Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Nobel mükafatından imtina etməyə hazır olan alim

 

XX əsrdə nəzəri fizika elminin inkişafında ən öncül yerlərdən biri ingilis nəzəriyyəçisi Pol Adrien Moris Diraka məxsusdur. Hər hansı elm klassiki haqqında danışanda, ilk növbədə, onun adı ilə bağlı olan elmi kəşflər, tədqiqat işlərinin sayı qeyd olunur. Bu kriteriya əsas götürülsə, onda XX əsrdə fizikanın lideri qismində Pol Dirak çıxış edir. Onun adı ilə bağlı olan - Dirak tənliyi, Dirak matrisası. Dirak delta-funksiyası,  Dirak ikinci kvantlama metodu, Dirak monopolu, Fermi-Dirak statistikası, Dirak "dənizi", Dirak yaxınlaşması, Dirak antimateriyası kvant mexanikasına dair dərsliklərə düşmüş terminlərin bir qismidir.  O, pozitronun varlığını əvvəlcədən xəbər verib,  təkrar kvantlama metodunu təklif edib, kvant elektrodinamikası və qravitasiyanın kvant əsaslarını qoyub. 1933-cü ildə Nobel mükafatına layiq görülüb. 1999-cu ildə Britaniya Fizika Cəmiyyəti tərəfindən nəşr olunan "Fizika dünyası" ("Physics World") jurnalının alimləri arasında keçirilmiş rəy sorğusu tarixdə ən məşhur 10 fizikin adını müəyyənləşdirib: 1. Albert Eynşteyn; 2. İsaak Nyuton; 3. Ceyms Klark; 4. Nils Bor; 5. Verner Heyzenberq; 6. Qalileo Qaliley; 7. Riçard Feynman; 8. Pol Dirak; 9. Ervin Şredinger; 10. Ernest Rezervord.  Pol Dirak bu siyahıda şərəfli yer tutub.     

Uşaqlıq illəri 

Pol Dirak 1902-ci il avqustun 8-də İngiltərənin  Bristol şəhərində  anadan olub. Onun atası Çarlz Dirak gənclik illərində İsveçrənin Mifoni əyalətindən İngiltərəyə köçmüş emiqrant idi.  O, ingiltərəli gəmi kapitanının qızı  Florens Xolten ilə ailə qurmuşdu.  Ailə yalnız 1919-cu ildə Britaniya vətəndaşlığını almışdı.  Emiqrant ailəsi olduqca qapalı həyat tərzi sürürdü. İngilis cəmiyyətində gəlmələrə ehtiyatlı münasibət hökm sürürdü.  Sükut, utancaqlıq, özünə qapalılıq, tənhalıqda düşüncələrə dalmaq və tək-tənha uzunsürən gəzintilər Polun bütün həyatı böyunca əsas xarakterik cəhətləri olub.  Ailədə 3 uşaq var idi. Qardaşı Recinald 2 yaş ondan böyük, bacısı Beatris 4 yaş kiçik idi. Recinaldın həyatı faciəli surətdə bitib. 1924-cü ildə o, intihar edib. Atası haqqında Dirak yazırdı: "Mənim atam ailədə belə bir qayda qoymuşdu ki, mən onunla yalnız fransız dilində danışmalıyam. O düşünürdü ki, bu, mənim fransız dilini öyrənməyim üçün yaxşı vasitədir. Lakin mən müəyyən etdim ki, öz fikirlərimi fransız dilində ifadə edə bilmirəm. Buna görə də susmağa üstünlük verdim. Beləliklə də mən azdanışan oldum".   Balaca Pol əvvəlcə Bişop Roud ibtidai məktəbinə gedib, sonra 12 yaşı tamam olanda Merçent Texniki Kollecində orta təhsil alıb. Hər iki məktəb Bristolda yerləşirdi. Onun atası da bu kollecdə fransız dili müəllimi işləyirdi.  Şagirdləri onu sevmirdilər, o, çox sərt və tələbkar idi. Ola bilsin ki, şagirdləri onun pedaqoji priyomlarının effektivliyini o qədər də başa düşmürdülər. Məktəb illəri barədə Dirak sonralar yazırdı: "Bu, çox gözəl məktəb idi. Burada elm və müasir dillər çox yaxşı tədris olunurdu. Orada latın, yunan dili yox idi, mən buna şad idim, çünki qədim mədəniyyət dəyərlərini başa düşmürdüm...   O qədər də uğurlu olmasa da, mən futbol oynayırdım.  Lakin məktəb illəri ərzində məndə elmə güclü maraq yaranır və inkişaf edirdi. Mən Birinci Dünya müharibəsi illərində, 1914-1918-ci illər ərzində burada oxumuşam.  Şagirdlərin çoxu orduya cəlb olunmuşdu. Nəticədə yuxarı siniflər boşalmışdı.  Boşluğu doldurmaq üçün aşağı sinif şagirdlərini onların öhdəsindən gələ biləcəyi dərəcədə yuxarı siniflərə keçirmişdilər. Bu, mənə sərfəli idi. Mən aşağı sinifləri sürətlə keçərək çox erkən yaşda riyaziyyat, fizika, kimyanı ən yüksək səviyyədə mənimsəmişdim. Riyaziyyatı mən kitablardan öyrənmişdim, bu kitablar mənə sinifdə öyrədiləndən də çox məlumat verdi".

Məktəbdə Dirakın elmə olan marağını tez qiymətləndiriblər. 1918-ci ildə Dirak atasının təklifi ilə Bristol Universitetinin elektrotexnika fakültəsinə daxil olub. O, buranı 1921-ci ildə "əla" qiymətlərlə başa vurub. 40 il sonra Dirak yazırdı:  "Mən özüm üçün müəyyən etmək istəyirdim ki, mühəndislik şöbəsində oxumağım mənə necə təsir edib. Mən universiteti başa vurduqdan sonra bu ixtisas üzrə işləmədim, lakin bu təhsil ocağı mənim ümumilikdə elmə olan yanaşmamı kökündən dəyişdi. Hər şeydən əvvəl, məni dəqiq tənliklər maraqlandırırdı. Mühəndislik hazırlığım isə mənə yaxınlarıma qarşı daha təmkinli olmağıma kömək edirdi.  Mən hesab edirəm ki, mühəndislik fakültəsində oxumasaydım, sonrakı illərdə məşğul olacağım fəaliyyət sahəsində ciddi uğur qazana bilməzdim".  

Alimləri heyrətləndirən gənc tələbə 

Dirak kifayət qədər qeyri-adi tələbə olub. O, mühazirələrdə yalnız əsas ideyaları anlamağa çalışırdı. Qalan materialı o, müstəqil surətdə kitablardan və orijinal məqalələrdən öyrənirdi. Bu cür öyrənmə gedişində Dirak bəzən artıq bir çox yaşlı alimlərə tanış olan və geniş müzakirə olunan  problemlərin daha mükəmməl və yeni həll variantlarını tapırdı. Onun ilk elmi məqalələri də belə yaranıb. 

Pol Dirak Bristol Universitetinin mühəndislik fakültəsində oxuduğu illərdə çox önəmli hadisələr baş verdi. Nisbilik nəzəriyyəsi bütün dünyanı sarsıtmışdı. İnsanların şüuruna dərindən təsir etmiş bu hadisənin səbəblərini görmək çətin deyildi. "Biz dəhşətli müharibə illərini yaşamışdıq... Hamı bir şeyi - müharibəni unutmaq istəyirdi. Və elə bu məqamda nisbilik nəzəriyyəsi meydana çıxdı. Bu, müharibədən qaçış idi. Mən hələ tələbə  idim. Məkan və zaman arasındakı münasibət məni çox maraqlandırırdı. Bu barədə çox düşünürdüm. Mənim üçün tam aydın idi ki, zaman digər ölçülərə çox oxşardır. Və mənim ağlıma belə bir fikir gəldi ki, zaman və məkan arasında hansısa əlaqə ola bilər. Və biz ona ümumi  dördölçülü nöqteyi-nəzərdən, lakin vahid həndəsə gözü ilə  baxmalıyıq. Lakin o vaxt məlum olan  yeganə həndəsə Evklid həndəsəsi idi", - bu, tələbə gəncin  elm və təbiət qanunları barədə ilk düşüncələri idi. 1921-ci ildə Dirakın mühəndis ixtisası üzrə iş tapmaq cəhdləri nəticəsiz qaldı. Lakin xoşbəxtlik nəticəsində ona Bristol Universitetində 2 il ərzində riyaziyyatı  pulsuz tədris etmək təklif olundu. Bu illər Dirakın elmi karyerası üçün başlanğıc hesab oluna bilər. 1923-cü ildə Dirak Elmi və Sənaye Tədqiqatlar Departamentinin təqaüdünü alaraq Kembric Universitetinə işə qəbul olunur. 10 il sonra o, Cozef Larmoru əvəz edəcək və 29 yaşında Kembricdə bir vaxtlar İsaak Nyutonun rəhbərlik etdiyi riyaziyyat kafedrasına başçılıq  edəcək.

1923-cü ildə Dirak öz arzusunu reallaşdırdı, o, Kembric Universitetinin aspirantı olub. Elmi rəhbər seçimində xoşbəxt təsadüf üzünə güldü. Dirak nisbilik nəzəriyyəsi problemi ilə məşğul olmaq və professor Kanninqxemin yanında işləmək niyyətində idi. Lakin o, ikinci bir assistent götürmək istəmədiyini bildirmişdi. Nəticədə,  Polun elmi rəhbəri Ralf Qovard Fauler təyin olundu. O, Dirakı  Ernest Rezervord, Nils Bor, Arnold Zommerfeldin atomun quruluşuna həsr olunmuş işləri ilə tanış etdi. O zaman Kembric atom nəzəriyyəsinin inkişafında dünya mərkəzi rolunu oynayırdı.  Burada Cozef Tompson, Ernest Rezervord, Pyotr Kapitsa, P.Blekket, C.Çedvik, H.Heyqer, E.Marsden, C.Kokroft, M.Olifant kimi adları nəzəri fizika elminə qızıl hərflərlə yazılmış alimlər çalışırdı.

İlk vaxtlarda atomlar Dirak üçün tamamilə hipotetik obyektlər idi, Plank və Eynşteynin kvant ideyaları barədə isə onun az da olsa məlumatı yox idi. Artıq 2 il sonra Britaniya Kral Cəmiyyətinin nüfuzlu elmi məcmuəsində Dirakın 12 səhifəlik "Kvant mexanikasının əsas tənlikləri" məqaləsi, daha üç il sonra "Elektronun kvant nəzəriyyəsi" məqaləsi dərc olunub. Onun bu məqalələri fizikada əsl inqilab idi.  Dirak 31 yaşında kvant elminin hamı  tərəfindən qəbul olunan liderinə  çevrildi. Kvant mexanikasının banilərindən biri oldu, kvant elektrodinamikasının və kvant elektronikasının əsasını qoyaraq antimateriyanın mövcudluğunu xəbər verdi. Tezliklə London Kral Cəmiyyətinin üzvü seçildi.

Ralf Qovard Fauler aspirantı Dirak qarşısında belə bir məsələ qoydu: "Bor orbitləri ideyasını daha mürəkkəb sistemlərə necə tətbiq etməli?". Borun nəzəriyyəsilə tanış olan Dirak onun qeyri-ardıcıllığından heyrətə gəlib. O hesab edirdi ki, müəyyən şərtlər daxilində Nyutonun dinamika qanunları elektronların atomdakı hərəkətinin təsvirini verə bilərdi.  

"Dirak Nobel mükafatından imtina etməyə hazır idi..." 

Pol Dirakın "Kvant mexanikasının əsas tənlikləri"  məqaləsi onun üçün elitar "Kvant mexanikasının yaradıcıları" adlandırılan klubun üzvü olmasında buraxılış vərəqi oldu. Klubun üzvləri çox gənc idilər - Volfqanq  Paulinin 25, Verner Heyzenberqin 24, Pol Dirak və Paskual İordanın 23 yaşı vardı. Dirak faktiki olaraq köhnə klassik mexanika və yeni kvant mexanikası arasında körpü qurdu. Onun üçün yeni elmi nəticələrin əldə olunması özünəməxsus məşğuliyyətə çevrildi. 1926-cı ilin mayında Dirak Kembricdə "Kvant mexanikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Elə həmin vaxt avstriyalı nəzəri-fizik Ervin Şredingerin dalğa nəzəriyyəsi işıq üzü gördü. Əvvəlcə Dirak dalğa mexanikasını qəbul etmədi, çünki artıq Heyzenberqin kvant mexanikası mövcud idi.  Digər tərəfdən, Şredinger Diraka məlum olmayan dalğa funksiyası aparatından istifadə etmişdi.  Bundan başqa, Şredinger bir müddət ümid edirdi ki, fizikanı klassik vəziyyətə qaytarmaqla onun ideyasını ləğv edəcəklər. Lakin yeni aparatı mənimsəməklə  dalğa funksiyasının simmetriya xassələri barədə düşünən Dirak italiyalı fizik Enriko Fermidən xəbərsiz kvant ədədlərinin statistik nəzəriyyəsini (Fermi-Dirak statistikası) hazırladı. Tezliklə Dirak bütün fiziklər üçün gözlənilməz olaraq müəyyən etdi ki, V.Heyzenberq və E.Şredingerin təsvirləri ideyaca bir-birinə əks olsa da eyni bir kvant qanunlarının müxtəlif təqdimatlarıdır. Tezliklə Dirak kvantlama prosesini  E.Şredingerin dalğa tənliyinə tətbiq etdi. Dirakın adı ilə bağlı olan təkrar kvantlama nəzəriyyəsi belə yarandı. Fizika elminin yaşlı nəsli tələbə auditoriyasını yenicə tərk etmiş gənc tədqiqatçının dərin zəkasının, geniş erudisiyasının məhsulu olan bu işləri heyranlıqla qarşıladı.  

1927-ci ildə Dirak kvant mexanikasının relyavistik ümumiləşdirməsi məsələsinin həllinə başlayıb. Bu məsələ  elm üçün xüsusilə aktual əhəmiyyət daşıyırdı. Çünki elektronların atomdakı sürəti işıq sürəti ilə müqayisə olunurdu.  Nisbilik nəzəriyyəsi və kvant mexanikasının sintezi  Dirakın başlıca elmi nailiyyəti idi.

1933-cü ildə Pol Dirak "atom nəzəriyyəsinin inkişafında səmərəli istiqamətlərin kəşfinə və onların tətbiqinə görə" Nobel mükafatına layiq görülüb.  Əvvəlcə Dirak mükafatdan imtina etməyə hazır idi, çünki diqqəti özünə cəlb etməyi sevmirdi, lakin Ernest Rezervord onu başa sala bilmişdi ki, əgər mükafatdan imtina edərsə, bununla daha çox diqqəti özünə cəlb etmiş olacaq. Yalnız bundan sonra o, mükafatı qəbul etməyə razılıq verib. O, Stokholma Nobel mühazirəsinə qulaq asmaq üçün anasını da dəvət etmişdi. Dirak üçün nə qədər acı olsa da, Nobel mükafatı ona daha çox məşhurluq qazandırdı.  

Riyazi tənliklərlə oynayan alim 

Pol Dirakın tədqiqatlarından doğan nəticələr hamı üçün maraqlı idi. Elmi ictimaiyyətin maraq dairəsində olan Dirakın riyazi tənliklərlə oynaması diqqətçəkici idi. Nobel mükafatı laureatı Abraham Paysa görə, onun davranışını belə ifadə etmək olardı: "...Əvvəlcə riyaziyyat xatirinə gözəl riyaziyyatla oyna. Sonra, bax gör, bu, yeni fizikaya aparır, ya yox...". Pol Dirak özü də riyazi nəticələrin gözəlliyinə dair belə yazırdı: "Mənim xarakterik cəhətim, düşünürəm ki, ondadır ki,  mənim riyazi nöqteyi-nəzərdən gözəl tənliklərlə oynamaqdan xoşum gəlir". Onun sözlərinə görə, apardığı elmi tədqiqatlarda başlıca məqam gözəl riyaziyyat axtarışıdır.  Sonradan ola bilər ki, bu elmi iş hansısa sahədə tətbiq oluna bilər. O olduqca təvazökar idi. Bildirirdi ki, "mənim şəxsi xidmətlərimin bu cür böyük əhəmiyyəti yoxdur". Dirak hansı riyaziyyatı gözəl hesab edirdi? "Tədqiqatçı öz cəhdlərində təbiətin fundamental qanunlarını riyazi formada ifadə etməlidir, o, başlıca olaraq riyazi gözəlliyə can atmalıdır. O, sadəliyə gözəlliyə tabe olan keyfiyyət  kimi baxmalıdır.  Gözəllik və sadəliyin toqquşduğu məqamlarda üstünlük gözəlliyə verilməlidir".

Dirak çox qapalı insan idi, o, heç vaxt digər insanlar və ötən hadisələr barədə xatirələrini heç kimlə bölüşməzdi. Nadir hallarda öz fikrini bildirərdi. Bir neçə dəfə o, hər halda öz emosiyalarını işdə ifadə edib. Alimə sual veriləndə ki, onun adını daşıyan tənliyi  (Dirak tənliyi) kəşf edərkən hansı hissləri keçirib, o, belə deyib: "İlk növbədə güclü narahatçılığım onunla bağlıdır ki, bu iş düzgün qəbul olunacaq, ya yox... Bu, üstün hissdir. Bu,  daha çox əsəb gərginliyidir...". Onun sözlərinə görə,  ümidlə yanaşı çox vaxt qorxu da baş verir.

Bütün həyatı boyu Dirak, dəqiq və qeyri-şairanə, eleqant nitq stilini qoruyub saxlayıb, fikirlərini ifadə etmək üçün çox az sözlərdən istifadə edib. Bir dəfə rus alimi, Nobel mükafatı laureatı Pyotr  Kapitsa ona oxumaq üçün M.Dostoyevskinin "Cinayət və cəza" kitabını verir. O, kitabı belə şərh edib: "Kitab yaxşıdır, lakin müəllif bir yerdə səhv buraxıb, o, Günəşin eyni bir gündə iki dəfə çıxdığını yazır". Bir dəfə amerikalı fizik Robert  Oppenqeymer (Nobel mükafatı laureatı) oxumaq üçün Diraka bir neçə kitab verir. Lakin Dirak nəzakətlə kitablardan imtina edərək bildirir ki, kitab oxumaq ona düşünməyə mane olur. 

Dirak həmkarları və tələbələri arasında xüsusi punktuallığı və sakit xarakteri ilə məşhur idi. Onun həmkarları Kembricdə zarafatla dəqiqlik vahidi olaraq dirac vahidini müəyyən etmişdilər. Bir dəfə Nils Bor yazdığı elmi məqaləni hansı cümlə ilə bitirməkdə çətinlik çəkdiyindən şikayətlənib. Dirak ona belə cavab verib: "Müəllimlərim mənə məktəbdə cümləni onun sonunu bilmədən yazmamağı öyrədiblər".  O, Robert Oppenqeymerin poeziyaya olan  marağını tənqid edirdi: "Elmin məqsədi çətin şeyləri daha  sadə vasitələrlə asan başa düşülən etməkdir. Poeziyanın məqsədi sadə şeyləri  anlaşılmaz vasitələrlə çatdırmaqdır.  Bunlar bir araya sığmazdır".  

Şəxsi həyatı barədə danışmağı sevməzdi 

Nobel mükafatı laureatı Abraham Pays "Elm dahiləri" kitabında yazırdı: "Dirak barəsində çox dəqiq deyilib ki, onun həyatı əsasən elm olub, elm isə fizikadır. Dirak asketik həyat tərzi keçirib. Komfort və dəbdəbəli həyata soyuq münasibəti ilə o, İndira Qandi ilə müqayisə olunurdu. O, heç vaxt içkiyə maraq göstərməyib, siqaret çəkməyib. Geniş reklam olunmaqdan və şan-şöhrətdən qaçıb. Baxmayaraq ki, hər yerdə ona iltifat göstərir və hədiyyələrə qərq edirdilər. O, ateist idi. Lakin onun xanımı Marqaret qeyd edirdi ki, "Dirak heç də ateist olmayıb. Biz kilsədə dəfələrlə diz çökərək dualar etmişik".

O şəxsi həyatı barədə danışmağı sevməzdi . Bir dəfə ondan Florida Universitetində mühazirə oxumağı xahiş edirlər. O, isə "Yox. Mənim deyiləsi sözüm yoxdur. Mənim həyatım uğursuz olub..." deyərək şəxsi həyatı ilə bağlı söhbətdən qaçıb. Şəxsi həyatı əvəzinə o, sonsuzluğa qədər kvant termodinamikası barədə danışmaqdan yorulmazdı. Dahi insanlar üçün bu cür tipik münasibət adidir. Onların öz fikrincə,  uğursuzluqlar uğurları artırır.  "Bütün fiziklər arasında ən təmiz ürəkli Dirakdır. O, hardasa, bir qədər mənə Eynşteyni xatırladır: əsrin ən böyük fiziklərindən biri öz məktəbi olmadan öz yolunu seçməkdə hər zaman müstəqildir. O hesab edir ki, fiziki nəzəriyyəyə gözəllik və sadəlik lazımdır. Və son illərdə o, fizikanın inkişafı üçün daha çox riyaziyyata bağlıdır. Ölüm ayağına qədər sırf tədqiqatçılıq fəaliyyətini davam etdirib. Digər mənalarda mən onu xatırlada biləcək kimsəni tanımıram", - deyə Nils Bor Pol Dirak barədə yazırdı.

Elmi dairələrdə Dirak həddən artıq susqun və o qədər də ünsiyyətcil olmayan şəxs kimi tanınırdı. Dostları və tanışları onun söhbət zamanı üzə çıxan məsələlərə gözlənilməz və bəzən qəribə müdaxilələrindən heyrətə gəlirdilər. Lakin sonradan onun bəhs olunan məsələyə dair iradları təbii qarşılanar və məntiqi əsaslandırılmış hesab olunardı. Çoxları son sözü ondan eşitmək itəyirdi. Məşhur fizik Abraham Pays "Elm dahiləri" kitabında yazır: "Bir dəfə Borun evində musiqi gecəsi idi. Musiqini sevməyn gənc Landau (bakılı Nobel mükafatı laureatı Lev Landau) darıxır, əl-qol atmaqla ətrafdakılara mane olurdu. "Bir halda ki, siz musiqini sevmirsiniz, niyə bağa gəzməyə getməyəsiniz?", - deyə Dirak ona müraciət etdi. "Bəli, mən musiqini məndən daha çox görmək istəməyən xanım Kazimirə bağa getməyə təklif etdim, lakin o, istəmədi", - deyə Landau cavab verdi.  Dirak bir az fikrə dalaraq mükaliməyə son qoydu: "Ola bilsin ki, bağda sizinlə gəzmək onun üçün musiqiyə qulaq asmaqdan daha xoşagəlməzdir".  

Albert Eynşteyn onun qeyri-adiliyini etiraf etmişdi  

Ümumiyyətlə, Dirakın elmi karyerası çox sürətli və parlaq olub.  24 yaşında doktorluq dissertasiyası müdafiə edib, 4 il sonra İngiltərə Kral Cəmiyyətinin (Akademiyasının) üzvü seçilib. 30 yaşında professor olub və 36 il Kembricdəki məşhur Lukask kafedrasına rəhbərlik edib. 31 yaşında Nobel mükafatına layiq görülüb.

Pol Dirak kvant mexanikası və kvant elektrodinamikası sahəsində ilk alimlərdən biri olub. 1930-cu ildə o, elektronun ekvivalent antihissəciyə, pozitrona malik olmasını xəbər verib. O vaxt bu ideya bəzi fiziklər tərəfindən skeptik və   istehza ilə qarşılanıb. İki il sonra isə pozitronun mövcudluğu  təcrübi yolla təsdiq olunub. O, Nobel mükafatına layiq görülmüş ən gənc nəzəri fizikdir. Dirak ən yüksək dərəcədə təkrarsız  insan idi. Hətta məşhur Eynşteyn onun qeyri-adiliyini etiraf etmişdi. "Mənim Dirakla bağlı çətinliyim var".   "Bu dahilik və zəka arasında başgicəlləndirici dərəcədə balanslaşdırmadır".  Uzunsürən susqunluğu və ətrafda baş verən hadisələrə qeyri-emosional münasibətinə görə tanınan Dirak başqa insanların bəyanatlarını daha sərrast şərh edə bilirdi.  Universitet auditoriyası keçmiş istənilən fizik Dirak tənliyi, Dirak delta-funksiyası,  Enriko-Dirak statistikası, Dirak monopoliyası barədə bilir, lakin o, təkcə alim kimi yox, şəxsiyyət kimi böyük və maraqlıdır.  Eynşteyn onun barəsində çox gözəl demişdir: "Bu gözəl insanın mənəvi keyfiyyətləri  intellektual nailiyyətlərdən daha çox gələcək nəsillər üçün daha böyük əhəmiyyətə malikdir. Sonuncu keyfiyyət isə özü  mənəviyyatın böyüklüyündən, onun adətən gizli qalan ölçüsündən asılıdır".   "Onun böyük kəşfləri sanki bir-birinin ardınca göydən yerə düşən, çox zərifcəsinə işlənmiş  mərmər heykəllərdir.  Elə görünürdü ki, o, təbiət qanunlarını təmiz düşüncələrdən yarada bilər",- deyə məşhur ingilis fiziki, kvant termodinamikasının banilərindən biri Friman Dayson Dirak barədə yazırdı. Dostu Verner Heyzenberq deyirdi ki, Dirak  öz elmi tədqiqatlarında çox çətin dağ zirvəsini fəth etməyə hazırlaşan alpinistlərə oxşayır.  

Tələbələrindən dəqiqlik tələb edən müəllim 

Dirakın kvant mexanikasına dair kitabları onun tələbələrinə oxuduğu mühazirə materiallarından təşkil olunub. Bütövlükdə Dirakın 200-ə yaxın elmi işi işıq üzü görüb. O, təklikdə işləməyə üstünlük verirdi və heç bir məktəb yaratmamışdı.  Dirak haqqında yazırdılar ki, o, hətta insan yaşamayan adada belə, işləmək qabiliyyətinə malik olan  tək-tək alimlərdən biridir. Tədqiqatçılar axtarıb tapmaq onun xarakterinə yad olsa da, o, hər halda çoxsaylı namizədlik dissertasiyalarının rəhbəri olmuşdu.  Elmi məqalə yazanda və ya mühazirə oxuyanda Dirak özünün diqqətlə seçdiyi ifadələri dəyişməyə lüzum görməzdi.  Əgər auditoriyadan kimsə ona qaranlıq qalan hər hansı bəndin yenidən izah olunmasını xahiş edərdisə, alim yenə də əvvəl söylədiyi fikirləri sözbəsöz təkrar edərdi. Onun mühazirələrinin stili yüksək dərəcədə heyranedici idi. Alim fikirlərini çox dəqiq ifadə edirdi, tələbələrindən də dəqiqliyi tələb edirdi.  Tələbələrindən biri Dirakın aydın, qüsursuz mühazirələrini Baxın musiqi əsərləri ilə müqayisə etmişdi.   "Əgər siz düzgün yol seçmisinizsə, kəşf sizin tərəfdən hər hansı səy olmadan özü sizi tapacaq", - deyə Dirak tələbələrinə deyərdi. 

Dirakın sadə görünən kəşfləri bir neçə il alimlərə rahatlıq vermədi, bu kəşflər yeni axtarışlara stimul verdi.  1925-1933-cü illər ərzində özünü XX əsrin ən aparıcı fiziklərindən biri kimi göstərən Dirak elmin simasını dəyişmiş, nəzəri  fizikanın sərhədlərini genişləndirmişdir. 1970-ci ildə o, ABŞ-ın Florida ştatındakı  Tallaxassi Universitetinə professor vəzifəsinə dəvət olunmuşdu və ömrünün sonlarına kimi burada çalışmışdır.  Onu Amerikanın Nyu-York, Mayami və digər nüfuzlu universitetləri də işə dəvət edirdi. Lakin o, bütün təkliflərdən imtina etmişdi. Səbəbi isə onda idi ki, alim universitetə piyada getməyi xoşlayırdı.  İkinci Dünya müharibəsi illərində Dirak uranın qaz sentrifuqası ilə zənginləşdirilməsi sahəsində çox mühüm nəzəri və eksperimental tədqiqatlar aparıb. 1972-1982 -ci illər onun həyatında məhsuldar dövr olub. Son 12 ildə alim 60 elmi iş dərc etdirmişdir. Fiziki qanunların gözəlliyi alim üçün bir norma idi. 1925-ci ildə Moskva Dövlət Universitetinin tələbələri qarşısında çıxış edərkən onlara tabaşirlə yazı lövhəsində belə bir nəsihət yazmışdı: "Fiziki qanunlar riyazi olaraq gözəl olmalıdır".    

Şəxsi həyatı 

Pol Dirakın yaradıcı həyatı onun çoxsaylı elmi kəşflərində əksini tapıb. Dirak öz iş rejimini belə təsvir edirdi: "Həftə ərzində problemlər üzərində intensiv düşüncələr. Bazar günü isə istirahət, şəhər ətrafında tənha gəzintilər".  Təbiət gözəllikləri Dirakı məftun edirdi, o, xüsusən da dağları çox sevirdi.  Həyatda o, həmişə təvazökar olub, ola bilsin ki, məhz buna görə onun haqqında az şeylər məlumdur. 1937-ci ildə o, amerikalı nəzəri-fizik Cucin Pol Viqerin bacısı Marqaret ilə evlənib. Onların iki qızı doğulub. Dirakın görkəmli sovet fiziki, Nobel mükafatı laureatı Pyotr Kapitsa ilə dostluğu 60 il davam edib. Onlar ötən əsrin 20-ci illərində Kembricdə tanış olmuşdular. Sovet rejimi Kapitsaya Rusiyanı tərk edərək Londona qayıtmağı qadağan edəndə Dirak dəfələrlə dostuna baş çəkmək üçün SSRİ-yə gəlib. Həyatda olduqca qapalı, fikrini yığcam söyləyən, utancaq xarakteri ilə seçilən Dirak Kapitsanın tam əksi idi, lakin ona ruhən bağlı, ona qarşı çox diqqətcil idi. Dirakı daha bir dostu, İqor Tamm (sovet fiziki, Nobel mükafatı laureatı) ilə elmdən əlavə alpinist yürüşləri bağlayırdı. Onlar 1936-cı ildə birlikdə Qafqazın və Avropanın ən hündür zirvəsi olan Elbrusu fəth etmişdilər.

Pol Dirak 1984-cü il oktyabrın 20-də 82 yaşında vəfat edib. O, Tallaxassidə Rouzlond qəbiristanlığında dəfn olunub. Bu, onun ailəsinin xahişi idi. O bu dünyanı tərk etdiyi yerdə torpağa tapşırılmalı idi.  

Hazırladı: Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov