Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

Dünya və Avropa birincisi

 

Biz Bakıdakı 221 nömrəli tam orta məktəbə çatanda birinci növbədə dərslər başa çatmışdı. Direktor Nizami Əzizova məktəbin şagirdi Babək Mustafazadə ilə görüşmək istəyimizi bildirdik. Direktor əlaqə yaratdı. Çox çəkmədi ki, Babək atası ilə birlikdə məktəbə gəldi. Tanış olduq. Öyrəndik ki, Babək 1995-ci ildə Bakıda anadan olub. 2002-ci ildə 221 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olub. Hazırda da həmin məktəbin XI sinfində təhsil alır. 

Arzusu çin olan ata 

Babəkin atası Afiq kişidən, necə oldu ki, oğlunuzu idmanın karate növünə yazdırdınız, - deyə soruşduq. O, bizim bu sualımızı gözləyirmiş kimi bildirdi ki, sizin bu sorğunuz məni uşaqlıq illərimə qaytardı. İnanın səmimi deyirəm, mənim idmana lap kiçik yaşlarımdan həvəsim çox böyük olub. Sərbəst şəkildə karate ilə məşğul olurdum. Amma valideynlərim mənim bu arzumu ürəyimdə qoydu. Doğrudur, polis işçisi oldum. Hazırda təqaüddəyəm. Amma karateyə olan böyük marağımın həyata keçməməsi indi də qəlbimi sızladır... İllər ötdü, ilk oğlum dünyaya gəldi. Adını Babək qoydum ki, onun kimi igid, qəhrəman olsun. Nəhayət, 10 yaşından Babəki "Lider" İdman Klubunun karate idman növünə üzv yazdırdım. Hazırda isə "Sərhədçi" İdman Olimpiya Mərkəzində Babəklə kinq-boks üzrə üçqat dünya çempionu Fuad Zeynalov məşğul olur. O, bu məşqçi-müəlliminin səyi nəticəsində artıq Avropa və dünya çempionu olub.

İndi deyə bilərəm ki, oğlum bu qələbələri ilə mənim arzularımı çin edib. 

Dünya çempionu olmağa gedən yol məşqlərdən keçir 

Babək artıq 4 ildir ki, müəlliminin göstərişi və nəzarəti ilə məşqlərini davam etdirməklə qələbələrə imza atmağa başlayıb.

2010-cu ildə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş gənclər arasında açıq birincilik turnirində 51 kiloqram çəki dərəcəsində II yerə çıxaraq Azərbaycan Kikboksinq Federasiyasının "Qalib idmançılar klubu" MMC-nin diplomuna layiq görülüb. 2011-ci ildə "Sərhədçi" İdman Olimpiya Mərkəzinin açıq birinciliyində 1995-1996-cı illər təvəllüdlü gənclər arasında keçirilən yarışda III yeri tutub.

2012-ci il fevralın 19-20 tarixlərində Hövsan Olimpiya Kompleksində kinq-boks üzrə gənclər və böyüklər arasında keçirilən IV Respublika çempionatında I yeri tutaraq qızıl medalın sahibi olub.

Həmin ilin oktyabrın 19-23-də Yunanıstanda kinq-boks üzrə keçirilən dünya çempionatında I yeri tutaraq qızıl medal qazanıb. 

O, ermənini 30 saniyəyə məğlub edərək Avropa çempionu olub 

Babək bu il 17-18 noyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində kinq-boks üzrə yeniyetmələr arasında keçirilən Avropa çempionatında birinci yeri tutub. Onun bu qələbəsinin ən fərəh doğuran cəhətlərindən biri erməni rəqibini udmasıdır. Həmin yarışda Babək gürcü idmançısını 8:4 hesabı ilə  udub. İkinci rəqibi olan erməni döyüşçüsünü isə cəmisi 30 saniyəyə məğlub edərək Avropa çempionu olub. 

Məşqçi-müəllimin ürək sözləri

 "Sərhədçi" Olimpiya İdman Mərkəzinin məşqçi-zabiti, üçqat kinq-boksinq üzrə dünya çempionu Fuad Zeynalov: - Hazırda yetirmələrim arasında Babək öz çalışqanlığı, inadkarlığı ilə seçilən idmançılarımızdandır. Onun idmana olan həvəsi, yorulmadan məşq etməsi qarşıya qoyduğu məqsədə çatmağa çox böyük kömək edir.  Babəkin bu il Yunanıstanda keçirilən dünya çempionatında I yeri tutması və Gürcüstanda keçirilən Avropa çempionatında birincilik qazanması bütün bunlara parlaq misaldır.

Babəki qələbələrə səsləyən səbəblərdən biri də onun işğal altında olan gözəl Qarabağımızın məcburi köçkünlərindən biri olmasıdır.

Mən bir məşqçi-müəllim kimi Babəkdən daha böyük uğurlar gözləyirəm. Arzu edirəm ki, öz qələbələri ilə doğma Azərbaycanımızın şərəfini daima uca tutsun. 

Ə.DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov