Noyabrın
8-də təhsil naziri Misir Mərdanov Niderland Krallığının
ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aryen Peter
Uyterlinde ilə görüşüb.
Təhsil naziri ölkəmizlə Niderland Krallığı arasındakı
münasibətlərdən və təhsil sahəsində əməkdaşlığın
perspektiv inkişaf istiqamətlərindən söz açıb. İki ölkə
arasında təhsil sahəsində əlaqələrin "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində inkişaf etdiyini
söyləyən nazir müvafiq məqsədlə seçilmiş ali təhsil
müəssisələrinin siyahısına Niderland Krallığının 14
nüfuzlu ali təhsil müəssisəsinin daxil edildiyini
bildirib. Bu günədək Dövlət Proqramı çərçivəsində 53
nəfər azərbaycanlı gəncin Niderlandın müxtəlif ali
məktəblərində təhsil almağa göndərildiyini vurğulayan
Misir Mərdanov onlardan 27 nəfərin məzun olduğunu,
26-sının isə təhsilini davam etdirdiyini söyləyib.
Təhsil naziri Azərbaycan Respublikasının Niderland
Krallığındakı səfirliyi vasitəsi ilə Maastrix İdarəçilik
Məktəbi ilə Təhsil Nazirliyi arasında yaradılmış birbaşa
əlaqələrdən söz açıb. Son illərdə ali məktəblərlə
birbaşa əməkdaşlıq çərçivəsində atılan addımlara diqqət
çəkən nazir Niderland Krallığı universitetlərində hüquq,
iqtisadiyyat və fəlsəfə ixtisasları üzrə təhsil alan
azərbaycanlı tələbələrin sayının artdığını qeyd edib.
Azərbaycanla Niderland Krallığı arasında təhsil
sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün
elmi tədqiqat sahələrinə diqqətin artırılmasını
vurğulayan Misir Mərdanov, həmçinin peşə təhsili üzrə
əlaqələrin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Niderland Krallığının Azərbaycanla münasibətlərdə təhsil
sahəsinə böyük önəm verdiyini qeyd edən səfir səmimi
qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü
bildirib. Səfir Azərbaycanın ali təhsil müəssisələri ilə
beynəlxalq proqramlar vasitəsilə və birbaşa əlaqələrin
mövcud olduğunu, hər iki ölkənin universitetləri
arasında elmi-tədqiqat sahəsi üzrə əməkdaşlığın
yaradılmasının mümkünlüyünü bildirib. "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində Niderland Krallığında
təhsil alan gənclərin sayının artırılması, niderlandlı
tələbələrin Azərbaycanın ali məktəblərinə cəlb olunması
məsələlərinə toxunan qonaq təhsilin bütün sahələri üzrə
qarşılıqlı əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə
edib.
Daha sonra görüşdə iki ölkə arasındakı təhsil
əlaqələrinin inkişaf perspektivləri ilə bağlı fikir
mübadiləsi aparılıb. |