Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
Azərbaycan Müəllimlər İnstitutu və onun bölgələrdəki
filialları respublikanı yüksək hazırlıqlı pedaqoji
kadrlarla təmin etmək üçün məqsədyönlü iş aparır.
İnstitutun rektoru, Milli Məclisin deputatı, professor
A.Naxçıvanlı qısa zaman kəsiyində Azərbaycan Müəllimlər
İnstitutunu respublikanın ən qabaqcıl ali təhsil
ocaqlarının sırasına çıxardı. Aqiyə xanım institutun
filiallarının da inkişafına, maddi-texniki bazalarının
zənginləşməsinə daim diqqət və qayğı göstərir. Bu
qayğının məntiqi nəticəsidir ki, Azərbaycan Müəllimlər
İnstitutunun Şamaxı filialı son aylarda öz simasını
tamamilə dəyişmiş, maddi-texniki bazası
möhkəmləndirilmişdir.
Müasir tələblərə cavab verən bu təhsil müəssisəsində
elmi-pedaqoji hazırlığı ilə seçilən yüksək ixtisaslı
professor-müəllim heyəti gənc müəllim kadrlarının
yetişdirilməsi üçün səylə çalışır, tələbələrin asudə
vaxtlarının səmərəli təşkili məqsədilə maraqlı tədbirlər
həyata keçirir.
Filialda Beynəlxalq Müəllimlər Günü, Dövlət
Müstəqilliyi Günü, N.Gəncəvinin anadan olmasının 870
illik yubileyi, Yeni Azərbaycan Partiyasının 20 illiyi
böyük təntənə ilə qeyd edilmiş, həmin tədbirlərdə
əməkdar incəsənət xadimi, nəğməkar şair Baba Vəziroğlu,
xalq artisti Yalçın Rzazadə, əməkdar incəsənət xadimi,
kinorejissor, görkəmli aktyor Şeyx Əbdül Mahmudov və
başqaları Şamaxı filialının qonağı olmuşlar.
Bu günlərdə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı
filialında görkəmli Azərbaycan şairi və dramaturqu
Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyinə
həsr olunmuş elmi-praktik konfrans keçirildi.
Konfransı giriş sözü ilə filialın direktoru Tünzalə
Yusifova açaraq qeyd etdi ki, Hüseyn Cavid ictimai fikir
tariximizdə xüsusi mövqeyə malik bir sənətkardır. Onun
yaradıcılığı ilə milli ədəbiyyatımızda yeni bir mərhələ
başlanmışdır. H.Cavidin ölməz sənət əsərləri, qabaqcıl
ideyaları həm öz zamanında, həm də sonrakı dövrlərdə
ədəbi mühitə, dramaturgiyanın və teatrın inkişafına
müsbət təsir göstərmişdir. Ədəbi mühitə lirik şeirlərlə
daxil olan H.Cavid yaradıcılığının sonrakı mərhələsində
milli dramaturgiyamızın qızıl fondunu "Peyğəmbər",
"Səyavuş", "İblis", "Xəyyam", "Topal Teymur" kimi ölməz
sənət əsərləri ilə zənginləşdirmişdir. Çıxışda
vurğulandı ki, bu gün milli ədəbiyyatşünaslığımızda
cavidşünaslıq, teatrda Cavid teatrı, ədəbi yaradıcılıqda
Cavid ədəbi məktəbi yaranmışdır. Milli romantik
ədəbiyyatın ən qabaqcıl ənənələrinin təsiri ilə
formalaşan H.Cavid dünya romantizminə qovuşmaqla, bu
təcrübədən yaradıcılıqla yararlanmaqla ona öz layiqli
töhfələrini də verdi. Şərq-Qərb romantizminin ədəbi
təcrübəsinə, ənənəsinə yeniliklər bəxş edən H.Cavidin
titanik qəhrəmanları - Peyğəmbər, Topal Teymur, Səyavuş,
İblis, Xəyyam... dünya ədəbiyyatının bənzərsiz ədəbi
personajlarıdır. Qüdrətli söz ustasının bəşəriyyətin
bədii fikir salnaməsində yeni parlaq səhifə açmış
əsərləri bu gün də insanların mənən kamilləşməsinə
misilsiz xidmət göstərir.
Elmi-praktik konfransda dil, ədəbiyyat və onların
tədrisi metodikası kafedrasının müdiri, filologiya üzrə
fəlsəfə doktoru E.Eminalıyev "H.Cavid - görkəmli
dramaturq, böyük müəllim", kafedranın əməkdaşlarından
baş müəllim M.Maqsudov "H.Cavid dramaturgiyasında
türkçülük ideyalarının bədii inikası", B.Bağıyev
"H.Cavidin obrazlar aləmi" mövzularında məruzələrlə
çıxış etdilər. Məruzələrdə qeyd olundu ki, H.Cavid
Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir ədəbi
şəxsiyyətlərdən biri olmaqla türkçülük, islamçılıq
ideyalarının təbliğatçısı kimi tanınmış, dinindən,
irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, bütün
bəşər övladının sülh, əmin-amanlıq içərisində yaşamasını
arzulamışdır.
Elmi-praktik konfransda Azərbaycan dili və ədəbiyyat
müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrdən
Tehran Səbzəliyev, Anar Bayramlı, Nuranə Məmmədova,
Sərvər Ağayev də şairin həyat və yaradıcılığına dair
maraqlı çıxışlar etdilər.
Hicran ƏKBƏROVA |