Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Noyabr 2012 - №43

 

Məktəbdə ilk addımlar

 

Məktəbə yenicə qədəm qoyan şagirdlər üçün çox vacibdir ki, özlərini məktəb ailəsinə qəbul edilmiş hiss etsinlər və böyüklər tərəfindən eşidilib anlansınlar. Məhz buna görə, təxminən bir həftə davam edən məktəbə adaptasiya dövrünün ilk mərhələsində I sinif müəlliminin qarşısında mühüm vəzifələr durur: şagirdləri bir-birilə tanış etmək, sinifdə səmimi mühit yaratmaq, şagirdlərə özlərini yeni cəmiyyətin üzvləri saymaq üçün şərait yaratmaq. 

İkinci mərhələdə məktəblinin rejimi üzərində işləyərkən uşaqlar qruplarda əməkdaşlığın ilk təcrübəsini əldə edirlər. Bu halda qruplar, ilk öncə, yeni situasiyada şagirdə dəstək mexanizminə çevrilirlər. Hər sinifdə gün rejimi özünəməxsus tərzdə tərtib olunur. Şagirdlər səhər məktəbə hazırlaşarkən, gündüz məktəbdən qayıdarkən nə etdiklərini xatırlayırlar. Bir sinifdə şagirdlər pantomima nümayiş etdirir, digərində rəsm çəkirlər, üçüncüsündə isə fəaliyyəti əks etdirən şəkillər seçirlər. Hər bir qrup özünəməxsus gün rejimini tərtib edərək onu izah edir. Sonra isə birincilər, onların fikrincə, əsl məktəbli üçün nəyin vacib olduğunu və məktəblinin məktəbəqədərki uşaqlardan nə ilə fərqləndiyini müzakirə edirlər. Nəticədə bu mərhələdə şagirdlər dərsdə əməkdaşlığın əhəmiyyətini dərk edir, yəni təhsil prosesində onlara nəyin mane və əsl məktəbli olmaq üçün nəyin vacib olduğunu müəyyənləşdirirlər.

Üçüncü mərhələdə müəllim şagirdləri ilə təhsildə qiymətləndirmənin müxtəlif meyarları (düzgünlük, səliqəlilik, gözəllik, maraq və s.) və buna nail olmaq üçün lazım olan çoxsaylı üsulları müzakirə edirlər.

Birincilərin adaptasiya dövrünün dördüncü mərhələsi, qabaqcadan qəbul edilmiş qayda və iş priyomlarının mənimsənilməsinin nəzarətinə həsr edilir. Çox vacibdir ki, müəllim elə bir situasiya yaratsın ki, şagirdlər özləri bu nəzarəti həyata keçirsinlər. Bu mərhələdə müəllimin qarşısında mühüm bir məsələ durur: şagirdlərin üzləşdiyi əsas çətinliklərin müşahidəsi və qeydə alınması (çox astagəl, həddən artıq impulsiv, çox həyəcanlı və s.). Kiçik qruplarla, cütlərlə işləyən uşaqlar fikirlərin toqquşduğu situasiyada müəyyən ortaq məxrəcə gəlməyə, nəticə çıxarmağa cəhd edirlər. Bir-birinin xətrinə dəymədən, bir-birindən küsmədən bəhs etmək, birinci sinif şagirdləri üçün çox çətin bir işə çevrilir. Onlar qarşılıqlı fikirlər yürüdür, öz mövqelərini inamla müdafiə edir və müəyyən nəticə əldə etməyə müvəffəq olurlar. İşin sonunda şagirdlər qarşılaşdıqları çətinlikləri təhlil edir, öz mövqelərini necə qoruduqları və bəhs etmələrini qiymətləndirirlər. Müəllim uşaqların diqqətini onların necə düzgün işləməsinə və bu işdə onlara kömək edən məktəb həyatının qaydalarına cəlb edir.

Yekun mərhələdə şagirdlər ilk məktəb günləri haqqında təəssüratlarını bir-biri ilə  bölüşür, məktəbdə gördükləri, xoşlarına gələn, yaddaşına həkk olunan hadisələr, olaylar haqqında rəsm çəkirlər, ictimai tapşırıqları bölüşdürürlər.

Sonra onlar məktəbin həyətində asfalt üstündə rəsm çəkmək müsabiqəsində iştirak edirlər.

Günbəgün, saatbasaat uşaqlar məktəb həyatına alışır, yeni dostlar, tanışlar tapırlar.

Adaptasiya dövrünün əsas məqamlarından biri də valideyn iclasıdır. İclasda müəllim valideynlərə şagirdlərdən gözlədiyi nailiyyətlər haqqında söhbət açır, onları təlimin xüsusiyyətləri ilə tanış edir, adaptasiya dövründəki ilk çətinliklər və müvəffəqiyyətlər haqqında danışır.

İbtidai sinif müəllimini narahat edən problemlərdən biri də digər məktəblərdən III-IV siniflərə  gələn uşaqların adaptasiyasıdır. Bu şəraitdə yenicə gəlmiş şagirdlərin məktəb mühitinə uyğunlaşması təbii olmalıdır.

Kiçik məktəb kollektivi yeni gələn şagirdi öz sıralarına qəbul etməyə hazır olmalıdır. Çünki o, sinfə, kollektivə lazım olan yeni dost, bərabərhüquqlu kollektiv üzvüdür. 

Solmaz MƏHƏRRƏMOVA,
Bakı şəhəri, 166 nömrəli
 məktəb-liseyin müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov