F.Köçərli adına Respublika Uşaq kitabxanasında
Azərbaycanın görkəmli şairi Xurşudbanu Natəvanın anadan
olmasının 180 illiyinə həsr edilmiş tədbir keçirilib.
Bakıdakı 189 nömrəli tam orta məktəbin təşkilatçılığı
ilə keçirilən tədbiri kitabxananın direktoru Fizurə
Quliyeva açaraq Xan qızınının həyat və yaradıcılığından
ətraflı bəhs edib. Onun şairliklə yanaşı, rəssam, tikmə
ustası kimi böyük istedad sahibi olduğunu, Qarabağ
torpağının yetişdirdiyi sənətkarlar arasında
özünəməxsus yer tutduğunu vurğulayıb.
Sonra yazıçı Mustafa Çəmənli X.Natəvanın 180 illik
yubileyi ilə əlaqədar danışaraq görkəmli ədibə həsr
etdiyi "Neçin gəlməz" adlı kitabını iştirakçılara təqdim
edib. Yazıçı kitabda Xan qızının həyat və yaradıcılığı
ilə bağlı oxucu kütləsinə məlum olmayan bir çox maraqlı
faktların olduğunu söyləyib. Müəllif Natəvanın irsinin
gənc nəsillərə təbliğini yüksək dəyərləndirib.
Tədbirin sonunda şagirdlərin ifasında Xan qızının
yaradıcılığından təqdim olunan nümunələr iştirakçılar
tərəfindən maraqla qarşılanıb. Xurşudbanu Natəvanın
yubileyinə həsr edilən rəsm müsabiqəsində fərqlənən
şagirdlər kitablar və digər hədiyyələrlə
mükafatlandırılıb.
Sifai SƏFƏROVA |