Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Noyabr 2012 - №43

 

Müəlliminin nəzəriyyəsində səhv tapan istedadlı tələbə

 

Verner Heyzenberq  Nobel mükafatına layiq görülmüş ən gənc alimlərdən biridir. Onun adı fizika elminin XX əsrdə inkişaf istiqamətlərini müəyyən etmiş dahi alimlər sırasında çəkilir. V.Heyzenberq kvant mexanikasının müəlliflərindən biridir. Bundan əlavə, o, nüvə fizikası (elmə izospin anlayışını daxil etmişdir) və elementar hissəciklər fizikasına da əhəmiyyətli töhfələr vermişdir. Atomun quruluş nəzəriyyəsini daha da təkmilləşdirən Heyzenberq həmçinin relyavistik kvant mexanikası və sahənin vahid, qeyri-xətti nəzəriyyəsini də işləmişdir.  Dahi danimarkalı fizik Nils Bor onun haqqında demişdi: "Fizika elminin gözəl macəralarla müqayisə oluna biləcək indiki inkişaf mərhələsində ən görkəmli rol Verner Heyzenberqə məxsusdur". 

İlk təhsil illəri 

Verner Heyzenberq 1901-ci il dekabrın 5-də Almaniyanın Vürsburq şəhərində anadan olub. Onun atası Avqust Heyzenberq Münhen Universitetinin professoru, tanınmış dilçi alim idi. Anası Anna Vikleyn uşaqların tərbiyəsi ilə məşğul olurdu. 1911-ci ilin sentyabrında Verneri nüfuzlu Münhen gimnaziyasına  qoyurlar, uşaq burada riyaziyyatla maraqlanıb  və tez bir vaxtda diferensial və riyazi hesablamanı mənimsəyib. Artıq gimnaziya illərində Verner Heyzenberqin çoxtərəfli istedadının şahidi oluruq. Gənc xarici dillərə maraq göstərirdi, xüsusən də qədim yunan, latın dillərini gözəl mənimsəmişdi. Bu ona antik filosofların traktaktlarını orijinaldan oxumağa imkan verirdi. O, bir neçə musiqi alətində gözəl çalırdı və qeyri-adi qabiliyyətli idmançı idi. Onun riyazi qabiliyyətini isə müəllimləri, sadəcə, çox parlaq hesab edirdilər. Dəqiq elmlər peşə seçimində qalib gəldi: 1920-ci ildə Verner Münhen Universitetinin fizika fakültəsinə daxil olub. O, burada A.Zommerfeld və V.Vindən dərs alıb. Birinci semestrdə Zommerfeld Heyzenberqə mürəkkəb bir fiziki tapşırıq verib. Tələbə Heyzenberq natriumun spektral xətləri üçün anomal Zeyman effektini izah etməli idi. Birinci kurs tələbəsi bu işi çox gözəl yerinə yetirmişdi. 1922-ci ildə tələbə Vernerin ilk məqaləsi işıq üzü görəndən sonra Zommerfeld onun atasına göndərdiyi məktubunda yazırdı: "Siz özünüz nümunəvi  filoloqlar ailəsinə mənsubsunuz, lakin indi siz öz ailənizdə qəfildən fizika-riyaziyyatçı dahinin peyda olmasını görməyə məcbursunuz". Universiteti cəmi üç ilə bitirən  Verner Heyzenberq sonralar qələmə aldığı "Üfüq arxasında addımlar" (W.Heisenberg, "Schritte über Grenzen", München, 1973) kitabında qeyd edir ki,  gənclik illərindən Albert Eynşteynin təsiri altında olub. "Dahi alimin elmi işləri və onunla görüşlər mənim həyatımda xüsusi rol oynayıb. Mənim 16 yaşım var idi və mən hələ gimnaziyada oxuyarkən riyazi məsələlərə daha çox marağım var idi.  Bir dəfə  əlimə Eynşteynin nisbilik nəzəriyyəsindən bəhs edən kitab düşmüşdü. Mən qəzetlərdən nisbilik nəzəriyyəsi barədə oxumuşdum və bilirdim ki, onu başa düşmək çox çətindir. Bütün bunlar məni həddən artıq məşğul edirdi və mən Eynşteyn nəzəriyyəsindən bəhs edən bu kiçik kitabı əsaslı surətdə öyrənməyə qərar verdim".

O, çox istedadlı tələbə idi və 1923-cü ildə cəmi 22 yaşında doktorluq dissertasiyası müdafiə edib. Elmi işi kvant nəzəriyyəsinin bəzi aspektlərinə həsr olunub. İstedadlı tələbənin uğurları dövrün məşhur fiziki olan Münhen Universitetinin professoru Arnold Zommerfeldi heyrətləndirirdi. Gənc Verner Maks Born tərəfindən Gettingen Universitetinə dəvət olunur. O, tanınmış professorun assistenti olur. Məhz Gettingendə Verner spektral xətlərin intensivliyinə dair özünün ən əhəmiyyətli elmi işlərindən birini yerinə yetirib. Məqalə 1925-ci ildə çap olunub və yeni fiziki nəzəriyyənin - kvant mexanikasının yaradılmasında ilk addım idi. 1924-cü ildə Heyzenberq tədqiqatçı-təqaüdçü qismində  ilyarımlıq müddətə Kopenhagenə yollanır. O vaxt atom fizikasının vəziyyəti fərziyyələr yığınını xatırladırdı.  Volfqanq Pauli məhz bu illərdə özünün məşhur "fizika indi dalandadır, hər halda o mənim üçün çətindir, mən kinoda  komik və ya buna bənzər rola  üstünlük verərdim və  fizika barədə heç nə eşitmək istəmirəm" sözlərini səsləndirib. Heyzenberq ilk işlərini uyğunluq prinsipinə həsr edib. O bu nəzəriyyənin riyazi  əsasını hazırlamağa cəhd edir və onu empirik qaydadan atomdaxili proseslərdə elmi tədqiqat metoduna çevirməyə çalışırdı. 1927-ci ildə  cəmi 26 yaşında Leypsiq Universitetinin professoru təyin olunur. 

"Borun elmi nəticələrində səhvlər gizlənib" 

1921-ci ilin payızında Gettingen şəhərində Nils Borun mühazirələri təşkil olunmuşdu. "Bor festivalı" adandırılan tədbirə iki tələbə - Verner Heyzenberq və Volfqanq Pauli də gəlmişdi. Dahi fizikin  mühazirələrindən birinə qulaq asandan sonra 19 yaşlı Heyzenberq bəyan etmişdi ki, Borun elmi  nəticələrində səhvlər gizlənib. Bundan əlavə, o  öz fikrinin həqiqiliyini tam sübuta yetirə də bilmişdi. Bor Heyzenberqin istedadından vəcdə gələrək  mühazirədən sonra gənci dərhal gəzintiyə dəvət edib. Tezliklə Pauli də onlara qoşulub və o da öz fikrini söyləyib. Bütün bunlar Boru sevindirib və hər iki tələbəni işləmək üçün Kopenhagenə öz yanına dəvət edib. 

XX əsrdə atom mexanikasını yaratmaq səadəti alman fiziki Verner Heyzenberqə nəsib olub. Heyzenberq Danimarkada elə həmin andan elmi mübahisələr şəraitinə, həyatının məqsədi  fizika və onun qanunları olan alimlərin arasına düşdü.  Yarımillik elmi axtarışlar uzunsürən mübahisələrdə keçdi. Elektrodinamikanın obyekti olan elektron nə üçün atom qanunlarına tabe olmur və Borun qeyri-məntiq postulatlarının böyük qüvvəsinin səbəbi nədir? Və elektronun hərəkəti anlayışı nəyi nəzərdə tutur? Bu suallara cavab tapmaq lazım idi. Tezliklə yay gəldi və xəstələnmiş Heyzenberq iyun ayında Baltik dənizindəki Helholand adasına istirahətə getdi. Lakin istirahət etmək ona müyəssər olmadı. O, burada birdən-birə  gözlənilməz həqiqəti başa düşdü: elektronun atomdakı hərəkətini balaca kürəciyin trayektoriya  üzrə hərəkəti kimi təsəvvür etmək olmaz. Ona görə ki,  elektron kürəcik deyil, nə isə  daha mürəkkəb bir şeydir və bu "nə isə"nin hərəkətini adi  təsəvvür etmək mümkün deyil.  Heyzenberq təsdiq edirdi ki, atomdakı hərəkətin təsvirini vermək üçün istifadə etdiyimiz tənliklərdə ölçülə bilənlərdən başqa heç bir kəmiyyət olmamalıdır. Heyzenberqin köməyinə Maks Born və onun tələbəsi Paskual İordan çatdı. Riyazi matrisaların köməyi ilə Heyzenberq öz fərziyyəsini daha da inkişaf etdirdi. Heyzenberq və onun müəllimi Nils Bor psixoloji sədləri dəf edərək matrisaların xassələri ilə elektronların atomdakı hərəkət xüsusiyyətləri arasında uyğunluq tapdılar və bununla da yeni atom, kvant, matris mexanikasının əsasını qoydular. Beləliklə, atom mexanikası elektronun atomdakı hərəkətini təsvir edir. Kvant mexanikasına görə isə bu təsvirdə əsas rolu h təsir kvantı anlayışı oynayır. Bu təsviri izah etmək üçün zəruri olan riyazi aparat isə  matrisalardır. Heyzenberqə görə hərəkət - elektron kürəciyin nüvə ətrafında hər hansı trayektoriya üzrə hərəkəti deyildir. Hərəkət - sistemin halının zamana görə dəyişilməsidir və bu da matrisalar vasitəsilə təsvir olunur. Heyzenberq tərəfindən matrisa mexanikasının yaradılmasını  fiziklər böyük sevinc və yüngüllüklə qarşıladılar. "Heyzenberqin mexanikası mənə yenidən sevinc və ümid qaytardı. Bu mexanika tapmacanın cavabını verə bilməsə də, mən inanıram ki, indi yenidən irəli getmək olar",-deyə V.Pauli 1925-ci il oktyabrın 9-da yazırdı. Pauli tezliklə Heyzenberq nəzəriyyəsini hidrogen atomuna tətbiq etməklə onu sübut etdi. Beləliklə də Heyzenberq fizikanın donmuş əsaslarını parçalayaraq hərəkət anlayışına yeni həyat verdi. Cəmi 4 ay sonra Heyzenberqin dostu Ervin Şredinger daha bir mexanika - matrisa mexanikasına oxşamayan, lakin atomun quruluşunu onun qədər yaxşı izah edən dalğa mexanikasını yaratdı. 

Dönüş anı  

1925-ci ilin yazında Heyzenberqin elmi fəaliyyətində dönüş yarandı. O, Kopenhageni  tərk edir və Gettingendə Maks Bornun assistenti kimi çalışır. 1925-ci il iyunun 29-da alman alimi özünün kvant nəzəriyyəsi üzrə ilk fundamental tədqiqat işini - "Kinematik və mexaniki əlaqələrin kvant - mexaniki şərhinə dair" məqaləsini dərc etdirir. Bu məqaləsində alim atom mexanikasının zəruri əsaslarını işləyib hazırlamağa cəhd edir.  Bu arada Maks Born öz tələbəsi P.Yordan ilə birlikdə matrik mexanikanın riyazi əsaslarını işləyib hazırlayır. Onların 1925-ci il sentyabrın 27-də dərc olunmuş "Kvant mexanikasına dair" birgə məqaləsində Heyzenberqin ideyaları kvant mexanikasının sistematik nəzəriyyəsinə qədər inkişaf etdirilir. Bornun sözlərinə görə, "Heyzenberq müəyyən radiuslu elektron orbitlər barədə təsəvvürlərdən və dövretmə mərhələlərindən  imtina edir, çünki bu ölçülər müşahidə oluna bilmirlər. Beləliklə də Heyzenberq  fəlsəfi prinsiplər vasitəsi ilə dolaşıq düyünü açıb və təxminləri riyazi qaydalarla əvəz edib".  

Elmi yaradıcılığın zirvəsində 

Heyzenberqin matrik mexanika nəzəriyyəsi lap yerinə düşdü.  Onun ideyalarını digər fiziklər  inkişaf etdirdilər və tezliklə Borun ifadəsinə görə, "onun nəzəriyyəsi öz məntiqi  bitkinliyi və ümumiliyi ilə yalnız klassik mexanika ilə rəqabət apara biləcək şəkil aldı". 1926-1927-ci illərdə Heyzenberq yenə Kopenhagendədir, o, nəzəri fizika dosenti kimi çox uğurla tələbələrə mühazirə oxuyur. Bununla belə, gənc alman alimi  Nils Borla kvant hadisələrinin şərhi üzrə  çox qızğın mübahisələr aparır. Müəllim və tələbə arasında tez-tez kvant mexanikası üzrə diskussiyalar olurdu.   Bu mübahisələr sonda elmi həqiqətin doğulmasına xidmət edirdi.

Heyzenberq bu barədə sonralar xatırlayırdı: "Mən Borla olan çoxsaylı diskussiyalarımı xatırlayıram, bu mübahisələr gecəyarısına kimi davam edir və tam ümidsizliklə başa çatırdı. Və əgər mən bu cür diskussiyalardan sonra qonşu parka qısa gəzintiyə yola düşürdümsə, yenə də öz-özümə təkrar edirdim ki, doğrudanmı, təbiət həqiqətən, atom eksperimentlərində bizim anladığımız kimi bu cür absurd ola bilərmi?".  Bu düşüncələrin nəticələri 1927-ci ildə Heyzenberqin "qeyri-müəyyənlik əlaqəsi" və Borun "tamamlama prinsipi" kimi təsbit olundu.  Borun dediyi kimi, "qarşılıqlı qeyri-müəyyənliyin" təbii halı Heyzenberq tərəfindən riyazi olaraq "qeyri-dəqiqlik münasibəti" və ya "qeyri-müəyyənlik münasibəti" kimi əksini tapdı. Bu kəşf nəzəri fizikada ən görkəmli nailiyyətlərdən hesab olunur.

Onun elmi yaradıcılığının zirvəsi 1927-ci ildə qeyri-müəyyənlik münasibətinin kəşfi oldu. Hissəciklərin impulsu və kordinatı anlayışı barədə düşünün alim belə bir nəticəyə gəlmişdi ki, eyni vaxtda həm kordinat və impulsu dəqiq ölçmək mümkün deyil. Elektronun kordinatı nə qədər dəqiq ölçülürsə, impulsu bir o qədər qeyri-dəqiq müəyyən etmək olur. Bu iki anlayış bir-birini tamamlayır. Qeyri-müəyyənlik münasibəti klassik fizika nöqteyi-nəzərindən tamamilə qeyri-adi anlayış hesab olunurdu.  1941-ci ilə kimi Leypsiqdə işləyən alim ferromaqnetizm və elektodinamika sahəsində bir sıra elmi tədqiqatlar aparıb. 1932-ci ildə Ceyms Çedvik tərəfindən neytronun kəşfindən sonra Heyzenberq belə bir fərziyyə irəli sürdü ki, atom nüvəsi nüvə qarşılıqlı qüvvələri tərəfindən saxlanılan proton və neytronlardan təşkil olunub.   Özünün "Atom nüvəsi fizikası" kitabında alim kəşf  etdiyi təbiət qanununu belə xarakterizə etmişdi: "Heç vaxt həlledici şəkildə xırda hissəciklərin hərəkətini müəyyən edən hər iki parametri - onun yerini və sürətini eyni vaxtda dəqiq bilmək olmaz. Heç vaxt eyni zamanda onun harada yerləşməsini, hansı sürətlə və hansı istiqamətdə hərəkət etməsini bilmək olmaz. Əgər qoyulan eksperiment indiki anda onun harada olmasını dəqiq göstərirsə, onda hərəkət elə bir tərzdə pozulur ki, bundan sonra hissəciyi yenidən tapmaq mümkün olmaz. Əksinə, sürətin dəqiq ölçülməsi ilə yerin şəkli tamamilə silinə bilər". Heyzenberqin qeyri-müəyyənlik münasibətində atomu dağıtmadan onu müşahidə etmənin mümkünsüzlüyü anlayışı var. Mikrofiziki aləmin dəqiq  şəklinin istənilən ifadə olunma cəhdləri ya korpuskulyar, ya da dalğa nəzəriyyəsinə əsaslanmalıdır. 1927-ci ildə Heyzenberq sovet fiziki Dmitri İvanenkodan xəbərsiz nüvənin proton-neytron modelini təklif edib, bu fərziyyəni kvant mexanikası əsasında müfəssəl şəkildə əsaslandırıb. 1933-cü ildə Şredinger və Dirakla birlikdə onun işləri Nobel mükatına layiq görülüb. O, kvant mexanikasını yaratdığına və onun əlavəsi olaraq hidrogenin allotropik formalarının kəşfinə görə ali mükafat alıb.  

"Elə ciddi şeylər var ki, onlar barədə yalnız zarafatla danışmaq olar" 

Verner Heyzenberq gimnaziyanı bitirən zaman onun ölkəsi Almaniya bütün dünya ilə - Mendeleyevin vətəni Rusiya, Rezervordun vətəni İngiltərə, Lui de Broylun vətəni Fransa ilə vuruşurdu. Müharibə alimlərin normal fəaliyyəti üçün ciddi maneələr yaratmışdı. Maks Plank və Albert Eynşteynin tez-tez təkrar etdikləri "Elektron nədir - dalğadır, yaxud hissəcik" sualı cavabsız qalmışdı.  1927-ci ildə məsələ tam aydınlaşdı. Verner Heyzenberq başa düşdü ki, hər iki anlayış - hissəcik və dalğa anlayışları atom obyektinə eynilə yaxşı tətbiq oluna bilir, onları ayrı-ayrılıqda dəqiq müəyyənləşdirmək  olar.   1926-cı ilin payızında Heyzenberq Kopenhagen Fizika İnstitutunun mansardında yaşayırdı. Axşamlar Bor onun yanına qalxar və diskussiyalar başlayardı, mübahisələr  çox vaxt gecəyarısına qədər davam edərdi. Heyzenberq bu barədə yazırdı: "Bəzən kvant nəzəriyyəsinin anlaşılmazlığı üzündən diskussiyalar tam ümidsizliklə Borun mənzilində, bir stəkan portveyn şərabı içməklə qurtarırdı. Bir dəfə belə diskussiyalardan sonra mən bərk narahatlıq içində yatmaqdan qabaq bir qədər təmiz havada gəzmək üçün institutun arxasındakı parka endim. Ulduzlar səpələnmiş gecə səması altındakı həmin gəzinti zamanı mənim ağlıma  belə bir fikir gəldi: gələcək mühakimə üçün bunu əsas götürək: təbiət yalnız eksperimental halların olmasına yol verir ki, bu hallarda ... hissəciyin yerini və sürətini eyni vaxtda təyin etmək mümkün olmur". Dahi alimin gəldiyi bu qənaətdə gələcək qeyri-müəyyənlik nisbətinin rüşeymi əks olunmuşdu. Heyzenberqin bu düşüncələri tezliklə qeyri-müəyyənlik münasibətinə gətirib çıxardı. Fevralın 23-də Pauliyə göndərdiyi 14 səhifəlik məktubunda Heyzenberq özünün qeyri-müəyyənlik prinsipinin mahiyyətini açıqladı. 1927-ci ilin payızında Brüsseldə alimlərin Solveyev konqresində (Maks Plank, Albert Eynşteyn, Lorents, Nils Bor, Lui de Broyl, Şredinger, cavan alimlərdən Heyzenberq, Pauli, Dirak, Kramersin iştirakı ilə keçirilən) kvant mexanikasının bütün müddəaları ciddi araşdırılmış və təsdiq olunmuşdur.

Həmin illərdə Kopenhagendə Borun institutunda nəinki atom haqqında elm yarandı - orada gənc fiziklərin beynəlmiləl ailəsi yetişmişdi. Onların arasında Heyzenberq, Pauli, Kramers, Qamov, Landau, Haudsmit və başqaları vardı. Elm tarixində alimlərin bu misilsiz əməkdaşlığı, onların heç bir güzəştə getmədən həqiqəti aşkar etməyə can atmaları, həll etməli olduqları məsələnin böyüklüyünə ürəkdən heyran qalmaları və intellektual nəcibliyi  onların müəllimi və mənəvi atası olmuş Nils Borun aşağıdakı sözləri ilə həmahənglik təşkil edirdi: "Elə ciddi şeylər var ki, onlar barədə yalnız zarafatla danışmaq olar". 

Repressiya illərində  

"Mən gələcək üçün əhəmiyyətli ola biləcək elmi dəyərləri müşahidə edə bilməyimdən qane olmalıyam. Bu mənim hazırkı ümumi  xaosda edə biləcəyim yeganə işdir. Dünya daxilən həqiqətən də çirkindir, lakin işlər çox gözəldir". 1935-ci ildə Heyzenberqin anasına göndərdiyi bu məktubdakı sözlər dahi alimin kredosu idi.

Nasistlərin Almaniyada hakimiyyət başına gəlməsindən sonra Heyzenberq və onun tələbələri  təzyiqlərlə üzləşib. Təzyiqlərə və ABŞ-ın nüfuzlu universitetlərinin kafedralarında işləmək barədə inadlı təkliflərə baxmayaraq, Heyzenberq müharibə şəraitində Almaniyada qalıb. O hesab edirdi ki, bu cür mürəkkəb dövrdə öz ölkəsini və tələbələrini tərk etməyə onun mənəvi haqqı yoxdur. 1941-1945-ci illərdə Berlin Universitetinin professoru, Vilhelm Fizika İnstitutunun direktoru olub.

Alim İkinci Dünya müharibəsi illərindəki fəaliyyəti barədə özü belə yazırdı: "1938-ci ildə Otto Qan tərəfindən atom nüvəsinin parçalanmasının kəşfindən sonra müharibə nəticəsində belə məlum oldu ki, mən öz əməkdaşlarımla birlikdə atom reaktorlarının yaradılması ilə məşğul olmalıyam. Baxmayaraq ki, mən əvvəldən belə bir vəzifədən  uzaq idim, mənim bu işə yüksək maraqla yanaşmağım enerjinin nəhəng atom mənbələrinin əldə olunmasına sövq edirdi. Mən hesab edirəm ki, alman alimlərinin bəxti onda gətirdi ki, müharibənin gedişi və hökumətin addımları atom silahının yaradılmasının hər hansı ciddi cəhdini istisna edirdi və bununla da fizikləri bu cür işlərə görə ağır məsuliyyət hissindən xilas edirdi".   Verner Heyzenberq nasist Almaniyasının təqiblərindən və repressiyalarından qaçmağa müvəffəq olmuş yeganə alimdir.  

Kvant mexanikasının Kolumbu 

Verner Heyzenberqin sonuncu aspirantı və onun elmi məqalələrinin redaktorlarından biri, Münhendəki Maks Plank adına Fizika İnstitutunun professoru Helmut Reyxenberq  "CERN Courier" jurnalında dahi alimin 100 illiyinə həsr olunmuş məqaləsində Verner  Heyzenberqi kvant mexanikasının Kolumbu adlandırıb. Tələbəsi və yaxın dostu Karl Veyszekker sonralar xatırlayırdı ki, Verner Heyzenberq, ilk növbədə, geniş dünyagörüşlü, intellektual maraqları  ilə  daxilən aktiv olan şəxsiyyət və yalnız bundan sonra görkəmli alim idi.

Onun son işləri, ilk növbədə, elementar hissəciklərin öyrənilməsinə həsr olunub. 1958-ci ilin aprelində Maks  Plankın 100 illiyinə həsr olunmuş tədbirdə  Heyzenberq elmi ictimaiyyətin diqqətinə özünün yeni elementar hissəciklər nəzəriyyəsini təqdim edib. O, elementar qravitasiya hissəciklərini özündə ehtiva edən "dünya formulu"nu irəli sürmüşdü.  Eynşteyn nəzəriyyəsindən irəli gələn c işıq sürəti və h Plank sabiti ilə yanaşı, Heyzenberq yeni təbii sabit - "ən qısa uzunluq" sabitini tətbiq etdi. O, 1957-ci ilin yazında dünyada gərginliyin azaldılması və sülhün qorunub saxlanmasına yönəlmiş bəyanatları dəstəkləyib, eləcə də Gettingen bəyannaməsini imzalamış alimlər qrupuna daxil olub.  Alim dəfələrlə dünya müharibəsinin qarşısının alınmasında ən böyük məsuliyyətin məhz atom sahəsində çalışan fiziklərin üzərinə düşdüyünü bildirirdi.

1937-ci ildə Verner Elizabet Şumaxer ilə evlənib. Onların 4 qızı və 3 oğlu anadan olub. Gözəl pianoçu olan Verner öz ailə üzvləri ilə birlikdə kamera ansamblında musiqilər ifa edib. Oğullarından  Martin Heyzenberq genetika professoru olub.

Verner Heyzenberq Kolumbiya Universitetinin "görkəmli xidmətlərinə görə" Bernard qızıl medalı (1929), İtaliya Milli Elmlər Akademiyasının Matteuççi qızıl medalı (1929), Alman Fizika Cəmiyyətinin Maks Plank medalı (1933), ABŞ Milli Elmlər Akademiyasının (1964), Danimarka inşaatçı-mühəndislər, elektriklər və mexaniklər cəmiyyətinin Nils Bor beynəlxalq  qızıl medalları ilə təltif olunub. London Kral, Amerika Fəlsəfə cəmiyyətlərinin, Nyu-York Elmlər, İrlandiya Kral, Yaponiya Elmlər akademiyalarının fəxri üzvü seçilib. 

Dahi fizikin tanınmış tələbələrindən fizik və filosof K.Vayszekker, "hidrogen bombasının atası"  E.Teller,  Nobel mükafatı laureatı F.Blox və kimyaçı F.Hundu göstərmək olar.

Heyzenberq 1976-cı il fevralın 1-də Münhendə öz evində xərçəng xəstəliyindən vəfat edib.    

Hazırladı: Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov