Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

9 Noyabr 2012 - №44

 

Bakı Dövlət Universitetində akademik Həsən Əliyevin  105 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib

 

Noyabrın 7-də Bakı Dövlət Universitetində (BDU) böyük alim və elm təşkilatçısı, kənd təsərrüfatı elmləri doktoru, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, ictimai xadim, akademik Həsən Əliyevin 105 illik yubileyinə həsr edilmiş "Ekologiya: təbiət və cəmiyyət problemləri" mövzusunda II beynəlxalq elmi konfrans işə başlamışdır.

 AzərTAc xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, Milli Məclis deputatlarının, tanınmış alim və mütəxəssislərin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri beynəlxalq tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov böyük alim və ictimai xadim, akademik Həsən Əliyevin elmə, təhsilə verdiyi əvəzsiz töhfələrdən, bu sahələrin inkişafında müstəsna xidmətlərindən danışmışdır.

 Akademik Həsən Əliyevin tədqiqatlarının, elmi yaradıcılığının əhəmiyyətini vurğulayan rektor bildirmişdir ki, böyük alim təkcə Azərbaycan torpaqlarını, ekologiyasını deyil, həm də Böyük Qafqazın dağ-çəmən torpaqlarını araşdırmış, bütün Qafqazın torpaqlarının yaranması və yayılması qanunauyğunluqlarını təhlil etmişdir. Akademik Həsən Əliyev elmi tədqiqatlarının nəticələrini daim müvafiq sahəyə tətbiq etməyə çalışırdı. Ona görə də torpaqlara, meşələrə, əkinçiliyə və digər sahələrə dair nəticələri ümumiləşdirir, rayonlaşdırır və xəritələşdirirdi. Son nəticədə onların əsasında ərazilərin inkişaf problemlərinə dair təkliflər verirdi. Həmin təkliflər bu gün də öz dəyərini və aktuallığını saxlamışdır.

 Rektor qeyd etmişdir ki, akademik Həsən Əliyev təbiəti və ətraf mühiti mühafizə sahəsində genişmiqyaslı tədbirlər planının hazırlanmasına və tətbiqinə nail olmuşdur.

 Beynəlxalq elmi konfransın səmərəli olacağına əminliyini bildirən akademik A.Məhərrəmov iştirakçılara uğurlar arzulamışdır.

 Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Şövqi Göyçaylı "Akademik Həsən Əliyevin həyat və elmi yaradıcılığı" mövzusunda məruzə etmişdir.

 Akademik Həsən Əliyevin mənalı və şərəfli ömür yolundan, elmi nailiyyətlərindən bəhs edən Ş.Göyçaylı bildirmişdir ki, o, əvvəlcə Kənd Təsərrüfatı Texnikumunu, sonra Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Ali məktəbi bitirdikdən sonra Həsən Əliyev Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunda çalışmış və aspiranturaya qəbul olunmuşdur. Ötən əsrin 30-40-cı illərində apardığı tədqiqatlar təkcə onun böyük elmi fəaliyyətinin başlanğıcı kimi deyil, həm də Azərbaycan torpaqşünaslıq elminin əsasının qoyulması ilə də əlamətdardır.

 Həsən Əliyev üç il Böyük Vətən müharibəsində iştirak etmiş, cəbhədə ağır yaralanaraq ordudan tərxis olunmuş və yenidən elmi fəaliyyətini davam etdirməyə başlamışdır. O, 1944-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Sonra bir sıra elmi tədqiqat institutlarına rəhbərlik edən alimin dövlət əhəmiyyətli elmi və təşkilati problemlərin həllində böyük əməyi olmuşdur.

 AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yaranması və formalaşmasında, elmi kadrların hazırlanmasında onun müstəsna rolu olmuşdur.

 Akademik Həsən Əliyev elmi fəaliyyətinin əsas istiqamətini meşə torpaqlarının öyrənilməsinə yönəltmiş, onun təşəbbüsü və təşkilatçılığı ilə bu sahə üzrə ilk laboratoriya təşkil olunmuşdur. Alimin elmi fəaliyyəti torpaqşünaslıq nəzəriyyəsi, ekologiya, botanika, biocoğrafiya, aqrokimya, bitkiçilik və digər sahələri əhatə etmişdir.

Respublikamızda meşələrin və meşə torpaqlarının elmi cəhətdən tədqiqi və mühafizəsi sahəsində akademik Həsən Əliyevin müstəsna rolu olmuşdur. Alim ölkəmizin təbii ehtiyatlarına, meşə, meşə-çöl torpaqlarının əmələ gəlməsinə və coğrafiyasına həsr olunmuş dəyərli monoqrafiyaların müəllifidir. Onun əsərləri təkcə respublikamızda deyil, xarici ölkələrdə də nəşr edilmişdir.

 Alimin botanika, aqronomluq, ekologiya və digər sahələrdə apardığı tədqiqatlar dünya miqyasında qəbul olunmuşdur.

 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, BDU-nun kafedra müdiri Qərib Məmmədov və digər çıxış edənlər də akademik Həsən Əliyevin Vətən və xalq qarşısında mühüm xidmətlərini vurğulamış, onun nəcib, xeyirxah insani keyfiyyətlərindən danışmış, xatirələrini söyləmişlər.

 Böyük alimin ailə üzvləri adından BDU-nun kafedra müdiri, professor Sevinc Hacıyeva çıxış edərək akademik Həsən Əliyevin elmi irsinin, ideyalarının əhəmiyyətindən bəhs etmiş, iştirakçılara təşəkkürünü bildirmişdir.

 Tədbir bölmə iclasları ilə davam etmişdir. Beynəlxalq konfrans noyabrın 8-də başa çatıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov