Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

"Azərbaycan təhsilində yeniliklər çoxdur"

 

Bu fikri Azərbaycan əsilli tanınmış Türkiyə cərrahı və araşdırıcısı İbrahim Yıldırım redaksiyamızın kollektivi ilə görüşündə bildirib 

Tanınmış filoloq, dəyərli ziyalı, Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə artıq neçə müddətdir ki, qəzetimizlə sıx əməkdaşlıq edərək maraqlı bir layihə reallaşdırır: Vaxtilə müxtəlif  səbəblərdən - ya təhsil almaq üçün, ya siyasi baxışlarına görə xarici ölkələrə üz tutmuş, getdiyi yerləri özlərinə vətən qərar vermiş azərbaycanlılar və Azərbaycanəsilli türk aydınları haqqında ilk qaynaqlara əsaslanan məqalələrlə qəzetimizdə çıxışlar edir. Onun bu silsilədən "Azərbaycan müəllimi" qəzetinin builki 15 iyun tarixli nömrəsində dərc olunmuş məqaləsi Azərbaycanəsilli görkəmli Türkiyə cərrahı, elm adamı və maraqlı tarixi - etnoqrafik araşdırmalar müəllifi, professor İbrahim Yıldırım haqqında idi. Ədalət müəllimin Azərbaycana sonsuz məhəbbət bəsləyən professor İbrahim bəyə böyük sayğı ilə qələmə aldığı "Azərbaycan məcnunu - professor Dr.İbrahim Yıldırım" adlı həmin məqalə istər redaksiyamızın əməkdaşlarının, istərsə də oxucularımızın dərin marağına səbəb olmuşdu. Bu yaxınlarda öyrəndik ki, Ədalət müəllim məqaləsi vasitəsi ilə tanış olub sevdiyimiz İbrahim bəylə redaksiyamızın əməkdaşlarını görüşdürmək kimi xeyirxah və bizim üçün maraqlı bir missiyanı öhdəsinə götürüb. Nəhayət, ötən cümə görüş baş tutdu. Azərbaycana qonaq gələn professor İbrahim Yıldırım redaksiyamızın və Təhsil Nazirliyi İctimaiyyətlə əlaqə şöbəsinin əməkdaşları ilə görüşdü. Biz iki saatadək çəkən görüşdə İbrahim bəyin olduqca mənalı həyat tarixçəsi, fəaliyyəti, həyat fəlsəfəsi ilə tanış olduq. Bu böyük təbib və insanın əslən azərbaycanlı olmasından sonsuz fəxarət hissi duyduq. 

Söhbətə "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Bayram Hüseynzadə  körpü saldı.

Bayram Hüseynzadə: - Hörmətli İbrahim bəy, "Azərbaycan müəllimi" qəzetinin yaradıcı heyəti ilə görüşə xoş gəlmişsiniz. Sizinlə görüşümüzdən məmnunuq.

Hörmətli həmkarlarımız, siz İbrahim bəyi yaxşı tanıyırsınız. Qəzetimizin yazılarından onun haqqında müəyyən məlumata maliksiniz. Əlavə edim ki, İbrahim bəy nəinki Türkiyədə, dünyada tanınan bir həkimdir. Eyni zamanda Türkiyənin və Azərbaycanın tarixini çox mükəmməl bilən bir araşdırıcı, maraqlı insandır. Mən eyni zamanda onu da bildirim ki, təhsil naziri cənab Misir Mərdanovun da İbrahim bəyə bir alim, həkim və şəxsiyyət kimi böyük hörməti var. Mənim üçün maraqlı bir məqam ondan ibarətdir ki, İbrahim bəyi Azərbaycanda çoxlu sayda insan tanıyır və hamı onunla görüşmək istəyir. Ancaq Azərbaycana gəldiyi qısa müddətdə İbrahim bəy özü bizim qəzetin kollektivi ilə görüşmək istəyib. Görüşdə "Azərbaycan müəllimi" qəzetinin yaradıcı kollektivi, Təhsil Nazirliyinin mətbuatla bağlı şöbəsinin əməkdaşları iştirak edirlər.

İbrahim bəy çox mütaliəli, hazırlıqlı bir insandır. Eyni zamanda o, Türkiyədə təhsil sahəsində həyata keçirilən tədriblərdə yaxından iştirak edən bir adamdır. İbrahim bəyi yaxşı tanıyan Ədalət müəllim də bugünkü görüşümüzdə iştirak edir. Azərbaycanın tanınmış ziyalılarından olan Ədalət Tahirzadə qəzetimizdə bizim üçün çox önəmli tarixi materiallar verir. Yaxşı olar ki, Ədalət müəllim də bir neçə kəlmə danışsın, sonra sözü İbrahim bəyə verək.

Ədalət Tahirzadə: - İbrahim bəylə biz bir neçə ildir ki, dostluq, yoldaşlıq edirik. İbrahim bəy Türkiyənin ən gözəl aydınlarından biri, dünya miqyasında tanınmış estetik cərrahdır. O yalnız Türkiyədə deyil, dünyanın bir çox ölkələrində təhsil alıb. Mənim üçün o, cərrahdan çox gözəl bir azərbaycanlıdır. Əsilləri - kökləri Azənbaycandandır. İndi yəqin özü bu haqda geniş məlumat verəcək. Onu deyim ki, dünən (oktyabrın 10-u - Y.Ə.) 100 illiyi qeyd olunan xalq şairi Mirvarid Dilbazi İbrahim bəyin xalasıdır. İbrahim bəy həm də gözəl araşdırmaçıdır. Onun "Türk plastik cərrahlığı tarixi" əsərində 8-ci yüzildən bəri türk dünyasında plastik cərrahlığın tarixi araşdırılır. İbrahim bəyin digər maraqlı araşdırmaları da var. Məsələn, "Azərbaycandan Amasyaya daşınan türk kültürü və şirvanlılar", "Türkiyədə Azərbaycan kültürü", "İstanbul Universitetini bitirmiş azərbaycanlılar" və s.

İbrahim bəyin çox geniş bir çevrəsi var. Tez-tez Azərbaycana gəlir. Mən sevinirəm ki, o, "Azərbaycan müəllimi" qəzeti redaksiyasının kollektivi ilə görüşdü. Mən bu kollektivə minnətdaram. İbrahim bəy haqqında ilk yazını məhz sizin qəzet dərc edib. Bizim bir layihəmiz də var. İnşallah, İbrahim bəy bundan sonra özü sizdə tarixi mövzuda silsilə yazılarla çıxış edəcək. Mən də sizin adınızdan İbrahim bəyə xoşgəldin deyirəm.

İbrahim bəyin sizinlə görüşməsi əslində mənim təşəbbüsüm idi. Arzu edərdim ki, belə görüşlər davamlı olsun. Sizinlə görüşməyə mən də şadam. Hər birinizə öz adımdan təşəkkür edirəm. İndi isə sözü verək İbrahim bəyə.

İbrahim Yıldırım: - Hər şeydən əvvəl məni buraya görüşə dəvət edənlərə, sizlərə çox təşəkkür edirəm. Biz Ədalət bəylə bu barədə İnternet vasitəsi ilə danışıb razılaşdıq.

İnsan oğlunun 100 ildə heç dəyişmədiyini, yüz ilin insanlar arasında çox kiçik bir vaxt olduğunu mən ailəmin Azərbaycandan Türkiyəyə köçməsindən 90 il sonra buraya gəlib bütün qohumlarımı tapdıqda bir daha yəqin etdim. Atalarımızın, babalarımızın, nənələrimizin bizə anlatdığı hər şey burada qalanların da eyni şəkildə dinlədiyi hekayələrdir. Biz siyasət adamı deyilik. Amma hər kəsin bir siyasi kültürü var. Məsələn, bizdə - demokratik Türkiyədə çoxlu partiya var. Seçki vaxtı hər kəs gedib səsini öz partiyasına verir. Amma ölkəni ortaya qoyan bir mədəniyyət var. Bu mədəniyyət, nə edirsinizsə edin, dəyişmir. Onun üçün də Azərbaycanla Türkiyənin yaxınlığını ifadə etmək üçün "Bir millət, iki dövlət" deyimi ortaya çıxıb.

Bu baxımdan bizim dilimiz demək olar ki, eynidir. Hər halda mən "gəlirəm, gedirəmlə", "geliyorum, gediyorum" arasında bir fərq görmürəm. Çünki bizim Ərzurumda danışılan türk ləhcəsi Azərbaycan dilinə çox yaxındır. Onun üçün ki, biz eyni millətin soyuyuq. Hər ölkədə bir mədəniyyət millətçiləri olur. Hər ölkənin yerləşdiyi mahalda, bölgədə hansı mədəniyyət keçərlidirsə o mədəniyyətin vətəndaşı oluruq. Madam ki, bizim mədəniyyətimiz türk mədəniyyətidir, biz də türk mədəniyyətini incələyib ortaya qoymalıyıq. Onunla bağlı dəyərləri bərabər paylaşmalıyıq. Bu burada da belədir, İranda da, Türkiyədə də, Balkanlarda da. Balkanlar Qərbə yaxın olduğu üçün əhalisi çox duyğusal deyil. Uzun müddət basqı altında olmalarına rəğmən çox böyük elm adamları yetişdirmişlər. Fəqət onu biləsiniz ki, türk dünyasının ürəyi, qəlbi Azərbaycandır. Bu, sadəcə mənim inancım deyil. Biliklərim, coğrafiyam hamısı bunu mənə göstərir. Siz müəllimlər üçün çıxan qəzet kimi çiyinlərinizdə böyük yük daşıyırsınız.

İndi isə düşünürəm ki, əvvəl bir qədər özüm haqqında danışıb sonra sizin suallarınıza cavab verməyim daha yaxşı olar.

Mənim ailəm 1898-ci ildə buradan köçməyi qərar vermişdir. Bunun bir çox səbəbləri olmuşdur ki, bunlardan da biri, həm də əsası o vaxt rusların həm Balkanlara, həm də Qafqaza enib Türkiyəni hər tərəfdən əhatəyə almaq səbəbi ilə etdikləri təzyiqlərdir. Bu təzyiqlər Azərbaycanda da olmuş və onu bir çox ailələr öz üzərində hiss etmişdir ki, onlardan da biri bizim ailəmiz olmuşdur. Mənim atam Sarı Qulu da bu taleyi yaşamışdır. O, Qaçaq Kərəmi öz evində saxlayaraq qorumuş və ruslara verməmişdir. Bu zaman ondan şikayət etmişlər və babamı tutaraq Sibirə sürgünə göndərmişlər. Lakin Sibirdə komandirin qızını müalicə etdiyindən onun qaçmasına şərait yaradılmış və o, qaçaraq Zəngəzura gəlmiş, bir müddət burada yaşadıqdan sonra Qərbi Azərbaycana getmişdir.

Nənəmin anlatdığına görə, o zamanlar quberniyamız Gəncə, mahalımız Qazax, vağzalımız Ağstafa, bazarımız isə Tiflis olmuşdur. Bakı ilə əlaqələrimiz az imiş. Bakı neft çıxandan sonra inkişaf etmişdir. O zaman Gəncə Azərbaycanın ürəyi idi, bunu kimsə inkar edə bilməz. Təkcə Azərbaycanın deyil, bütün Qafqazın mədəniyyətini toplayan arxivlər isə o zaman Tiflisdə yerləşirdi. Bu gün də arxivlər oradadır və araşdırma aparanlar oraya gedirlər.

1898-ci ildə bir çox ailələrlə birlikdə bizim ailəmiz də Tiflisdən Batumiyə, Batumidən Trabzona, oradan Samsuna, Samsundan isə arabalarla Amasyaya getmişdir. Amasya Türkiyənin çox tarixi bir şəhəridir. Amasyada ilk bələdiyyə azərbaycanlılar - şirvanlı Abdurrahman Əfəndi tərəfindən 1883-84-cü illərdə yaradılmışdır. Ondan sonra da 10-a yaxın azərbaycanlı bələdiyyə başqanı olmuşdur. Bütün millət vəkillərinin yarısı Azərbaycan əsillidir.

Düşünürəm ki, hər ölkədə Azərbaycan diasporu ola bilər. Bu təbii bir şeydir. Lakin Türkiyədən başqa. Çünki Türkiyədə Azərbaycan diasporu ola bilməz. Bunun üçün 80 milyon insanın hamısının diaspor olması lazım olardı. Biz eyni millətin, eyni mədəniyyətin övladlarıyıq.

Mənim əmilərimin də hamısı Amasyada yerləşmişlər. Onların hamısı Azərbaycanda anadan olub. Təkcə atam atasını və anasını yaxşı xatırlamırdı. Çünki Türkiyədə anadan olmuşdu.

Biz oraya getdikdən sonra 4  müharibə keçirmişik. O savaşlardan Qafqaz cəbhəsində, Sarıqamışda bir əmim şəhid olmuş, bir əmim Qalisiya cəbhəsində Osmanlı Ordusunda general olaraq itkin düşmüşdür. Oxumayan bir əmim isə 14 il əsgərlik çəkib qayıtmışdır. Demək istəyirəm ki, hər ailənin iztirabları olub. Nənəm deyərdi ki, ay oğul, biz batdıq. Amma narahat olma, biz yenə yüksələcəyik.

Aradan zaman keçib. Türkiyə-Sovet mədəniyyət əlaqələri çərçivəsində 1990-cı ildə Moskvaya gəldim. Orada 2 konfrans verdim. Sonra Azərbaycana gəldim. Burada məni qarşıladılar. Ondan əvvəl yerlilərimdən biri Türkiyəyə gəlmişdi. Bir-birimizdən xəbər tutmuşduq. Azərbaycanda bir ay qaldım. Qazaxa getdim. Bütün qohumlarımı tapdım. Bir daha təkrar edirəm ki, məhz onda mən bütün qapıların bağlı olduğuna rəğmən 100 ilin insan həyatında heç bir şey olduğunu hiss etdim.

Tale qismətindən xanımım tanınmış Azərbaycan şairi Molla Vəli Vidadinin nəvəsidir. Budəfəki gəlişimdə onun qohumlarının axtarışındayıq. Xoş bir təsadüfdən Mirvarid Dilbazinin 100 illik yubileyində mən də iştirak etdim.

Mən Türkiyədə oxudum. Qırıxqalada təhsilimə başladım. Merzifonda (Merzifon bu gün Amasya ilinin 7 ilçəsindən biridir - Y.Ə.) ibtidai məktəbi bitirdim. İmtahan verib Trabzon liseyinə qəbul olundum. Oranı bitirdikdən sonra əsgəri tibbiyə girdim. Dədə-babalarım həkim olduğu üçün bu sənəti seçdim. İlyarım təhsil alandan sonra məzun olmağa 3 gün qalmış məni əsgərliyə oxutmaq üçün çəkilən bütün xərcləri ödəyib azad oldum və İstanbula getdim. O vaxt Türkiyədə belə bir qanun var idi. İstanbul Universitetinə qəbul oldum və burada ümumi cərrahlıq ixtisası aldım. Sonra əsgərliyə getdim. Əsgərliyə gedəcəyim gün çox gənc yaşlarında atamı itirdim. Bu səbəbdən əsgərliyə 2 gün gec getdim. O vaxt bir qanun qəbul olunmuşdu, əsgərliyə 2 gün gec gedən orduda 1 ay artıq qulluq etməli idi. Elazığa getdim. Elazığ Azərbaycan şairi Almaz İldırımın illərlə qaldığı yerdir. Nigar Rəfibəylinin böyük qardaşı Kamil Aran da o vaxt Elazığdakı sığorta xəstəxanasında işləyirdi. Onun oğlu mənim dostum idi. Əsgərlik müddətində Elazığ əsgəri xəstəxanasında ümumi cərrah olaraq çalışdım. Əsgərliyi bitirməyə 1 həftə qalmış tələbələrin (öyrəncilərin) əsgərliyə getməməsi barədə bir qanun qəbul olundu.

Amma o müddət ərzində ölkənin görmədiyim yerlərini gəzdim. Əsgərlikdən sonra universitetə dönmək əvəzinə İngiltərəyə getdim. 6 il burada təhsilimi davam etdirdim. Ümumi cərrahlıqdan əlavə plastik, rekonstruktiv və estetik cərrahiyyə ixtisasını da aldım. Orada ikən dosent oldum.

Sonra Türkiyəyə döndüm. Bundan heç peşman da deyiləm. Ondan sonra Amerikada gənc doktorlar deyilən müsafir xoca olaraq çalışdım. Dünyanın bir çox yerlərinə getdim.

1990-cı ilin oktyabrında Bakıya gəldim. Buradakı Semaşko adına xəstəxanada Sovetlər Birliyində xaricdən əməliyat edən ilk türk olaraq çalışdım. 230 xəstəni təmənnasız əməliyyat etdim. O zaman hətta xəstəxananın adının dəyişdirilərək İbn Sina adlandırılmasına təşəbbüs etdim, yaranmış bir fürsətdən istifadə edərək xəstəxanaya su çəkdirdim.

1994-cü ildə yenidən Azərbaycana gəldim. O vaxt Azərbaycan Prezidenti olan Heydər Əliyev İstanbulda bizi görmüş və Azərbaycana dəvət etmişdi. Novruz bayramı ərəfəsində bir qrup həkimlə Azərbaycana gəlib Hərbi Hospitalda yaralı əsgərlərə yardım etdik, təxminən 2 həftə çəkən səfərimiz zamanı 68 xəstə üzərində mikrocərrahiyyə əməliyyatları apardıq.

O vaxt şəraiti olmayan hər iki xəstəxanada sonralar çox gözəl təmir işləri aparılmış və nümunəvi şərait yaradılmışdır. Bu dəfə onları gördükdə çox məmnun qaldım.

Azərbaycan üçün yüksək ixtisaslı tibb mütəxəssislərinin, həkimlərin hazırlanması sahəsində çoxlu çalışmalarım olub. 1992-ci ildə Azərbaycanın 10 nəfər tibb tələbəsini Türkiyəyə gətirərək təqaüdlə təmin etdirdim. Onlardan 5-ni İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsində, 5-ni isə İstanbul Çapa tibb fakültəsində yerləşdirdim. İndiyədək 97 tələbənin Türkiyədə oxumasına kömək etmişəm. Onlardan hələ təhsilini bitirməyənlər də var. Təhsilini bitirərək dönənlər burada tanınmış həkimlər kimi yüksək vəzifələrdə çalışırlar.

Azərbaycandan Türkiyədə oxuyanlar çoxdur. Bu lazımdır, çünki Azərbaycandan Amerikaya, Almaniyaya, İngiltərəyə və digər ölkələrə gedən tələbələr bir sıra çətinliklərlə qarşılaşırlar. Ən əvvəl o ölkələrdəki insanların bir kimlik problemi var. Azərbaycanlılar üçün kimlik probleminin çox asan çözüləcəyi yeganə yer isə Türkiyədir. Çünki buraya gələnlər eyni dildə danışan adamları görür, eyni yeməyi yeyir, eyni adətlərin şahidi olurlar. Bu isə çox önəmli bir şeydir.

Bizim Azərbaycanla münasibətlərimiz davam edir. Əlimizdən gələni edir, atamızın, anamızın vəsiyyətlərini yerinə yetiririk. Dədəmizin, nənəmizin öyrətdiyi mahnılar bizim üçün çox əzizdir. İnşallah, həmin mahnılar pozulmaz, çünki həyatda heç də hər şey pozulmur.

Azərbaycan əhalisi, Azərbaycan toplumu çox duyğusal, emosionaldır. O duyğu xaricində gerçəkçi olmağı öyrənmək lazımdır. Biliklər, irəliləmə də gerçəkçi olmadan mümkün deyil. "Mənim savadım heç kimdə yoxdur", "Mən hər şeyi bilirəm" deyə düşünməklə irəli getmək olmaz. Yalnız hər zaman "Mən bu işi bilmirəm, öyrənəcəm" deyəcəyiniz halda öyrənmək, irəli getmək mümkündür.

***

Görüşdə professor İbrahim Yıldırıma "Azərbaycan müəllimi" qəzetinin əməkdaşları tərəfindən bir sıra suallar ünvanlandı:

Sual: - Azərbaycan təhsilinin vəziyyəti ilə bağlı nə deyə bilərsiniz? Türkiyənin təhsil sistemi ilə müqayisədə bizdə nələri müsbət, nələri çatışmayan cəhətlər hesab edirsiniz?

Cavab: - Azərbaycan təhsilində son illər çox güclü dəyişmələr gedir, yeniliklər tətbiq olunur. Sizdə orta məktəblərdə oxuyanlar elmlərin əsasları üzrə geniş və mükəmməl bilgilər alırlar. Azərbaycanda çoxdan 11 illik orta təhsil tətbiq olunur, Türkiyədə isə indi-indi 12 illik orta təhsilə keçilir. Lakin sizdə adamların öyrəndikləri bilikləri tətbiq etmələri sahəsində problemlər var. İndi sizin orta təhsilin məzmununda aparılan islahatlar yəqin ki, yaxın illərdə bu çatışmazlığı tamamilə aradan qaldıracaq. Çünki indi sizin orta məktəblərdə öyrədilən biliklərin tətbiqinə böyük önəm verilir.

Türkiyədə ali məktəblər Avropaya, Qərbə daha çox inteqrasiya olunub. Ancaq anqlo-amerikan təhsil sisteminə keçərkən biz heç bir şey itirmədik, sərbəstliyimizi qoruyub saxladıq. Qərbə paralel bir sistem qurduq. Bizim bütün dövlət məktəblərində, istər ali, istərsə də orta məktəblər olsun, təhsil pulsuzdur. İmtahan verib oxumaq fürsəti qazananlar bu imkandan istifadə edə bilirlər.

Türkiyədə təhsilə dəstək verən qurumlar, xüsusən xeyriyyə fondları çoxdur. Onlar çəkinmədən tələbələrin təhsilinə vəsait xərcləyirlər. Tələbələrə kredit verilməsi praktikasından da geniş istifadə olunur. Tələbə təhsilinə dəstək üçün aldığı müəyyən məbləğdə krediti universiteti bitirib, əgər oğlandırsa əsgərliyə gedib qayıtdıqdan, işə girib işlədikdən 2 il sonra qaytarır. Pulu qaytarmaq ona görə zəruri olur ki, digər təhsil alanlara da belə köməklikləri göstərmək mümkün olsun.

Məsələn, mən bizdə kənddən gəlmiş, orta təhsilini belə başa vurmamış Ömər bəy adlı bir iş adamı tanıyıram, o, universitetdə 857 tələbəyə qarşılıqsız borc verərək oxudur. Amma tələbə çalışmadığı zaman pulunu kəsir.

Sizin təhsilinizdə də yeniliklər çoxdur. Onlardan biri də tibb təhsilində rezidenturanın tətbiqidir. Bu bizim zatən istədiyimiz və ATU-nun rektoru Əhliman Əmiraslanovla görüşlərimizdə davamlı olaraq danışdığımız bir şeydir. Tibb Universiteti üçün xəstəxanaların tikilməsi də müsbət işlərdəndir.

Sual: - Bu yaxınlarda Azərbaycanda belə bir məlumat yayıldı ki, Türkiyədə bütün ali məktəblərdə təhsil haqqı ləğv olunub. Bu nə deməkdir?

Cavab: - Türkiyədə universitetlərdə tələbələrin 6 ayda ödədikləri vəsait var. Bu hər tələbə üçün kiçik məbləğ olub, 200-250 Türkiyə lirəsi, yəni təxminən 100 ABŞ dolları təşkil edir. Xarici tələbələr bu məbləğin 2 misli qədər ödəyirlər. Həmin vəsaiti dövlət deyil, universitetlər özləri alırlar: tələbələrin yeməyi, digər zəruri kiçik xərclər üçün. Həmin ödənişlər aradan qaldırılıb.

Sual: - Azərbaycanda dövlət ali məktəblərinin tələbələrinin 60 faizi dövlət hesabına, 40 faizi isə ödənişlə təhsil alır. Bəs Türkiyədə dövlət ali məktəblərində ödəniş neçə faizdir, yəni tələbələrin neçə faizi dövlət hesabına, neçə faizi ödənişli oxuyur?

Cavab: - Türkiyədə  dövlət ali məktəblərində tələbə heç bir vəsait ödəmir. Hamısını dövlət özü ödəyir. Ödəniş ancaq özəl ali məktəblərdədir. Lakin dövlət onlara da limit qoyur ki, məsələn, 45 faiz tələbəni pulsuz oxudacaqsan və dövlət bu tələbin yerinə yetirilməsinə nəzarət edir.

Sual: - Azərbaycanda uzun müddətdir ki, müzakirə gedir. İnsanlar deyirlər ki, nə üçün özəl ali məktəblər təhsil haqqı olaraq istədikləri qiymətləri qoyurlar. Dünyada bu proses necə gedir? Türkiyədə bunu dövlət nizamlayırmı?

Cavab: - Türkiyədə də dövlət bu məsələyə çox qarışmır. Ancaq bizdə bir qurum var - YÖK (Yüksək Öyrətim Kurulu). Həmin qurum bu məsələyə müdaxilə və nəzarət edir. Universitetlərdə təhsil haqqı öyrədilən ixtisaslar üçün lazım olan maddi-texniki bazadan asılıdır. Məsələn, elə fakültələr, ixtisaslar var ki, daha çox avadanlıq tələb edir. Xüsusən də texniki yönümlü ixtisaslarda. Amma elələri də var ki, çox avadanlıq gərək olmur. Məsələn, humanitar ixtisaslar. Ödəniş qiymətləri müəyyənləşdirilərkən bu amil nəzərə alınır və qiymətlər əsaslandırılır.

Sual: - Siz indiyədək Azərbaycandan tibb ixtisasları üzrə 97 tələbənin Türkiyədə oxumasına kömək etmisiniz. Bizim tələbələrin səviyyəsi haqqında nə deyə bilərsiniz?

Cavab: - Dünyanın bütün insanları eynidir. Bu baxımdan azərbaycanlı tələbələr də türkiyəli tələbələrdən heç fərqli deyil. Lakin onların içərisində istedadları, bilikləri ilə fərqlənənlər olur. Məsələn, mənim 5 il öncə Azərbaycandan gətirdiyim 2 tələbəTUS (Türkiyə uzmanlıq sınavı) imtahanlarında bütün ölkə üzrə ən yüksək nəticə göstərərək birinci olmuşlar.

Bayram Hüseynzadə: - İbrahim bəy, bizimlə görüşə vaxt ayırdığınıza və maraqlı söhbətlərinizə, dediyiniz dəyərli fikirlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Xahiş edərdik ki, vaxtınız olduğu təqdirdə bizim qəzetimizə Azərbaycanla, Türkiyə ilə, hər iki ölkənin tarixlərilə bağlı mütəmadi yazılar verəsiniz. Azərbaycana yolunuz düşəndə bizim kollektivlə daha geniş şəkildə görüşməyə vaxt ayırasınız. Sağ olun. 

Hazırladı: Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov