Şuşa
rayon 1 nömrəli Malıbəyli kənd tam orta məktəbi və Bakı
Slavyan Universiteti Məktəb-lisey kompleksi arasında
ötən tədris ilinin sonunda imzalanmış əməkdaşlıq
müqaviləsi hər iki pedaqoji kollektivin işinə
rəngarənglik gətirir. Təhsil naziri, professor Misir
Mərdanovun, BSU-nun rektoru, AMEA-nın müxbir üzvü,
professor Kamal Abdullayevin və Şuşa Rayon İcra
Hakimiyyətinin başçısı Bayram Səfərovun iştirakı ilə
imzalanmış bu müqavilə həm də istedadlı şagirdlərin üzə
çıxarılması və qaçqın məktəbləri şagirdlərinə qayğının
artırılması istiqamətində universitetin potensialından
səmərəli istifadə etmək məqsədi güdür.
İki məktəbin növbəti birgə tədbiri noyabrın 5-də BSU
Məktəb-lisey kompleksində baş tutdu. X-XI sinif
şagirdləri üçün tədris ili ərzində ilk test sınaq
yoxlama imtahanı keçirildi. Məqsəd yuxarı sinif
şagirdlərinin mərkəzləşdirilmiş test və ali məktəblərə
qəbul imtahanlarına seçmə fənlər üzrə hazırlıq
səviyyəsini üzə çıxarmaqdan ibarət idi. Məktəb-lisey
kompleksinin 150 və Şuşa rayon Malıbəyli kənd orta
məktəbinin 33 nəfər yuxarı sinif şagirdinin iştirakı ilə
keçirilən test sınaq imtahanında şagirdlərə onların
seçdikləri ixtisas qrupları və siniflərinin təmayülü
üzrə tapşırıqlar təklif olunmuşdu. İmtahanın
nəticələrinin kompleksin saytında yerləşdirilməsi,
ekspertlər, fənn müəllimləri və valideynlərin iştirakı
ilə müzakirəsi nəzərdə tutulur.
Elə həmin gün BSU Məktəb-lisey kompleksinin beşinci
siniflərində hər iki məktəbin müəllimlərinin iştirakı
ilə kurikulum proqramları əsasında nümunəvi dərs
dinləmələri baş tutdu. Azərbaycan dili, riyaziyyat və
ingilis dili fənlərindən "açıq dərs"lər ciddi müzakirə
edildi, məktəb rəhbərləri, təlimçi müəllimlər və
universitet kafedralarının əməkdaşları dərslərlə bağlı
geniş fikir mübadiləsi apardılar. Növbəti müştərək
tədbirlər planlaşdırıldı.
Yeganə MƏMMƏDOVA
BSU Məktəb-lisey kompleksinin tədris işləri üzrə
direktor müavini |