XX
əsr fizika elminin ən görkəmli nümayəndələrindən biri
elm sahəsində müsəlman şərqinin ilk Nobel mükafatı
laureatı, pakistanlı alim Abdus Salamdır. Öz elmi
uğurları ilə sağlığında Pakistanın milli qəhrəmanı
zirvəsinə yüksəlmiş, ölkəsində elmin inkişafı naminə
fədakarcasına çalışmış Abdus Salam dünya nəzəri fizika
məktəbi yaratmış, inkişaf etməkdə olan ölkələrdə fizik
alimlərin və onların elmi tədqiqatlarının inkişafına
töhfələr vermişdir. O, atomun müasir standart modelinin
banilərindən biri hesab olunur. Dünyanın 40-dan artıq
universitetinin və elmi cəmiyyətlərinin fəxri doktoru
seçilmiş Abdus Salamın adı sağlığında Albert Eynşteyn,
Nils Bor və digər dahilərlə yanaşı çəkilib. Dahi alimin
fizika elminə göstərdiyi xidmətlər əvəzsizdir.
Uşaqlıq illəri
Müsəlman dünyasının ilk Nobel mükafatı laureatı 1926-cı
il yanvarın 29-da Pakistanın Canh şəhərciyində rayon
təhsil idarəsində işləyən Məhəmməd Xusseyn və Xacira
Xusseynin ailəsində anadan olub. Salamın mömin
ailəsində oxumağa, biliklər əldə etməyə köhnədən ənənə
mövcud idi. 14 yaşında Salam tədris olunan fənlər üzrə
ən yüksək qiymətlər alıb. Pencab Universitetinə qəbul
imtahanlarında Salama qədər bu cür ən yüksək nəticə
qeydə alınmamışdı. O, universal tələbə olub, urdu dili
və ingilis ədəbiyyatı ilə maraqlanıb. Lakin tezliklə
riyaziyyat onun diqqətini daha çox cəlb edib.
Müəllimləri çox istəyirdilər ki, Salam ingilis dili
müəllimi olsun. Lakin o, riyaziyyatı seçib.
Universitetin 4-cü kursunda oxuyarkən bir sıra riyazi
problemlərin həlli ilə məşğul olmağa başlayan Salam
ciddi elmi karyera vəd edirdi. Atası oğlunun
universiteti bitirdikdən sonra Hindistanda dövlət
işində çalışmasını istəyirdi. O zaman dövlət işi bir
sıra universitet məzunlarının can atdığı əsas fəaliyyət
sahəsi idi. Dövlət qulluqçuları cəmiyyətdə ən hörmətli
mənsəbə malik idi. Atasının arzularına hörmət edən Salam
özünü ilk iş yeri kimi Hindistan dəmiryolu idarəsində
sınamağa cəhd edib. Lakin tibbi yoxlamadan keçə
bilməyib. Salam gənclik illərindən eynək taxdığından
tibbi yoxlamanın nəticələrinə əsasən dəmiryolu
nəqliyyatında mühəndis vəzifəsinə yararlı hesab
olunmayıb. Onun ilk cəhdi baş tutmadığından Lahordakı
hökumət kollecinin aspiranturasında təhsilini davam
etdirib. O, 1946-cı ildə buranı bakalavr diplomu ilə
başa vurub.
Xüsusi
təqaüdə nail olan Salam İngiltərədə Kembric
Universitetinin Sent-Con Kollecinə daxil olaraq 1949-cu
ildə fizika və riyaziyyatdan əla qiymətlərlə magistr
diplomu alıb.
Müsəlman alimin Avropa zəfəri
Abdus Salam Kembricdə qalıb və 1952-ci ildə məşhur
Kavendiş laboratoriyasında nəzəri fizika üzrə kvant
mexanikası və elektrodinamikanın fundamental
problemlərinə həsr olunmuş doktorluq dissertasiyası
müdafiə edib. Doktorluq dissertasiyası elmi jurnalda
dərc olunandan sonra Salam bütün dünya fiziklərinin
diqqətini cəlb edib. Bu elmi işə görə Salam Adams
mükafatına layiq görülüb. 1951-ci ildə o, Lahorda
hökumət kollecində riyaziyyat professoru yeri alıb.
İlkin mərhələdə o, Pakistanda nəzəri-fiziklər məktəbi
yaratmağı qarşısına məqsəd qoyub, lakin tezliklə başa
düşüb ki, Avropanın aparıcı elmi-tədqiqat mərkəzlərindən
çox-çox uzaqlarda yaşamaqla nəzəri fizika sahəsində
uğurlu iş apara bilməyəcək. Buna görə də Salam 1954-cü
ildə riyaziyyat üzrə mühazirəçi-professor kimi Kembric
Universitetində işləməyə başlayıb. 1957-ci ildə Salam
Londondakı İmperial Kollecində nəzəri fizika kafedrası
yaradır.
50-ci
illərin ortalarında Salam təbiətdə müşahidə olunan bütün
qüvvələr üçün vahid nəzəriyyəni işləyib hazırlamağa
cəhd edib. O, bununla hələ XIX əsrdə əsası qoyulmuş
elmi problemi həll etməyə çalışıb. 1870-ci ildə
şotlandiyalı riyaziyyatçı və fizik Ceyms Klerk Maksvel
elektrik və maqnetizmin vahid nəzəriyyəsini -
elektromaqnetizmi hazırlamışdı. Ondan sonra fiziklər
elə bir nəzəriyyə işləməyə cəhd etmişdilər ki, bu
nəzəriyyə həm elektromaqnetizm, həm də qravitasiyanı,
eləcə də zəif və güclü qarşılıqlı təsirləri əhatə edə
bilsin.
Abdus Salam və digər fiziklər Şeldon Qleşou və Stiven
Vaynberqin bir-birlərindən ayrılıqda işləyib
hazırladıqları yeni nəzəri ideya elektromaqnetizm və
zəif qarşılıqlı təsirləri birləşdirən nəzəriyyənin
qurulmasına gətirib çıxardı. Maksvelin elektrik və
maqnetizmi birləşdirdiyi kimi, Salam-Qleşou-Vaynberq
nəzəriyyəsi elektromaqnit və zəif qarşılıqlı təsiri
vahid "zəif-elektrik" qarşılıqlı təsirin müxtəlif
aspektləri kimi təqdim etməyə imkan verdi. 60-cı illərin
əvvəllərində Salam və Qleşou elektromaqnetizm və zəif
qarşılıqlı təsiri birləşdirməyə cəhd etdilər, onlar
bundan ötrü kalibrləmə simmetriyası adlandırılan
anlayışdan istifadə etdilər.
1960-cı ildə Qleşou elektromaqnetizm və zəif qarşılıqlı
təsirin vahid nəzəriyyəsini irəli sürdü, bu nəzəriyyə
qarşılıqlı təsirin daşıyıcıları (fotonlar) olan 4
zərrəciyin (elektromaqnit keçiricilər) və sonralar W+,
W-, Z0 adlandırılan hissəciklərin (zəif qarşılıqlı
təsirin keçiriciləri) mövcud olmasını söyləməyə imkan
verdi. Qleşounun nəzəriyyəsində başlıca çətinliklərdən
biri bütün hissəciklərin kütləyə malik olmaması barədə
fikirdən qaynaqlanırdı. Kvant mexanikasına görə,
qüvvənin təsir radiusu keçirici
hissəciklərin
kütləsi ilə əks-mütənasibdir. Buna görə də sıfır kütlə
elektromaqnit və zəif qarşılıqlı təsir üçün sonsuz
radius deməkdir. Lakin eksperimental nəticələr bu
nəzəriyyə ilə ziddiyyət təşkil edirdi. Bu problemi həll
etmək üçün Salam və Vaynberq digər metodlar tətbiq
etdilər. Onlar 1967 -1968-ci illərdə vahid
elektromaqnetizm və zəif qarşılıqlı təsir nəzəriyyəsini
çap etdiriblər. Salam belə bir fikir irəli sürmüşdü
ki, elektromaqnetizm və zəif qarşılıqlı təsiri
əlaqələndirən kalibrli simmetriya enerji səviyyəsi
kifayət qədər dəyişərsə, spontan olaraq pozulur. Daha
yüksək enerjilərdə isə bu iki qarşılıqlı təsir
bir-birindən seçilmir. Bu şəraitdə W və Z hissəciklər
hər hansı çətinliklər doğurmur, belə ki, böyük
hissəciklər mövcud olan enerjidən ayrıla bilər (kütlə
və enerjinin ekvivalentliyi Albert Eynşteynin nisbilik
nəzəriyyəsi ilə sübut olunur). Lakin aşağı enerjilərdə
W və Z hissəciklərə (zəif qarşılıqlı təsir) nadir
hallarda rast gəlinir. Salam-Vaynberq nəzəriyyəsində
W+, W- , Z0 hissəcikləri süni olaraq daxil olunmur,
onlar təbii olaraq simmetriyanın spontan pozulması
nəticəsində yaranır. Bu hissəciklərin kütləsinin
qiymətləndirilməsi nəzəriyyənin özündən alına bilər. Hər
W hissəcikdən biri protondan təxminən 80 dəfə, Z
hissəcik isə daha ağırdır. Salam və Vaynberq riyazi
hesablamalar vasitəsi ilə bütün dəyişən ölçülər üçün son
nəticələri ala biləcəklərini güman edirdilər. Onlar
1971-ci ilə kimi öz fərziyyələrini hesablamalarla təsdiq
edə bilmədilər. Yalnız 1971-ci idə danimarkalı alim
Gerhard Xooftun digər fiziklərlə əməkdaşlığı nəticəsində
Salam - Vaynberq nəzəriyyəsi sübuta yetirildi. İki il
sonra isə Çikaqo (ABŞ) yaxınlığında yerləşən Fermi Milli
Sürətləndiricilər Laboratoriyasında və Avropa Nüvə
Tədqiqatları Mərkəzinin tədqiqatçıları tərəfindən zəif
neytral cərəyanlar kəşf olundu, bununla da Salam, Qleşou
və Vaynberq nəzəriyyəsi öz təsdiqini tapdı. 1979-cu ildə
Salam, Qleşou və Vaynberq elementar hissəciklər arasında
birləşmiş zəif və elektromaqnit nəzəriyyəsi sahəsində
xidmətlərinə görə Nobel mükafatına layiq görüldülər.
1983-cü ildə isə Karlo Rubbia tərəfindən W- və Z
hissəciklər də kəşf olundu. Nobel mükafatının təqdim
olunması mərasimində Abdus Salam çıxışında demişdir:
"Eynşteyn qravitasiya yükünün təbiətini dərk edərək onu
məkan-zaman əyriliyi terminləri ilə ifadə etdi. Lakin
biz digər çoxsaylı yüklərin təbiətini onun kimi dərindən
başa düşə və terminlərlə ifadə edə biləcəyikmi? Bzim
arzumuz qısaca belədir".
Pakistan prezidentinin baş elmi məsləhətçisi
Salam
öz elmi həyatının çox erkən dövründə kvant
elektrodinamikası, kvant nəzəriyyəsi, nüvə fizikası
sahəsində çox əhəmiyyətli işlər görüb. Fizika və
riyaziyyatın inteqrasiyası sahəsndə tədqiqatlar aparan
Salam nüvə fizikasının inkişaf etdirilməsində mühüm rol
oynamış, lakin özünün bütün elmi karyerasını riyaziyyat
və nəzəri fizikaya həsr edib.
Abdus Salamın maraqları təkcə nəzəri fizikanın çərçivəsi
ilə məhdudlaşmırdı. 1955-1958-ci illərdə o, BMT-nin
əməkdaşı idi, atom enerjisindən dinc məqsədlərlə
istifadəyə dair Cenevrə konfransının elmi katibi kimi
fəaliyyət göstərirdi. 1964-1974-cü illərdə o, BMT-nin
elm və texnika üzrə məsləhətçi komissiyasının üzvü,
1971-1972-ci illərdə isə bu komissiyanın rəhbəri,
1981-ci ildə YUNESKO yanında elm, texnika və ictimai
proseslər üzrə məsləhətçi komissiyasının sədri olub.
1972-1978-ci illərdə nəzəri və tətbiqi fizika üzrə
beynəlxalq birliyin sədri seçilib.
Öz ölkəsində elm və təhsil üzrə bir sıra komissiyaların
üzvü olan Abdus Salam 1961-ci ildə Pakistan
prezidentinin elm üzrə baş elmi məsləhətçisi təyin
olunub. O, bu vəzifədə 1974-cü ilə kimi çalışıb. Nobel
mükafatından başqa, Salam London Fizika Cəmiyyətinin
Maksvel medalı (1961), London Kral Cəmiyyətinin Xyuz
medalı (1964) və Kral medalına (1978), London Fizika
İnstitutunun Qutri medalına (1976), İtaliya Milli
Akademiyasının Matteuççi medalına (1978), Amerika Fizika
İnstitutunun Con Torrens Teyt medalına (1978), SSRİ
Elmlər Akademiyasının M.Lomonosov adına qızıl medalına
(1983) layiq görülüb. Pakistan Elmlər Akademiyasının,
London Kral Cəmiyyətinin, İsveç Kral Elmlər
Akademiyasının, Papa Elmlər Akademiyasının, Amerika Elm
və İncəsənət Akademiyasının, Amerika Milli
Akademiyasının fəxri üzvü seçilən Salam 40-a yaxın
(Pencab, Edinburq, Bristol, Kembric, Qlazqo və b.)
universitetlərin ən fəxri elmi dərəcəsini alıb.
Abdus Salam Beynəlxalq Nəzəri Fizika Mərkəzi
Abdus Salam 1964-cü ildə İtaliyanın şimal-şərqindəki
Triyest şəhərində Beynəlxalq Nəzəri Fizika Mərkəzi
(ICTP) yaradıb. O, mərkəzin ilk direktoru olub. Abdus
Salam 30 il ərzində fasiləsiz olaraq bu unikal mərkəzə
rəhbərlik edib. Dünyanın 100-dən artıq, əsasən də
inkişaf etməkdə olan ölkələrindən olan 105 mindən çox
gənc alim bu mərkəzin tədris və elmi auditoriyalarından
keçib. YUNESKO və MAQATE-nin himayəsi altında fəaliyyət
göstərən mərkəzin başlıca məqsədlərindən biri inkişaf
etməkdə olan ölkələrdə elmin inkişafına dəstək
göstərməkdir. Mərkəzin maraq göstərdiyi sahələr -
fizikanın bütün bölmələri (eləcə də geofizika,
biofizika, neyrofizika və s.), onların digər elmlərlə
qarşılıqlı əlaqəsi, elmlərin qovuşuğunda aparılan
tədqiqatlardır. Mərkəz bu qurumla tərəfdaşlıq edən
institutların layihələrini, elmi şəbəkələri, elmi
mübadilə proqramlarını, nəzəri fizika və riyaziyyat üzrə
elmi konfransların təşkilini dəstəkləyir.
1997-ci ildə mərkəzin alimləri tərəfindən bu qurum
pakistanlı alimin şərəfinə Abdus Salam Beynəlxalq Nəzəri
Fizika Mərkəzi adlandırılıb. Salam üçüncü ölkələrdə
elmin inkişafını dəstəkləyib və bir sıra ölkələrdə
keçirilən elmi seminarlarda iştirak edib. Salam eləcə də
Üçüncü Dünya Akademiyası (TWAS) yaradıb, elm və
texnikanın inkişaf etdirilməsinə həsr olunmuş bir çox
beynəlxalq mərkəzlərin yaradılmasında aparıcı sima olub.
O, davamlı surətdə belə bir fikri inkişaf etdirirdi ki,
"elmi təfəkkür bəşəriyyətin ümumi sərvətidir" və
inkişaf etməkdə olan ölkələr digər ölkələrdə elmi
tədqiqatların aparılmasına və alimlərin yetişməsinə
vəsait ayırmalıdırlar ki, bununla elmi bütün dünya üzrə
inkişaf etdirmək, Şimal və Cənub arasında fərqi azaltmaq
və daha dinc, sülhpərvər dünyanın yaradılması mümkün
olsun.
Pakistanın nüvə proqramının banisi
1950-ci illərdə Abdus Salam yorulmaq bilmədən ölkəsində
güclü elmi-tədqiqat institutları yaratmağa cəhd edib,
lakin buna tez bir vaxtda nail ola bilməyib. 1960-cı
ildə vətənə qayıdaraq Pakistan prezidenti Eyyub Xan
tərəfindən ona həvalə edilmiş hökumət səlahiyyətlisi
vəzifəsini tutub. Bu dövrdə Pakistanın elm sahəsində
müstəqil siyasəti olmayıb. Elmi tədqiqatlara büdcədən
ayrılan vəsaitlər cəmi bir faiz təşkil edib. Hətta
Pakistan Atom Enerjisi Komissiyası - Pakistan Atomic
Energy Commission (PAEC) kiçik bir otaqda yerləşirdi.
Burada 10-a yaxın alim fizikanın fundamental problemləri
ilə məşğul olurdu. Tezliklə prezidentin elm üzrə baş
məsləhətçisi (1960-1974-cü illər) təyin olunan Salam
atom enerjisi üzrə komissiyanın ilk üzvü olub. O,
PAEC-nin qərargahını böyük sahəsi olan binaya köçürərək
bütün ölkə üzrə elmi-tədqiqat mərkəzləri yaradıb. Salam
Pakistanda elmi tədqiqatların şəbəkəsini genişləndirib.
O, 500-ə yaxın pakistanlı gənci xaricə oxumağa göndərib.
1961-ci ilin sentyabrında prezident Eyyub Xana müraciət
edən Salam ölkəsinin ilk kosmik agentliyinin yaradılması
təşəbbüsü ilə çıxış edib. Elə həmin il sentyabrın 16-da
hökumətin sərəncamı ilə kosmik agentlik yaradılıb. Salam
bu qurumun ilk direktoru seçilib. O, İsveçrədə
tədqiqatlar aparan digər pakistanlı nüvə fiziki İşfak
Əhmədi vətənə dəvət edərək yaradılmış yeni qurumda
çalışmağı təklif edib. İşfak Əhmədin köməyi ilə Salam
Lahor Nüvə Tədqiqatları Mərkəzi yaradıb. Salam bu
mərkəzdə nəzəri və elementar hissəciklər fizikası
sahəsində aparılan bütün tədqiqatlarda mərkəzi sima
idi. Fiziki institutun yaradılması ilə nəzəri fizika
sahəsində tədqiqatlar intensiv xarakter alıb. Salamın
rəhbərliyi altında fiziklər riyaziyyat və fizikanın
həll olunmamış problemləri üzərində çalışırdılar.
Tezliklə pakistanlı alimin işləri beynəlxalq elmi
ictimaiyyət tərəfindən də tanınıb.
Salamın məsləhəti ilə İşret Xusseyn Asmani bütün ölkə
üzrə pluton və uranın tədqiqi üzrə elmi-tədqiqat
komitələri yaradıb. 1961-ci ilin oktyabrında Salam
Amerika Birləşmiş Ştatlarına səfər edərək Pakistan və
ABŞ arasında kosmik əməkdaşlığa dair müqavilə imzalayıb.
1961-ci ilin noyabrında isə Amerika Milli Aerokosmik
Agentliyi (NASA) Pakistanda kosmik qurğu - nüvə
tədqiqatları sınaq mərkəzi inşa edib. Salam mərkəzin
ilk direktoru olub. O, pakistanlı alim və mühəndislərin
Amerikada təhsil almaları barədə də NASA ilə müqavilə
imzalamışdı. Bu proqram çərçivəsində NASA-da
ixtisasartırma kurslarında iştirak etmiş pakistanlı
alimlər, nüvə mühəndisləri bir neçə aydan sonra
Pakistana dönərək ölkənin nüvə proqramını inkişaf
etdirmək üçün müvafiq vəzifələr almışdılar. Abdus Salam
Pakistanda nüvə enerjisinin inkişafında və nüvə
proqramında nüfuzlu və çox mühüm rol oynayıb. 1964-cü
ildə Salam Pakistanın MAQATE-də nümayəndə heyətinin
rəhbəri seçilib.
Salam təkcə elementar hissəciklər fizikası və nəzəri
fizikanın inkişafına görə məsuliyyət daşımayıb, həm də
elmi tədqiqatların maksimum dərəcədə inkişaf etdirilməsi
sahəsində misilsiz xidmət göstərib. Prezidentin baş
müşaviri kimi atom enerjisindən dinc məqsədlər üçün
istifadə olunması sahəsində başlıca rol oynayıb və
1972-ci ildə nüvə layihəsi çərçivəsində tədiqaqatlara
rəhbərlik edib.
Nümunə obrazı
Abdus Salamın işləri Pakistanda ən yüksək həddə çatıb və
o, elm sahəsində ən nüfuzlu şəxs hesab olunurdu.
Tələbələri və həmkarları Salamı Pakistan nəzəri fizika
məktəbinin atası adlandırırdılar. Abdus Salam xarizmatik
və pərəstiş olunan şəxsiyyət idi. Tələbələri, onun elmi
işlərini dəstəkləyən alimlər və mühəndislər Salamı
parlaq müəllim və çox cəlbedici tədqiqatçı kimi
xatırlayırdılar. Salam elmi dairələrdə nümunə obrazı
idi. Çoxları ona oxşamaq, onun kimi elmin zirvələrinə
yüksəlməyi arzu edirdi.
O dövrdə Albert Eynşteynin dahiyanəliklə irəli sürdüyü
nisbilik nəzəriyyəsinə bir çox fiziklər şübhə ilə
yanaşır və ya ehtiyatla qəbul edirdilər. Abdus Salam isə
Eynşteynin nəzəriyyəsindən ilham alaraq "New Scienis"
jurnalında dərc olunmuş məqaləsində bu cür alimlərə
cavab verirdi: "Bu cür adamlar həmişə "bu elm deyil"
deyə qışqırmağa hazırdırlar. Onlar özləri isə tamamilə
saxta elmi alternativlərlə məşğuldurlar".
Salamın elmi dahiliyində bir Şərq mistikası elementinin
olması qeyd olunurdu. Salam dünyanın elmi mərkəzinin
Şərqdə olmasını arzu edirdi. O, ümumiyyətlə, Şərqi,
müsəlman dünyasını dünya elminin mərkəzi hesab edirdi.
Qeyd edirdi ki, yalnız bir universal elm mövcuddur, onun
vəzifələri və metodları beynəlmiləldir. "Elm təbiət
naminə çalışmaqdır. Təbiəti nə qədər dərindən kəşf
ediriksə, təbiət qanunlarının çalışdığı gözəl bir
dünyanı kəşf edirik".
Şəxsi həyatı
Abdus Salam Beynəlxalq Nəzəri Fizika Mərkəzinin əməkdaşı
Miriam Lyüs böyük alimin həyat və elmi fəaliyyətinə həsr
olunmuş məqaləsində yazırdı: "Salam olduqca gərgin iş
qrafikinə malik idi; elmi tədqiqatlara rəhbərlik edir,
məqalələr yazır, gənc fiziklərlə görüşərək onlara
məsləhətlər verir, bir sıra ölkələrdə keçirilən elmi
tədbirlərdə iştirak edirdi. Bu qədər işin öhdəsindən
gəlmək üçün professor Salam həm özünə və rəhbərliyi
altında olan işçilər üçün bayram gecələri, əyləncələri
və digər bayram xarakterli tədbirləri ixtisara salır. Bu
cür iş şəraitində işləyən əməkdaşları gərgin işlə
yüklənmələrindən şikayət edə bilmirdilər. Salam bir sıra
elmi işlərinə və beynəlxalq təşkilatlardakı uğurlu
fəaliyyətinə görə aldığı medal və pul mükafatlarını
gənc pakistanlı tələbələr üçün fond yaradılmasına
xərcləyib. O, elmi kəşfinə görə aldığı Nobel mükafatını
da inkişaf etməkdə olan fiziklərin yetişməsinə sərf
edib. Nə özünə, nə də ailəsinə Nobel mükafatından bir
qəpik belə xərcləməyib".
Salam 1996-cı il noyabrın 21-də Oksfordda uzunsürən
xəstəlikdən sonra 70 yaşında vəfat edib. O, vətənində
Bahişiti Məqbərə qəbiristanlığında valideynləri ilə
yanaşı dəfn olunub. Alimin dəfn mərasimində 30 min
insan iştirak edib. Onun başdaşında "İlk Nobel mükafatı
laureatı" sözləri yazılıb.
Bir çox inkişaf etməkdə olan müsəlman ölkələrində elmi
seminarlar keçirən Salam bir neçə yüz illər boyu ərəb və
müsəlman dünyasının elm sahəsində Avropa və dünyanın
digər bölgələrindən irəlidə olduğunu qeyd edirdi. O, bir
zamanlar Bağdadın bütün dünyanın təhsil, elm mərkəzi
olduğu günlərini yenidən yaşatmaq arzusundaydı. Bir çox
ölkələr ona vətəndaşlıq təklif etmiş, lakin o,
Pakistanın vətəndaşı olmağından qürur duyduğunu dilə
gətirmişdir. Bu gün də dünyanın hər tərəfində onun
dəstəyindən, yardımından, şəxsi köməyindən dolayı, ona
öz dərin hörmət və ehtiramlarını bildirən və ona
minnətdar olan minlərlə elm adamı yaşamaqda və öz elmi
fəaliyyətlərini davam etdirməkdədirlər.
Hazırladı: Oruc MUSTAFAYEV
Yazıda Abdus Salam Beynəlxalq Nəzəri Fizika Mərkəzi və
Nobel mükafatları Komitəsinin materiallarından istifadə
olunub. |