Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Dekabr 2012 - №49

 

Xəzər Universitetinin Dünya məktəbi

 

Dünyada baş verən yeni proseslər cəmiyyətin mənəvi həyatında elmin, mədəniyyətin rolunu daha da artırır. İnkişafı təmin etmək və müasir cəmiyyətə inteqrasiya olunmaq üçün təhsilin təkmilləşdirilməsi vacib amilə çevrilir. Son illər respublikamızda bütün sahələrdə olduğu kimi təhsil sahəsi də sürətlə inkişaf edərək dünya təhsil sisteminə inteqrasiya edir. Bu istiqamətdə görülən işlərdən biri də dünyanın hər yerində olduğu kimi ölkəmizdə də rəqabətin güclənməsi və tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə özəl məktəblərin yaranması idi. Belə məktəblərdən biri də  Azərbaycanda ilk özəl ali məktəb olan Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən Dünya məktəbidir. Təsisçisi professor Hamlet İsaxanlı olan Dünya məktəbi Təhsil Nazirliyinin müvafiq lisenziyası əsasında 1998-ci ilin sentyabr ayından fəaliyyət göstərir. 

Dünya məktəbi fəaliyyət göstərdiyi 14 il müddətində müasir təlim metodları və texnologiyalarından istifadə etməklə dünyanın qabaqcıl təhsil sistemlərindəki təcrübələri tətbiq etməyə xüsusi fikir vermişdir. Bu məqsədlə Dünya məktəbinin təhsil ideologiyası ilə məşğul olan mütəxəssislər ABŞ, Böyük Britaniya,Türkiyə və başqa ölkələrdə təcrübə mübadiləsi keçmiş,  qabaqcıl məktəblərin iş təcrübəsini öyrənərək ölkəmizin təlim tələblərinə uyğun şəkildə tətbiq etməyə çalışmışlar.

Təhsil ocağı öz fəaliyyətini uğurlu qurmaq üçün savadlı və nüfuzlu rəhbər, peşəkar müəllimlər, həvəsli şagirdlər, məktəbə bağlı olan valideynlər, təlim standartları, tədris kurikulumu, şagirdlərin nailiyyətləri, təlim nəticələri, akademik missiya, güclü ünsiyyət əlaqələri, şagirdlər və işçilər üçün əlverişli mühit  və digər şərtləri əsas götürür.

Dünya məktəbində şagirdləri mümkün qədər çox öyrətmək əvəzinə, düşünməyi öyrətmək prinsipi əsas götürülür və tədris prosesinin təşkili bu istiqamətdə qurulur. Rəhbərlik,  müəllimlər tez - tez şagirdlərlə üz-üzə əyləşib söhbət edirlər,  onların problemlərini,  istəklərini,  maraqlarını öyrənir və məktəblilərə hər bir sahədə, istər məktəbdə,  istərsə də məktəbdənkənar vaxtlarda yardımçı olurlar. Təhsil müəssisəsində şagirdlərə biliklə yanaşı, bacarıq və vərdişlər də öyrədilir. Bundan başqa, məktəbdə ciddi nizam-intizam qurulub ki, bu da təlim- tərbiyə prosesinin yüksək səviyyədə təşkilinə kömək edir.

Məktəbdə müəllimlərin,  xüsusilə gənc mütəxəssislərin pedaqoji bacarıqlarının inkişafı və təkmilləşdirilməsi hər zaman diqqət mərkəzindədir.  Hər il sentyabr ayının əvvəlində məktəbdə seminarlar təşkil edilir və iştirakçı müəllimlərə sertifikatlar verilir.  

Maddi-texniki bazası 

Dünya məktəbinin müasir tələblərə cavab verən beşmərtəbəli tədris binası mövcuddur. Məktəbdə geniş və işıqlı sinif otaqları, kimya və fizika laboratoriyaları, iki kompüter otağı, bütün lazımi avadanlıqlarla təchiz edilmiş idman zalı var. Bundan başqa, məktəbin 150 və 300 nəfərlik iki akt zalı, musiqi studiyası, yüksək səhiyyə qaydalarına cavab verən həkim otağı və gigiyenik normalara uyğun yeməkxanası vardır. Müasir texniki vasitələr, proyektorlar, elektron lövhələr müəllim və şagirdlərin ixtiyarına verilmişdir. Məktəbin 8 ibtidai sinfində "1 şagird -1 kompüter" layihəsi həyata keçirilmişdir. Bütün kompüterlər İnternet xəttinə qoşulmuşdur.

Məktəbdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən guşə yaradılmışdır ki, bu da şagirdlərin ümummilli liderin  şərəfli həyat yolu ilə yaxından tanış olmaları üçün mühüm rol oynayır.

Şagirdlərin məktəbə rahat gediş - gəlişini təmin etmək məqsədilə məktəbin nəqliyyat servisi vardır. Nəqliyyat servisindən, həmçinin tədrislə bağlı ekskursiyaların, gəzintilərin təşkilində də istifadə olunur.

Müntəzəm olaraq maraqlı uşaq ədəbiyyatı və pedaqoji-metodik ədəbiyyatla zənginləşdirilən məktəb kitabxanası şagirdlərin oxu vərdişlərinin, mənəviyyat və dünyagörüşünün inkişafına, həmçinin müəllimlərin pedaqoji fəaliyyətinin təkmilləşdirilməsinə şərait yaradır. Kitabxanada bununla yanaşı elektron kataloq fəaliyyət göstərir. Bundan başqa, dünya standartlarına cavab verən Xəzər Universitetinin kitabxanası da hər zaman şagird və müəllimlərin ixtiyarındadır. 

Tədrisin təşkili və qəbul qaydaları  

Dünya məktəbində təhsil həftədə 5 gündür. Həftənin şənbə günü şagirdlər üçün əlavə məşğələlər, dərnəklər, tədrislə bağlı ekskursiyalar, gəzintilər təşkil edilir. Məktəbdə 320 şagirdin təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur.

Məktəbə şagird və müəllimlər müsabiqə yolu ilə seçilirlər. Müsabiqədə II- X sinif şagirdlərinin bilik səviyyələri təhsil aldıqları sinfə uyğun yazılı test imtahanı ilə yoxlanılır. Hər bir şagirdin fərdi xüsusiyyətlərini öyrənmək üçün məktəbin  psixoloqu valideynlərlə fərdi söhbət aparır. Birinci sinfə qəbul olmaq istəyən uşaqlar psixoloji və həkim müayinəsindən  keçirilir. Uşaqların sağlamlığı, normal qavrama qabiliyyəti, səlis nitqi və maraq dairəsi əsas götürülür.  Qəbul ediləcək şagirdlər "Şagird qəbulu üzrə məktəbdaxili komissiya"nın rəyi əsasında müəyyən edilir və məktəb rəhbərinin əmri ilə rəsmiləşdirilir. Bununla yanaşı, Dünya məktəbinə müəllimlərin qəbulu üç mərhələdə - ixtisas fənni üzrə test, müsahibə və nümunə dərslər əsasında aparılır. Bu mərhələləri uğurla keçən müəllimlər məktəbin tələbatından asılı olaraq işə qəbul olunurlar.

Məktəbdə 1 professor və 8 fəlsəfə doktoru çalışır.

Məktəbdə təhsil üç pillədən - ibtidai təhsil I-IV, ümumi orta təhsil V-IX , tam orta təhsil IX-XI siniflərdən ibarətdir. Təhsilin hər pilləsində tədris prosesini düzgün qurmaq üçün şagirdlərin bilik və bacarıqları, maraq dairəsi və istəyi nəzərə alınır.

Təhsil müəssisəsində şagird təlim-tərbiyə prosesinin subyekti kimi götürülür. Şagirdlərin prosesin subyektlərinə çevrilməsi təhsil prosesinin idarə olunmasına yeni münasibət yaradır, müəllimlərdə yeni təfəkkür tərzi formalaşdırır. Dərs prosesində şagirdlərin qrup halında işləməsi geniş tətbiq edilir, çünki bu metod dərs prosesini maraqlı edir, öz fikirlərini əsaslandırmaqla, hər bir şagirddə özünə inam yaradır, təhliletmə və əməkdaşlığı tənzimləyir.

Dərs prosesinin elmi-nəzəri səviyyəsini yüksəltmək üçün Dünya məktəbində müəllim-şagird münasibətlərinin düzgün qurulmasına xüsusi fikir verilir. Bu məqsədlə müəllimlər hər bir şagirdin zəif cəhətlərini, dərketmə qabiliyyətini və digər xüsusiyyətlərini nəzərə alaraq işləyir, dərslərdə geri qalan şagirdlər üçün müntəzəm olaraq əlavə məşğələlər təşkil edirlər.

Məktəbin tədris planı hazırlanarkən Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün təsdiq olunan tədris planı əsas götürülür.  Bununla yanaşı,  məktəbin öz tədris planından da istifadə olunur. Tədris Planı Təhsil Nazirliyi və Xəzər Universitetinin Təhsil Departamenti tərəfindən təsdiq edilir.

Dünya məktəbində eyni siniflər üzrə şagirdlər bilik səviyyələrinə görə qruplaşdırılır. Məqsəd şagirdlərin hüquqlarını pozmadan bilik və bacarıqlarını əsas tutaraq onların dərs prosesinin fəal iştirakçısına çevirməkdir. Məktəbdə  tam orta təhsilin son iki ilində şagirdlərin ixtisasyönümlü təhsili həyata keçirilir, ixtisas seçimlərini etmiş şagirdlər ixtisas qruplarına ayrılır, tədris planında verilmiş fakültativ, fərdi və qrup məşğələləri, seçmə fənlər hesabına ixtisas fənləri üzrə dərslər təşkil edilir. Bununla yanaşı, şagirdlər X və XI sinif materialları tədris edilən ümumi dərslərdə birləşirlər. Həm dərslərdə,  həm də ixtisas fənləri üzrə məşğələlərdə maraq və məsuliyyətlə çalışan şagirdlər bunun bəhrəsini görürlər.

Dünya məktəbində şagirdlərin həvəsləndirilməsinə xüsusi fikir verilir. İlboyu bilik yarışmaları, fənn olimpiadaları, inşa yazı müsabiqələri, rəsm əsərləri, əl işlərindən ibarət sərgilər təşkil edilir, qaliblər mükafatlandırılır. Dərs ilinin sonunda hər bir şagird öz spesifik bacarıq və qabiliyyəti sayəsində qazandığı uğurlara görə diplomlarla təltif edilir.

Məktəbdə əxlaq fənninin tədrisi şagirdlərə yüksək əxlaqi keyfiyyətlərin aşılanması prosesini daha da sürətləndirir. Nitq mədəniyyəti fənninin tədrisi isə  cəmiyyətimizin gələcəyi üçün gözəl nitq qabiliyyətinə malik gənclərin yetişməsində əhəmiyyətli rol oynayır.  

Xarici Dillər Departamenti 

Məktəb xarici dillərin tədrisinə xüsusi önəm verir. Bu məqsədlə məktəbdə Xarici Dillər Departamenti fəaliyyət göstərir. Departamentin əsas missiyası xarici dillərin tədrisinin dünya standartlarına uyğun qurulmasına və yüksək keyfiyyətin təmin edilməsinə nail olmaqdır. Məktəbdə ən çox tədris edilən ingilis dilidir.  İngilis dili fənni xarici dərsliklər əsasında tədris olunur.

Bundan başqa, şagirdlərin ingilis dilində şifahi nitqinin inkişaf etdirilməsinə xüsusi fikir verilir. Bütün siniflərdə "Belt Study System" tətbiq edilir. Şagirdlər müstəqil olaraq kompüterlə ingilis dili səviyyəsini təkmilləşdirirlər. Məktəbdə müntəzəm olaraq bütün şagirdlərin iştirakı ilə "Conversation club" təşkil edilir.

2011-2012-ci tədris ilinin sonunda məktəbdə İngiltərədən dəvət olunmuş dil müəllimlərinin iştirakı ilə həftədə 30 saat olmaqla 2-3 həftəlik dil kursları təşkil edilmişdir. Kursun sonunda şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirən maraqlı tədbir ingilis dilində onların şifahi nitqinin xeyli inkişaf etdiyini sübut etmişdir. Bu ənənənin hər il davam etdirilməsi nəzərdə tutulur.

Dünya məktəbində ingilis, rus dillərindən başqa, şagirdlərin seçimi ilə italyan, alman, ərəb dilləri də tədris olunur.  

Monitorinq və qiymətləndirmə şöbəsi

 Tədris ocağında monitorinq və qiymətləndirmə şöbəsi öz işini beynəlxalq standartlara uyğun qurur. Tədris prosesində qiymətləndirmənin bütün növlərinin (diaqnostik, formativ, summativ) düzgün tətbiq edilməsinə xüsusi nəzarət mexanizmi həyata keçirilir.

Monitorinq və qiymətləndirmə şöbəsinin əsas məqsədi ilboyu müntəzəm olaraq fənlər üzrə şagirdlərin bilik səviyyəsinin yoxlanılmasını təşkil və onun qiymətləndirilməsində obyektivliyi təmin etməkdir. Belə mərkəzləşdirilmiş qiymətləndirmə sistemi imkan verir ki, güclü və zəif hazırlıqlı şagirdlər vaxtında aşkarlansın və onlara fərdi yanaşma təmin edilsin.

Dərs ilinin əvvəlində siniflər üzrə bütün şagirdlərin diaqnostik qiymətləndirilməsi aparılır. Məqsəd yay tətilindən qayıtmış şagirdlərin bilik səviyyəsini bir daha yoxlamaqdır. Bu da dərs ilinin əvvəlində geriləmələrin, boşluqların aradan qaldırılması və yeni tədris ilində təhsilin keyfiyyətli qurulması üçün zəmin yaradır.

Məktəbdə biliklərin qiymətləndirilməsi gündəlik deyil, həftəlik (summativ) aparılır, bununla şagirdlərdə təlimə ciddi münasibət yaradılır və onlara qiymət üçün deyil, bilik üçün oxumaq psixologiyası aşılanır. Summativ qiymətləndirmə həftə ərzində şagirdin formativ qiymətləri əsasında təyin edilir. Qiymətləndirmənin həftəlik olması şagird biliklərinin summativ qiymətləndirilməsində uzun fasilənin qarşısını alır.

İl ərzində məktəb üzrə aparılan mərkəzləşdirilmiş imtahanlar Monitorinq və qiymətləndirmə şöbəsi tərəfindən həyata keçirilir.

İmtahanlara nəzarət qeyri-ixtisas fənn müəllimləri tərəfindən aparılır. Valideynlər də bir qayda olaraq imtahan prosesinə nəzarətdə iştirak edirlər.

Monitorinq və qiymətləndirmə şöbəsi şagird biliklərinin qiymətləndirilməsinin elmi əsaslar üzərində qurulmasını təmin etməklə yanaşı, məktəb fəaliyyətində özünüqiymətləndirməni ən mühüm şərtlərdən biri hesab edir. Bu isə hər zaman təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Məktəbə qəbul olmaq istəyən şagirdlərin, iş üçün müraciət edən müəllimlərin bilik səviyyəsinin yoxlanılması da bu şöbə tərəfindən aparılır. Eyni zamanda Monitorinq və qiymətləndirmə şöbəsi qiymətləndirmə mexanizminin, üsullarının təkmilləşdirilməsində, fənlər üzrə testlərin keyfiyyətli hazırlanmasında aparıcı rol oynayır. 

İB Diplom Proqramı 

Dünya məktəbi 2009-cu il yanvarın 16-da Beynəlxalq İB Məktəbi statusunu qazanıb.  Dünya İB School adı ilə Beynəlxalq Bakalavr Təşkilatı - İnternational Baccalaureate Organization - İBO-nun üzvü olaraq beynəlxalq məktəb şəbəkəsinə qoşulub və 15 sentyabr 2010-cu ildən İBO-nun Diplom Proqramını tətbiq etməyə başlayıb.

2011-2012-ci tədris ilinin sonunda ilk 3 məzun İB Diplom Proqramını uğurla bitirərək beynəlxalq diplom almış və İngiltərənin tanınmış universitetlərində tələbə olmaq hüququnu qazanmışdır. 2012-2013-cü tədris ilində İB Diplom Proqramında 11 şagird təhsil alır. İB Diplom Proqramında fənləri tədris edən müəllimlər müntəzəm olaraq xarici tədris müəssisələrində  öz bilik və bacarıqlarını təkmilləşdirirlər. İB Diplom Proqramında xaricdən dəvət olunmuş müəllimlər də dərs deyir.

 Beynəlxalq əlaqələr

 Dünya məktəbinin beynəlxalq əlaqələrinin yaranmasında Xəzər Universiteti mühüm rol oynayır. Xəzər Universiteti ilə birgə layihələr və təcrübə mübadiləsi həyata keçirən xarici təhsil müəssisələrinin nümayəndələri Dünya məktəbinin fəaliyyəti ilə yaxından tanış olur, öz təhsil müəssisələri barədə şagirdlərə ətraflı məlumat verirlər.

2011-2012-ci tədris ilində İtaliyanın Dizayn, Kanadanın Toronto, M.Lomonosov adına Moskva Dövlət Universitetinin, Amerikanın Vaterloo Universitetinin nümayəndələri Dünya məktəbində olmuşlar. Tədris sistemi ilə yaxından tanış olan qonaqlar şagirdlərlə görüşlər keçirərək ətraflı söhbətlər etmişlər.

Xarici təhsil mütəxəssisləri Xəzər Universitetinin rəhbərliyi ilə mütamadi olaraq Dünya məktəbində təcrübə mübadiləsi məqsədilə seminarlar təşkil edirlər. İB Diplom Proqramında təhsil alan şagirdlər artıq iki ildir ki, Türkiyənin İstanbul şəhərində keçirilən "Biliyin nəzəri əsasları"na həsr edilmiş beynəlxalq konfransda maraqlı çıxışlar edirlər.

2011-2012-ci tədris ilində Amerikanın Kentukki ştatında "İnternational Art Exchange" layihəsi üzrə Fort Tomas ibtidai məktəbin şagirdlərinin rəsm sərgisi Dünya məktəbində, Dünya məktəblilərinin rəsm sərgisi isə həmin məktəbdə nümayiş edilmişdir. Hər iki məktəbin şagirdlərinə sertifikatlar verilmişdir. Bundan başqa, məktəbin bir çox şagirdləri yay tətilində Amerika, Kanada və İngiltərənin təhsil ocaqlarında təşkil edilmiş yay məktəblərində fəal iştirak edərək ingilis dilində danışıq bacarıqlarını daha da təkmilləşdiriblər. 

Layihələr 

Dünya məktəbi müntəzəm olaraq maraqlı layihələr həyata keçirir. Belə ki, ötən tədris ilinin yay tətillərində təhsil müəssisəsinin müəllimləri Xəzər Universitetinin "2012-2013-cü tədris ilində V siniflərdə dərs deyəcək fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim" layihəsində  fəal iştirak edərək Azərbaycanın regionlarında təşkil edilmiş təlim kurslarında təlimçi kimi fəaliyyət göstərmişlər.

Artıq neçə ildir ki,  məktəbin müəllim və şagirdləri "Söz xəzinəsindən" adlı layihəni uğurla həyata keçirirlər. Hər tədris ilində məktəbdə bir və ya iki  şairin həyat və yaradıcılığına həsr olunmuş tədbirlər təşkil edilir.

2011-2012-ci tədris ilində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yaradıcılığına həsr olunmuş musiqili ədəbi tədbir çox yüksək səviyyədə keçirilmişdir. Şagird və müəllimlərin çıxışları Azərbaycanın tanınmış ədəbiyyatşünasları və incəsənət xadimləri tərəfindən böyük  maraqla qarşılanmışdır. 

Dünya məktəbi hər zaman xeyriyyə tədbirlərinin də təşkilinə və həyata keçirilməsinə xüsusi önəm vermişdir. Bu məqsədlə keçirilən "Ümid gözləyən gözlərə doğru" layihəsi çərçivəsində məktəb kollektivi tez-tez uşaq, qocalar evlərinə, imkansız ailələrə hədiyyələr və ərzaqlar aparır, maddi köməklik göstərir. 2009-2010-cu tədris ilində şagirdlər xeyriyyə konserti təşkil etmiş, yığılmış vəsaiti məktəbin maliyyə dəstəyi ilə birlikdə anadangəlmə iflic xəstəsi olan Dəvəçi rayon sakini 16 yaşlı Ağamalıyev Rəsul Şakir oğlunun cərrahi əməliyyatına vermişlər. 3 ildir ki, Dünya məktəbi Rəsulun müalicəsinə maddi dəstək verir. Müəllimlərin, valideynlərin və şagirdlərin xeyriyyə tədbirlərini təşkil etməsi məktəbin cəmiyyətə inteqrasiyasının humanist əsaslar üzərində qurulduğunu göstərir və cəmiyyət üçün yararlı şəxsiyyətlər yetişdirdiyini bir daha sübut edir. Bu məqsədlə məktəbdə şagird yaradıcılığını əks etdirən satış sərgilərinin, konsert proqramlarının təşkili də bir ənənəyə çevrilmişdir.

Hər il "Vətən naminə" adlı silsilə tədbirlərin keçirilməsi şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə almasına və Azərbaycan tarixinə marağın artırılmasına xidmət edir.

Keçən tədris ilində isə şagird və müəllimlərin birgə səyi ilə respublikada ilk dəfə olaraq tədris filmi çəkilmişdir. Film "Uydurma erməni soyqırımı və erməniçilik" adlandırılaraq xalqımızın ən ağrılı probleminə həsr edilmişdir.

Şagirdlərin  ədəbiyyata, kitab oxumağa  marağını artırmaq məqsədilə Dünya məktəbi Firudin bəy Köçərli adına uşaq kitabxanası ilə əməkdaşlıq həyata keçirərək çox maraqlı layihələr üzərində işləyir.

Xəzər Universitetinin "Xəzər Xəbər" jurnalında Dünya məktəbinin "Uşaq Dünyası" adlı xüsusi bölməsi vardır.  Müəllim və şagirdlərin məqalələri,  şeir və hekayələri oxucuların böyük marağına səbəb olur. Dünya məktəbinin fəaliyyətini əks etdirən yazılar müntəzəm olaraq bəhs etdiyimiz jurnalda dərc olunur.

Dünya məktəbinin digər layihələrindən biri də təhsil müəssisəsinin istehsalatla əlaqəsini yaratmaqdır. Bu məqsədlə Dünya məktəbinin şagirdləri bir sıra istehsalat sahələrinə, o cümlədən Xəzər Enerji Mərkəzinə, "İnci" şirkətinin dəftər və ofis ləvazimatlarının istehsalı sexinə və s. yerlərə səfərlər etmişlər. Şagirdlərin istehsalat sahələrinə səfərləri onların gələcəkdə düzgün ixtisas seçimi etmələrində çox əhəmiyyətlidir.  

Məktəbin uğurları 

Dünya məktəbində tədris prosesinin təşkilinə yeni münasibət, müasir metodların tətbiqi nəticəsində şagirdlərin uğurları ilbəil artır. Yarandığı dövrdən indiyə qədər 4 buraxılışı olan məktəbin məzunları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında 100% -lik nəticə göstərmiş, respublikamızın və dünyanın nüfuzlu ali təhsil müəssisələrinə daxil olmuşlar. Məzunlardan Araz Poladov ötən tədris ilində məktəbi qızıl medalla bitirmişdir.

Məktəbin məzunlarının səsi ABŞ-ın, İngiltərənin, Türkiyənin və digər ölkələrin tanınmış ali təhsil ocaqlarından gəlir.

Məktəbdə fəaliyyət göstərən dərnəklərin (rəsm, idman, musiqi, dram, informatika və s.) yüksək səviyyədə təşkili şagirdlərin müxtəlif müsabiqə və yarışlarda uğurlar qazanmasında mühüm rol oynayır. Belə ki, 2010-cu il fevralın 14-də "AZUS-Xaricdə təhsil" şirkətinin və ABŞ-ın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən, 23 məktəbin iştirak etdiyi ingilis dili festivalında şagirdlər tamaşa nominasiyası üzrə 1-ci, mahnı nominasiyası üzrə isə 3-cü yerə layiq görülüblər.

2011-ci tədris ilində X sinif şagirdi İslam Əliyev şahmat üzrə Bakı şəhər çempionatında I yerə, IX sinif şagirdi Rüstəm Həsənov isə 2012- ci ilin yanvar ayında 76 kq çəki dərəcəsində gənclər arasında keçirilən boks üzrə Bakı şəhər birinciliyinin qalibi olmuşdur.

2009-cu ilin fevral-mart aylarında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və İctimai Televiziyanın təşəbbüsü ilə keçirilən 25 lisey və orta məktəb şagirdləri arasında "Virtual Rinq" intellektual televiktorinasının "super final" mərhələsində məktəbin komandası qalib gələrək medal və noutbuk ilə təltif olunmuşdu.

VII sinif şagirdi Nigar Həsənzadə Elxan qızının 2012-ci il 30 aprel tarixində İçərişəhərdəki Bakı Rəsm Qalereyasında "Naxışlar danışır" adlı sərgisi keçirilmişdir.

2012-ci ildə keçirilən İnformatika Layihə Olimpiadasında məktəbin şagirdləri Nigar Həsənova və İnci Məmmədli animasiya nominasiyası üzrə II yeri tutmuşlar.

Məktəbin rəhbərliyi və pedaqoji kollektivi  uğurlarını daha da artırmağı, cəmiyyət üçün ləyaqətli, dəyərli insan yetişdirmək  missiyasını qarşıya məqsəd qoyur. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov