Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

Təhsildə informasiya-kommunikasiya texnologiyalarından istifadənin üstünlükləri

 

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur.  Bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır.   Respublikamızda informasiyalaşdırma sahəsində ciddi, uğurlu addımlar atılmışdır. Ümummilli lider Heydər Əliyev 17 fevral 2003-cü il tarixli 1146 nömrəli Sərəncamı ilə  respublikamızda informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunması və inkişaf etdirilməsi haqqında "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya(2003-2012-ci illər)"nı təsdiq etmişdir.

Milli Strategiyanın qəbulundan keçən dövr ərzində Azərbaycan hökuməti tərəfindən bu sahədə bir sıra kompleks tədbirlər həyata keçirilmiş və keçirilməkdədir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm ölkəmizdə, həm də xarici ölkələrdə səfərlərdə olarkən dövlətin bu sahəyə olan diqqətini, görülən və gələcəkdə görüləcək işlər haqqında dəfələrlə söyləmiş, İKT-ni inkişaf etdirməkdə maraqlı olduğunu bəyan etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 avqust tarixli 355 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)"nın həyata keçirilməsi nəticəsində ölkəmizin ümumtəhsil məktəblərində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində böyük işlər görülmüşdür. Prezidentin 2008-ci il 10 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" ölkəmizdə müasir İKT-ni geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədi güdür.

Bu istiqamətdə qarşımızda duran əsas vəzifələrdən biri də yeni informasiya texnologiyalarının təhsilə vaxtında və səmərəli tətbiqidir. Məlumdur ki, ilk addımlar məktəb səviyyəsində atılmalıdır. Düzdür, respublikamızda fəaliyyət göstərən bəzi özəl məktəbəqədər müəssisələrdə kiçikyaşlı uşaqlar kompüterlə tanışlığa başlayır, onların təlimində kompüter vasitəsilə aparılan məntiqi oyun və tapşırıqlarla rastlaşırıq. Amma fikrimizcə, kompüter biliklərinin əsası məhz orta məktəbdə qoyulmalıdır. Ümumiyyətlə, məktəbəqədər yaşlı uşaqların kompüterdən istifadəsi onların sağlamlığı üçün çox təhlükəli ola bilər. Yalnız məktəbdə şagirdlərə bu sahə haqqında geniş məlumat verilməli, onların sərbəst şəkildə kompüterlərdə işləmələrinə şərait yaradılmalıdır. Əgər əvvəllər kompüterdə işləməyi bacarmaq kompüter savadı hesab olunurdusa, artıq bu indi ümumi savad hesab olunur. Kompüteri bilməyən üçün təhsil almaq, elmi yaradıcılıqla məşğul olmaq çətindir.

İndi İKT yalnız təhsil prosesini təmin edən üsul deyil. İKT məktəblinin müstəqil qavrama qabiliyyətini təmin etmək üçün  yeni imkanlar açır. Bununla əlaqədar olaraq müəllimin rolu da dəyişir: o, təhsil prosesinin konsultantı, koordinatoru olur. Onun məqsədi məktəblilərdə qərar qəbul etmə bacarığını dəstəkləmək və inkişaf etdirmək, öyrənilən mövzuların məqsədini anlamaq və mühakimə etməkdir. Bu yetərincə çətin pedaqoji tapşırıqlardır - onların mənasını  qiymətləndirməmək olmaz. Burada İKT katalizator rolunu oynayır, onlar uşaqları yeni biliklərə sövq etməyə kömək edir. Əgər şagirdə bu və ya digər mövzunun məzmunu aydındırsa, onun sualı yarana bilər: məhz nə və nə üçün öyrənmək lazımdır. Biliyə həvəsin kökündə həyati maraq dayanır: hansı biliklər mənə daha çox lazımdır, hansı metodların köməyi ilə mən bu bilikləri əldə edə bilərəm. Beləliklə, İKT biliyə can atmaqla digər həyati vacib məsələlərin qərarı arasında bənd rolunu oynayır. Şagird təhsilin onun həyatında hansı rolu oynadığını başa düşən kimi, o, təhsili davam etdirməyə  böyük həvəs hiss edəcək.

Şagirdlərin fasiləsiz təhsilə yolu  müəllimlərin fasiləsiz təhsilindən keçir. İKT-nin məktəb praktikasında istifadəsi ilə bağlı olaraq  müəllimin rolu dəyişməlidir. Belə dəyişikliklərin əsas səbəbləri bunlardır:

* Müəllimin rolu şagirdlərə informasiyanın ötürülməsi ilə məhdudlaşmamalıdır. O, uşaqlarda tənqidi və yaradıcı təfəkkürü dəstəkləməli və stimullaşdırmalı, kompüter savadının inkişafına kömək etməli, birgə fəaliyyət bacarığı tərbiyə etməli, onlara effektiv ünsiyyət qurmağı və müxtəlif vəziyyətlərdə uğurla hərəkət etməyi öyrətməlidir.

* Müəllimlərin, şagirdlərin öyrənmə tələbatlarını ödəmək üçün  təlim metodları, müasir dövrün  tələblərinə uyğunluğu nöqteyi-nəzərindən tədris proqramlarını yenidən nəzərdən keçirmələri zəruridir.

* Onlayn test sistemi müəllimə şagirdlərin bilik səviyyəsini adekvat qiymətləndirməyə kömək edir.

* İKT-nin  tədris prosesinə cəlb olunması ilə ənənəvi tədris resurslarının bir hissəsinə artıq ehtiyac olmayacaq və onlar dövriyyədən çıxacaq.

Şagirdlərlə aparılan sorğular da tədrisdə İKT-nin istifadənin onlarda özünə inamı və fənnə marağı artırdığını sübut edir. Bildiyimiz kimi, sinifdəki şagirdlərin psixoloji durumu müxtəlifdir. Elə şagirdlər  var ki, dərs zamanı onlar öz cavablarının səhv olduğunu düşünür, həmyaşıdlarından və müəllimdən utanaraq cavab verməkdən imtina edir və bununla da daha passiv vəziyyətə düşürlər. Fərdi kompüter qarşısında əyləşən şagird isə artıq maşından çəkinmir, onunla kompüter arasında əks-əlaqə yaranır,  özünün fikirləşdiyi cavabları kompüterə daxil edir, səhvlərini görür, onları kompüterin köməyi ilə düzəldir, mənfi emosiyalardan uzaq olur və nəticədə özünə inamı artır. Fərdi kompüterdən istifadə etdikdə hər bir şagird verilən mövzunu başa düşmədikdə izahatı təkrar izləmə imkanı əldə edir və onu dərk edənə qədər təkrarlayır.

İKT görmə vasitəsilə informasiya qəbulunun imkanlarını artırır, belə ki, gözlə görünməyən, rəng və formasını dəyişən əşyaların təsvirini reallaşdırır. Video və ya animasiyalar formasında olan  tapşırıqların yaxşı mətn və gözəl musiqinin müşayiəti ilə verilməsi şagirdə güclü təsir edərək, onun bədii zövqünün inkişafına, materialı daha yaxşı mənimsəməsinə səbəb olur. Beləliklə, İKT nəinki insanın əqli imkanlarını inkişaf etdirir, həmçinin yeni inkişaf perspektivləri, yeni qlobal mədəniyyət sistemi yaradır və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün maraqlı imkanlar açır. İKT-nin təlimdə istifadəsi və təhsil şəbəkələrinin yaradılması  təhsilin gələcək inkişafı üçün vacib şərtdir. Əvvəla, İKT-nin geniş tətbiqi müəllimin məqsəd və vəzifəsini daşıyır. İkincisi, məktəbdə təhsil mühitinin yaradılması təhsil biliklərində iştirak imkanı yaradır. Son nəticə olaraq müəllim və şagirdlər bilavasitə sinifdə dərs zamanı  və virtual rejimdə birgə işləyə və ünsiyyətdə ola bilərlər.

Onu qeyd etmək lazımdır ki, fənlərarası əlaqələrin bütün imkanları tam aşkar edilməmişdir. Məhz buna görə də fənlərarası əlaqə prosesini öyrənmək, fənlərin əlaqəli tədrisinin metodikasını təkmilləşdirmək və həyata keçirmək vacib məsələlərdən biri hesab edilir. Orta məktəbdən başlayaraq şagirdlərin müxtəlif fənlərə olan maraqlarını artırmaq, məlumatı tez və effektiv mənimsəmələri üçün informatika və digər fənn müəllimləri hər hansı ümumi mövzunu iki və bəzi hallarda üç fənni birgə - inteqrativ dərs formasında keçmələri məsləhətdir. Məsələn, müasir özəl məktəblərin ibtidai siniflərində tədris olunan əyləncəli riyaziyyat, həndəsənin elementləri və s. fənlərindəki bəzi mövzuları həmin fənləri tədris edən müəllim və informatika müəllimi birgə tədris edə bilərlər. Şagirdlərin biliklərinin dərinləşdirilməsində informatika və informasiya texnologiyaları fənninin digər fənlərlə əlaqəli tədrisi çox böyük imkanlara malikdir. Bunun üçün ayrı-ayrı siniflərin fənlər üzrə proqram və dərslikləri hazırlanarkən həmin sinfin informatika və informasiya texnologiyaları fənni nəzərə alınmalı, bu proqramlarda inteqrativ dərslər üçün saatlar ayrılmalıdır. Bir sıra fənn müəllimləri fənlərarası əlaqə probleminə lazımi qədər əhəmiyyət vermirlər. Təcrübədən məlumdur ki, öz fənni ilə yanaşı, digər yaxın fənləri də müəyyən səviyyədə bilən müəllimlərin təlim nailiyyətləri daha yüksək olur. Bunun əsas səbəbi isə həmin müəllimlərin öz dərslərini sanki bir neçə fənn müəllimi kimi tədris etməsidir.

İnformasiya və kommunikasiya texnologiyaları orta məktəb kursunda bütün fənlərin tədrisində geniş tətbiq olunur. İKT-nin kimya fənninin tədrisində tətbiq olunmasına da xüsusi maraq vardır.  Orta məktəblərdə kimyanın tədrisi zamanı kompüter texnologiyalarından istifadə olunması belə bir nəticəyə gəlməyə əsas verir ki, yüksək təlim keyfiyyətinin əldə olunması üçün bu texnologiyadan həm materialın öyrədilməsi, həm də şagird nailiyyətlərinin qiymətləndirilməsi mərhələsində sistematik istifadə olunsun.  

Müxtəlif maddə molekullarının enerjisinin hesablanması, onların quruluşlarının nəzəri olaraq təyini üçün çoxlu sayda kompüter proqramları mövcuddur. Artıq müasir kimya laboratoriyalarını kompütersiz təsəvvür etmək mümkün deyil. İndiki dövrdə demək olar ki, bütün analiz üsulları kompüterlərin köməyi ilə həyata keçirilir.

Kompüter və proyektordan istifadə edilərək sinfin fəallaşdırma mərhələsində əvvəlki mövzular viktorina, müxtəlif oyunlar, frontal sorğular və s. şəkildə soruşula, problemin nədən ibarət olması, onun ətrafında  tədqiqatların aparılması, hər bir şagirdin problem ətrafındakı mülahizələri, müəllimin hər bir fikrə münasibəti, ümumiləşdirmə və izahat isə slaydlar vasitəsilə həyata keçirilə bilər.

Müasir kompüterlər orta məktəbdə xüsusi öyrədici proqramların hazırlanmasında, şagirdlərin bilik və bacarıqlarının yoxlanılması prosesində, kimyəvi proseslərin mahiyyətini başa düşmək üçün kompüter modellərinin hazırlanmasında, tədris prosesinin təşkilində, tətbiqi məsələlərin  həll olunmasında, dərs vəsaitlərinin hazırlanmasında, ev tapşırıqlarının verilməsində (məsələn, İnternetdən istifadə edib müxtəlif nəzəri məlumatların, referatların hazırlanmasında və s.), interaktiv elektron dərsliklərin hazırlanmasında istifadə oluna bilər.

Əvvəllər müxtəlif kimyəvi proseslərin yazıldığı videokasetlərin, sonralar isə kompüter proqramlarının yaranması ona gətirib çıxarıb ki, bəzi müəllimlər laboratoriyalarda artıq real prosesləri nümayiş etdirmirlər. Aparılan analiz isə onu göstərir ki, real laboratoriya işlərinin informasiya texnologiyaları ilə tam əvəz olunması mənfi nəticələrə səbəb olur. Amma bu o demək deyil ki, informasiya texnologiyaları ilə kimyəvi təcrübələr nümayiş olunmasın.  Yaxşı olar ki, belə əvəzləmələr yalnız praktik mümkün olmayan və ya orta məktəb laboratoriyaları şəraitində təhlükəsizlik texnikasının tələblərinə görə aparıla bilməyən reaksiyalar halında olsun. Bəzi hallarda isə eyni bir kimyəvi prosesin həm real aparılması, həm də kompüterdən istifadə olunaraq nümayiş olunması daha effektli olur. Şagirdlərdə hansı qabiliyyətin inkişaf və yoxlanılmasından asılı olaraq, bir-birini tamamlayan bu iki prosesi müxtəlif ardıcıllıqla və vaxtlarda aparmaq olar. VIII-X sinif şagirdləri üçün hazırlanmış interaktiv kimya dərsliyində (www.derslik.az) kimyəvi oyunlar, animasiyalarla yanaşı, çoxlu sayda laboratoriya işlərinin videoyazısı verilmişdir. Bu  laboratoriya işlərinin bəziləri sinifdə real nümayiş etdirilir və ev tapşırığı kimi bu proseslərə evdə diskdə yenidən baxılması, oxşar və fərqli anları tapmaq tapşırılır. Bu halda şagirdlərdə yeni məlumatın qavranılması, onlarda müqayisə, diqqət və uzunmüddətli yaddaşın inkişaf etdirilməsi məqsəd kimi qarşıya qoyulur. Dərs prosesi zamanı  müəllim interaktiv dərslikdən, fərqli kimyəvi reaktivlərdən də istifadə edə bilər.

Laboratoriya işlərinin kompüter vasitəsi ilə nümayiş olunmasının bir sıra üstünlükləri vardır. İlk növbədə adi məktəb laboratoriyalarında aparılması təhlükəli olan, qiymətli maddələrin istifadəsini tələb edən, aparılmasına uzun müddət tələb olunan, yəni kiçik sürətlə gedən reaksiyaların kompüterlə nümayişi əvəzsizdir. Vaxt baxımından və reaktivlərin sərf olunmasına görə real təcrübə bir dəfə aparılır. Kompüterdə isə təcrübələri dəfələrlə təkrar etmək, istənilən anda saxlamaq və evdə də təkrar baxmaq olar.

Kimyanın tədrisi zamanı müxtəlif proqramlardan istifadə etmək olar. Microsoft Word proqramından dərs prosesi üçün müxtəlif paylayıcı materiallar (yoxlama işi, cədvəllər, müəxtəlif məlumatlar və s.), tematik planlar hazırlamaq olar. Müxtəlif kimyəvi məsələlərin həllində Chemical Formula Tutor, Table kimyəvi kalkulyatoru, Molecular Weight Calculator, Chemical Equation Expert, Chemical Thesaurus, ChemDraw Pro, ChemPen3D, Microsoft Office Excell proqramından istifadə etmək olar. Bununla yanaşı, Microsoft Office Excell proqramından məlumat bazalarının yaradılmasında, qrafik və diaqramların çəkilməsində, ChemDraw Pro, ChemPen3D proqramlarından müxtəlif mürəkkəb quruluşlu kimyəvi maddə molekullarının elektron və quruluş formullarının, elektron buludların, kimyəvi reaksiyaların təsvir olunmasında istifadə etmək olar.

Dərslərin tədrisi zamanı Power Point proqramından istifadə edərək müxtəlif proqramlarla hazırlanmış mövzular mətn, şəkil, sxem və ya videofayllar şəklində slaydlar vasitəsi ilə sinifdəki şagirdləri fəallaşdırmaq olar.

Digər fənlərdə olduğu kimi kimya fənninin tədrisində də İnternet saytlardan istifadə etmək olar:

chem.msu.su, ekimya.com, chem.asu.ru, chemistry.about.com, chimia100.chat.ru, kimyaevi.org, alhimik.ru, chemport.ru, greenchemistry.ru,   himikat.ru, himiya.megadoski.ru chemistryenc.h11.ru chemistry.ucla.edu, kimya.net,  repetitors.info/repetitor/chemistry,  him.1september.ru, chem.isu.ru, kimyadershanesi.com, chem.tut.ru,  chemistry.com, chemistry.24.com,  chem4kids.com, americanchemistry.com, chemistry.org və s.

Orta məktəb şagirdlərində kimya fənninə olan marağı artırmaq məqsədilə Azərbaycan dilində www.chemistry.az www.kimya.imtahan.net saytları yaradılmışdır. Hazırda www.chemistry.az saytında kimya fənni üzrə  300-dək müxtəlif xəbərlər var. Saytdakı xəbərlərə 800-dək  rəy yazılmış, təxminən 3000 nəfər qeydiyyatdan keçmişdir. Saytdan istifadə edilərək bir neçə dəfə viktorinalar, yarışlar və onlayn imtahanlar keçirilmışdir. Şagirdlər sayt vasitəsilə interaktiv dərslikdən istifadə edir, onlara verilən ev tapşırıqları onlayn yerinə yetirilir və onların nəticələri bazaya yazılır. Bu isə şagird və müəllimin yeni ünsiyyət vasitəsinin üstünlüyünü göstərir.  

Nasim ABIŞOV,
Heydər Əliyev adına Müasir  Təhsil Kompleksinin məktəbinin
direktoru, kimya üzrə fəlsəfə doktoru, 

Zahir RUFULLAYEV,
Yardımlı şəhər 2 nömrəli tam orta məktəbin kimya müəllimi

 
 
 
Səhifənin başına qalx S Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov