Sentyabrın
21-də Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında (DİA) Təhsil
Nazirliyinin "Dövlət investisiyaları üzrə kadr
potensialının gücləndirilməsi" layihəsi çərçivəsində
"Layihələrin idarəolunması" ixtisası üzrə yeni magistr
proqramının təqdimatı keçirilmişdir.
DİA-dan AzərTAc-a bildirmişlər ki, təqdimat mərasimində
bu ali məktəbin rektoru, akademik Urxan Ələkbərov
ümummilli lider Heydər Əliyevin yüksək ixtisaslı kadr
hazırlığına daim böyük önəm verdiyini, ulu öndərin
ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.
"Layihələrin idarəolunması" ixtisası üzrə magistr
proqramı barədə fikirlərini açıqlayan akademik
U.Ələkbərov, eyni zamanda müasir idarəetmə sahəsində ən
son texnologiyaların formalaşması, onların tədrisi və
tətbiqinə xüsusi diqqət verilməsinin və bununla əlaqədar
"Layihələrin idarəedilməsi" adlı yeni kursun akademiyada
tədris proqramlarına tətbiq olunmasının əhəmiyyətindən
danışmışdır.
Təhsil naziri Misir Mərdanov bildirmişdir ki, layihənin
əsas prioriteti "Layihələrin idarəolunması" sahəsində
fəaliyyət göstərən qurumların kadr potensialını
gücləndirmək məqsədi ilə ali təhsil müəssisələrində
müvafiq tədris proqramlarının hazırlanması və
tətbiqindən ibarətdir.
Qeyd edilmişdir ki, layihə çərçivəsində DİA-da
"Layihələrin idarəolunması" mövzusunda müasir və
beynəlxalq standartlara uyğun yeni kurikulum tərtib
edilmiş və müvafiq mövzuda magistr proqramı
hazırlanmışdır.
"Dövlət investisiyaları üzrə kadr potensialının
gücləndirilməsi" layihəsini həm ölkənin təhsil
sahəsində, həm də gələcək inkişafı istiqamətində atılan
addım kimi səciyyələndirən nazir magistr proqramının
növbəti illərdə layihələrin idarəolunması üzrə ən
nüfuzlu beynəlxalq qurumlardan sayılan Layihələrin
İdarəolunması İnstitutu tərəfindən akkreditasiyadan
keçirilməsi üzrə də işlərin aparıldığını diqqətə
çatdırmışdır.
Kanadanın Kvebek Universitetinin professoru L.Şavinina,
akademiyanın müəllimi A.Nəsibov DİA-da proqramın tədrisi
üçün çalışacaqlarını söyləmişlər. |