Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

23 Noyabr 2012 - №46

 

Tarixiliyi və müasirliyi ilə seçilən əsərlər

 

Azərbaycanda təhsilin və pedaqoji fikrin öncül tədqiqatçılarından olan professor Əjdər Ağayevin "Seçilmiş pedaqoji əsərləri"nin 2 cildliyini bu günlərdə nəzərdən keçirdim. I cildə müəllifin Azərbaycan dilində, II cildə isə rus dilində çap olunmuş məqalələri daxil edilmişdir. Hər iki cilddəki materiallar ciddi elmiliyi və praktik mövqeyi ilə diqqəti cəlb edir.

Bəlli olduğu kimi, Əjdər Ağayev elmi-pedaqoji problemlərə bələd olduğu qədər də ölkədə təhsil təcrübəsinin inkişafı və formalaşması ilə tanışdır. O, həmişə elmi-pedaqoji nəzəri məsələlərin təhlilini təhsil təcrübəsi ilə həyatiləşdirməyə çalışmış, tədqiqatçı olmaqla yanaşı, praktik müəllimlik fəaliyyəti göstərmiş, təhsilin zaman-zaman yeniləşməsi prosesində bilavasitə iştirak etmişdir. Fikrimcə, elə buna görə də 2 cildlikdə yer tutmuş materiallar həm pedaqogika elminin mövqeyini, həm də təhsilin dinamikasını əks etdirir.

 Əjdər Ağayevin elmi-pedaqoji yaradıcılığında pedaqogikanın nəzəriyyəsi və tarixi, təhsil, təlim, tərbiyə məsələləri geniş yer tutur. Onun yaradıcılığı digər bir cəhətlə də şərtlənir: o, həmişə zamanın doğurduğu yeni problemlərin tədqiqinə can atmış və bu cəhd uğurlu nəticələr vermişdir. Belə ki, Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşması probleminin tədqiqi, vətəndaş tərbiyəsi və təhsilinin araşdırılması istiqamətində ilk əsərlərin meydana çıxması, sahiblik hissi tərbiyəsinin pedaqogikaya daxil edilməsi, tədqiqatlarda və təhsil təcrübəsində tarixilik, varislik, müasirlik prinsipinin nəzərə alınma zərurəti onun adı ilə bağlıdır.

Əjdər Ağayevin "Seçilmiş pedaqoji əsərləri"nin I cildi (redaktor professor A.Həsənov, rəyçilər professor F.Rüstəmov, H.Əhmədov) redaktorun ön sözü və mərhum professor Yusif Talıbovun "Pedaqogika elminin istedadlı nümayəndəsi" məqaləsi ilə açılır. Cilddəki materiallar "Yeniləşən cəmiyyətdə təhsil, təlim, tərbiyə məsələləri", "Təhsil və ideologiya", "Yeni dövr: pedaqogikanın aktual problemləri", "Pedaqoji fikir tarixindən" adlı bölmələrdə yer tutmuşdur. Bölmələrin müasirlik yönümü həmin hissələrdəki əsərlərdə öz əksini tapır. Bütün materiallar bu günümüzün tələbləri ilə səsləşir, müasirliyi ilə diqqəti cəlb edir. Yalnız I bölmədəki bəzi məqalə başlıqlarına fikir versək, bunu aydın şəkildə görə bilərik: "Fasiləsiz təhsil: problemlər, vəzifələr, yaxud, ömür boyu öyrənməli", "Təhsil milli intibahın ilk amilidir", "Uğurlu gələcək istəyiriksə, təhsil işimizi qüsurlardan xali etməliyik", "Təhsilin informasiyalaşdırılmasında müəllimlərin İKT hazırlığının artırılması məsələləri", "Qloballaşma və təhsil", "Müasir dərs: o necə olmalıdır?", "Müasir təlim prosesi: nəzəriyyə və təcrübə məsələləri" və digər məqalələr elmi və təcrübi sanbalı, problemə orijinal yanaşma mövqeyi ilə diqqəti cəlb edir.

Bu bölmədə müəllifin 2 hissədə təqdim etdiyi "Yeni təlim metod və texnologiyalarından istifadənin nəzəri və praktik məsələləri (tarixi-nəzəri və müasir aspekt)" mövzusunda araşdırma nəticələri hazırkı dövrümüzdə baş verən təhsil və təlim nəticələrini ümumiləşdirir və onun səmərəli inkişafını istiqamətləndirir.

Əjdər Ağayev tədqiqat nəticəsində müəyyənləşdirir ki, hələ orta əsrlərdə Şərqdə, o cümlədən Azərbaycanda təhsilin yeniləşdirilməsi tələbi həmişə nəzərə alınmışdır. Təbii ki, bu tələb elmin və texnikanın inkişaf səviyyəsinə uyğun olmuşdur. Müəllif belə bir qənaətə gəlir ki, hər dövrdə bugünkü anlamla desək, təhsildə islahatlar həyata keçirilmişdir. Hazırda tətbiq olunan təlim texnologiyalarının tətbiqi orta əsrlərdən başlanır. O dövrdə kamil insan yetişdirilməsi baş məqsəd olduğu üçün insanın biliklərə inteqrativ yiyələnməsi və bu prosesdə texnologiyalardan da inteqrativ istifadə əsas götürülmüşdür. Çünki kamil insan əxlaqi-mənəvi, dini-ruhi dəyərlərə, təbiət, cəmiyyət, insan haqqında biliklərə kompleks bələd olmalı və bildiklərini öyrənmək istəyənlərə ötürməli idi. O zaman kompüter texnologiyası olmadığına görə elm öyrənənlər onun arxasınca digər ölkələrə alimlərdən dərs almağa gedirdilər. Hazırda isə bu vəzifə İnternetlə yerinə yetirilir. Üstəlik ali təhsildən sonra təcrübə qazanmaq üçün yenə də alimlər yanına səfərlərdən istifadə edilir.

Müəllif həmin məqalədə yeni təlim texnologiyalarına aid tarixi-nəzəri baxışını əks etdirdikdən sonra, müasir nəzəri-praktik mövqeyi aşkarlayır. O, innovasiya, inteqrasiya, təlim texnologiyası, pedaqoji texnologiyalar, fəal və interaktiv təlim, yeni təlim metodları anlayışlarını izah etməklə, onların mahiyyəti və məzmununu şərh edir və praktik nümunələr göstərir. 

Kitabın "Təhsil və ideologiya" bölməsində "Heydər Əliyev irsi və milli tərbiyə konsepsiyası", "Günün vacib mövzusu: Milli ideologiya", "Müstəqil dövlət: Vətəndaş tərbiyəsi" və digər məqalələrdə müəllifin pedaqoji problemlərə siyasi-ideoloji mövqedən yanaşdığı görünür. Ə.Ağayevə görə, pedaqoji prosesdə həyata keçirilən öyrətmə və onun məzmunu dövlətçilik ideologiyasına xidmət etməlidir.

"Yeni dövr: pedaqogikanın aktual problemləri" bölməsində, adından göründüyü kimi, pedaqogika elminin müasirləşməsi baxımından əhəmiyyətli məsələlərə yer verilir.

"Pedaqoji fikir tarixindən" adlanan IV bölmədə təqdim olunan məqalələr müəllifin tarixi mövzuda araşdırmalarını əhatə edir. Digər bölmələrdə olduğu kimi, bu bölmədəki məqalələrdə də tədqiqatçının orijinal araşdırma mövqeyi, mövzuların tədqiqata cəlb olunmasının ilkinliyi və müəllif təşəbbüskarlığı özünü göstərir. Məsələn, "Tarixi faktlara münasibət haqqında" məqaləsində göstərir ki, tarixi mövzuda aparılan araşdırmalara yalnız təhsil və pedaqoji fikir statistikası ilə deyil, dövrün siyasi-ictimai, mədəni, iqtisadi göstəricilərini də daxil etməklə nəzərdə tutulan problemə aydınlıq gətirilməlidir. Müəllif ilk dəfə olaraq XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan pedaqoji fikrinin başlıca problemlərini, XX əsrin əvvəllərində Azərbaycanda məktəb və pedaqoji fikrin inkişafı istiqamətlərini, şəxsiyyət tərbiyəsinin məzmunu və vasitələrini, Fərhad Ağazadənin pedaqoji fəaliyyəti və görüşlərini araşdırmış, nəticələrini əsərlərində şərh etmişdir.

Müəllifin "Seçilmiş pedaqoji əsərləri"nin II cildi də məzmun zənginliyi, pedaqoji ideyaların yeniliyi və əhatəliliyi ilə diqqəti cəlb edir. Kitabın redaktoru pedaqoji elmlər doktoru, professor Əmrulla Paşayev bu cildə yazdığı ön sözdə düzgün olaraq qeyd edir ki, topludakı bütün materiallar bu xeyirxah müəllifin daxili dünyasını, pedaqoji hadisələrin və pedaqoji ideyaların dəyişən aləminə tənqidi baxışlarını və müasir ümumi elmi nəzəriyyənin əsasını təşkil edir.

Bu cilddə professorlar Hüseyn Əhmədov və Fərrux Rüstəmovun professor Əjdər Ağayevin yaradıcılığı haqqında analitik-təhlili məqaləsi verilmişdir. Sanki öndə verilmiş bu məqalələr Əjdər Ağayevin pedaqoji yaradıcılığını daha aydın anlamaqda oxuculara yardım göstərir.

Müəllif I bölməyə "Azərbaycanda təhsil və pedaqoji fikir" adlı akademik M.Mehdizadə və professor Z.Qaralovla birlikdə yazdığı genişhəcmli məqaləsini daxil etmişdir. Bundan sonra isə Fərhad Ağazadənin təlim haqqında fikirlərinin təhlilinə həsr olunmuş məqalə, davamında Ə.Bəhmənyar, Ə.Xəqani, M.Əvhədi, İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli, M.Ş.Vazeh, M.Kazımbəy, A.Bakıxanov, M.F.Axundov, M.T.Sidqi və digər mütəfəkkir təhsil xadimlərinin pedaqoji fikirləri yığcam şəkildə ayrı-ayrı məqalələrdə təqdim olunmuşdur. Sonrakı bölmələrdə müxtəlif xarakterli tarixi və publisistik məqalələr, tezislər, müəlliflə aparılan müsahibələr yer tutur. Kitabın sonunda mütəxəssislərin müəllifin ayrı-ayrı əsərləri haqqında rəylərindən nümunələr verilmişdir.

Qeyd etməliyik ki, II cild, eyni zamanda rusdilli oxucular üçün nəzərdə tutulduğundan, burada verilmiş materiallarda da Azərbaycan pedaqoji fikrinin müxtəlif problemlərinə aid məqalələrdə, tezislərdə, publisistik yazılarda mühüm milli pedaqoji əhəmiyyət daşıyan ideyalar əks etdirilmişdir. "Azərbaycan pedaqoji fikrində akseoloji problemlərin fəlsəfi-etik əsasları", "Nizami Gəncəvinin pedaqoji sistemində xəlqilik və ümumbəşərilik", "Yan Amos Komenskinin "Böyük didaktika" əsəri Azərbaycanda pedaqoji ideyaların inkişafının əsas mənbələrindən biri kimi" və digər diqqətçəkən materiallar öncə Moskvada, rusdilli elmi nəşrlərdə çap olunmuş, sonra isə Azərbaycan oxucularına çatdırılmışdır.

Cildin "Məktublardan sətirlər" bölməsi də böyük maraq doğurur. Bu bölmədə 70-80-ci illərin məşhur rus alimləri və pedaqoji mətbuat rəhbərləri ilə yazışmalardan nümunələr öz əksini tapır. Akademik M.Maxmutov, professorlar M.Skatkin, İ.Lerner, A.Frolov və digər görkəmli simaların Ə.Ağayevə məktublarından bəlli olur ki, müəllif Rusiya elmi elitası ilə müntəzəm əlaqə saxlamış, özünün məqalələrini Rusiyanın, Ukraynanın, Belarusun, Başqırdıstanın pedaqoji mətbuatında dərc etdirmişdir.

Yekun olaraq qeyd etmək istərdim ki, professor Əjdər Ağayevin 2 cildlik "Seçilmiş pedaqoji əsərləri" müasir dövrümüzün təhsil problemlərini reallığı ilə anlamağa, Azərbaycan təhsil və pedaqoji fikrinin əsas ideyalarını tanıtmağa və müasir şəraitdə onların tətbiqinə nail olmağa xidmət edir.  

İsmayıl ƏLİYEV
pedaqoji elmlər doktoru, professor,
Naxçıvan Özəl Universitetinin rektoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov