Rusiyalı ekspertlər valideynləri diqqətli olmağa çağırır
Uşağa mehriban və məsuliyyətli dayə seçməyə valideyn
intuisiyası kömək edir. Lakin ekspertlər hesab edir ki,
müasir Meri Poppinsin (yazıçı Pamela Treversin
povestlərinin qəhrəmanı, sehrbaz dayə) mütləq pedaqoji
təhsili və sanitar kitabçası olmalıdır. Rusiya
Federasiyasının Uşaqlığın Psixoloji-Pedaqoji Problemləri
İnstitutunun direktoru Tatyana Volosovetsin sözlərinə
görə, "ilk növbədə, potensial dayənin təhsilinə diqqət
yetirmək lazımdır. Əlbəttə, yaxşı olar ki, dayənin
pedaqoji təhsil haqqında diplomu və ya heç olmasa,
uşaqlarla minimal iş təcrübəsi olsun".
Bundan
əlavə, T.Volosovets valideynlərə işə götürdükləri zaman
dayənin sanitar kitabçasına baxmağı tövsiyə edir.
"Valideynlər həmin şəxsin sanitar kitabçasına baxsalar,
onun hər hansı bir xəstəliyinin olub-olmadığını
öyrənsələr, heç də pis olmaz. Bu hal yetərincə böyük
risk ola bilər, o səbəbdən də müəyyən ayıqlıq göstərmək
lazımdır", - deyə T.Volosovets qeyd edir.
Eyni zamanda T.Volosovets valideynlərə dayənin sahib
olmalı xüsusiyyətlərinə etinasız yanaşmamağı tövsiyə
edir. Psixoloq vurğulayır: "Bəzən bir dəfə söhbətdən
sonra həmin insanın uşağa yarayıb-yaramaması, onun nə
dərəcədə səmimi, mehriban olması, uşaqları başa düşməsi
aydın olur. Bunu analıq intuisiyası deyə bilər".
Psixoterapevt Konstantin Olxovoy hesab edir ki, az qala
ilk baxışdan dayənin uyğunluğunu müəyyənləşdirmək olar.
Psixoterapevtin sözlərinə görə, "birinci olaraq uşağın
dayə ilə danışığına, dayənin valideynlərin yanında
uşaqla necə ünsiyyət qurmasına, bunu nə dərəcədə sakit
etməsinə, uşağın qılığına girərək dilxoşluq etməməsinə,
özünün necə yaxşı dayə olduğunu valideynlərə göstərməyə
çalışmamasına diqqət yetirmək lazımdır. Dayə uşaqla nə
qədər təbii ünsiyyət saxlasa, o qədər yaxşıdır".
K.Olxovoyun fikrincə, dayə, ilk növbədə, mehribanlıq,
məsuliyyət və diqqət kimi keyfiyyətlərə malik olmalıdır.
K.Olxovoy deyir: "Vacib deyil ki, dayənin bir neçə ali
təhsili olsun, bu əksər hallarda yaxşı heç nədən xəbər
vermir. Dayənin həyat təcrübəsi, zəkası olmalıdır".
Əgər valideyn dayənin işini peşəkar və məsuliyyətli
yerinə yetirməsindən əmin deyilsə, o zaman uşağın
davranışına diqqət yetirmək lazımdır. K.Olxovoy deyir:
"Əgər valideyn yetərincə sayıq və diqqətlidirsə, onun
uşaq üçün yaxşı və ya pis olduğunu başa düşəcək".
Psixoloq T.Volosovets də uşağın fikirlərini nəzərə
almağı tövsiyə edir: "Uşaqdan dayənin onun xoşuna
gəlib-gəlməməsini soruşmaq, uşaqla məşğul olduğu zaman
ona yeni nə öyrətməsi, hansı kitabları oxuması,
nağılları danışması ilə maraqlanmaq lazımdır". Ekspertin
fikrincə, valideynlər uşağın intonasiyasından onun
ailədəki vəziyyətdən razı qalmasını və ya qalmamasını
anlaya bilər. "Əgər uşaq dayənin onu incitməsindən,
danlamasından şikayətlənirsə, uşağın fikirləri nəzərə
alınmalıdır, hətta videokamera ilə vəziyyəti yoxlamaq
olar", - deyə T.Volosovets qeyd edir.
Psixoterapevt K.Olxovoy hər hansı yaxşı olmayan şübhələr
yarandıqda dayəni izləmək üçün müşahidə kameralarından
istifadəni tövsiyə etsə də, bildirir ki, "şantaj
əlaqələri kəsmək üçün ən yaxşı vasitə olsa da, zənnimcə,
konkret həmin dayəni izləmək üçün kamera quraşdırmaq
əvəzinə bəlkə dayəni dəyişmək daha yaxşıdır?".
Ekspertlərin fikrincə, hazırda Rusiyada dayə seçilməsi
üzrə çoxlu sayda agentliklərin fəaliyyət göstərməsinə
baxmayaraq, dostların, tanışların tövsiyəsi ilə dayə
seçənlərə daha tez-tez rast gəlinir. T.Volosovets
əmindir ki, ən həssas və mehriban dayə belə uşağa
yaşıdları ilə dəyərli ünsiyyəti əvəz edə bilməz.
"Mən uşaq bağçasının həll edə biləcəyi məsələlərin dayə
tərəfindən əhatə olunmadığı qənaətindəyəm. Əlbəttə, uşaq
üçün körpələrin arasında olmaq, kollektivdə təhsil almaq
daha yaxşıdır. Bu, birmənalı olaraq belədir", - deyə
T.Volosovets bildirir.
Psixoloq hesab edir ki, dayə haqqında məsələ uşaq
bağçasında yer olmadıqda və ya uşağın sağlamlığı zəif
olduqda qaldırıla bilər.
"Ria Novosti" |