Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

Dünyanın təhsil yenilikləri

 

Ailə tərbiyəsi şagirdlərin tədris uğurlarına müsbət təsir göstərir

Tədqiqatlara əsasən, şagirdlərin əldə etdiyi nailiyyətlərdə ailə tərbiyəsi mühüm rol oynayır. 18 yaşadək olan 10000 yeniyetmə arasında aparılmış araşdırmalar nəticəsində məlum olub ki, ailədə verilən tərbiyə məktəbdəkindən üç dəfə daha üstündür.

Tədqiqatçılar müşahidə ediblər ki, müqayisə aparılması üçün hazırlanmış testlərdə məktəbdə təhsil alan, valideynləri tərəfindən diqqət görən və evdə dərslərinə maraq göstərilən şagird ən yaxşı məktəbdə oxuyan, ancaq valideynləri dərsləri ilə maraqlanmayan şagirdlərdən daha yüksək nəticələr göstərib. Bununla yanaşı, tədqiqatçılar onu da qeyd edib ki, məktəbin keyfiyyətli olması böyük önəm daşıyan məsələdir, xüsusilə uşaqlara yeniyetməlik dövründə evdən kənar mühitin təsiri daha böyükdür.

ABŞ-ın Şimali Karolina Ştat Universitetinin əməkdaşları "ailə sosial kapitalı"nı "məktəb sosial kapitalı" ilə müqayisə edərək onların hansının daha vacib olmasını öyrənib.

"Ailə sosial kapitalı" valideynlərin uşaqlarına inamı, onların ev tapşırıqları ilə maraqlanmaları, məktəbdəki fəaliyyətlərinin müzakirəsi, valideynlərin məktəbdə təşkil olunan tədbir və mərasimlərdə iştirakı və digər bu kimi məqamlara əsaslanır.  "Məktəb sosial kapitalı"nda müəllimlərin valideynlər tərəfindən qiymətləndirilməsi, şagirdlərin əxlaq qaydalarına riayət etməsi, idman yarışlarında və dərsdənkənar tədbirlərdə iştirak, valideyn və məktəb arasında əlaqələrin müntəzəmliyi diqqətdə saxlanılır, habelə dərsə gəlməmək, dərsdən qaçmaq, cəzalandırılmaq kimi problemlərin olmaması nəzərə alınır.

Qeyd edək ki, uzunmüddətli təhsil monitorinqi layihəsində iştirak edən şagirdlərin nəticələri ballarla qiymətləndirilib. Daha sonra əldə olunan nəticələr şagirdlərin riyaziyyat, oxu, dəqiq elmlər və tarix fənlərindən əldə etdikləri göstəricilərlə müqayisə edilib. 

Tədqiqatın müəlliflərindən biri, sosiologiya üzrə professor Tobi Parsel deyib: "Şagirdlərin əldə etdiyi nailiyyətlərdə məktəbin də, ailənin də iştirakı vacibdir, lakin ailənin rolu daha böyükdür". O qeyd edib ki, ailədə təhsillərinə diqqət göstərilən uşaqların nəticələri daha yaxşı olub, lakin məktəbin heç bir əhəmiyyəti olmadığını demək olmaz, məktəbin də xüsusi rolu var.

T.Parsel daha sonra bidirib: "Ən başlıcası valideynlər uşaqlarının təhsildə uğur qazanmasında nə qədər əhəmiyyətli olduqlarını başa düşməlidirlər".

Ali məktəblərə qəbul olunmaq və ya işləməyə getmək istəyən yeniyetmələr arasında aparılan araşdırmalarda da "ailə sosial kapitalı"nın çox önəmli olduğu məlum olub.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, təkcə məktəblərə investisiya ayırmaqla kifayətlənməməli, eyni zamanda "ailə sosial kapitalı"nın da inkişafına diqqət yönəldilməlidir.


Beynəlxalq Reytinq Agentliyi Kembric Universitetini "AAA" reytinqinə layiq görüb

"Moody" Beynəlxalq Reytinq Agentliyi Kembric Universitetinə "AAA" reytinqi verib. Buna səbəb ali məktəbin bazarda mövqelərini qoruması və gəlirlərini sabit səviyyədə saxlamasıdır.

Agentliyin məlumatında bildirilir ki, Kembric Universiteti inkişaf perspektivlərini sabit saxlayıb, bazarda mövqelərini möhkəmləndirib, qiymətli kağızlarının həcmini artırıb və güclü idarəetmə strukturu qurub.

"Güclü nəşriyyat və qiymətləndirmə biznesinə malik universitet təhsil sahəsi və elmi tədqiqatlar üzrə dünya lideri qismində bazarda möhkəm mövqeyə malikdir", - deyə agentliyin məlumatında qeyd edilir.

Agentlik, həmçinin Kembric Universitetinin "ən yaxşı tələbələri" ali məktəbə cəlb etmə, Böyük Britaniyanın daxilindən və xaricindən elmi tədqiqatlara cəlb olunan maliyyə vəsaitlərinə təminat vermə bacarığını qeyd edib.

Agentlik əlavə edib ki, universitetə "AAA" reytinqinin verilməsinə səbəb, həmçinin ali məktəbin ölkənin digər universitetləri ilə müqayisədə dövlət maliyyələşməsindən az asılı olması, flaqman statusunu saxlaması və Britaniyanın təhsil sistemində önəmli rol oynamasıdır. 

Bu yaxınlarda 800 illik yubileyini qeyd edən Kembric Universiteti təntənəli tədbirlər keçirmək məqsədilə maliyyə toplanmasına start verib. Fonda 1,7 milyard funt-sterlinq vəsait toplanıb ki, bu da Avropa məkanında müvafiq məqsəd üçün yığılmış ən yüksək məbləğdir.

Agentliyin məlumatında bildirilir ki, ali məktəb dövlətdən 350 milyon funt-sterlinqədək vəsait ala bildiyi halda, maliyyə gəlirinin çox olması səbəbindən əsas layihələrini müstəqil maliyyələşdirmək imkanına malikdir. Nəticədə, universitetin dövlətə borcu Britaniyanın digər ali məktəbləri ilə müqayisədə daha azdır.

Qeyd edək ki, "Moody" Beynəlxalq Reytinq Agentliyi kredit reytinqlərinin verilməsi, risklərin və analizlərin tədqiqatı ilə məşğuldur. Agentlikdə dünyanın 26 ölkəsindən 4500-dən çox mütəxəssis çalışır.


Rusiyanın ali məktəbləri dünya universitetlərinin reytinq sıralamasında

Rusiyanın bir sıra ali məktəbləri dünyanın aparıcı universitetlərinin 2012-ci il üzrə reytinq sıralamasında (QS World University Rankings jurnalı) öz mövqelərini yaxşılaşdırıb. Bu barədə jurnalın Mərkəzi, Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Zoya Zayçeva məlumat verib. 

Dünyanın nüfuzlu ali məktəblərinin 2012-ci il üzrə reytinq sıralamasına ilk dəfə olaraq Massaçusets Texnologiya İnstitutu (MTİ) başçılıq edir. İlk onluqda ikinci yeri 2011-ci ilin lideri Kembric Universiteti, üçüncü yeri isə Harvard Universiteti tutub.

Bu arada Rusiyanın iki aparıcı ali məktəbi - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) və Sankt-Peterburq Dövlət Universiteti (SPDU) ötənilki pillədən bir qədər geriləyiblər. Belə ki, MDU reytinqdə 116-cı yerdə (2011-ci ildə 112-ci yer), SPDU isə 253-cü yerdə (2011-ci ildə 251-ci yer) qərarlaşıb.

Bundan əlavə, 2012-ci ilin reytinq sıralanmasında Tomsk Dövlət Universiteti bir neçə pillə enərək 580-ci yerə (2011-ci ildə 474-cü yer), Kazan Federal Universiteti 663-cü yerə (2011-ci ildə 603-cü yer) və Lobaçevski adına Nijqorod Dövlət Universiteti isə 719-cu yerə (2011-ci ildə 696-cı yer) layiq görülüblər.

Buna baxmayaraq, Rusiyanın bir neçə ali məktəbi reytinq sıralamasında irəliləməyə nail olub. Belə ki, Bauman adına Moskva Dövlət Texniki Universiteti 27 pillə irəliləyərək 352-ci, Novosibirsk Dövlət Universiteti isə 29 pillə qalxaraq 371-ci yeri tutub. Həmçinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu 367-ci (2011-ci ildə 389-cu yer), Tomsk Politexnik Universiteti isə 567-ci (2011-ci ildə 607-ci yer) yerdə qərarlaşıb.

Qeyd edək ki, QS World University Rankings jurnalının sıralaması tərtib edilərkən altı əsas qiymətləndirmə meyarından istifadə olunur: ali məktəbin akademik mühitdə nüfuzu, əməkdaşlarının elmi məqalələrinə istinad səviyyəsi, müəllim-tələbə nisbəti, işəgötürənlərin ali məktəbin məzunlarına münasibəti, həmçinin əcnəbi müəllim və tələbələrin nisbi sayı.


Böyük Britaniyada əcnəbi tələbələrin sayı azala bilər

2012-2013-cü tədris ilində Böyük Britaniyada əcnəbi tələbələrin sayı yeni viza qaydalarının tətbiqi nəticəsində 20 faiz azala bilər.

Belə ki, tədris ilinin başlamasına az qalmış universitetlər yerlərin tam dolduğunu iddia edirdisə, indi viza məsələsi ilə əlaqədar tələbələrin sayının gözlənildiyindən 20 faiz az ola biləcəyi bildirilir.

2012-ci ilin aprel ayında hökumət immiqrasiya sistemini yenidən nəzərdən keçirərək onda bəzi dəyişikliklər edib. Bu dəyişikliklər tələbə vizası üçün müraciət edən əcnəbi tələbələrə də şamil olunub.

Belə ki, yeni qaydalara görə, əcnəbi tələbə viza almaq üçün öz təhsil haqqını ödəmək iqtidarında olduğunu qeydiyyata düşməzdən 28 gün əvvəl təsdiq etməlidir. Bundan əlavə, əcnəbi tələbə şəxsi bank hesabına malik olmalı və hesabında aylıq əlavə xərc və yaşayış üçün 1000 funt-sterlinqə qədər vəsaiti olduğunu göstərməlidir. Həmçinin immiqrasiya məsələləri ilə məşğul olan rəsmilər hər hansı bir əcnəbi tələbənin ingilis dili səviyyəsinin qənaətbəxş olmadığı qənaətinə gəlsələr, həmin tələbəyə viza verilməsindən imtina edilə bilər.

Əcnəbi tələbələrin sayının azalmasından narahat olan ali təhsil müəssisələri qəbul şərtlərinin ağır olduğu qənaətindədirlər. Onların sözlərinə görə, ötən tədris ilində bir çox əcnəbi tələbəyə viza verilməsindən imtina edilib, bu isə həmin tələbələrin Avstraliya və ABŞ universitetlərinə üstünlük vermələrinə səbəb olub. 

Hesablamalara görə, Böyük Britaniyada 340 min nəfərdən artıq əcnəbi tələbə təhsil alır. Ümumilikdə onların təhsil haqqının 1,25 milyard, yaşayış xərclərinin isə 1,6 milyard funt-sterlinq olduğu müəyyən edilib. Bunlar və digər xərclərlə birlikdə əcnəbi tələbələr Böyük Britaniya iqtisadiyyatına hər il təxminən 8,5 milyard funt-sterlinq həcmində xeyir verirlər.


Belçika hollandiyalı tələbələrin axınından narahatdır

Artıq 10 ildir ki, Belçikanın şimal regionu olan Flandriyada yerləşən universitetlərdə hollandiyalı tələbələrin sayı durmadan artır. Hazırda Belçikada təhsil alan hollandiyalı tələbələrin sayı 6000-dən çoxdur. Bu tendensiya Belçika universitetləri və siyasətçiləri tərəfindən narahatlıqla qarşılanır. 

Hollandiyalı tələbələrin Belçikanın bu regionunda təhsil almağa üstünlük vermələrinin əsas səbəbi bu ölkədə təhsil haqqının aşağı olması və dil yaxınlığı (Flandriyada əhalinin əksəriyyəti holland dilinə yaxın olan flamand dilində danışır) ilə bağlıdır. Belə ki, Niderland Krallığında təhsil haqqı 1771 (2300 ABŞ dolları), Belçika Krallığında isə 578 avro (752 ABŞ dolları) təşkil edir. 

Niderlandda ixtisasdan asılı olaraq tələbələr ali təhsil dövründə 4000-20000 avro xərcləyir, belçikalı tələbələr isə yalnız bir dəfə az miqdarda təhsil haqqı ödəyirlər. Həmçinin Belçikada Niderlanddan fərqli olaraq tibb və baytarlıq ixtisasları üzrə yer məhdudiyyəti yoxdur.

Son zamanlar Belçikada hollandiyalı tələbələrin təhsil haqqının həcmi barədə qızğın müzakirələr gedir. Hollandiyalı tələbələrin sayının artması məsələsi Belçika Krallığı parlamentində də müzakirəyə çıxarılıb. Belçika Təhsil Nazirliyinin ali təhsil üzrə direktoru Noel Vercruyse "De Standaard" qəzetinə müsahibəsində: "Bizim cəmiyyətin bir hissəsi olmayan böyük tələbə qrupunu maliyyələşdirmək bizim üçün problemdir. Ali məktəbi bitirdikdən sonra hollandiyalı tələbələrin çoxu Niderlanda qayıdırlar", - deyə bildirib.

O daha sonra vurğulayıb ki, qonşu ölkələr təhsil sahəsi üzrə siyasətlərinə düzəliş etməlidirlər. "Avropa İttifaqına daxil olan bəzi ölkələrdə təhsil haqqı çox yüksəkdir, bu da digər ölkələrin yüklənməsinə səbəb olur", - N.Vercruyse qeyd edib.

Onu da qeyd edək ki, Niderlanddan olan tələbələrin ən çox üstünlük verdikləri ali məktəb Antverpen Universitetidir. Bu ali məktəbdə hollandiyalı tələbələrin sayı 658-dən 917-yə yüksəlib. Keçən il Gent Universitetində təhsil alan hollandiyalı tələbələrin sayı 246 olduğu halda, bu il 346 nəfər təşkil edib.


Nyu-York məktəblərində valideynlər üçün SMS - məlumat xidməti tətbiq edilib

2012-2013-cü tədris ilindən etibarən Nyu-York şəhərinin məktəbləri SMS-məlumat xidmətinə qoşulublar. Bu barədə şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edən Nyu-York şəhərinin meri Maykl Blumberq məlumat verib. Onun sözlərinə görə, bu xidmət vasitəsilə valideynlər övladlarının təhsilini nəzarətdə saxlaya biləcəklər. SMS xidməti vasitəsilə, əsasən tədris  proqramının yeniləşdirilməsi və məktəb resurslarından necə istifadə edilməsi kimi məlumatların verilməsi nəzərdə tutulur.

Xidmətə qoşulmaq üçün "nycschools" (Nyu-York şəhərinin məktəbləri) sözünü xüsusi nömrəyə göndərmək lazımdır.


Gürcüstanın Elm və Təhsil Nazirliyi elektron sistemə keçir

Gürcüstanın Elm və Təhsil Nazirliyi yeni tədris ilindən etibarən tam elektron sistemə keçir. Bu barədə elm və təhsil naziri Dmitri Şaşkin məlumat verib. O bildirib ki, bu, həm məktəb rəhbərliyinə, həm elektron jurnallara, həm də pristavlar (məktəblərdə şagirdlərin davranışına nəzarət edən şəxslər) tərəfindən tərtib olunan protokollara aiddir.

D.Şaşkinin sözlərinə görə, yeni sistemlə əlaqədar bir neçə istiqamətdə işlərə başlanılıb. Artıq pristavların elektron protokollarının tərtibi üzrə proqram işə salınıb. Bundan əlavə, noyabrın 1-dən etibarən Tbilisidə, 2013-cü il yanvarın 1-dən isə bütün regionlarda elektron jurnalların istifadəsinə başlanılacaq.

"Əsas vəzifəmiz təhsil sistemini daha da şəffaf etmək və valideynlərə tədris zamanı övladlarına nəzarət imkanı yaratmaqdır. Yeni sistemə əsasən valideynlər SMS vasitəsilə övladlarının aldıqları qiymətlər barədə məlumatlandırılacaq və ya məktəbin portalına daxil olaraq qiymətlərlə orada tanış olmaq imkanı əldə edəcəklər", - deyə nazir bildirib. Onun sözlərinə görə, bu proqramın sayəsində dövlət büdcəsinə 12 milyon lari qənaət edilib.


Riyaziyyat prioritet fənn kimi tədris olunacaq

 

 Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyi mövcud məktəb proqramı standartında riyaziyyat fənninin prioritet statusu üzrə dəyişiklik etmək niyyətində olmadığını vurğulayıb. Bu haqda məlumatı elm və təhsil naziri Dmitriy Livanov Rusiya Federasiyası hökumətinin iclasından sonra jurnalistlərə açıqlamasında verib.

Qeyd edək ki, oktyabrın 11-də Rusiya Federasiyası təhsilinin 2013-2020-ci illərdə inkişafı üzrə proqram hökumətin iclasında təsdiq edilib. İclasda çıxış edən Baş nazir Dmitriy Medvedevin sözlərinə görə, yaxın vaxtlarda məktəblərdə riyaziyyat fənninin tədrisinə daha çox diqqət yetirilməsi nəzərdə tutulur.

Rusiya Federasiyasının elm və təhsil naziri Dmitriy Livanov bu barədə mediaya verdiyi məlumatda daha sonra qeyd edib: "İbtidai və orta məktəblərdə ümumfederal standartlar qəbul edilib və onlara dəyişiklik edilməyəcək. Lakin metodiki fəaliyyət gücləndiriləcək, yeni dərsliklər hazırlanacaq və müəllimlər təkmilləşdiriləcək". Bununla da nazir riyaziyyata prioritet status verilməsi ilə əlaqədar olaraq bu fənnin xeyrinə digər fənlərin ixtisar edilməsi haqqında sualı cavablandırıb.

D.Livanovun sözlərinə görə, eyni zamanda riyazi bacarıqlara malik istedadlı şagirdlərin aşkar edilməsi sistemi təkmilləşdiriləcək və onların daha da inkişafı üçün müvafiq şərait yaradılacaq. 

"Ölkəmizin məktəbliləri riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalarda uğurla iştirak edərək son 20 ildə ardı-ardına ilk beşlikdəki yerləri tutublar. Bu mənada riyaziyyat fənni üzrə saatların sayını artırmaq əsas deyil. Riyaziyyatın metodik cəhətdən yüksək səviyyədə hazırlanmış müəllimlər tərəfindən tədrisi çox önəmlidir", - deyə nazir qeyd edib. O əlavə edib ki, bununla bağlı pedaqoji kadrların hazırlanması məsələsinə əhəmiyyətli dərəcədə diqqət yetiriləcək.

D.Livanovun sözlərinə görə, Rusiya məktəblərində riyaziyyat fənni üzrə tədrisin gücləndirilməsi planı artıq işlənilib hazırlanıb və qısa vaxt ərzində təsdiq olunaraq həyata keçiriləcək.

Nazir onu da vurğulayıb ki, yuxarı siniflərdə təhsilin variativliliyi qorunub saxlanılacaq, əvvəllər olduğu kimi şagirdlər istədikləri ixtisaslar üzrə istiqamətləri seçəcəklər.   

Hazırladılar:   Lamiyə ƏLİYEVA,
Leyla HEYDƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov