Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Dekabr 2012 - №49

 

Təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrə Konfederasiyasına rəsmi səfəri

 

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyində 

Təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 3-dən 11-dək İsveçrə Konfederasiyasında rəsmi səfərdə olub.

Dekabrın 4-də təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyində olub.

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı təhsil naziri Misir Mərdanovla görüşdə İsveçrə-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı görülmüş işlərdən söhbət açıb. Səfir bildirib ki, İsveçrə ali məktəblərində 100-ə yaxın azərbaycanlı tələbə təhsil alır.

Təhsil naziri Misir Mərdanov Azərbaycan ilə İsveçrə Konfederasiyası arasındakı əlaqələrin inkişafı və təhsil sahəsindəki əməkdaşlığın genişlənməsində ölkəmizin İsveçrədəki səfirliyinin rolunu xüsusi olaraq qeyd edib. Səfirə təşəkkürünü bildirən nazir İsveçrə ilə təhsil sahəsində əlaqələrin əhəmiyyətinə toxunub, bu istiqamətdə münasibətlərin inkişafı üçün daha geniş imkanların mövcud olduğunu vurğulayıb.


Lozanna Federal Politexnik Məktəbində 

Dekabrın 5-də təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Lozanna Federal Politexnik Məktəbində olub və təhsil müəssisəsinin rəhbərliyi ilə görüş keçirilib.

Ali məktəb rəhbərliyinin təqdimatından məlum olub ki, 9305 nəfər tələbənin təhsil aldığı tədris ocağında 355 professor, 2809 müəllim çalışır. Lozanna Federal Politexnik Məktəbinin illik büdcəsinin 570 milyonunun (İsveçrə frankı) dövlət vəsaiti, 223 milyonunun isə elmi-tədqiqat fəaliyyəti və digər xidmət sahələrindən əldə olunan gəlir hesabına formalaşdığı nəzərə çatdırılıb.

Qeyd edilib ki, İsveçrə Konfederasiyasında orta məktəb məzunları müvafiq təhsil sənədlərini təqdim etməklə istənilən ali məktəbə imtahansız qəbul oluna bilərlər. Bakalavr, magistr və PhD proqramları üzrə mütəxəssis hazırlanan Lozanna Federal Politexnik Məktəbində tələbələrin təhsil xərcləri tədris ocağı tərəfindən ödənilir. Tələbələrdən isə ildə cəmi 1200 İsveçrə frankı ödəmək tələb olunur. Birinci kursun sonunda tələbələr arasında seçim aparılır ki, bunun nəticəsində də onların yalnız 50-60 faizi növbəti kursa keçə bilirlər.

Dünyanın ən məşhur professorlarının ali məktəbə dəvət olunduğu haqda Azərbaycan nümayəndə heyətinə məlumat verilib. Bildirilib ki, Lozanna Federal Politexnik Məktəbində təşəkkül tapmış əlverişli elmi mühit sayəsində tələbələr bir sıra unikal tədqiqat layihələrini uğurla həyata keçirirlər.

Təqdimatda İsveçrə Konfederasiyasında orta məktəb şagirdlərinin 11-12 yaşdan etibarən peşələr üzrə maraq və istedadlarının nəzərə alındığı, X sinifdən sonra şagirdlərin peşə, yaxud tam orta təhsilə cəlb edildiyi vurğulanıb. Həmçinin, nəzərə çatdırılıb ki, orta təhsil pilləsi X sinfə qədər yerli icra strukturları (kanton-inzibati ərazi bölgüsü, ölkə üzrə 26 kanton var) tərəfindən maliyyələşdirilir.

Qeyd olunub ki, ali məktəbə qəbul olmaq istəyən şagirdlər müvafiq təmayüllər üzrə 3 il təhsil alırlar. Gimnaziya və peşə məktəblərində isə təhsil müddəti 4 il davam edir. Orta məktəb məzunlarının 20 faizi ali, 80 faizi isə peşə təhsili müəssisələrində oxumağa maraq göstərirlər.

Təhsil naziri Misir Mərdanov Lozanna Federal Politexnik Məktəbinin əməkdaşlarını Azərbaycan ali məktəbləri ilə tanış olmaq üçün ölkəmizə dəvət edib. Nazir bildirib ki, Azərbaycan universitetləri dünyanın qabaqcıl ali məktəbləri ilə əməkdaşlığa xüsusi maraq göstərir və müvafiq əlaqələrin genişləndirilməsini dəstəkləyirlər.

Sonra bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 


Qlion Ali Təhsil İnstitutunda 

Dekabrın 6-da təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qlion Ali Təhsil İnstitutunda olub.

Əvvəlcə universitetlə tanış olan nazir bu tədris ocağında təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, onların problemləri ilə maraqlanıb.

Təhsil naziri Misir Mərdanov Qlion Ali Təhsil İnstitutunun baş direktoru Arye van der Spek ilə görüşüb.

Arye van der Spek rəhbərlik etdiyi təhsil müəssisəsinin turizm sahəsində dünya üzrə aparıcı ali məktəblərdən biri olduğunu bildirib. Qlion Ali Təhsil İnstitutunda 20-dən çox azərbaycanlı tələbənin təhsil aldığını nəzərə çatdıran baş direktor onların təhsil göstəricilərindən razılığını ifadə edib.

Təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2015-ci ilədək 5000 nəfər azərbaycanlı gəncin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsini nəzərdə tutan müvafiq proqramın qəbul edildiyini bildirib. Qlion Ali Təhsil İnstitutu da daxil olmaqla, İsveçrənin 12 ali məktəbinin bu proqram üzrə müvafiq siyahıya daxil edildiyini söyləyən Misir Mərdanov Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan gənclərin bütün xərclərinin dövlət tərəfindən ödənildiyini nəzərə çatdırıb. Nazir yüksək səviyyəli mütəxəssis hazırlayan bu ali təhsil müəssisəsində daha çox azərbaycanlı tələbənin təhsil almasında ölkəmizin maraqlı olduğunu vurğulayıb.

Sonra Qlion Ali Təhsil İnstitutu ilə bağlı təqdimat dinlənilib. Təqdimatda bildirilib ki, 1962-ci ildən fəaliyyət göstərən bu ali məktəb eyni zamanda dünyanın 100-dən çox nəhəng şirkəti üçün müqavilə əsasında mütəxəssis hazırlayır. Dünyanın tanınmış şirkətlərinin bu ali məktəbdə təhsil alan hər bir tələbəyə, hələ universiteti bitirməmiş yüksək maaşlı iş təklifi göndərdikləri haqda məlumat verilib. Qeyd olunub ki, xüsusilə turizm, otel idarəçiliyi, menecment, biznes, marketinq sahələri üzrə təhsil almış məzunlar dünyanın məşhur şirkətləri tərəfindən yüksək maaşlı işlərlə təmin olunurlar.

Sonra təhsilin müxtəlif sahələri üzrə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.


 Lüsern şəhərində yerləşən orta məktəblə tanışlıq 

Dekabrın 7-də Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Lüsern şəhərində yerləşən orta məktəbdə olub.

Orta təhsildə tətbiq olunan son yeniliklər, həyata keçirilən islahatlar haqqında nazirə məlumat verilib. Mütəxəssislər arasında fikir mübadiləsi aparılıb.

Sonda nazir məktəbə xatirə hədiyyəsi təqdim edib.

 

 

 


Lüsern Mərkəzi İsveçrə Pedaqoji İnstitutunda 

Dekabrın 7-də təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Lüsern Mərkəzi İsveçrə Pedaqoji İnstitutunda olub.

İnstitutun rektoru Hans-Rudolf Şerer bildirib ki, bu tədris ocağı ölkədə müəllim hazırlığı ilə məşğul olan 15 ali məktəb arasında öncül mövqedə qərarlaşıb. 2003-cü ildən fəaliyyət göstərən təhsil müəssisəsində 1500 tələbənin oxuduğunu söyləyən rektor, eyni zamanda institutda ildə 6 min müəllimin ixtisasartırmadan keçdiyini nəzərə çatdırıb. 450 müəllimin çalışdığı ali məktəbin beynəlxalq əlaqələrindən bəhs edən Hans-Rudolf Şerer institutun Avropada 36, dünyada 100-ə yaxın universitetlə əməkdaşlıq etdiyini, tələbə, müəllim və təcrübə mübadiləsi apardığını vurğulayıb.

Hans-Rudolf Şerer İsveçrədə müəllimlərin statusu, işə qəbul qaydaları, müəllimlərin ixtisasının artırılması, ali məktəblərə qəbul qaydaları və maraq doğuran digər məsələlər barədə məlumat verib. Müəllimlərin işə qəbulu prosesinin ölkənin hər bir kantonunda ümumi təhsil məktəblərindən vakansiyalarla bağlı daxil olan məlumatlar əsasında Təhsil Nazirliyi tərəfindən həyata keçirildiyini söyləyən rektor bildirib ki, İsveçrədə müəllimlər dövlət qulluqçusu hesab edilirlər.

İnstitutun rektoru ali məktəblərin bakalavr pilləsini bitirən məzunların ümumi təhsil müəssisələrinin yalnız ibtidai siniflərində, magistr pilləsini bitirənlərin isə yuxarı siniflərdə dərs demək hüququ qazandıqlarını nəzərə çatdırıb. İsveçrənin orta ümumi təhsil məktəblərində çalışan hər müəllimin məcburi olaraq, ildə bir dəfə 100 saatlıq ixtisasartırma kursundan keçməsinin tələb olunduğunu deyən Hans-Rudolf Şerer bu kursların müəllimlərin arzusuna uyğun olaraq, məktəbdə tədris olmayan günlərdə və ya dərsdən sonra təşkil edildiyini bildirib. Bu kurslarda tədris olunacaq proqramların orta məktəb direktorlarının rəy və təklifləri əsasında müəyyənləşdirildiyinə diqqət çəkən rektor qeyd edib ki, müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi həm məktəb, həm də Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

İsveçrənin ali məktəblərində oxumaq üçün qəbul imtahanı tələb olunmadığını bildirən institut rektoru orta məktəbi bitirmək haqqında təhsil sənədini təqdim etməklə məzunların ali məktəblərə qəbul edildiyini nəzərə çatdırıb. O qeyd edib ki, orta məktəb şagirdlərinin 20 faizi attestat alaraq ali məktəblərə, 80 faizi isə X sinifdən sonra istedadlarına uyğun olaraq peşə məktəblərinə istiqamətlənirlər.

Təhsil naziri Misir Mərdanov səmimi qəbula və maraqlı məlumatlara görə ali məktəbin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


 Təhsil naziri İsveçrə Konfederasiyasında təhsil alan azərbaycanlı tələbələrlə görüşüb 

Dekabrın 8-də təhsil naziri Misir Mərdanov İsveçrə Konfederasiyasında təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Cenevrə şəhərində keçirilən görüşdə İsveçrənin müxtəlif ali məktəblərində təhsil alan 30-dan çox azərbaycanlı tələbə iştirak edib.

Təhsil naziri Misir Mərdanov hazırda 10000-dən çox azərbaycanlının dünyanın müxtəlif ali məktəblərində, 100-ə yaxın soydaşımızın isə İsveçrənin nüfuzlu universitetlərində təhsil aldığını bildirib. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən işlər barədə tələbələrə məlumat verib, təhsil sahəsində reallaşdırılan layihələrdən söz açıb.

Növbəti illərdə xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində daha çox azərbaycanlı gəncin xaricdə təhsil almasına imkan yaranacağını söyləyən Misir Mərdanov bu görüşün təşkilinə görə Azərbaycanın İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallıya təşəkkürünü bildirib.

Sonra nazir tələbələrin problemləri ilə maraqlanıb, onları düşündürən çoxsaylı suallara cavab verib.

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı İsveçrədə təhsil alan tələbələrin ölkəmizi daha yaxşı təmsil etmələri, mövcud problemlərin operativ aradan qaldırılması üçün vahid tələbə təşkilatında birləşməsinin zəruri olduğunu bildirib.

Görüşün sonunda nazir tələbələrlə xatirə şəkli çəkdirib.


İsveçrə Konfederasiyasının Təhsil və Tədqiqat Məsələləri üzrə dövlət katibi ilə görüş 

Dekabrın 10-da təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrə Konfederasiyasının Təhsil və Tədqiqat Məsələləri üzrə dövlət katibi Mauro Del Ambroco ilə görüşüb.

Mauro Del Ambroco qonaqları salamlayaraq belə yüksək səviyyəli nümayəndə heyəti ilə görüşdən məmnunluğunu bildirib. Dövlət katibi Azərbaycanla İsveçrənin ikitərəfli təhsil əlaqələrinin əhəmiyyətindən bəhs edib, xeyli sayda azərbaycanlı gəncin İsveçrə Konfederasiyasının nüfuzlu ali məktəblərində təhsil almasını müsbət hal kimi dəyərləndirib.

Təhsil naziri Misir Mərdanov səmimi sözlərə və Azərbaycanla təhsil sahəsindəki əlaqələrə verdiyi önəmə görə Mauro Del Ambrocoya təşəkkürünü bildirib. Azərbaycanın təhsil sistemi, xaricdə təhsil üzrə Dövlət Proqramı və ölkəmizdə həyata keçirilən təhsil proqramları haqqında ətraflı məlumat verən nazir qarşılıqlı əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş imkanların olduğunu diqqətə çatdırıb. Ali məktəblər arasında birbaşa əlaqələrin yaradılmasının əhəmiyyətinə toxunan təhsil naziri bununla əlaqədar təkliflərini söyləyib. Misir Mərdanov İsveçrə Konfederasiyasının Təhsil və Tədqiqat Məsələləri üzrə dövlət katibi Mauro Del Ambroconu Azərbaycana dəvət edərək təhsil sahəsində təşəkkül tapmış əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

İsveçrə Konfederasiyasının Təhsil və Tədqiqat Məsələləri üzrə dövlət katibi Mauro Del Ambroco Misir Mərdanovun fikirlərini yüksək qiymətləndirib və yaxın vaxtlarda nüfuzlu universitet rektorları, təhsil mütəxəssislərindən ibarət nümayəndə heyəti ilə Azərbaycana səfər edəcəklərini bildirib.

Sonra Təhsil və Tədqiqat Məsələləri üzrə Dövlət Katibliyinin Təhsil və Tədqiqat Departamentinin direktoru Stefan Volter İsveçrə Konfederasiyasının təhsil sistemi haqqında ətraflı məlumat verib.

Daha sonra tərəflər arasında təhsilin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.


 İsveçrənin Bern Universitetində 

Dekabrın 10-da təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Bern Universitetində olub.

Görüşdə İsveçrə Konfederasiyasında fəaliyyət göstərən Rektorlar Şurasının baş katibi Tonas Baxoter rəhbərlik etdiyi qurum haqqında geniş təqdimat-məruzə ilə çıxış edib. Rektorlar Şurasına üzv olan ali məktəblərin fəaliyyəti barədə ətraflı məlumat verən T.Baxoter ali təhsil üzrə beynəlxalq reytinq təşkilatlarının siyahılarında İsveçrə universitetlərinin tutduğu yüksək yerlərdən söhbət açıb. Baş katib bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyətinin əsas qayəsi İsveçrənin ali məktəbləri arasında koordinasiya işinin təşkilindən ibarətdir.

Bern Universitetinin prorektoru Kristian Loiman universitet haqqında təqdimat-məruzə ilə çıxış edib. 1528-ci ildə əsası qoyulmuş ali məktəbin inkişaf yoluna nəzər salan K.Loiman universitetin tərkibində 8 fakültə, 160 elmi-tədqiqat institutunun fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, 1500 müəllimin, 340 professorun çalışdığı universitetdə 16000 tələbə təhsil alır ki, onların da 3 nəfəri azərbaycanlıdır. Təhsil müəssisəsinin illik büdcəsinin 1 milyard avro olduğunu söyləyən prorektor bu vəsaitin 65 faizinin müəllimlərin əməkhaqqına sərf olunduğunu nəzərə çatdırıb.

Təhsil naziri Misir Mərdanov görüşə görə minnətdarlığını bildirib, keçirilən müzakirələrin gələcək əməkdaşlığa töhfə verəcəyinə inamını ifadə edib.

Sonra hər iki tərəfdən olan mütəxəssislər arasında qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Keçirilmiş bütün görüşlərdə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı da iştirak edib. 

Təhsil Nazirliyinin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov