Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

23 Noyabr 2012 - №46

 

Sumqayıt Dövlət Universiteti 50 ildə

 

Müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatında, iqtisadi və sosial inkişafında olduğu kimi, elm və təhsil sahəsində də islahatlar uğurla həyata keçirilir, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalararası qarşılıqlı əməkdaşlıq, anlaşma mövqeyinin güclənməsi, qloballaşma kontekstində dünya təhsilinə inteqrasiya aparılır. İndi yaradılan informasiya cəmiyyətində təhsilin istiqamətləri də dəyişir, mahiyyət və məzmunca qlobal düşüncə tərzinə, intellektual elitanın formalaşmasına yönəldilir. Əsas məqsəd təhsilin müasirləşdirilməsi, dünya məkanına inteqrasiya aparılması, təhsil sisteminin strukturunun təkmilləşdirilməsi və  yeni təlim texnologiyalarından səmərəli istifadə olunmasının qloballaşma prosesinə uyğun qurulmasına yönəldilir. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi kimi, qloballaşmaya ancaq elm və təhsili inkişaf etdirmək, dünyaya inteqrasiya olunmaq, təhsili dünya standartlarına uyğunlaşdırmaq və təfəkkürü dəyişməklə nail olmaq mümkündür.  

Ümummilli lider Heydər Əliyevin təhsilə verdiyi böyük qiymət Azərbaycanda demokratiyanın yaranması, formalaşması və çiçəklənməsi dövrünün inkişafında ən mühüm hadisəyə çevrildi. Elm və təhsilə böyük önəm verilməsi, bir-birinin ardınca yeni proqram və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi ölkənin elmi, mədəni və sosial-iqtisadi həyatında dönüş yaratdı. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Bakıda keçirilən İkinci Beynəlxalq Humanitar Forumda bir daha bəyan etdi: "Azərbaycanda savadsızlıq yoxdur, intellektual elita formalaşır, elmin, təhsilin inkişafı sürətlə gedir".

Bu inkişaf, yeniləşmə Azərbaycanı lokal mühitdən çıxarıb qloballaşan dünyada tanıdan ictimai-siyasi və mədəni həyatımızdakı dönüşün, təhsilimizdəki uğurların nəticəsidir. Bu, sivilizasiyalararası dialoqun, informasiya və qarşılıqlı anlaşma meyillərinin gücləndiyi, Azərbaycan təhsilinin dünyaya inteqrasiya olunduğu, Boloniya prosesinə qoşulduğu tarixi bir mərhələnin ifadəsidir.

Elmdə, təhsildə müsbət nəticələrin əldə edilməsi, milli təhsil quruculuğu strategiyasının uğurla həyata keçirilməsi, müasirləşən, yeniləşən dünyanın qlobal problemlərinin həlli yollarının axtarılması, innovasiya və yeni təlim texnologiyalarının təhsil sisteminə gətirilməsi, fənnin məzmunu, təlim strategiyası və qabiliyyətlərin qiymətləndirilməsi sistemində köklü dəyişikliklərin aparılması istiqamətlərində geniş imkan yaradılmış, müsbət nəticələr əldə edilmişdir. Bu nailiyyətlərə görə xalqımız milli dövlətçiliyimizin qorunmasında, elmi-pedaqoji fikrin, maarif və milli mədəniyyətin, elmin və digər sahələrin də inkişafına görə məhz iki böyük dühaya, zəka sahibinə, xalqını, millətini sevən müdrik insana - Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevə borcludur, minnətdardır. 

XX əsrlə XXI əsrin qovuşuğunun fenomeni olan Heydər Əliyevin milli təhsil quruculuğu strategiyası Prezident İlham Əliyev tərəfindən ölkənin sosial-iqtisadi inkişaf strategiyasına, tərəqqi və inkişafına, müstəqillik və dövlətçilik ənənələrinin möhkəmlənməsinə, milli mənəvi və bəşəri dəyərlərin qorunmasına, təhsildə köklü islahatlar aparılmasına zəmin yaratdı. Elm və təhsilə böyük önəm verilməsi, bir-birinin ardınca yeni proqram və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi ölkənin elmi, mədəni və sosial-iqtisadi həyatında dönüş oldu. Belə bir dinamik inkişaf dövründə əsas istiqamət, fəaliyyət proqramı Prezidentin "Müasir dünyada hər şeyi bilik, savad, təhsil həll edir", "Təhsil bizim gələcəyimizdir", "Təhsil hər bir cəmiyyəti irəli aparan amildir" fikirlərinin gerçəkləşdirilməsinə, həlli yollarının müəyyənləşdirilməsinə, tədqiqinə yönəldilir, ölkəmizin davamlı sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində davam etdirilir.

Dünya standartlarına cavab verən müasir təhsil modelinin hazırlanması, yeni təlim texnologiyalarından istifadə imkanlarının müəyyənləşdirilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, orta məktəb şagirdlərinə dərsliklərin pulsuz verilməsi, yeni məktəb binalarının tikilməsi və əsaslı şəkildə təmir edilməsi Azərbaycanda çağdaş təhsilin inkişaf dinamikasını, aydın mənzərəsini əks etdirir.

Bu gün dahi Heydər Əliyevin zəngin maarifçilik ideyalarını Heydər Əliyev Fondunun  prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva əzmlə və uğurla həyata keçirir. Fondun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində 300-ə yaxın yeni məktəb, uşaq bağçası, internat-məktəb binaları tikilib istifadəyə verilmiş və məktəblər müasir avadanlıqlarla təchiz edilmişdir. Bu sahə ilə bağlı bir sıra layihələr məhz Heydər Əliyev Fondu tərəfindən uğurla yerinə yetirilmişdir. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Mehriban xanım Əliyevanın gördüyü işlər xalq tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanmış, beynəlxalq aləmdə yüksək səviyyədə qiymətləndirilmişdir.

"Təhsil, intellekt və informasiya" əsri elan edilən XXI yüzillikdə insan kapitalının hərtərəfli inkişafında, ölkənin iqtisadiyyatının möhkəmlənməsində, ictimai-siyasi həyatda qlobal dəyişikliklərin aparılmasında, bazar iqtisadiyyatına keçid mərhələsində təhsilə böyük önəm verilməsi, infrastrukturun yeniləşdirilməsi, yeni texnologiyalardan, innovasiyalardan istifadə edilməsinə şəraitin yaradılması, "Elektron təhsil" konsepsiyasının həyata keçirilməsi indiyə qədər belə geniş vüsət almamış, beynəlxalq arenada dəstəklənməmişdir. Ölkə Prezidenti zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan xalqının təhsil sahəsindəki uğurlarından danışanda da İkinci Beynəlxalq Humanitar Forum iştirakçılarına dedi ki, "qara qızıl"ı insan kapitalına çevirmək prinsipi bu gün artıq işləyir. Azərbaycanda gənc, istedadlı, intellektual təbəqə formalaşır.

Ali məktəbin 50 illik tarixinə nəzər saldıqda biz bu dinamik inkişafın, qazanılan uğurların nəticələrini görə bilərik. Bu ali məktəbin yaranması və inkişaf tarixini beş mərhələyə bölmək olar: 1. Az.NKİ-nin Sumqayıtda yaratdığı tədris məntəqəsi (1960-1961); 2. Az.NKİ-nin Sumqayıt filialının yaranması (1962-1975); 3. Sumqayıt Ali Texniki Təhsil Məktəbi (ATTM) (1975-1992); 4. Azərbaycan Sənaye İnstitutu (1992-2000); 5. Sumqayıt Dövlət Universiteti - 2000.

Ali məktəbin yaranması və inkişaf tarixində böyük rolu olan akademik İsmayıl İbrahimovun əməyini iftixar hissi ilə xatırlayırıq. Bu tədris müəssisəsinin formalaşmasında müxtəlif illərdə ali məktəbə rəhbərlik etmiş dosentlər İ.C.Sadıqovun, İ.Q.Abbasovun, professorlar M.N.Mahmudovun, R.Ə.Əliyevin, C.Ə.Kərimovun, E.M.Qocayevin və E.M.Fərhadzadənin böyük əməyi olmuşdur. Ali tədris ocağının yaranmasında, maddi-texniki bazasının möhkəmləndirilməsində, kadrlarla təmin olunmasında Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rolu danılmazdır. Respublikamız müstəqillik qazandıqdan sonra onun siyasi-mədəni və ictimai-iqtisadi həyatında mühüm dəyişikliklər baş verdi, yeni ali təhsil müəssisələri yaradıldı. Azərbaycan Sənaye İnstitutu 1992-ci ildə yeni yaradılan müstəqil ali təhsil ocaqlarından biri oldu.

Bu təhsil müəssisəsinin yaradılmasında əsas məqsəd Sumqayıtın iqtisadiyyatı və sənayesinin inkişafına kömək edən texniki sahələr üzrə kadrların hazırlanmasına, ekoloji cəhətdən təhlükəli olan şəhərin sağlam bir bölgəyə çevrilməsinə, elm, təhsil və mədəniyyəti dünyada tanıtmağa istiqamətlənmişdir. 1993-cü ildən etibarən Sumqayıt şəhərinin bütün sahələrində böyük inkişaf və tərəqqinin geniş vüsət alması nəinki sənaye müəssisələri üçün, hətta digər sahələrdə də mütəxəssis hazırlığının aparılmasını vacib məsələ kimi qarşıya qoymuşdur. Belə bir dövrdə Sumqayıt şəhər əhalisinin problemləri də getdikcə artır, ayrı-ayrı sahələr üzrə kadrlara böyük ehtiyac duyulurdu. Bu problemləri aradan qaldırmaq üçün 13 iyun 2000-ci il tarixdə Prezident Heydər Əliyevin  "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universitetinin yaradılması tarixi bir hadisəyə çevrildi, şəhərin sosial-iqtisadi və mədəni həyatını yaxşılaşdırmaq üçün kadr hazırlığına başlandı. Sevindirici haldır ki, bu il Sumqayıt Dövlət Universitetinin yaradılmasının ali təhsil ocağı kimi 50, universitet kimi fəaliyyət göstərməsinin 12 ili tamam olur. Bu ali məktəbin gənc nəslin təlim-tərbiyəsində, elm və təhsildə, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiya olunması sahəsində, maddi-texniki bazanın möhkəmləndirilməsində uğurları və əldə etdiyi nailiyyətlər böyükdür.

Bu gün dahi Heydər Əliyevin zəngin maarifçilik ideyalarını əzmlə və uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin böyük uzaqgörənliklə söylədiyi "Biz maddi dəyərlərimizi və iqtisadi potensialımızı intellektual kapitala çevirməliyik" konseptual müddəasının həlli respublikamızın digər təhsil və elm ocaqları ilə birlikdə Sumqayıt Dövlət Universitetində də uğurla həyata keçirilir.

Az bir müddət ərzində universitetin elm, təhsil və maddi-texniki təchizi sahəsində dönüşün yaradılması ölkə Prezidentinin dəstəyindən, milli təhsilimizə göstərdiyi qayğıdan sonra yüksək sürətlə inkişaf etməyə başladı, uğurlu nəticələr əldə edildi. Danılmaz faktdır ki, universitetin bugünkü inkişafı əvvəlki illərdən xeyli fərqlənir, həm maddi-texniki bazanın möhkəmləndirilməsi, kabinet və laboratoriyaların müasir avadanlıqlarla təchiz olunması, həm də kadr potensialı baxımından inkişafı, təhsilalan və təhsilverənlər üçün əlverişli təlim, öyrədici mühitin yaradılması diqqəti cəlb edir. Universitetin foyesində ulu öndərin büstünün qoyulması, şəhidlərə xatirə abidəsinin ucaldılması, təhsil ocağının ətrafının simasının dəyişdirilməsi, park salınması, dünya standartlarına tam cavab verən idman və akt zalının yaradılması son on iki ilin ən əlamətdar hadisəsidir. O cümlədən, tələbələrin, magistrant və doktorantların təhsilinin müasir tələblərə uyğun davam etdirilməsinə də hər cür şərait yaradılmışdır. İdarəetmə sistemində dönüş yaradılması təhsilin, elmin inkişafına, demokratik prinsiplərin əməli işə tətbiqinə zəmin yaratmışdır. 

Hazırda universitetdə yeddi - riyaziyyat, fizika və elektroenergetika, kimya və biologiya, mühəndislik, iqtisadiyyat və idarəetmə, tarix, filologiya fakültələri və Əcnəbi Tələbələrlə Hazırlıq Mərkəzi, 45 kafedra və 6 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bu fakültələrdə 4400-dən artıq, o cümlədən 100-dən artıq əcnəbi tələbə 26 istiqamət üzrə bakalavr pilləsində, 330 nəfər isə 53 ixtisas üzrə magistratura mərhələsində təhsilini davam etdirir. 40 doktorant və 37 dissertant elmin müxtəlif sahələri üzrə elmi-tədqiqat işləri yerinə yetirirlər.

Universitetdə 8 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvü, 50 nəfər elmlər doktoru, professor, 155 nəfər müxtəlif ixtisaslar üzrə fəlsəfə doktoru, dosent, 190 nəfər baş müəllim işləyir. 9 elmi istiqamət üzrə 46 mövzunu əhatə edən tədqiqat işləri yüksək elmi-nəzəri səviyyədə yerinə yetirilir. Bu işə 370 nəfər professor-müəllim, 30 nəfər elmi işçi cəlb olunmuşdur.

Son 12 ildə universitet əməkdaşlarından 17 nəfər elmlər doktoru, 74 nəfər müxtəlif ixtisaslar üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 8 nəfər professor, 84 nəfər dosent elmi adlarına layiq görülmüşdür.

Bu dövr ərzində universitet əməkdaşları tərəfindən 60 monoqrafiya, 140 dərslik və dərs vəsaiti, 580 metodik vəsait və fənn proqramı, 3000 elmi məqalə (o cümlədən 600-ü xarici jurnallarda), 1500 tezis (o cümlədən 300 tezis beynəlxalq konfranslarda) çap olunmuşdur. 110 patent alınmışdır. Bunlardan 3-ü "AvroAsiya" patentidir. Bu müddətdə universitetdə 16 beynəlxalq, 35 respublika və 44 universitetdaxili elmi konfrans keçirilmişdir. Magistrantların respublika elmi konfransı hər il SDU-da keçirilir. Tələbə elmi cəmiyyətinin xətti ilə hər il təşkil olunan tələbələrin konfransları maraqla qarşılanır. Universitet tələbələri ali məktəblərarası fənn olimpiadalarında da fəal iştirak edirlər. Universitetdə 2 bölmə üzrə "Elmi xəbərlər" (təbiət və texniki və humanitar-sosial elmlər bölmələri üzrə) jurnalı nəşr edilir.

Sumqayıt Dövlət Universiteti yaranan gündən beynəlxalq layihələrdə iştirak etmək üçün məqsədyönlü işlər aparır və bu sahədə xeyli uğurlar əldə olunmuşdur. TEMPUS layihəsi çərçivəsində universitet 4 uğurlu layihənin iştirakçısı olmuş və qalib seçilmişdir. Universitet eyni zamanda 2002-2004-cü illərdə Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti, Hollandiya Heerlan Tətbiqi Elmlər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və Mingəçevir Politexnik İnstitutu ilə birlikdə "Müasir mühəndis hazırlığı" layihəsinin iştirakçısı olmuşdur. Avropa standartlarına uyğun "Avtomatlaşdırma və informatika texnikası", "Elektroenergetika" ixtisasları üzrə bakalavr və "Ətraf mühitin mühafizəsi" ixtisası üzrə magistr hazırlığı uğurla başa çatdırılıb və bu proses indi də davam etdirilir. Bu günə kimi həmin ixtisaslar üzrə 75 bakalavr və magistr hazırlanmışdır.

2006-2009-cu illərdə Sumqayıt Dövlət Universiteti Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti, Polşanın Varşava Texniki Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası ilə birgə neft və kimya sənayesində "Enerji menecmenti" ixtisası üzrə magistr hazırlığını həyata keçirib və indi də davam etdirir.

Bu iki layihə çərçivəsində Avropadan alınmış müasir cihaz və avadanlıqlarla təchiz olunmuş, Avropa standartlarına uyğun 8 müasir tədris laboratoriyası yaradılmışdır. Universitetin 10 əməkdaşı müxtəlif müddətlərdə həmin xarici ölkə universitetlərində keçirilən seminarlarda iştirak etmiş və əldə etdikləri təcrübəni tələbələrə öyrətmişdir.

2010-2012-ci illərdə universitet yeni TEMPUS layihəsinin Rusiyanın Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti, Tümen Dövlət Neft və Qaz Universiteti, Ufa Dövlət Neft Texnologiya Universiteti, Uxta Dövlət Texniki Universiteti, Ukraynanın Poltava Texniki Universiteti, İvanovo-Frankovsk Milli Texniki Universiteti, Belarusun Milli Texniki Universiteti, Polotsk Dövlət Universiteti, Böyük Britaniyanın Varvik Universiteti, Polşanın Krakov Universiteti, İsveçin Kral Texnologiya Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası ilə birlikdə iştirakçısı və qalibi olmuşdur. Bu layihə çərçivəsində universitetlərarası innovasiya şəbəkəsi yaradılmışdır.

2011-ci ildə Sumqayıt Dövlət Universiteti Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti, Polşanın Varşava Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Texniki Universiteti ilə birgə "Azərbaycanda mühəndis hazırlığının Boloniya prosesinə uyğunlaşdırılması" layihəsinin iştirakçısı olaraq layihənin uğurla yerinə yetirilməsini davam etdirir.

Hazırda kanalizasiya çöküntülərinin piroliz texnologiyasına görə Almaniyanın BASF şirkəti ilə birlikdə NATO-nun təhlükəsizlik layihəsinin birinci mərhələsi udulmuş və bu layihə Sumqayıt şəhərinin kanalizasiya sistemində yaranan çöküntülərin zərərsizləşdirilməsi və onlardan alternativ enerji növlərinin alınmasına yönəldilmişdir.

Bu il universitetə optik kabel çəkilmiş, geniş lokal və WİFİ şəbəkələri yaradılmışdır. Bu da, öz növbəsində, videokonfransların və distant təhsilin daha etibarlı şəkildə aparılmasına geniş imkan yaradır. Müasir dövrün tələblərinə cavab verən "Elektron kitabxana" yaradılmış, İRBİS - 64 sisteminin tam paketi quraşdırılmışdır.

Universitetin veb-portalı yaradıldı və "Millinet - 2012" respublika müsabiqəsində elm və təhsil nominasiyası üzrə qalib gəldi. Təhsil Nazirliyinin xətti ilə İnternetə çıxışı təmin edən universitet üzrə vahid şəbəkə yaradıldı. Sumqayıt Dövlət Universitetinin inkişafına, müasir tələblərə uyğun yeniləşməsinə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin daim diqqət və qayğısı hiss olunur və kollektivimizi yeni nailiyyətlər qazanmağa daha da ruhlandırır. 

1999-cu ildə Dünya Bankının "Dünyanın inkişafı haqqında" hesabat məruzəsində yeni iqtisadiyyata keçidin adekvat iqtisadi institusional sistemin yaradılması, güclü insan kapitalı bazasının inkişafı, dinamik informasiya infrastrukturu, səmərəli milli innovasiya sisteminin inkişafı kimi dörd mühüm strateji amili göstərilmişdir. Bütün bunları nəzərə alan SDU ayrı-ayrı ölkələrlə qlobal səviyyədə əməkdaşlıq edir, kadr hazırlığını həyata keçirir, yeni ideya və texnologiyalardan istifadə təcrübəsini öyrənir, tədris prosesinə tətbiqi imkanlarını təmin edir.

Bu gün ali məktəblərdə dövlətimizin elm və təhsil siyasətinin qarşılıqlı şəkildə, əlaqəli formada, vahid konsepsiyada birləşdirilməsi daha vacib məsələdir. Aparılan tədqiqatlar müasir elmin son nailiyyətlərinə əsaslanır, yeni təlim texnologiyalarının təlim prosesinə tətbiqi imkanlarını öyrənməyə istiqamətlənir. Seminar və laboratoriya məşğələlərində praktik işlərin yüksək səviyyədə aparılmasında elmi işlərin nəticələrinin tətbiqi təhsil sisteminin müasir tələblər səviyyəsində təkmilləşdirilməsinə geniş imkan yaradır. Elm və təhsili bir-birindən ayırmaq, yaxud onları bir-birinə qarşı qoymaq mümkünsüzdür. SDU-da da elmin əsas məqsədi yaradıcı fəaliyyətin stimullaşdırılmasına, təhsil sisteminin təkmilləşdirilməsinə yönəldilir. Təhsilin məqsədi məlum olan faktların, ayrı-ayrı fənlərin tədrisinin müasir tələblərə uyğun qurulmasını təmin etməkdirsə, elmin məqsədi isə fundamental tədqiqatların aparılmasına, dünya praktikasında olan yeniliklərin öyrənilməsinə və elmi-nəzəri məsələlərin praktik yollarla mənimsənilməsinə geniş imkan yaratmaqdır. Universitetdə elm və təhsilin bu istiqamətlərdə aparılmasına, tələbələrin tədqiqatçılıq bacarığının inkişaf etdirilməsinə, nəzəriyyə ilə təcrübənin vəhdəti əsasında fənlərin tədrisinə daha çox fikir verilir, elmi istiqamətlər bu sahələrin tədqiqinə yönəldilir.

Universitetin elmdə və təhsildə olduğu kimi, idman həyatında da nailiyyətləri böyükdür. Tələbələrimiz son on ildə dünya, qran-pri, Avropa, Asiya çempionatlarında, beynəlxalq turnirlərdə və respublika yarışlarında 88 medal qazanmışdır. Bu medalların 32-si qızıldır. Uğurlarımız bu gün də davam edir.

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə kollektivimizin səmərəli fəaliyyəti hər zaman dövlətimiz və onun müdrik rəhbəri tərəfindən layiqincə qiymətləndirilir. Əməkdaşlarımız dövlətimizin ali mükafatlarına və fəxri adlarına - "Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Əməkdar elm xadimi", "Əməkdar müəllim", "Əməkdar mühəndis", "Əməkdar məşqçi" və Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı və Fəxri fərmanlara layiq görülürlər. Universitetin 50 illik yubileyinə hazırlaşdığımız bir zamanda ölkə Prezidenti İlham Əliyevin 16 noyabr 2012-ci il tarixli imzaladığı sərəncamla Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin 10 nəfər əməkdaşını "Əməkdar müəllim", 1 nəfərini "Əməkdar jurnalist" fəxri adları və 8 nəfərini "Tərəqqi" medalı ilə təltif etməsi kollektivimizi sevindirir, yeni yaradıcılıq nailiyyətləri əldə etməyə ruhlandırır. Özümün və kollektivin adından ölkə Prezidentinə dərin minnətdarlıq və ehtiramımı bildirirəm. Universitetin bütün əməkdaşları bundan sonra da təhsilin, elmin inkişafı, dövlətçiliyimizin qorunması yolunda əzmlə çalışacaq, yeni-yeni uğurlar qazanacaq, Prezidentimizin ətrafında sıx birləşməyi özlərinin həyat amalı seçəcəkdir. Dövlətimiz və xalqımız əmin ola bilər ki, SDU-nun professor-müəllim heyəti yüksək ixtisaslı kadrların hazırlanmasında əlindən gələni əsirgəməyəcək, işlərini müasir tələblərə uyğun quracaqdır.   

Nadir QƏHRƏMANOV,
SDU-nun rektoru, "Şöhrət" ordenli,

fizika-riyaziyyat elmləri doktoru, professor

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov