Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
tərəfindən ötən il iyulun 11-dən başlanmış Ətraf Mühitin
Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (IDEA)
ölkə miqyaslı növbəti ekoloji maarifləndirmə layihəsi
çərçivəsində həyata keçirilən "Yaşıl Azərbaycan naminə"
layihəsinin iştirakçıları Tərtər rayonunda olmuşlar.
AzərTAc xəbər verir ki, Tərtər şəhərindəki 1 və 2
nömrəli tam orta məktəblərdə təşkil olunan ekoloji
maarifləndirmə seminarlarında V-VIII sinif şagirdləri
iştirak etmişlər. Şagirdlərə ekoloji problemlər, ekoloji
mühitin qorunmasının vacibliyi, flora və faunanın
mühafizəsi, suyun çirkləndirilməməsi, tullantıların
düzgün daşınaraq məhv edilməsi və digər vacib məsələlər
barədə geniş məlumat verilmiş, dünyada baş verən ekoloji
fəlakətlər, onların yaranma səbəbləri monitor vasitəsilə
əyani olaraq göstərilmişdir.
Ətraf mühitlə bağlı şagirdlərə suallar verilərək onların
biliyi yoxlanılmış, məktəbliləri maraqlandıran suallar
cavablandırılmışdır.
Təlimlərdə IDEA Ətraf Mühit Kampaniyasının humanist
məqsədlərindən, həyata keçirilən ekoloji layihələrdən
ətraflı bəhs olunmuş, seminarlarda iştirak edərək
təlimatlandırılan şagirdlərin gələcəkdə öz bilik və
məlumatlarını artırmaqla başqalarına da öyrətmələrinin
vacibliyi qeyd edilmişdir.
Tədbir iştirakçılarına maarifləndirici bukletlər
paylanmışdır. |