Fizika təbiət haqqında elmdir. Digər təbiət elmlərindən
fərqli olaraq fizika təbiətin bir sahəsini deyil, bütün
sahələrini öyrənir. Buna görə də fizikanı təcrübəsiz,
müşahidəsiz öyrənmək çətindir. Dərs zamanı bütün
təcrübələri laboratoriyada və ya kabinetdə aparmaq
imkanı olmadıqda müəyyən təcrübələri İnternet vasitəsi
ilə nümayiş etdirmək olar. Bunun üçün axtarış aparıb
müvafiq saytlardan belə təcrübələri tapmaq olar.
Ümumiyyətlə, bu gün fizikanın tədrisində İKT-dən
istifadənin böyük rolu vardır. Müasir dövrdə kompüterlə
çox şeyi öyrənmək olar. Ev tapşırığı olaraq şagirdlərə
qruplar şəklində müəyyən məsələləri araşdırıb məlumat
toplamağı tövsiyə etmək olar. Bu tapşırıqları şagirdlər
İnternet vasitəsilə yerinə yetirə və qrup şəklində həmin
mövzuya uyğun slaydlar hazırlaya bilər. Növbəti dərsdə
şagird həmin slaydları təqdim edərək əldə etdiyi
materialı müzakirəyə verə bilər. Bu cür axtarışlar
şagirdləri fəallaşdırır, onların fənnə marağını artırır,
yaradıcı təfəkkürünü inkişaf etdirir. Buna görə də mən
dərslərimdə İKT-dən geniş istifadə edirəm. VIII sinifdə
"Enerjinin növləri", "Rəqslər və dalğalar" bölmələrində,
IX sinifdə "Elektrik və maqnit sahələrinin qarşılıqlı
müqayisəsi", "Atomun quruluşu" və s. mövzuların
tədrisində İKT-nin tətbiqi xüsusilə zəruridir. Mən bu
mövzuları MİMİO proqramında yığdığım slaydlar əsasında
keçirəm. Daha sonra müəyyən təcrübələri əyani şəkildə
aparmaq mümkün olmadıqda multimedia dərsliyində video
şəklində olan təcrübələrdən istifadə edirəm.
Mənim fikrimcə, müəllimin şablon şəkildə şagirdlərə
verdiyi məlumatdansa, şagirdlərin özlərinin axtarışlar
yolu ilə hər hansı bir məlumatı əldə etmələri daha
yaxşıdır. Bu zaman əldə olunmuş biliklər onların
yadından çıxmır. Təkcə slaydlardan deyil, həmçinin
Təhsil Nazirliyi tərəfindən məktəblərə verilən
multimedia dərsliklərindən də geniş istifadə etmək
mümkündür. Bu dərsliklərdə mövzulara üyğun təcrübələrin
video şəklində izahı, mövzulara aid testlərin olması çox
əhəmiyyətlidir və müəllimin işini xeyli
yüngülləşdirir. Digər tərəfdən, müəllimin şablon
şəkildə icmal yazması onun öz üzərində işləməsinə mane
olur. Müəllim kompüterdən istifadə edərək keçəcəyi
mövzunu əvvəlcədən slaydlar şəklində hazırlasa, daha
yaxşı olar. Bu zaman müəllim öz üzərində daha çox
işləyər və hər gün daha yeni məlumatlar əldə edər.
Müasir məktəb müəllimdən bunu tələb edir. Həmçinin
fizika dərsində müxtəlif proqramlarda hazırlanan
mövzular şagirdlər tərəfindən daha yaxşı qavranılır.
Ümumiyyətlə, son illər təcrübəmdən bu qənaətə gəlmişəm
ki, tədrisdə İKT-dən istifadə müəllim və şagirdləri
əzbərləyici xarakter daşıyan, onları passivləşdirən
dərslərdən uzaqlaşdırır. Müasir dövrdə İKT-dən istifadə
imkanları sürətlə artır. Ona görə də müəllim daim
çalışmalı və bu imkanlardan istifadə etməyə səy
göstərməlidir.
Könül SADIQOVA,
Bakıdakı R.Abidov adına 85 nömrəli
tam orta məktəbin fizika müəllimi |