Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

Professor Əbdül Əlizadəyə açıq məktub

 

Hörmətli Əbdül müəllim! Bu gün doğma respublikamızın - Azərbaycanın təhsil ehtiyacları dünyanın hər hansı bir ölkəsindəki kimi daha önəmli olmaqla hamını düşündürür. Hər kəs bu böyük cəmiyyət hadisəsinin qlobal məkanda həlli yollarını axtarır, müəyyən nailiyyətlər əldə etməyə çalışır. Siz, Azərbaycanın böyük şəxsiyyətlərindən, psixoloq alimlərindən, əvəzsiz müəllimlərindən biri kimi 80 illik ömür salnamənizdə bu yolu çox uğurla, heç kimə bənzəməyən özünəməxsus bir tərzdə davam etdirmisiniz. Böyük bir elmi məktəbin möhtəşəm binasını ucaltmaqla oraya öz adınızı həkk etmisiniz.  

Bu psixologiya məktəbinin təkrarsız ornamentləri o qədər məntiqli, mənalı, şirin bir üslubda olan elm, söz gözəlliyidir ki, ondan yan keçmək, ona biganə qalmaq mümkün deyil. Mən hər dəfə Sizin əsərlərinizi nəzərdən keçirdikcə, eləcə də yeni nəşr olunanları mütaliə etdikcə, bir daha sizin iki əsrin qovşağında parıldayan böyük şəxsiyyətinizin fonunda Azərbaycan psixoloji, pedaqoji düşüncə tərzinin bugünkü zaman üçün ifadəsini görürəm. Onun böyüklüyünü, siqlətini aydın dərk edir, bütün bunlar barəsində qənaətlərimi bölüşmək istəyi ilə fəxarət hissi keçirirəm. Bu məktubun da yazılmasının həmin zərurətdən irəli gəldiyini bildirmək istəyirəm.

Hörmətli Əbdül müəllim!

Sizin hələ ötən əsrin ortalarında elmə gəlişiniz Azərbaycan psixoloji fikrinin inkişafına təkan verdi.  60-cı illərdən başlayaraq uşaqlarda diqqətin, təxəyyülün, yaradıcı fəaliyyətin inkişaf etdirilməsi məsələləri Sizi düşündürməyə başladı. Ona görə də təhsildə pedaqoji əhəmiyyətli bir məsələ kimi onları psixoloji əsasda araşdırmağa başladınız. Bir-birinin ardınca "Müasir Azərbaycan məktəbinin psixoloji problemləri" (1998, 2004), "Yeni pedaqoji təfəkkür" (2001), "İstedadlı uşaqlar: psixopedaqoji məsələlər, esselər və etüdlər" (2005) və sair kimi nəinki Azərbaycan, eləcə də dünya təhsil məkanı üçün daha çox əhəmiyyət daşıya bilən əsərlər yazdınız və çap etdirdiniz.

Əsasən yaradıcılığınızda iki mühüm istiqamətin olması aydın şəkildə diqqəti cəlb edir: onlardan birincisi, sırf psixoloji aspektdə tədqiqatlar aparmaq, ikincisi, təhsilin psixopedaqoji problemlərini öyrənməklə yeni istiqamətdə müasir tendensiyalı əsərlər yazmaqdır. Bəri başdan onu deyim ki, bu istiqamətlərin hər ikisi insanın inkişafı problemi ilə bağlı olmaqla yanaşı, həm də tədqiqat sahələri kimi incə fərqləri ilə seçilir.

Əlbəttə ki, bu sahələrdə dərin araşdırmalar aparmaq və uğurlu nəticələrə gəlmək yalnız Sizin kimi böyük elm xadimlərinə nəsib olan xoşbəxtlikdir.

Siz ölkəmizin yeganə alimlərindənsiniz ki, özünün əzəməti ilə böyük nüfuz qazanmış psixologiya elmini təhsilə daha da yaxınlaşdırdınız. Onların bir bətndə hibrid elm kimi şərhini Azərbaycan psixoloji, pedaqoji fikrində ilk dəfə Siz verdiniz. "Müasir Azərbaycan məktəbinin psixoloji problemləri" (1998, 2004), "Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya giriş" (2008), "Əsrin meqameylləri: psixopedaqoji problemlər" (2008) kimi əsərlərinizdə onu müxtəlif parametrlərdə izah etdiniz. Təbii ki, bu, müasir cəmiyyətin tələbatlarına cavab verə biləcək bir təhsilin yaranması zərurətindən irəli gəlməklə həm nəzəri, həm də praktik əhəmiyyət daşıyır. Çünki sizin təbirinizcə demiş olsaq, "Təhsil mədəniyyətin zəruri tərkib hissəsidir", "Mədəniyyət insanın ikinci təbiətidir". Həm də mədəniyyət insanın özünüifadəsidir. Belə bir mədəniyyətin formalaşmasına xidmət göstərən təhsil və onun hərəkətverici qüvvəsi olan məktəb ənənəvi mexanizmlərlə işləyə bilməz. Ona görə də  islahatçılıq fəaliyyətimizdə yeni təhsil sisteminin yaradılması başlıca vəzifələrdən biri kimi qarşıda durur. Haqlı olaraq qeyd edirsiniz ki, "XXI yüzillik ağılın, intellektin təntənəsi əsridir. Müstəqillik yoluna çıxmış respublikamızın milli mənafeyi Azərbaycan məktəbinin, ilk növbədə, məhz ağıl, intellekt ocağı olmasını tələb edir". Həm də axı "məktəb Prometey missiyasını yerinə yetirir". Onun qığılcımları uşaqların təfəkkür ocağına güc, qüvvət verir. Bu gün həqiqi mənada məktəb "iki yolun ayrıcındadır". Bu yolları haqlı olaraq iki sistem kimi səciyyələndirərək bu qənaətə gəlirsiniz ki, birinci sistem "ənənəvi didaktika" və ya "ənənəvi pedaqoji sistem", ikincisi isə, "yeni pedaqoji təfəkkür, müasir təhsil konsepsiyası"ndan ibarətdir. Bu gün biz bu yolların ayrıcında daha qətiyyətli olmaqla yeni pedaqoji təfəkkürə yiyələnməli, idrakın, təfəkkürün gücünə əsaslanan təhsilə doğru getməliyik.

Yeri gəlmişkən deyim ki, ölkəmizdə yeni pedaqoji təfəkkür haqqında ilk dəfə geniş və sistemli psixopedaqoji tədqiqatlar aparan yeganə alim kimi Sizi tanıyırıq. 2001-ci ildə yazıb çap etdirdiyiniz "Yeni pedaqoji təfəkkür" adlı kitabınız hamıya bəllidir. Çox yaxşı haldır ki, Siz bu ideyanı özünüzün sonrakı psixopedaqoji əsərlərinizdə davam etdirməklə daha da genişləndirdiniz. Düşünürəm ki, Azərbaycanın yeni pedaqoji təfəkkür məktəbinin nəzəri-konseptual eskizlərini məhz Siz hazırlamısınız. Eyni zamanda həm klassik, həm də müasir təcrübələrə istinad edərək gələcək təhsilin taleyinin proqnozlarını da elə Siz müəyyənləşdirmisiniz. "Müasir psixologiyada kreativ şəxsiyyət konsepsiyası formalaşır. Əlahəzrət yaradıcılıq fenomeni dövrün qlobal  psixoloji problemlərindən birinə çevrilir. Təxəyyül problemini ancaq və ancaq bu kontekstdə dəyərləndirmək, gələcəyin, XXI-XXII yüzilliyin başlıca psixoloji problemlərindən biri kimi araşdırmaq lazımdır".

Doğrudan da, bu, müasir cəmiyyətin ən yaxın iki yüz illik bir dövrü üçün irəli sürülmüş konseptual təhsil müddəasıdır. Oradan iki əsrə yaxın bir zamanı qabaqlayan təxəyyül məktəbinin zərrin şüaları aydın görünür. O şüalar ki, "Əlahəzrət yaradıcılıq fenomeni" onun mahiyyətini təşkil edir.

Dərs haqqında psixopedaqoji araşdırmalarınız da bənzərsizdir. Dərsdən bəhs edərkən onun inkişafetdirici, yaradıcı xarakteri, şagird kəşfləri ilə zəngin olması, şagird fəallığı kimi  mühüm psixopedaqoji atributlardan danışırsınız. Bunlar intellekt dərsləri üçün xarakterik cəhətlərdir. Siz "Şagirdlər dərsdə nə üçün sual vermirlər?" ritorik sualını cavablandıranda da daha çox dərsin uşaqlar üçün maraqlı olmasına diqqət yetirirsiniz. Doğrudan da, daim öyrənmək istəyini həyata keçirən uşaqların verdiyi suallar cavablandırılmadıqda, qeyri-ciddi münasibətlə qarşılaşdıqda onlar bu ünsiyyətin mənfi zərbəsindən alınır, suallar verməkdən, öyrənməyə təşəbbüs göstərməkdən çəkinirlər. Ona görə də dərs özünün müasirliyi, yeniliyi ilə daha çox maraq doğurmalıdır. Sizin  qeyd etdiyiniz kimi, "Müasir dərs" bugünkü dərs demək deyildir. Zamanın uğurlarına söykənən dərsə müasir dərs deyilir... Dərs təkcə özünün elmi-nəzəri səviyyəsinə görə deyil, həm də pedaqoji konsepsiyasına - yeni pedaqoji təfəkkür ölçüləri ilə qurulmasına görə müasir olur".

Siz həm də təlimdə geridə qalmanı "Xroniki xəstəliyin vahiməsi" adlandırırsınız və belə bir qənaətə gəlirsiniz ki, "Bu vahiməli şagird xəstəliyinin odunda-alovunda kim bilir nə qədər istedadlı uşaq  "məhv olub" və indi  də o davam  etməkdədir.

İstedadlı uşaqların aşkar edilməsi və onunla iş aparılması dövlətimizin təhsil siyasətində mühüm istiqamətlərdən  biridir. Bu  həm də indiki təhsilimizin təxirəsalınmaz vəzifəsidir. Siz tədqiqatlarınızda bu problemə xüsusi yer ayırır, onu əzəməti ilə şərh edirsiniz. Onun ailədə və məktəbdə həlli imkanlarının psixopedaqoji aspektlərini öyrənməklə belə nəticəyə gəlirsiniz ki, "İstedadlı uşaqlar həmişə dünyanın sirləri ilə köklənmiş həqiqət axtarırlar".

Məktəb isə öz növbəsində istedadlıları meydana çıxarıb inkişaf etdirmək missiyasını yerinə yetirməklə yanaşı, həm də xalqın gələcəyi ilə bağlı həqiqətləri axtarıb tapmaqda onlara dəstək ola bilər.

Siz  dərsliyi təhsilin mühüm pedaqoji problemlərindən biri kimi tədqiqata cəlb edir, onu müasir təhsil konsepsiyası baxımdan dəyərləndirirsiniz. Özünüzün özünüzlə etdiyiniz mükalimələrinizdə dərsliklə bağlı apardığınız psixopedaqoji araşdırmalarınızın yekunu kimi belə nəticəyə gəlirsiniz: "Dərslik necə olmalıdır? Yeni pedaqoji təfəkkür baxımıdan bu sual son dərəcə aktualdır. Müasir dərsliklərdə şagirdlərdə inkişaf və tərbiyə ediləcək keyfiyyətlər layihələşdirilməlidir. Bu cəhət zəruri  surətdə nəzərə alınmalı, şagirdlərin nəinki mənəvi  tərbiyəsində, həm də əqli inkişafında dərsliklərin  rolu artırılmalıdır". Dərslik sahəsində ümumi siyasətimiz bəlli olsa da, dərslik yaradıcılığı zamanın  inkişaf müstəvisində suallar doğurur. Onun necə olması, cəmiyyətin ehtiyac və tələbatları baxımdan necə yeniləşdirilməsi düşüncə obyektinə çevrilir. Burada təhsil mütəxəssislərinin, psixoloqların, metodistlərin fikirləri daha önəmli olması ilə fərqlənir. Çünki onlar özlərinin düşündüklərini ifadə etməklə təhsilin  ciddi bir mexanizminin konstruktiv inkişafı barədə proqnozlar vermiş  olurlar. Məktəbin, müəllimlərin tələbatlarına uyğun peşəkarlıq səviyyəsində fikirlər söyləyirlər. Heç şübhəsiz, sizin dərslik, onun nəzəri  əsasları ilə bağlı araşdırmalarınız, bu araşdırmalardan alınan nəticələr müasir təhsil konsepsiyasına uyğun yaradılmaqda olan yeni dərsliklərin mahiyyət və məzmununa gətirilməli, onların psixopedaqoji bünövrəsini təşkil etməlidir.

Müasir dövrümüzdə ən böyük şəxsiyyətlərdən biri müəllimdir. Yeni təhsil siyasətinin həyata keçirilməsində onun rolu əvəzolunmazdır. Sizin sözlərinizlə demiş olsaq, "Müasir məktəbə nə avtokratik, nə avtoritar, nə də liberal müəllim lazım deyil. Demokratik müəllim uşaqların qəlbinə asanlıqla yol tapır. Onlar öz insani məziyyəti ilə şagirdlərin gözündə ata və ana kimi necə də əzəmətli görünürlər". Müəllim böyük insanlıq ruhunu daşıyan, onu sevimli şagirdlərinə bəxş edən müqəddəs bir insandır. Onun bütöv varlığı yüksək heysiyyat və ləyaqətdən yoğrulmaqla dərs dediyi şagirdlərinin nəzərində möhtəşəm bir mənəviyyat heykəli kimi ucalır. Yetişən nəsil onların hərəkətlərindən nəticə çıxarır, istiqamət götürür.

Çox haqlı olaraq yazırsınız ki, "müəllim sözü hətta məhdud və həqiqi mənasında sadəcə olaraq müəllim deyil, o həm də alim-psixoloqdur, alim-pedaqoqdur, alim-metodistdir". O, bütün pedaqoji məqamlarda yaradıcı şəxsdir. Onun fəaliyyəti təkrarsız pedaqoji ilmələrlə qurulur. Hər bir dərsi pedaqoji yaradıcılıq nümunəsi kimi özünəməxsusluğu ilə görünür. "Müəllimin didaktik qabiliyyətləri öz gücünü dərsdə göstərir. Lakin dərsə hazırlaşanda da, dərsliyi araşdıranda da məhz öz istedadının qüdrətinə güvənir".

Siz bizim qabaqcıl müəllimlərimizdən böyük fəxarət hissi ilə danışır, XX əsrdə, eləcə də XXI əsrin əvvəllərində elmi araşdırmaları ilə Azərbaycan təhsilinin inkişafında müəyyənedici rol oynayan müəllimlərimizin fəaliyyətini qeyd edirsiniz. Heç şübhəsiz,  gələcəkdə müəllim hazırlığını bu ideyalar zəminində daha da zənginləşdirməli və irəlilətməliyik. Yeni təhsil quruculuğunda tədqiqata, yaradıcı və  innovator müəllimlərin formalaşmasına xüsusi diqqət yetirməliyik. Çünki bunu sürətlə inkişaf edən zaman tələb edir.

Müəllim-şagird münasibətlərinin sehrində pedaqoji fəaliyyətinizin mərkəzində dayanan ciddi bir problem ətrafında da mükalimələr qurur, araşdırmalar aparırsınız. Doğrudan da, pedaqoji prosesin qurulması üçün zəruri olan bu iki ən mühüm tərəfin arasında ünsiyyət mədəniyyətinin yaranması nailiyyətlərimizin, demək olar ki, əsasında durur. Yeni təhsil quruculuğu şəraitində onun yeni mahiyyət və məzmun kəsb etməsi vacibdir. Çünki təhsilin humanistləşdirilməsində müəllim-şagird münasibətlərinin yeni parametrləri meydana çıxır. Əslində bu, müəllim və şagirdin yeni şəraitə uyğun olaraq funksiyalarının dəyişməsi ilə baş verir. Və Sizin təbirinzcə demiş olsaq, bir sıra "Müəllim şagirdlər üçün nə dərəcədə maraqlı şəxsiyyətdir? Sinifdə hər bir uşaq üçün psixoloji komfort yarada bilirmi? Onlarda hansı müsbət hissləri əmələ gətirir? İdrak maraqlarını necə yaradır? Oxumaq yanğısı yarada bilirmi? Şagirdlər, görəsən, onu ədalətli, xeyirxah adam sayırlarmı? Səmimiyyətinə inanırlarmı? Onlar müəllimlərin hansını daha çox sevirlər?  Bu məhəbbətin, seçimli münasibətin kökləri nədədir?" kimi ritorik sualların fonunda bu münasibətləri müəyyənləşdirmək, istiqamətləndirmək mümkün olur.

Nəhayət, bir məsələ haqqında da qeyd etmək istəyirəm. Bu Sizin təlim məqsədlərinin taksonomiyaları ilə bağlı araşdırmalarınızdır. Bu araşdırmaların Azərbaycanda ilk dəfə aparılması və onun sistemli olaraq davam etdirilməsi yalnız və yalnız Sizə məxsusdur. Ötən əsrin 80-ci illərindən başlayaraq tədqiqata  cəlb etdiyiniz həmin məsələ dünya  psixoloqları tərəfindən öyrənilsə də, onların ən mükəmməl forması olan üçtərkibli taksonomiyanı Siz yaratdınız. "ÖyrənməİnkişafMədəniyyət" modelində birləşdirilmiş komponentləri biri digərini tamamlamaq şərtilə inteqrasiya edərək "Əlahəzrət şagird" şəxsiyyətinə yönəltdiniz.

Sizin yaratdığınız yeni taksonomiya nəzəriyyəsinə  bugünkü şəxsiyyətyönümlü, nəticəyönümlü müasir təhsil sisteminin qurulmasında  nəzəri əsaslardan biri kimi yanaşılır və dəyərləndirilir.

Ən nəhayət, Sizin zəngin psixoloji, psixopedaqoji yaradıcılığınızın gözəlliyini artıran, ona təravət və şirinlik gətirən elmi əsərlərinizin dil və üslubu, yazı tərzidir. Siz bu əsərlərinizdə sadəcə didaktik, yaxud psixoloji şərhlər verməklə kifayətlənmirsiniz. Oxucunu sehrləyən, özünə cəlb edən psixopedaqoji təhkiyələrdən istifadə edirsiniz. Cəsarətlə deyim ki, bu hər kəsdə olmur. Gərək hər bir fikir, sizin əsərlərinizdə olduğu kimi, ağır və yüngüllüyündən asılı olmayaraq oxucunun diqqətini cəlb edən, maraq doğuran, rahat qəbul edilən bir tərzdə, bəlağətli və ya bəlağətsiz şəkildə oxucuya təqdim olunsun.

Əzizim Əbdül müəllim!

Mən psixoloq olmasam da, siravi bir müəllim, təhsil işçisi kimi Sizin böyük yaradıcılıq dünyanızda yalnız təhsillə bağlı bəzi məqamlara toxunmağa çalışdım. Hər halda bütün bunları keçmiş tələbənizin kiçik bir hesabatı kimi qəbul etmənizi xahiş edir, Sizə cansağlığı və bundan sonra da daha böyük yaradıcılıq uğurları arzulayıram.

Allah Sizə yar olsun!

Hörmətlə,

Ənvər ABBASOV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov