Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Ədəbiyyat təliminə yeni yanaşma

 

Müasir mərhələdə şagirdlərdə  elmə, biliyə  marağı artırmaq, yaradıcı fəaliyyət bacarığı tərbiyə etmək, humanist dünyagörüşü, milli özünüdərk, vətəndaşlıq mövqeyi formalaşdırmaq, milli dəyərlərə hörmət və məhəbbət hissi aşılamaq məktəbin, müəllimin qarşısında duran əsas vəzifələrdəndir. Elm və texnikanın bugünkü sürətli inkişafı, həyatın müxtəlif sahələrində hər gün özünü göstərən və təsdiqini tapan texnoloji yeniliklər təlimin məzmununda və metodlarında ciddi dəyişikliklərin həyata keçirilməsini zəruri edir. Bu istiqamətdəki vəzifələrdən biri də tədris prosesində yeni texnologiyalardan, fəal, interaktiv təlim metodlarından istifadədir. 

Fəal, interaktiv təlim metodlarının tətbiqini zəruri edən ən mühüm amillərdən biri də odur ki, həmin metodlar gənclərdə daim dəyişmədə olan dinamik şəraitə uyğunlaşmaq bacarığı, sosial bacarıqlar formalaşdırır, təfəkkürün çevikliyini təmin edir, qrup, kollektiv şəklində fəaliyyət göstərməyi,  əməkdaşlıq etməyi onlara öyrədir.

Digər fənlər kimi ədəbiyyatın tədrisi prosesində də  əməkdaşlığa, tənqidi və yaradıcı təfəkkürün inkişaf etdirilməsinə əsaslanan fəal, interaktiv  təlim metodlarının tətbiqi mühüm əhəmiyyət kəsb edir. Lakin etiraf edək ki,  hələ də müəllimlərimizin bir qismində yeni təlim metodlarına münasibət birmənalı deyil. Məktəblərimizdə kurikulum üzrə ədəbiyyat dərsliyindən istifadə olunduğu bir şəraitdə fəal, interaktiv metodların mahiyyətinin aydınlaşdırılmasına, konkret ədəbi-bədii nümunələrin öyrədilməsi zamanı tətbiqi yollarının açıqlanmasına ciddi ehtiyac duyulur.

Əlbəttə, yeni metodların tətbiqi əsrlərin sınağından çıxan ənənəvi metodlardan tamamilə imtina olunmasını tələb etmir. Onlarda uğurlu, müsbət nə varsa seçilməli, fəal, interaktiv metodlarla əlaqələndirilməli və tətbiq edilməlidir.

Respublikamızda uğurla həyata keçirilən təhsil islahatının müasir mərhələsi ümumi orta təhsil pilləsində  V siniflərdə kurikulum üzrə yeni dərsliklərin və metodik vəsaitlərin  hazırlanması və nəşri ilə əlamətdardır. Bu baxımdan V sinif  üçün yeni "Ədəbiyyat" dərsliyi və  "Müəllim üçün metodik vəsait"in  ("Bakınəşr",  2012) müəllimlərimizdə böyük maraq oyatması təbiidir. Dərslik və müəllim üçün   vəsait yeni metodik təfəkkür işığında yazılmışdır və bir çox məziyyətlərinə görə ədəbiyyat təliminə yeni yanaşma  nümunəsidir.

Dərslik və metodik vəsait kurikulumun V siniflə bağlı standartları, təlim nəticələri əsas götürülməklə, fəal, interaktiv təlimin tələbləri nəzərə alınmaqla  tərtib olunmuşdur. Kurikulumun tələblərinə uyğun olaraq, yeniliyin ənənə üzərində qurulması, məktəb təcrübəsinin, mövcud reallığın nəzərə alınması dərsliyin ən böyük uğurudır.

Müəlliflər haqlı olaraq qeyd edirlər ki, ədəbiyyat fənni üzrə qarşıya qoyulan təlim nəticələrinə nail olmaq üçün ilboyu keçilən dərslərdə əsas və alt-standartların reallaşdırılması zəruridir. Standartların təlim prosesində addım-addım reallaşdırılması dərsə hazırlıq zamanı və dərs prosesində müəllimin diqqət mərkəzində durmalıdır. Bədii əsərin öyrənilməsi üzrə işin məqsədi və metodikasına uyğun olaraq hər dərsdə müvafiq məzmun xətləri və əsas standartlar üzrə iş aparılmalıdır.

Məlumdur ki, kurikulumda həmin sinifdə sənətkarların həyat və yaradıcılığı haqqında məlumat verilməsi nəzərdə tutulmamışdır. Müəlliflər bu tələbi əsas götürərək dərslikdə sənətkarların portretini, onlar haqqında görkəmli şəxsiyyətlərin fikirlərini verməyi məqsədəuyğun saymışlar. Eyni zamanda məktəblilərin bu və ya digər sənətkarla bağlı ətraflı  məlumat alması üçün İnternet saytlarından istifadə imkanları gözlənilmişdir.

Dərsliyə daxil edilmiş təlim materialları müvafiq bölmələr üzrə qruplaşdırılmış, həmin bölmələrə gənc nəslə milli və ümumbəşəri dəyərlər, vətənpərvərlik, qəhrəmanlıq, anaya məhəbbət, təbiətə qayğıkeş münasibət, insan hüquqlarına hörmət aşılayan əsərlər daxil edilmişdir. Bu bölmələrdə Azərbaycan və dünya şifahi xalq ədəbiyyatının inciləri, klassik və müasir ədəbiyyat nümunələri öz əksini tapmışdır.

Dərslik ədəbiyyat təlimində fəal, interaktiv metodların, müstəqil işlərin tətbiqi üçün geniş imkanlar yaradır. Dərslikdəki bədii əsərlərin, ədəbiyyat nəzəriyyəsi elementlərinin və s. öyrədilməsi, şifahi və yazılı nitqlə bağlı sual və tapşırıqlar sistemi fəal, interaktiv metodların tətbiqi, şagirdlərin  müstəqil, yaradıcı fəaliyyəti üçün əlverişli zəmin yaradır.

Müəllim üçün metodik vəsaitdə bilavasitə ədəbiyyat tədrisi üçün səciyyəvi olan interaktiv metodlar geniş şərh edilmiş, konkret dərs nümunələrində həmin metodların tətbiqi imkanları göstərilmişdir. Bu da, şübhəsiz, kurikulum üzrə dərslərin təşkilində hələ zəruri təcrübəyə yiyələnməmiş, çətinliklərlə üzləşən ədəbiyyat müəllimləri üçün çox əhəmiyyətlidir. Müəllim bu vəsaitdə ikihissəli gündəlik, proqnozlaşdırılmış oxu, fasilələrlə oxu, müqayisə cədvəli, diskussiya və s. interaktiv metodlardan dərs prosesində məqsədyönlü istifadə ilə bağlı dəyərli metodik tövsiyələr, dərs nümunələri ilə tanış olacaqdır.

Dərslikdə və metodik vəsaitdə müəllim və şagirdləri  yaradıcılığa, tədqiqata sövq edən layihələr üzrə işə xüsusi diqqət yetirilir. Qeyd edilir ki, layihələr məktəblilərin müəyyən mövzu üzrə müstəqil tədqiqat aparmalarını nəzərdə tutur. Layihə üzərində işin vaxtı dəqiqləşdirilir, şagirdlərə tövsiyələr, məsləhətlər verilir.

Layihənin mövzusu, qarşıya qoyulan problem konkret olmalıdır. Müəllim və şagirdlər birlikdə layihə üzərində işin icra müddətini, istifadə olunacaq  əyani vasitələri (ədəbiyyat, mənbə, təsvir vasitələri və s.), bunları əldə etmək yollarını, iş formalarını müəyyən edirlər. İş prosesində müəllim şagirdlərə istiqamət verə bilər. İşin icrasına isə şagirdlər cavabdehdir. Tədqiqatın nəticəsi müxtəlif məktəb, sinif tədbirləri vasitəsilə nümayiş etdirilə bilər.

Ədəbiyyat  təliminə verilən müasir tələblərdən biri də fəndaxili və fənlərarası inteqrasiya imkanlarından səmərəli istifadə olunmasıdır.  Fəndaxili və fənlərarası inteqrasiya şagirdlərin ədəbi bilik və bacarıqlara dərindən, fəal şəkildə yiyələnməsinə imkan yaradır.

Məlumdur ki, ədəbiyyat incəsənətin bir növü, həyatı obrazlı şəkildə əks etdirən bir fənn olmaqla  inteqrativ səciyyəlidir. İnteqrativlik  bir fənn kimi ədəbiyyatın  mahiyyətində, təbiətindədir. Bu mühüm cəhət bilavasitə təlim prosesində də öz əksini tapmalıdır. Müsbət haldır ki, yeni dərslikdə  və metodik vəsaitdə bütün ədəbi-bədii materialların interaktivlik və inteqrativlik zəminində öyrədilməsi imkanları diqqət mərkəzində saxlanılmışdır.

Ədəbiyyat təliminə yeni yanaşma öz əksini şagird nailiyyətlərinin qiymətləndirilməsi formalarında da tapır. Müəllim üçün metodik vəsaitdə diaqnostik, formativ, kiçik və böyük summativ qiymətləndirmə ilə bağlı zəruri məlumatların verilməsi təqdirəlayiqdir. Şübhə yoxdur ki, bədii əsərin məzmununun öyrənilməsi  və təhlili, şifahi  və yazılı  nitq bacarıqlarının, qrup işinin  qiymətləndirilməsi meyarları üzrə tərtib edilmiş cədvəllər bu problemin həllində müəllimə yardımçı olacaqdır.

Müəllimin yaradıcılıq və təşəbbüskarlığına, şagirdlərin tədqiqatçılıq fəaliyyətinə, bilik və bacarıqlara dərindən yiyələnməsinə geniş imkanlar yaratması istər yeni dərsliyin, istərsə də müəllim üçün metodik vəsaitin mühüm məziyyəti kimi qeyd olunmalıdır. 

Firəngiz ABDULLAYEVA,
Ağdam rayonu, 32 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov