Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

Böyük alim, vətənpərvər ziyalı

 

Adətim üzrə yorğun halda işdən çıxıb evə tələsirdim. Payızın qızılı rəngə çalan yarpaq tökümü xalı kimi yol boyu sərilmişdi. Sərin, bir az da dəlisov Bakı küləyi elə bil doğma adamlar kimi saçıma sığal çəkirdi. Mən isə yorğunluğumu unudub xəyalımda qəlbimin diqtəsi ilə haqqında yazmaq istədiyim qəhrəmanımın portret cizgilərini çəkirdim. Sadə insan, cəfakeş dost, vətənpərvər ziyalı, böyük alim, nüfuzlu ürək həkimi... Professor Vəsadət Əzizovu belə tanıyırlar. 

Yadıma qədim yunan filosofu Epirtetin müdrik bir kəlamı düşür: "Həmişə özünlə danışmağa çalış, çünki özünə söyləyəcəyin və özündən soruşacağın çox şey var". Bu gün dünəninə boylanıb özünə hesabat verən bu nüfuz sahibinin ən böyük mükafatı daxilən rahat olmasıdır. Sabahına arzu və ümidlərlə dolu bir ürəklə xeyir-dua verən professor Vəsadət Əzizova bu haqqı acılı-şirinli yaşantıları, cəmiyyətdə tutduğu ədalətli mövqeyi və mənəvi saflığı qazandırır.

Yüksək əxlaqi keyfiyyətləri, təvazökarlığı və geniş dünyagörüşü ilə həmişə seçilən V.Əzizovun mənəvi zənginliyinin başlıca şərti onun sadəliyidir. Masallının sadə bir ailəsində dünyaya göz açan "qəhrəman ana"nın oğlu doğma ata ocağından paytaxta üz tutanda onun yoluna məhz saflıq, təmizlik və halallıq işıq salıb.

Hələ uşaq yaşlarında insanlar üçün sağlamlığın böyük xəzinə olduğunu dərk edən Vəsadət Əzizov gələcəkdə həkimlik sənətini seçməyi qərara alır. Məhz bu sənətə gedən yol insanların kədərinə acıyıb, sevincinə şərik çıxmaq həssaslığından və sevgisindən başlayıb. O, Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Moskvada elmlər namizədi və elmlər doktoru dissertasiyalarını müvəffəqiyyətlə müdafiə edib. Vətənə qayıdaraq gənc yaşlarında C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna rəhbərlik edən professor V.Əzizov beynəlxalq elmi konqreslərdə ölkəmizi yüksək səviyyədə təmsil edib. Böyük istedad və bacarığına güvənən görkəmli alim bir çox nüfuzlu beynəlxalq elmi cəmiyyətlərin, xarici jurnalların redaksiya şuralarının üzvü seçilib. Çoxşaxəli elmi axtarışlarında yaradıcı alim, çalışdığı tibb müəssisələrində isə təcrübəli həkim kimi böyük uğur qazanıb.

Azərbaycan Tibb Universitetinin ikinci daxili xəstəliklər kafedrasının müdiri, professor V.Əzizov bu gün gənclərin təlim-tərbiyəsinə yaradıcı yanaşır və şəxsiyyət kimi formalaşmasına da xüsusi diqqət yetirir. Onlarla alim, minlərlə gənc ixtisaslı kadr hazırlayan görkəmli alim 450-dən çox elmi əsərin, 24 dərslik, dərs vəsaiti və monoqrafiyanın müəllifidir. Xarici ölkələrdə işıq üzü görən 150-dən artıq elmi məqaləsi aktuallığı ilə diqqəti cəlb edir.

Professor Vəsadət Əzizovun çoxillik səmərəli fəaliyyəti təkcə elmi, pedaqoji sahələri özündə birləşdirmir. O, eyni zamanda vətənpərvər ziyalı, layiqli vətəndaş kimi də cəmiyyətin ictimai-siyasi həyatındakı mövqeyi ilə xüsusi çəkiyə malikdir. Belə ki, 2000-2005-ci illərdə Milli Məclisin deputatı kimi səmərəli fəaliyyət göstərən Vəsadət müəllim seçicilərin dərin rəğbətini və etimadını qazanıb. Bir sıra qanunların hazırlanmasında yaxından iştirak edən millət vəkili MDB ölkələri Parlamentlərarası Assambleyasının tibb sahəsində model qanunların hazırlanması üzrə işçi qrupuna rəhbərlik edib. Bu fəaliyyətinə görə o, həmin qurumun fəxri diplomuna layiq görülüb.

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyalarına və dövlətçilik prinsiplərinə həmişə sədaqət nümayiş etdirən V.Əzizov bu gün də həmin istiqamətdə ardıcıl və səmərəli iş aparır. Yaradıcısı xalqımızın ümummilli lideri olan Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasəti dəstəkləyərək gündəlik fəaliyyətini məhz bu prinsiplər əsasında qurur.

Professor Vəsadət Əzizov bacarıqlı və tanınmış ürək həkimi kimi də xalqının sağlamlığı keşiyində şərəflə dayanır. Yüzlərlə insan onun şəfalı əllərindən, zəngin biliyindən məlhəm tapır. Vəsadət müəllimi istər alim, ziyalı, istərsə də həkim kimi xarakterizə edəndə qədim yunan dramaturqu Esxilin bu kəlamını xatırlamaya bilmirsən: "Müdrik çox bilən adam deyil, biliyi xeyirli olan adamdır". Doğrudan da görkəmli alim, vətənpərvər ziyalı məhz bu keyfiyyəti ilə əsl şəxsiyyətə çevrilir. Professor V.Əzizovun fəaliyyəti həmişə yüksək qiymətləndirilib. Dövlət başçımızın 20 sentyabr 2010-cu il tarixli sərəncamı ilə Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə "Əməkdar həkim" fəxri adına layiq görülməsi Vəsadət müəllimin fəaliyyətinə verilən yüksək qiymətdir.

Neçə yaşında olursa-olsun, üzü işığa doğru yönəlmiş insan gəncdir. Tükənməz arzularla yaşayıb-yaradan böyük alim, əsl ziyalı, gözəl ailə başçısı, professor Vəsadət Əzizova fəaliyyətində daha böyük uğurlar, cansağlığı və könül xoşluğu arzulayırıq. 

Sarvan İBRAHİMOV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov