başlanğıc dövrü kimi izah olunmalıdır. Bunu İrəvandan köçürülmüş təcrübəli müəllimlər çox yaxşı başa düşürdülər. Lakin onlar susmaq məcburiyyətində qalmışdılar. Mehdi Kazımov, Sadiq Heydərzadə, Mamo Əsədov,  Məmməd Həsənov, Mirzə Əsgərov, Mircəfər Ələkbərov və başqaları dözməyi daha üstün tuturdular. Bu yetkin ziyalılar İrəvan mühitində  çox şey görmüşdülər. Ona görə də onların hərəkətləri həmişə ölçülü-biçili olardı. O da vardı ki, onlar didərgin tələbələri öz balaları kimi istəyirdilər. Biologiya müəllimi Sadiq Heydərzadə bir həkim kimi hər bir uşağın qayğısını çəkirdi. Ona məsləhətlər verirdi. Bu müəllimlər yeməkxanada da tələbələrlə yanaşı otururdular. Hər şeyə də fikir verirdilər. Kim az yedi, kim çox yedi, nə üçün yemədi. Tez-tez yataq otaqlarına baş çəkir, tələbələrlə dərdləşirdilər, onlara öz məsləhətlərini verirdilər. Mircəfər müəllim hamıya ata qayğısı ilə yanaşırdı. Onun iki qızı da (Nəzirə və Ləzifə) tələbələr arasında idi.

Bir gün hamının çox sevdiyi və hörmət bəslədiyi Mehdi müəllim (o rus dili müəllimi idi) tələbələrə  sevindirici bir xəbər aldığını dedi. Hamı onun başına yığışdı. O, hamının hörmət bəslədiyi şəxsiyyət idi.

Mehdi Kazımov (1890-1954) İrəvanda azərbaycanlı ziyalıların təşəbbüsü ilə yaradılan ilk təhsil ocaqlarında dərs deyən müəllimlərdən idi. O, 1922-ci ildə Ermənistan Xalq Maarif Komissarlığının nəzdində təşkil edilən "azlıqda qalan millətlər" şöbəsinin rəhbəri vəzifəsində çalışmışdı. 1924-cü ildə İrəvan Türk Pedaqoji  Texnikumunun açılmasının təşəbbüskarı da məhz o olmuşdur. 1925-ci ildə Nəriman Nərimanov adına İrəvan Türk Pedaqoji Texnikumunun ilk direktoru da Mehdi Kazımovdur. O da məşhur dövlət xadimi Əziz Əliyev kimi İrəvan gimnaziyasını bitirmişdi. 1924-1933-cü illərdə pedaqoji texnikumun direktoru və rus dili müəllimi işləmişdir. Bu qocaman pedaqoq ömrünün 50 ilini İrəvanda Azərbaycan maarifinin, mədəniyyətinin inkişafına sərf etmişdi. Bu texnikum Ermənistanda Azərbaycan məktəbləri üçün yüzlərlə müəllim kadrı hazırlamışdı. Azərbaycan məktəbləri onların hesabına fəaliyyət göstərirdi. Onu İrəvan ziyalıları yaxşı tanıyırdı.

O, yeri gəldikcə biz tələbələrə 1917-1918-ci illərdə İrəvan gimnaziyasında təhsil almış, sonralar tibb təhsilinə yiyələnmiş  Əziz Əliyev barədə çoxlu xatirələr danışırdı. Tələbələr onun dilindən o zaman onlara tanış olmayan digər məşhur adamların adlarını da eşidirdilər. Sən demə onlar fəxr olunan simalar imiş. Mehdi müəllim üçün bu adlardan biri daha əziz idi: Əziz Əliyev! Əziz Əliyev gimnaziyanı bitirdikdən sonra Hacı Zeynalabdinin köməyi ilə Sankt-Peterburqa Tibb Universitetinə təhsil almağa göndərilmişdi. Ermənilərin vəhşiliyi nəticəsində İrəvanda ailəsinin başına faciələr gəlsə də, o təhsilini başa vura bilmişdi. Azərbaycana qayıtdıqdan sonra bir sıra məsul vəzifələrdə, o cümlədən  Azərbaycan Tibb Universitetinin rektoru, səhiyyə naziri vəzifələrində çalışmışdır. O, respublikada böyük nüfuz sahibi idi.

Sonralar o, daha məsul vəzifələrə irəli çəkilmiş, Böyük Vətən müharibəsinin ağır illərində Dağıstanda partiya rəhbəri olmuşdur.

 Mehdi müəllimin bizə haqqında danışdığı bu şəxs 1950-ci ildə Moskvadan Azərbaycan hakimiyyətində məsul vəzifəyə çağırılmışdı. O, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin olunmuşdu. Mehdi müəllimi bu xəbər çox sevindirmişdi. Sanki o, qol-qanad açmışdı. Uşaq kimi sevinən Mehdi müəllim bizə dedi ki, o, Bakıya, təbiətcə çox humanist olan  Əziz Əliyevin qəbuluna  tələsir.

 O da həqiqətdir ki, bu zaman, yəni 1948-1950-ci illər Xanlar Pedaqoji Məktəbi özünün ən ağır günlərini yaşayırdı. Tələbələr ancaq öz təqaüdləri ilə dolanırdılar. Özlərinə pal-paltar ala bilmirdilər, çoxlarının ailələri də Saatlı, Sabirabad, Salyan və başqa rayonlara deportasiya edilmişdi. Mehdi müəllim bu vəziyyəti Əziz Əliyevə, respublika Nazirlər Sovetinə, onun rəhbərlərindən biri olan bu köhnə tanışına çatdırmağı lazım bilirdi. Bu görüş tez bir zamanda öz nəticəsini verdi.

Tezliklə pedaqoji məktəbə Bakıdan Qədimov familiyalı bir nəfər ezam olundu. O, tələbələrlə bir-bir görüşüb söhbət etdi və bəzi qeydlər apardı. Az keçməmiş məktəbə şad xəbər yayıldı. Dövlət hər tələbəyə 500 manat yardım ayırmışdı. Bu məbləğ tələbələrə Gəncənin istənilən mağazasından paltar, ayaqqabı almağa imkan verirdi. Bir həftə ərzində bütün tələbələrin üst-başı təzələndi.

Bu, hər şeydən əvvəl, Mehdi müəllimlə çox yaxın münasibətdə olan Əziz Əliyevin qayğısı ilə mümkün olmuşdu. Bu məbləğ tələbələrə və onların ailələrinə böyük kömək idi. Köçürməyə məruz qalmış ailələrin uşaqları bu qayğıdan sonra sanki  ayağa durdular. İndi o günləri yada salanda, öz qəlbimizdə nə qədər qürur duyur, bizim bilmədiyimiz nə qədər işlər olduğunu hələ indi xatırlamalı oluruq.

Acınacaqlı hal idi ki, o zaman Xanlar Pedaqoji Məktəbinə Məhərrəmov familiyalı çox sərt xarakterli, heç nəyi bağışlamayan, həm də kənardan gətirilmiş  direktor təyin olunmuşdu. O, burada çox gərgin ab-hava yaratmışdı. Bütün ağırlıqları isə tələbələr çəkirdi. Hər il 50 məzundan ən azı 10-12 nəfər dövlət imtahanından kəsilir, növbəti ilə qalırdı. Görünür, bu qeyri-normal vəziyyət artıq yuxarıları da narahat etməyə başlamışdı. Yaxşı ki, tezliklə həmin direktor başqası ilə əvəz olundu. 1951-ci ildə isə dövlət imtahan komissiyasının sədri kimi Xanlara Bakıdan yazıçı İsmayıl Şıxlı ezam edildi. Dərhal məktəbin mənəvi iqlimi dəyişdi, münasibətlər mülayimləşdi. Bu da tələbələrdə inam, ruh yüksəkliyi yaratdı. Həmin il dövlət imtahanından bir nəfər belə kəsilmədi. Sanki "yasa batmış" ürəklərə yeni hava gəldi. Bu vəziyyət təhsilin keyfiyyətinə də təsir etdi. "Oxu, qiymətini al!". Bu sözlər hamının devizinə çevrildi.

İsmayıl  Şıxlının gəlməsi həm də məktəbin nüfuzunu qaldırdı, tələbələrə münasibəti hamı ondan öyrənirdi. Doğrudan da, müsbət nümunə çox şeyə qadir imiş. İsmayıl müəllimdən sonra gələn sədrlər, onun kimi olmasalar da, ona bənzəməyə çalışırdılar. İsmayıl müəllimin yaratdığı sağlam - mənəvi iqlim xeyli müddət davam etdi. Məzunlar bu nəcib işi indi də xeyirxahlıqla xatırlayırlar. Bir sıra çətinliklərə sinə gərildikdən sonra bu taleyüklü təhsil ocağı nisbətən özünə gəldi. Burada qaynar həyat başlandı. Bakıdan göndərilmiş, çox təcrübəli pedaqoq - İsa Cəfərov (direktor) məktəbin fəaliyyətini dirçəltdi. Onu respublikanın adlı-sanlı məktəblərinin cərgəsinə çıxartdı.

Məktəbin pedaqoji kollektivinə Tarix Şirinov, Məmmədəli Cəfərov, Kamil Nəzərəliyev, Mənzurə Nəzərəliyeva, Şəkər Mustafayeva, Əbdüləli İbrahimov kimi qüvvələr qoşuldu. Bu işdə onların da az xidmətləri olmadı.  Xanlar Pedaqoji Məktəbinin məzunları öz təhsillərini uğurla davam etdirərək müxtəlif vəzifələrdə, elmi-pedaqoji sahələrdə çalışmışlar. Tanınmış dövlət xadimi mərhum Qəşəm Aslanov, professor Kamil Rzayev, uzun müddət Salyan rayonu Arbatan kənd orta məktəbinə başçılıq etmiş Əhməd Zeynalov, yenə də Salyanda rəhbər pedaqoji sahələrdə çalışmış Əhəd Əliyev, Firudin, Bakı şəhərində 54 nömrəli məktəbin sabiq direktoru Rima Hənifəyeva (o, Prezidentin fərdi təqaüdçüsüdür), Goranboy rayonunun Qaradağlı kənd orta məktəbində direktor işləmiş mərhum Mədəd Qəmbərov, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri olan Süleyman Məmmədov pedaqoji ictimaiyyət arasında dərin nüfuz qazanmışlar. Süleyman Məmmədov Azərbaycan Respublikasının elm sahəsində Dövlət mükafatına layiq görülmüşdür. Məktəbin məzunlarının səsi ölkəmizin müxtəlif yerlərindən gəlir. Fəxrlə yada salıram ki, bu sətirlərin müəllifi də həmin məktəbin məzunudur. Lakin zaman keçdikcə xəbis ürəklər öz işini gördü. Məktəb bağlanmaq təhlükəsi qarşısında qaldı. Heç kəsin yadına düşmədi ki, bu məktəbin varlığına son qoymaqla möhtəşəm bir təhsil ocağının adı tarixdən silinir. Bu gün isə bu barədə düşünmək çox gecdir.

Lakin bu vəziyyət də davamlı olmadı. İllər keçdikcə çox şey dəyişirdi, bəzi amillərin təsiri ilə məktəbin nüfuzu aşağı düşürdü. Artıq İrəvan Pedaqoji Texnikumunun ənənələrindən əsər belə qalmamışdı. Sanki bu məktəbin İrəvan Pedaqoji Məktəbinin varisi olduğu unudulmuşdu. Orada İrəvan Pedaqoji Məktəbinə dair bir stend də asılmamışdı. Böyük tarixi ənənələrə, İrəvan acılarını özündə daşıyan təhsil ocağının fəaliyyətinə ötən əsrin 60-cı illərində birdəfəlik son qoyuldu. Məktəb bağlandı. Bununla da İrəvan Pedaqoji Texnikumu tarixə qovuşdu. Erməni xislətinin təsiri necə də olsa, öz işini gördü. Söz yox ki, bu məktəbin bağlanması təklifini erməni millətçisinin başçılıq etdiyi Xanlar Rayon Partiya Komitəsi qaldırmışdı. Başqa cür mümkün də deyildi. İndi də adam təsəvvür etmir ki, bu qərar hansı  zərurətdən qəbul edildi, nə üçün ona ciddi reaksiya verən tapılmadı.

Yeri gəlmişkən deməliyik ki, Xanlar Pedaqoji Məktəbinin məzunu olan partiya-dövlət xadimi mərhum Qəşəm Aslanov hələ o zaman tez-tez yada salırdı ki, köçürmə zamanı texnikumun arxivinin İrəvanda dövlət arxivinə verilməsi bir tarixi səhv idi.  İndi bu sənədlər əlçatmaz yerdədir. Şahidlərin isə çoxu həyatdan getmişdir. Yalnız şifahi sorğularla bəzi faktları dəqiqləşdirmək  olur. Buna akademik Budaq Budaqovun da təəssüfləndiyinin şahidi olmuşam. O bu texnikum haqqında yazı yazmağa material tapmamasından gileylənirdi. Hətta bu təhsil ocağının yubileyinin keçirilməsi üçün də kifayət qədər faktlar, sənədlər əldə etmək mümkün deyildi. İrəvan təhsili haqqında bir sıra  kitablar yazılsa da,  bu gün material azlığı göz qabağındadır.

Bu cəhətdən Əsgər Zeynalovun "İrəvan ziyalıları" (Bakı, 1999), Cəlal Allahverdiyevin "İrəvan ədəbi mühiti" (Bakı, 2010), Ziyəddin Məhərrəmovun "İrəvanda məktəbdarlıq və maarifçilik" (Bakı, 2010) kitabları istisnalıq təşkil edir. Xalqımızın taleyində böyük rol oynamış İrəvan Pedaqoji Texnikumu tarixin amansız tufanına rast gəldi.

Beləliklə də, xalqımızın tarixində böyük maarifçilik xidmətləri göstərmiş və İrəvanda 24 ilə yaxın fəaliyyətdə olmuş bir təhsil ocağının son nişanələri də unuduldu. Onun taleyi onda bəd gətirdi ki, heç kəs onun gələcəyi haqqında vaxtında düşünmədi. Onun haqqında geniş tədqiqat aparmaq isə sonralar çətin oldu. Lakin bir az da optimist olmaq lazımdır. Əldə olan materialları öyrənib üzə çıxarmaq hələ də gec deyil. Möhtəşəm tarixi olan, yetirmələri ilə tanınan bu təhsil ocağının özünəlayiq qiymətini alması bugünkü nəslin mənəvi borcudur.  Ümidvaram ki, həyat öz  məcrasına düşəcək, ağır ellər öz yurduna qayıdacaq və İrəvan Pedaqoji Texnikumu da bərpa olunaraq öz tarixi rolunu şərəflə davam etdirəcəkdir. 

Nəcəf  NƏCƏFOV,
ADPU-nun dosenti, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, əməkdar müəllim

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov